Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VIII hissə

   Bir gün Sultan dərəsilə dağlara çıxmalıydıq. Biz ora çatmazdan əvvəl aralıda bolşevik qüvvələrini gördük, onlar isə bizi görə bilmirdilər. Mən tapşırdım ki, onlar bizə atəş açmayınca heç kəs silah işlətməsin. Biz iki hissəyə bölünüb, Sultan dərəsini öndən və arxadan mühasirəyə aldıq. Yollarını kəsdik. Onlar iki qüvvə arasında qalmışdı. Axşamadək döyüşlər davam etdi. Biz hamısını öldürüb axşam dağlara çəkildik. Sübh tezdən əsgərlər hər yerə doluşmuşdu. Bizimlə döyüşmək üçün əlavə qüvvələr də gətirilmişdi. Biz də tamam əldən düşmüşdük. Bu dəfə bizi allah qurtardı. Tufanlı, yağışlı ruzigar başladı. Bolşeviklər bu yerləri yaxşı tanımadıqları üçün çətin vəziyyətə düşmüşdülər. Onlar bizi tapa bilmədilər. Ertəsi gün Şəki istiqamətində getməyə başladıq. Qarlı havada yol getmək də çətinləşmişdi. Böyük bir ağacın ovuğunda gecələdik. Yapıncılarımıza bürünüb yatdıq. Sabah olanda isə qarşımızda iki arxac göründü. Onlar dağıstanlılar idilər. İki qrup halında arxaca gəldik. Çox qonapərvər idilər. Bizə yemək-içmək verdilər. Baş çoban bizdən kim olduğumuzu soruşanda hər şeyi doğru düzgün anlatdıq. Bu adam da bizə normal münasibət göstərdiyi üçün iki gün orada qaldıq. Bayırda qış havası duyulurdu, qar yağırdı. Ağdaşa getməyə qərara aldıq. Bu da bizi qorxutmurdu. Belə səfərlərə alışmışdıq. Yorucu bir yolculuq başlamışdı. Gecə qaranlığı düşsə də yenə də yol gedirdik. Gecə yarısı Səfərabad qəzasına çatdıq. Əyri çayını keçdik və sıx bir ormanlığa girdik. Qaçaqlara qurumuş kötükləri toplamağı tapşırdım. Qar yağırdı. Yapıncıları üstümüzə örtüb qarın altında yatdıq. Səhər tezdən yuxudan duranda yatmış qaçaqlar qıraqdan qəbirlərə bənzəyirdi. Onları bir-bir yuxudan ayıltdım. Kəndlər rus əsgərlərilə dolmuşdu. Hər kənddə on əsgər, bir çavuş vardı. Qaçaqlardan biri yaxınlıqdakı kənddən idi, bu səbəbdən də gedib bizə yemək gətirə bilərdi. Tütünləri qurtaran qaçaqlar ağac yarpaqlarını ovub siqaret kimi çəkirdilər. Bu durum bir həftə davam etdi. Bir axşam üstü yenə yola başlayıb Ağdaşın Cəyirli qəzasına gəldik. Orada iki qoyun yatağı vardı. Biz yenə də iki qrupa bölündük. Mən yatağa girdim. Yemək bişirirdilər. Qaçaqlar da gəldi. Əyləşib yemək yediyimiz vaxt içəriyə yaşıl gözlü, sarışın bir nəfər girib salam verdi. Sonra siz kimsiniz –deyə soruşdu. Mən də - görmürsənmi insanıq, həm də hökümət adamı – deyə cavab verdim. Bu adam çox hirsliydi. Mən başa düşmürəm, telefon etmişəm beş dəqiqəyədək sizin kim olduğunuz aydınlaşacaq. Mən təkrar –sən qarnımızı doydur, nə qədər istəsən pul verəcəyik. O isə - mən nə sizi tanıyıram, nə də yemək verəsiyəm – deyib üzümüzə baxdı. Bunu dedikdə - Mən səni bizi dinləməyə məcbur edərəm – deyib ayağa qalxdım. Əlini ayağına bağladım. Əlimə bir ağac alıb döyməyə başladım. Sonra isə qaçaqlara – kimin ülgücü varsa bunun qulağını bir az kəsin, yadında saxlasın. Bizdən sonra bura gələn qaçaqlara belə rəftar etməsin – dedim. Bunu eşidən Fidail həmin adamın qulağını dibindən kəsdi. Bunu haqq etmişdi. Ona görə ki, bu adam satqın və kommunist idi. Sonra onu yanına çağırıb bir də biz buralara gələndə belə etsən özündən küs –dedim. Burada qalmağımız təhlükəli olduğundan ərzaq götürüb uzaqlaşdıq. Küllü qara deyilən yerdə yenə də iki qoyun yatağı vardı. Yataq sahibi nurlu sifət Hacı Həmzə idi. Bizi gülər üzlə qarşılayıb xoş gəlmisiniz – dedi. Çobanları çağırıb iki qoyun kəsmələrini tapşırdı, onun iki gəlini vardı. Onlar da təzə çörək bişirməyə başladılar. Damda tütün vardı. Onu da qaçaqlara payladı. O da dərdliydi. 4 oğlu vardı, ikisi Sibirdə sürgündə, ikisi də nəzarətdəydilər. Mənə baxaraq : - Çopur Məmmədqasım sənsənmi –deyə soruşdu. Sonra mənə Ələsi göstərin deyə xahiş etdi. Biz də ona Ələsin başqa yerə getdiyini söylədik.

