Ağ günə həsrətli talelər...

Ağ günə həsrətli talelər...

Ağrılı-acılı ötən ömürlər...

Qələmə aldığım bu yazıda bəzi ciddi məsələlərdən söz açmaq istəyirəm. 

Mən, Rəhimli Xatirə Əziz qızı ( Xatirə Əziz) şair-jurnalistəm. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüyəm. 

Ali təhsilliyəm. Bir neçə ixtisas üzrə təhsilim var, yenə oxuyuram, digər bir universitetdə  "sinema, radio, televiziya proqramçılığı" fakültəsində ödənişli distant təhsil alıram. 

Qeyd edim ki, oxuduğum müddətdə təhsil haqqımı vaxtlı-vaxtında ödəmişəm. Deməli, dünən və bu gün imtahanlarım oldu, amma  imtahanların heç birinə buraxılmadım. 

Çox təəssüflər olsun ki, imtahanlarım başlayana qədər təhsil haqqımı ödəyə bilmədim. Onu da deyim ki, imtahana buraxılmadığıma görə elə üzgünəm ki...

Çox çarəsiz qaldım... Qismətmi beləymiş?

Milyonlar səltənəti, neft-qaz ölkəsi olan Azərbaycanın mənəvi baxımdan çox-çox zəngin, amma maddi baxımdan isə ən kasıb, ən yoxsul VƏTƏNDAŞıyam... 

Böyük Allah saysız-hesabsız təbii sərvətləri Azərbaycana niyə qismət etdi? Çünki Vətənimizin sərvətlərindən dövlət büdcəsinə gələn maliyyə vəsaiti, milyonlar, milyardlar ancaq və ancaq bu ölkədə bir qrup adamın, yüksək vəzifəli şəxslərin və məmurların cibinə axıb dolur... Çox təəssüf.

Neçə illərdir kasıblıq içində yaşadığımız əzab-əziyyətli, dərdli günlərdən, ağrılı-acılı ömrümüzdən görürük ki, ağ günlər, xoş günlər Azərbaycan XALQından çox-çox uzaqlardadı...

Elə bil ki, kimlərsə bizləri qarğıyıb.

Yəni səfalət içində ac-yalavac qaldığımız, dilənçi günündə yaşadığımız qəm-qüssəli ömürdən-gündən məlum olur ki, ölkəmizin sərvətlərindən gələn pul-paranın bu XALQa heç bir aidiyyatı yoxdur. Amma bu ölkənin təbii sərvətləri bu XALQa məxsusdur axı... Azərbaycan xalqı isə təəssüf ki, çox kasıb və çox yoxsul günlərdə yaşayır.

Bəxtsiz-talesiz zavallı XALQımız. Yerlərin-Göylərin Sahibi olan Sahiblər Sahibi ey Böyük Allah! Nə üçün bu XALQı bu qədər bəxtsiz, talesiz yaratdın? Bu necə taledir axı yazdın qismətimizə? Belə əzablı tale, belə ağrı-acı dolu yazı, belə kədərli həyat olarmı, İlahi? Taleyimiz niyə bu qədər əzablı oldu?

Hardasa belə bir atalar məsəli oxumuşam.

"Allahın qırx il (40) səbri var".

Allahın da nə qədər çox səbri varmış...

Amma mənim səbrim tükənib, bitib daha... Vallah-billah dözə bilmirəm bu qədər haqsızlığa, bu qədər ədalətsizliyə. 

Doğma yurdumdan, elimdən, obamdan baş götürüb getməyə yer axtarıram. Bu ölkədəki ədalətsizlik, haqsızlıq məni çox usandırır, bezdirir. Uca, Böyük Yaradan kaş ki, bir möcüzə etsin, bu ölkədən köçüm gedim.

Ədalətsizliyə, haqsızlığa küskün, kövrək, duyğulu şair ürəyim daha dözə bilmir...

Ana dediyimiz, çox sevdiyimiz Vətənimizdə diri gözlü, gözlərimiz baxa-baxa həyatımız, ömrümüz-günümüz məhv olub gedir...

Ürəyimiz əsəbdən, gərginlikdən, ağrı-acıdan, ədalətsizlikdən, haqsızlıqdan çatlayıb min bir yerə bölünür.

Şair-jurnalist kimi mənə çox qəribə gəlir ki, bu ölkədəki ədalətsizliyi, haqsızlığı ölkə vətəndaşları sanki görmür, ədalətsizlikləri, haqsızlıqları sakitcə seyr edirlər... 

Çox sevdiyim doğma ana Vətənim Azərbaycanda yaşamağa mənzilim yoxdur, işləməyə də iş yerim yoxdur. Təəssüflər...

Cənab məmurlar, bu ölkədə necə yaşayım mən? Xahiş edirəm, sualımı cavablandırın...

Nə deyim daha?...

Necə deyərlər, sözün bitdiyi yerdi.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook