“Qarabağ müharibəsi ilə bağlı bəzi paradoksal və ziddiyətli məsələlər var. Bu məsələlər aradan qaldırılmalıdır”.
Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ehtiyatda olan polkovnik bildirib ki, hər iki Qarabağ müharibəsinin iştirakçılarına bərabər yanaşma olmalıdır:
“Mayın 6-da Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-mayor Fərid Seyidovun qəbulunda oldum. Xeyli məsələləri qaldırdım. Necə olur ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə baş nazirin imzası ilə “Vətən müharibəsi iştirakçısı” döş nişanı verilir, amma bizə, Birinci Qarabağ müharibəsi iştirakçılarına o döş nişanı verilmir? Axı Vətən eyni vətəndir, dövlət eyni dövlətdir, ordu həmin ordudur.
Fərid Seyidov mənimlə razılaşdı ki, doğru deyirsiniz, vahid yanaşma olmalıdır. Yəni birmənalı olaraq o döş nişanı Birinci Qarabağ müharibəsi iştirakçılarına da verilməlidir”.
Ü. Cəfərov qeyd edib ki, şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar:
“Bəzi yerlərdə şəhid olmuş şəxsin sadəcə ad-soyadını yazırlar. Məsələn, Əliyar Əliyev küçəsi. Əliyar Əliyev Azərbaycanın həm Milli Qəhrəmanıdır, həm də şəhiddir. Siz Binəqədi rayonunu nümunə çəkdiniz. O rayonda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailəsi yaşayır. Binəqədinin icra hakimiyyətinə təklif etdik ki, Allahverdi Bağırovun adı küçələrdən birinə verilməklə əbədiləşdirilsin. Anmma bu günə qədər həmin bu məsələ həllini tapmayıb.
Ən maraqlısı odur ki, Nazirlər Kabinetinin yerləşdiyi küçənin adı Lermontovun adınadır. Halbuki o küçəyə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün canından keçmiş, generallardan, yaxud sıravi şəhidlərdən birinin adını vermək olar. Mən bunu dəfələrlə rəsmi görüşlərdə də demişəm. Şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar”.
Xatırladaq ki, sosial şəbəkələrdə şəhid adları daşıyan küçələrdə ad-siyaddan qabaq "şəhid" sözünün qeyd olunmamasına da dair müzakirələr gedir. Etirazla qarşılann bu hallardan biri də Binəqədidəki Şəhriyar Qasımov küçəsinə aiddir. İkinci Qarabağö müharibəsi şəhidinin adı həmin küçəyə bir müddət əvvəl verilib.