Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmməd Qasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam.
Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar. Əsgərliyə də aparmırdılar. Ona görədə mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib, silah gəzdirərdi. Fəqət əsgərliyə aparılanlar çox az idi. Birinci dünya müharibəsində ruslar bizdən də könüllü əsgər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü əsgərliyə yazıldım.
Bizi Gəncəyə gətirdilər. Topçu alayında üç ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. II Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən orada öldürülən Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borçalıdan olan İsrafil Yadigarlının alayı ilə birləşdik. Bizim alaydan başqa gürcü, çərkəz, Dağıstan bölükləri də vardı. Gəldiyimiz Proskozevdə zabit həmyerlilərimizlə də rastlaşdıq. Səməd bəy və Qabaqtəpəli Nəbi dayının oğlu İsrafil də orada “ Yüzbaşı” rütbəsindəydi. Gürcü əsilzadələrindən olan general Makalov iki il müharibədə bizə komandirlik etdi. Israfil isə II Dünya Müharibəsində almanlar tərəfinə keçdiyi üçün ruslar tərəfindən öldürüldü. Karpat dağlarında Avstriyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü paşanın əsgərləriydilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar isə onlara qarşı heç nə edə bilmirdilər. 1917-ci ildə Rusiyada ixtilaf baş verdi, bu hadisə cəbhə xətlərinə də təsirini göstərdi. Cana gəlmiş əsgərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar.
Üç yüz il hökmdarlıq etmiş Romanovlar taxtdan salınmış yerinə Kerinski keçib müvvəqəti hökümət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Bizdə cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerinski də öz adamları ilə Proskozevə gəldi. Vağzalda bizlə görüşdü və mühafizə dəstəsinə qəbul etdiyini anlatdı. Beləliklə, biz də onunla Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi başlamışdı. Çar Nikolayın mühafizə dəstəsi də yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün on minlərlə insan öldürürdü. Əsgərlər yeni inqlab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, gürcülər, şimali qafqazlılar və dağıstanlılar da evlərimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri fəaliyyət göstərmirdi. Ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq, topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əsgərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əsgəri güllə ilə vurmuşdu. Qafqazdakı erməni-müsəlman davası on ildən çox idi ki, davam edirdi. Buna hirslənən əsgərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əsgərlərini məhv etdi, sonra yolumuza davam etdik. Öz nefti ilə zəngin olan Qroznuda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıyıb yolu düzəltdilər, onlar bizə toxunmadılar. Biz 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığıyla alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndi.Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşandan baş çavuş idim. Ona görə də məni Morul Lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada bir az işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəyi təyin etdilər.
1917-ci ilin sonlarıydı. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməliydilər. Vaqonlarda rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həmyerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərksilah edə bildilər. İyirmi günədək davam edən döyüşlərdə düşmənləri tamam tərksilah etmək mümkün oldu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər.
Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Osmanlı türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlindəydi. Yerli əhalini bolşeviklər sorğusuz-sualsız məhv edirdilər. Mart soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycanda Cümhuriyyət quruldu. Azəri və türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər sovet höküməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və əzərbaycanlı qoşun birləşmələrinin səyilə Bakı azad olundu və tarixdə ilk türk cümhuriyyəti quruldu.
Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları və ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılarla mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən-nəsilə keçmişdir. Adət etmədiyi bir şey varsa o da xəyanət və yalandır. Bu da onların saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevincilə yaşayan Azərbaycan türkləri o zaman türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönmüşdür. Onların bir-ikisi hələdə yadımdadır:
Şalon gəlir baş-başa
İçində Nuru Paşa.
Paşaların Paşası
Yaşasın Ənvər paşa.
Şalon gəlir yan verir
Gəncəyə nişan verir.
İçindəki zabitlər
Azərbaycan deyə can verir.
Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuxdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahlı dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırtdırdı. Rəfibəylilərlə səmimi münasibətimiz olduğu üçün dərhal yanına getdim.
Gəncə şəhəri ortasından çay axan qədim bir şəhərdi. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişiydi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasındakı qələmi saçlarına dayayıb – “xoş gəldin Qasım, buyur əyləş” – dedi.
Oturdum. Bir az sükutdan sonra sözünə davam etdi:
Qasım, nə vaxtadək dağda-daşda dolaşacaqsan.
Azərbaycan hökümətini qurduq. Fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz, gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdı. Sonra ağır və qalın səslə :
Qaracaəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdulla Quşbazoğlu, Hacı Həsən hamısı gəlməli və birlikdə bizə yardımçı olmalısız. Qardaşın isə Dövlət Dəmir Yolunda işləyəcək. Dövləti, höküməti bir yerdə quracağıq. Başqa yolumuz yoxdu – deyib sözünü bitirdi.
Vali bəyin sözlərini diqqətlə dinləyib dərindən düşünürdüm. Bu vaxtadək heç kəs bu sözləri bizə deməmişdi. Yeni bir aləmdəydim. Məsuliyyətli bir vəzifə təklif olunurdu.
Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng at belində böyümüşdüm. Yeyib-içib kef edərdim. Hər kəs özü-özünə hökümət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi.
Valini doğma atam kimi sevirdim. O, Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdaifə edərdilər. Xudadat bəy Ələkbər bəyin oğlu idi.
O da xalqı müdafiə etdiyə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar.
Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi :
– Hamınız qadın paltarı geyib üstündən çarşab bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək. Silahınız da çarşab altda olmalıdı qucağınızdakı teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əgərləri rədd olub getdilər.
Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursada, xalq onu qorudu.
Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi.
Davamı var...
Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib
Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi