“Qərb İranın bəsit oyunlarına artıq aldanmır, İran diqqəti cəlb etmək üçün daha çox güzəştlər etməli olacaq”.
Bu sözləri Güney Azərbaycanlı siyasətçi Çingiz Göytürk “Yeni Sabah”a açıqlamasında bildirib. O, seçkidən sonrakı vəziyyəti belə ifadə edib:
“İran İslam Respublikasının bu seçki nümayişindən gözlədiyi əsas iki məsələ var. Birincisi teokratik rejimin öz daxilindən Qərb dövlətləri ilə dil tapa biləcək bir fiqurun ortaya çıxarılmasıdır ki, bu da 3 ay bundan öncəyə qədər proseslərdən tamamilə əl-ayağını çəkmiş, hətta əvvəlki seçkiləri boykot etmiş islahatçılarla mümkün idi. İkincisi isə, daxildə gündən-günə artan radikal anti-rejim təmayüllərini sistemin öz içərisindən və kontrolu altında ortaya çıxan alternativlərlə dəyişdirmək idi. Burada əsas hədəf kütlələrdən birisi də məhz Güney Azərbaycandır. Güney Azərbaycanda öz milli dövlətini qurmaq, İran və irançılıqdan imtina təmayülləri rejimi olduqca tədirgin edirdi və bu seçkilərdə Azərbaycan Milli Hərəkatının potensialını öz milli dövləti uğrunda mübarizədən İranda reform uğrunda mübarizəyə yönəltmək rejimin ən önəmli qayələrindən biri idi. Bu sahədə rejim istəklərinə arzu etdiyi səviyyədə nail olmasa da, yeni süni ümidlər yaratmaqla qismən də olsa bu hədəfə çatdı. Ancaq Qərbin İranda keçirilən seçki nümayişinə biganə yanaşması onu göstərir ki, Qərb artıq bu rejimin bəsit oyunlarına etibar etmir və İran onların diqqətini cəlb etmək üçün daha çox güzəştlərə getməlidir”.
Siyasətçi qeyd edib ki, İran özünü toparlayan kimi, düşmənçiliyə qaldığı yerdən davam edəcək:
“Bir türkün prezident seçilməsi nəyi dəyişdirər sualına gəldikdə isə, bilirik ki, İranda prezidentin səlahiyyətləri olduqca məhduddur. Dini rəhbərliyin razılığı olmadan hər hansı məsələnin dəyişdirilməsi mümkün deyil. Hətta o qədər ki, prezidentin birinci müavini, əsas nazirliklər, o cümlədən, ali təhsil və güc strukturlarına rəhbər şəxsləri belə rəhbər təyin edir. Birinci müavin və əsas nazirliklər dini rəhbərin idarəsindədir və o, bu vəzifələrə nazirləri təyin edir. Yəni, prezidentin hər hansı bir dəyişiklik həyata keçirməsi mümkün deyil.
Son olaraq onu da bildirim ki, İran İslam Cümhuriyyəti istər xarici, istərsə də daxili siyasətdə artıq ciddi çıxılmazlıqların içərisindədir. Daxili və xarici siyasətdə dəyişim isə qaçınılmazdır. Və yeni dönəmdə İran İslam Respublikası bu yöndəki iradəsini yeni seçilən prezident üzərində gerçəkləşdirməyə çalışacaq. Ancaq unudulmamalıdır ki, daha öncə də olduğu kimi, rejim özünü toparladığı anda təkrar əvvələ dönəcəkdir. Beləliklə də, düşmənçiliklərə qaldığı yerdən davam edəcəkdir”.