    Yemək hazır idi. Əyləşib doyunca yedik. Hacı Həmzə bildirdi ki, 2400 qoyun var. Onları sizə fəda edə bilərəm. Vətən və millət naminə mübarizə aparırsınız. Silahdaşlarınıza deyin ki, tez-tez gəlib yemək aparsınlar. Ancaq bir kimsə bilməsin. O bizə gizli olaraq 500 mauzer gülləsi verib yanaqlarımızdan öpdü və vidalaşdı.

    Ətrafı yaxşı görmək və özümüzü müdafiə etmək üçün əlverişli bir yer tapmalıydıq. Ona görə də Naltökən deyilən yerə çatmalıydıq. Biz düzə çatdıq, oradan hər yer aydınca görünürdü. Qaçaqlara istirahət etmələri üçün icazə verdim. Mən də bir təpənin başına çıxıb durbinlə ətrafı seyr etməyə başladım. Çox qarışıq bir suvari dəstəsinin bizə tərəf gəldiyini gördüm. Bizi hər yerdə axtarırdılar. Komandirləri avtomobildəydi. Qarşısına çıxan ceyranları ovlayırdı.

    Onlar bizi tapa bilməyib axşam üstü geri çəkildilər. Biz də bir müddət burada qalıb yenidən Samuxa döndük.

    Vəziyətimiz getdikcə ağırlaşırdı. On illik qaçaq həyatı bizi əldən salmışdı. Vəhşi bir həyat tərzi keçirirdik. Digər bölgələrdəki qaçaq dəstələrinin çoxu yaxalanmışdı. Öldürülmüşdü. Bu durum qarşısında bütün qüvvələr bizə qarşı yönəlmişdi. Bizim silahdaşlarımızdan Mehralı və Camal, üç qardaş, bu ağır şəraitə dözməyib bizdən ayrılıb qaçmış, gedib hökümətə təslim olmuşdular. Mübarizəyə dözüb təslim olmayan qaçaqların da mənəviyyatları sarsımışdı. Qafqazın dağ və ormanları rus əsgərlərinin məzarları ilə dolmuşdu. Bizdən ayrılanları həbs edəndə bolşeviklər : - “Qasımın qüvvəsi azaldı. Qardaşı da suda boğuldu” deyə sevinirdilər.

