Redaktor seçimi

Nazirin 3 müavini işdən çıxarıldı

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir. Sozcu.az Manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Hakimin ölümünə görə "Azəriqaz" əməkdaşı HƏBS EDİLDİ

Ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə cinayət işi açılıb.  Sozcu.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından zəhərlənərək dünyasını dəyişməsi səbəbindən "Azəriqaz" İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nəzarətçisi işləyən çilingər C.Bayramov məsuliyyətə cəlb olunub. Araşdırma zamanı məlum olub ki, onun xidməti ərazisində yerləşən və hakim T.Kərimovun kirayədə qaldığı mənzildə istilik sistemi (kombi) hamam otağında quraşdırılıb. Hadisədən bir qədər əvvəl çilingər evə baxış keçirsə də, kombinin hamamda olmasını qayda pozuntusu kimi sənədləşdirməyib. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 66 yaşlı C.Bayramov ifadəsində qeyd edib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və həmin vaxt kombinin hamam otağında quraşdırılmasının qaydalara zidd olduğunu şifahi şəkildə bildirib. Lakin o bu nöqsanı rəsmi aktla qeydə almayıb. Qax Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, çilingərə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun qoluna elektron qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyət qoyulub.

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı: “Üzv kimi qala bilməz”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz”. Bu barədə Sozcu.az-a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək: “Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”, - qurumdan qeyd olunub. 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib. Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi. 1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əsgərlərlə bağlı YENİ QƏRAR

Cari ilin fevral ayında gənc əsgərlərin ailə üzvləri ilə görüşməsi üçün konkret günlər təyin olunub. Bu görüşlər sadəcə ayın 15-i və 22-də təşkil ediləcək. Sozcu.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yayımlayıb. Bildirilib ki, görüşmək istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi mütləqdir. Ziyarətə yalnız yaxın qohumlara - ata-analara, həyat yoldaşına, övladlara, nənə və babalara, eləcə də doğma və ögey (bir valideyni ortaq olan) bacı və qardaşlara icazə veriləcək. Hərbi qulluqçuların səhhətinin qorunması məqsədilə görüşə gələn şəxslərin özləri ilə yemək və ya hər hansı ərzaq məhsulu gətirməsi qadağan edilib.

Kəmaləddin Heydərov “Qoca”nı işdən çıxartdı

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Mübariz Əliyev vəzifəsindən azad edilib.  Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan "Qoca" ləqəbli polkovnik təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Babək Zeynalov rəis əvəzi təyin olunub. Ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Burada dayanan sürücülər 100 manat 3 bal CƏRİMƏLƏNƏCƏK

Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub. Sozcu.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb. Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KIA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub. Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.

Şöbə müdiri işdən azad olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbə müdiri vəzifəsindən azad olunub. Sozcu.az-ın məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Sevinc Yusubova vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. (İqtisadiyyat.az)

