KİV: Vaşinqton Yaxın Şərqə minlərlə hərbçi göndərmək variantlarını nəzərdən keçirir

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatda mümkün iştirak da daxil olmaqla, Yaxın Şərq regionuna əlavə minlərlə Amerika hərbçisinin göndərilməsi məsələsini nəzərdən keçirir.

Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika tərəfi Yaxın Şərqdəki fəaliyyətləri dəstəkləmək məqsədilə minlərlə ABŞ hərbçisinin yerləşdirilməsi variantlarını təhlil edir.

Nəşr qeyd edib ki, bu addım xüsusilə Birləşmiş Ştatlara Hürmüz boğazından neft tankerlərinin maneəsiz keçidinin təminində kömək edə bilər. Nəşr bildirib ki, bu planları həyata keçirmək üçün ABŞ öz hərbçilərini İran sahillərində yerləşdirməyə cəhd edə bilər.

Vaşinqton administrasiyasının silahlı qüvvələrin İranın Xarq adasına mümkün göndərilməsini müzakirə etdiyi də əlavə olunub.

Daha əvvəl "Axios" portalı xəbər vermişdi ki, ABŞ ölkənin xam neft ixracının 90 %-ə qədərinin keçdiyi İranın Xarq adasındakı strateji neft terminalını ələ keçirməyi planlaşdırır. Nəşr qeyd edib ki, söhbət konkret tapşırıqları yerinə yetirmək üçün kiçik xüsusi təyinatlı qrupların reydlərindən gedir. Daha sonra "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqə Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrinin göndərilməsi ilə bağlı sorğusunu təsdiqləyib.

Share on Facebook