Taleyin umuduna qalan vətəndaşlar...
İşsizlik müavinəti niyə ödənilmir?
Ölkə konstitusiyasında belə bir maddə var.
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu maddədən məlum olur ki, dövlətin əsas mənbəyi XALQdır.
Yeri gəlmişkən, o zaman diqqət edib görək ki, hökumət xalqı sosial-iqtisadi baxımdan necə yaşadır? Xalqın rifah halı necədir, ürək açandırmı, yoxsa yox?
Ölkə əhalisinin əksər hissəsinin ağır, çətin, hətta bir çox ailələrin ürək ağrıdan dözülməz sosial-iqtisadi durumundan açıq-aydın məlum olur ki, Azərbaycanda neçə illərdir ki, işsizlik hökm sürür. Minlərlə ailələrin sosial vəziyyəti demək olar ki, çox acınacaqlıdır və çox məşəqqətlidir.
Bəzi xəbər saytlarında işsizliklə bağlı belə bir rəsmi və eləcə də qeyri-rəsmi bəzi məlumatlar var. Deməli, dərc olunan rəsmi məlumatlarda deyilir ki, 2024-cü ilin aprelində Azərbaycanda işsizlik səviyyəsi 5,4 % olub.
Amma qeyri-rəsmi məlumata görə ölkədə 650 mindən çox əmək qabiliyyəti olan vətəndaşlar var.
Bəs hansı məlumata inansaq doğru olar?
Çünki rəsmi və qeyri-rəsmi məlumatlar arasında görün necə böyük fərq görünür.
Elə bu məqamda hökumət üzvlərinə və məmurlara sual olunur ki, Azərbaycanda iş yerləri olsaydı hər il minlərlə vətəndaşlar Qərbə, Avropa ölkələrinə niyə köçüb gedir?
Ölkənin bəzi xəbər saytlarında 2023-cü ilin rəsmi statistikasına görə, son beş ildə 3 mindən çox tibb işçisi Azərbaycanı tərk edərək Almaniyaya köçüb.
Bu müddətdən isə 1 il 6 aydan çox vaxt ötüb. Deməli, çox təəssüflər olsun ki, 2 ilə yaxın olan bu zaman ərzində yüzlərlə həkim yenə də Avropaya üz tutub.
Bu isə Azərbaycandan xarici ölkələrə güclü beyin axınının olması deməkdir. Onu da vurğulayıram ki, son nəticələrə diqqət etdikdə məlum olur ki, bu, geriyə dönüşü olmayan beyin axınıdır.
Hətta təəssüf doğuran belə bir məlumat da var ki, Avropaya həkim axını üzrə hesabatda keçmiş SSRİ ölkələri üzrə ilk 3 ölkədən biri Azərbaycandır.
Əgər belə davam etsə, bu gedişlə çox yaxın illərdə Bakıda, həmçinin regionlarda ciddi həkim çatışmazlığı yaranacaq. Təəssüflər.
İndi isə işsizliklə bağlı yenə bəzi məsələlərə toxunaq. Azərbaycan hökuməti aidiyyatı dövlət qurumlarında rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara minimum əmək haqqı məbləğində işsizlik müavinəti versə çox yaxşı olar.
Çünki ölkədəki işsiz vətəndaşlar çörək və ərzaq məhsulları ala bilmədiyinə görə qidalana bilməz və bunun da nəticəsində həmin vətəndaşlar günlərlə ac qalar, hətta həyatını itirə bilər.
Belə xoşagəlməz hallar isə vətəndaşların həyatı ilə bağlı böyük faciəyə səbəb olar.
Hökumət bunun fərqindədirmi görəsən?
Jurnalist olaraq bir nüansı da söyləyim. Məmurlar çox yaxşı bilir ki, Qərb ölkələrində, Avropada işsiz vətəndaşlara hökumət tərəfindən minimum əmək haqqı qədər də olsa işsizlik müavinəti ödənilir. Sual olunur ki, Azərbaycanda işsiz vətəndaşlara işsizlik müavinəti nə üçün ödənilmir?
Neft-qaz ölkəsi olan Azərbaycan hökuməti aidiyyatı qurumlarda, eləcə də Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara, niyə, nədən işsizlik müavinəti ödəmir bəs?
Zəngin Azərbaycan hökumətinin təbii ki, buna imkanı var. Belə olan halda hökumət və dövlətin bu məsələlərlə bağlı aidiyyatı qurumları işsiz vətəndaşlara hansı səbəblərə görə işsizlik müvainəti vermir?
Cənab Baş nazir, hökumət üzvləri, yüksək vəzifəli şəxslər, məmurlar, eləcə də aidiyyatı qurumların rəhbərləri. Bu məsələləri sözün həqiqi mənasında ciddiyə alın.
Cənablar, suallarımı cavablandırmağınızı sizlərdən çox-çox xahiş edirəm...
P. S. Bir daha xatırladım ki, dövlətin yeganə mənbəyi Azərbaycan Xalqıdır.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist