Zaman bizim zamandır!

Geopolitik reallıqlar fonunda Azərbaycanın mövqeyi və Güney Azərbaycan məsələsi

Müharibə, nəticəsi əvvəlcədən məlum olan və əsasən günahsız insanların əzabına səbəb olan faciədir. Müharibənin mənəvi və fiziki fəsadları zamanla yox olmur – əksinə, nəsildən-nəslə ötürülən travmalara çevrilir. Ağlı başında olan heç bir insan, heç bir dövlət, heç bir cəmiyyət müharibəni arzulamaz. Lakin zaman-zaman elə mərhələlər olur ki, siyasi susqunluq və ya passivlik daha böyük fəlakətlərə yol açır.

Hazırda İran və İsrail arasında gərginlik artıq lokal sərhədləri aşaraq genişmiqyaslı münaqişə potensialı daşıyan bir mərhələyə keçib. Bu fonda Azərbaycan dövləti təmkinli və strateji baxımdan tərəfsiz mövqe sərgiləməlidir. Bu, sadəcə diplomatik balans deyil – bu, Azərbaycanın milli təhlükəsizliyi, regional sabitlik və daxili sosial konsolidasiya baxımından mühüm əhəmiyyət kəsb edir.

Lakin “tərəfsiz qalmaq” – “bigənə qalmaq” anlamına gəlməməlidir. Azərbaycan dövləti İranın gələcək taleyində öz sözünü deməyə hazır olmalı, xüsusilə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza mənəvi və siyasi dəstəyini ifadə etməlidir. Tarix, coğrafiya və mədəniyyət bizə bu məsuliyyəti yükləyir.

Hal-hazırda İranın tamamilə dağılacağı ehtimalı hələ də qeyri-müəyyəndir. Çox güman ki, Qərb dairələri, xüsusilə ABŞ, İran daxilində əməkdaşlıq edə biləcəyi qüvvələri dəstəkləyərək, orada federativ və dünyəvi bir dövlət modeli formalaşdırmağa çalışacaq. Belə bir konfiqurasiya daxilində Güney Azərbaycan türkləri sadəcə seyrçi yox, prosesin birbaşa iştirakçısı olmalıdır. Azərbaycan dövləti də bu prosesdə aktiv şəkildə iştirak etməli, soydaşlarımızın hüquqlarının pozulmasına imkan verməməli, onların mədəni və siyasi haqlarını beynəlxalq səviyyədə gündəmə gətirməlidir.

Rusiya və İran kimi, Azərbaycanın müstəqilliyini heç vaxt tam qəbul etməyən iki əsas qonşunun eyni vaxtda daxili siyasi və sosial böhran yaşadığı nadir bir tarixi dövrdəyik. Bu, uzun illərdir ki, bölgədə sabitliyi və inteqrasiyanı boğan güclərin zəifləməsi üçün fürsət pəncərəsidir.

Eyni zamanda, bəzi media platformalarında və sosial şəbəkələrdə “Təbrizi vurdular”, “Soydaşlarımız ölür” kimi emosional şüarlarla panika yaradılmasına da diqqət yetirmək lazımdır. Bu tip yanaşmalar, bəzən, fars rejiminin təbliğat maşınına xidmət edir. Unutmayaq: azadlıq heç kimə gümüş sinidə verilmir. Azadlıq haqq uğrunda savaşan, mübarizə aparan xalqların əldə etdiyi dəyərdir. Bu yolda millətin birliyi, strateji baxışı və intellektual hazırlığı mühüm rol oynayır.

Digər tərəfdən, "İranda Kürdüstan qurular" deyərək qorxu yayan dairələr də yeni heç nə demir. Bu, illərdir ki, gündəmdə olan bir plandır və Azərbaycan ictimaiyyəti bu məsələlərə emosional deyil, siyasi baxımdan rasional münasibət bildirməlidir. Əgər bir təhlükə və ya plan səni narahat edirsə, onunla bağlı hay-küy salmaq yox, həmin planın qarşısını almaq üçün konkret fəaliyyət göstərmək lazımdır. Qorxutmaq əvəzinə alternativ – yəni Türküstan ideyasını ortaya qoymaq daha məntiqli və realist yanaşmadır.

İranda baş verən proseslər artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Azərbaycan üçün ən doğru mövqe – prosesləri soyuqqanlılıqla izləmək, milli maraqları əsas tutaraq strateji qərarlar verməkdir. İsrail və İran arasında vasitəçilik cəhdləri deyil, gələcək proseslərin Azərbaycanın milli təhlükəsizliyi və milli kimliyi baxımından doğuracağı nəticələrə hazır olmaq daha prioritetdir.

Azərbaycanın gerçək mənada müstəqil və güclü dövlətə çevrilməsi üçün Rusiya və İran kimi hegemon dövlətlərin regionda zəifləməsi vacibdir. Bu zəifləmə artıq özünü göstərməyə başlayıb. Qarşıdakı dövrdə daha böyük siyasi dəyişikliklərin şahidi olacağıq.

Narahat olmağa ehtiyac yoxdur. Tarix bir daha bizə sübut edir ki, zaman bizim zamandır!

Elşən Əlisoy, Müsavat Partiyası Məclisinin üzvü, "Sozcu.az" saytının rəhbəri

Share on Facebook