"Zavod çörəyi" də bahalaşacaq

"Hələ zavod çörəyi bahalaşmayıb, bir müddət sonra o da bahalaşacaq. Bu yaxınlarda hökumət dizel yanacağının qiymətini 10% artırdı, bezin də bahalaşdı, əhalinin istifadə etdiyi qazın, elektrik enerjisinin əlavə sabit xərcini yaratdı. Elə o vaxt dedik ki, dizel yanacağının qiyməti artırsa, bu, o deməkdir ki, daşınmanın, nəqliyyatın xərci artır. Nəticədə, un istehsalçılarının daşıdıqları buğdanın, unun xərci çoxaldı. Un çörək bişirilən müəssisələrə daşınır, həmin müəssisələrin də xərci artır. Çörək bişir, ticarət obyektlərinə daşınır, bunun da xərci artır. Ümumilikdə, istehsal müəssisələrində çalışanların xərcləri çoxalır, beləliklə, artan xərci kompensasiya etmələrinə ehtiyac yaranır. Bunu hansı yolla kompensasiya etsinlər? İstehsal etdikləri məhsulun qiymətini artırmaq hesabına. Bu, təbiidir. Başqa yolları qalmır, çünki o müəssisələrdə çalışanların heç birinin əlavə qazanc yeri yoxdur ki, xərclərini ödəsinlər. Təəssüf ki, hökumət bunu başa düşmür. Hökumətdə çalışanların əksəriyyətinin əlavə gəlir mənbəyi var. Bəziləri rüşvət alır, bəziləri korrupsiya ilə məşğuldur, paket alırlar... Başa düşməzlər ki, istehsalatda çalışan fəhlələrin yalnız bir yerdən gəliri gəlir. Xərc artanda isə onların əməkhaqları artırılmalıdır. Bu, müəssisənin hesabına həyata keçirilir deyə müəssisə istehsal etdiyi məhsulun qiymətini artırır". Bu sözləri Pravda.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib. V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda istehsal get-gedə azalır, məhsuldarlıq aşağı düşür: "Bu, əldə olunan məhsulun daha yüksək qiymətə əmələ gəlməsi deməkdir. Digər tərəfdən, kənd təsərrüfatında istifadə edilən dizel yanacağının qiyməti artdı. Bizim kəndlilər də istehsal zamanı öz avtomobillərində benzindən istifadə edirlər, onun da qiyməti artdı. Beləliklə, istehsalla məşğul olan kəndlilərin də xərcləri artacaq. Kənd təsərrüfatı məhsulları anbarlara, bazarlara, anbarlardan yenə ticarət obyektlərinə daşınır. Bu da xərci artırır. Deməli, kənd təsərrüfatında istehsal edilən bütün mal-məhsulun qiymətində təbii olaraq bahalaşma baş verəcək. Bəziləri artıq bahalaşıb, bəziləri isə hələ bundan sonra bahalaşacaq. Ola bilsin, hələ indi anbarlarda qalan məhsullar daşınır. Bundan sonra isə əldə olunan məhsulun maya dəyəri artdığı üçün mərhələ-mərhələ bütün kənd təsərrüfatı məhsullarının qiymətlərində əvvəlki ilə nisbətən bahalaşma görəcəyik". V.Məhərrəmli bildirib ki, sənaye mallarının da daşınması baha başa gəlir: "Yəqin ki, bundan sonra daha da baha başa gələcək. Sənaye mallarının qiymətində artım olduğunu müşahidə edirik. Hökumət bilməli idi ki, dizel yanacağının qiyməti artırsa, bu, bütün malın-məhsulun qiymətinə təsir edəcək. Hər dəfə irad tuturlar ki, Ermənistanı niyə nümunə gətirirsiniz? Mən də Qazaxıstanla müqayisə edirəm. Buna, ümumiyyətlə, əsəbləşirlər, axı orada göstəricilər daha yüksəkdir. Qonşu İranla müqayisə etsək, İranda artıq on ildən çoxdur, kəndliyə təklif olunan dizel yanacağının qiyməti Azərbaycan pulu ilə 2 qəpikdir. Dizelin 1 litri kəndliyə 2 qəpiyə satılır. Təsəvvür edirsiniz? Azərbaycanda isə kəndli bundan əlli beş dəfə baha qiymətə dizel yanacağı alır. Son beş ildə dizel yanacağının qiymətini etap-etap üç dəfə artırıblar. 2021, 2023-cü ildə, bir də 2026-cı ildə dizeli bahalaşdırdılar. Bir dəfə 33%, sonra, təxminən, 20%, bəlkə də, bir az da çox, indi isə 10% artırdılar. Qiymət artımı istehsal xərcini artırdığı üçün kəndliləri və istehsalla məşğul olan sahibkarları çətin duruma salır. Maya dəyəri artır və onlar qiyməti artırmaqda bir o qədər maraqlı deyillər. Çünki çalışırlar ki, bahalı məhsulu tez satsınlar. Kənd təsərrüfatı məhsulu tez xarab olan məhsuldur. Hökumət nəzərə almalıdır ki, heç olmasa, kənd təsərrüfatı üçün müəyyən mərhələyə qədər - İranda olduğu kimi on-on beş il sabit, stabil qiymət müəyyən etsin. Türkmənistanda da ucuzdur. Çünki neft istehsal edən ölkələrdə benzin və dizel yanacağı çox ucuzdur".

Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib.  Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.  Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Cərimə ödənilən kimi saxlanılan nəqliyyat vasitəsi geri qaytarılacaq

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

Kibercinayətkarlığa qarşı Konvensiya ratifikasiya edilir

Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası ratifikasiya ediləcək. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. Birləşmiş Millətlər Təşkilatı kibercinayətkarlıqla mübarizəni informasiya və kommunikasiya texnologiyalarının inkişafı fonunda yaranan transsərhəd cinayət təhdidlərinə qarşı beynəlxalq əməkdaşlıq tələb edən prioritet sahələrdən biri kimi müəyyən edir. Bu istiqamətdə dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzaya açılmışdır. Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir. Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərin imzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır və müvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eyni zamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəaları üzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya edərkən bir sıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim etmişdir. Həmin bəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində Konvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrə səlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğuların təqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlı mövqelər ifadə olunmuşdur. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsində müəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətinin yaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsi dəqiqləşdirilmişdir. Beləliklə, Konvensiya və ona dair Azərbaycan Respublikasının bəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır və Konvensiyadan irəli gələn maddi və prosessual normaların milli hüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də Azərbaycan Respublikasının təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milli qanunvericilikdə implementasiyasına yönəlib.