    Bir gün Oğurca deyilən bir yol keçidində əyləşmişdik. Birdən postdakı qarovulçumuz bizim yanımıza gəlib – “ Hazır olun gəlirlər” deyə bağırdı. Havada yağışlıydı. Onlarla burda döyüşmək məqsədə uyğun deyildi. Aradan çıxmaq üçün şansımızda qalmamışdı. Qarşıdakı bir dağa çıxdıq. Bura çatanda qablarımızda bir damcı da su qalmamışdı. Çox susamışdıq. İçi soxulcan və böcəklərlə dolu su içməyə başladıq. Hökümət qüvvələri isə bizdən əl çəkmirdi. Biz dağın əsas nöqtələrini tutub çalanın içində pusqu qurduq. Döyüşə hazır vəziyyətdə gözləməyə başladıq. Köhnə dostumm Pirvəli oğlu Səməd də dəstəsi ilə üstümüzə gəlirdi. Onunla əvvələr dost idik. İndi isə heç bir bağlılığımız yox idi. O yolunu azmışdı. Səməd mənim ünvanıma söyə-söyə - “ Sən Denikinmisən, Kolçakmısan, ortaya çıxsana, Qasımı öz əlimlə tutub aparacam” – deyərək qışqırırmış. O, bizi axtararkən hökümət qüvvələri ilə döyüşlər başladı, hər tərəfdən silah səsi eşidilirdi. Üstümüzə gələn Səməd də əlində silah bir yoxuşu çıxırdı. Ora həm yoxuş, həm də dar keçid idi. Ən qabaqda Əsəd dayanmışdı. Səməd yoxuşu çıxanda qardaşım Əsəd onu vuracaqdı. Mən də sürünə-sürünə o tərəfə irəlilədim. Aramızda on beş, iyirmi metr məsafə qalmışdı. Ya allah deyib nişan aldım. Güllə açıldığı ilə Səmədin aşmağı bir oldu. Qardaşım Əsədi də ölümdən qurtardım. Səmədin yanındakıları da öldürdüm. Onun arxasınca gələn qüvvələr isə sevinərək ura çəkirdilər. Onlar elə biliblər ki, Səməd məni öldürüb. Mən isə sürünüb Səmədin cəsədi olan yerə gəldim. Onun səsini təqlid edərək dəstənin başcısı Yunisə - yavaş-yavaş gəlin onları təmizlədim – deyə, bağırdım. Özüm də onlara tərəf sürünməyə başladım. Yunis ağır-ağır yoxuşu çıxırdı, silahsız idi. Ona da bir güllə vurdum. Öz rəislərinin öldürüldüyünü görən hökümət qüvvələri məcbur qalıb yenə də geri çəkildilər.

    Bitib tükənməyən bu mübarizəmiz, ağır yolculuq həyatı, soyuq ruzigar bizi də yormuşdu. Nə olursa olsun, yalnız bu işgəncə bitsin deyə allaha yalvarırdıq. Azacıq yeməyimiz qalmışdı, onu da yeyib qurtardıq. Mən bir kənara çəkilib qardaşım Əsədi də yanıma çağırdım. Əyləş dedim. Sonra söhbətə başladım. Dedim ki, Əsəd ola bilsin mən səhv düşünürəm. Sənin də məsləhətin lazımdı. O, diqqətlə qulaq asırdı. Qardaşım, vəziyyətimizi görürsən, qaçaq dəstələrinin hamısını dağıtdılar. Bizim də qüvvəmiz azaldı. Ələs də suda boğuldu. Ailəmiz, qohum-əqrabamız məhv edildi. Qalanları isə Sibirə sürgün olundular. Düşmənlərimiz isə gündən-günə güclənməkdədi. Yanımızdakıların da üçü qaçıb hökümətə təslim oldu. Tək ümidimiz İrana keçməkdi. Sənin fikrin nədi ? O da tərəddüd etmədən razılıq verdi.

                                                            ***

    Kür çayının bütün keçidləri nəzarət altındaydı. Qaçaqların bir qismi ilə çayın kənarındakı Adabaşı kəndinə gəldik. Kənddə Qurban və Zəkəriyyə adlı iki dostumuz vardı. Onlar barama ilə məşğul olurdular, qayıqları da vardı. Bu sadiq dostlarımdan Qurbanı çağırtdırdım və qayığı ilə bizə qarşı sahilə keçirməsini rica etdim. O da məmnuniyyətlə bu xahişimi yerinə yetirəcəyini bildirdi. Bizi sağ-salamat qarşıdakı Küçüklü kəndinə çatdırdı. Bu kənd həm qayalıq, həm də sıx ormanların əhatəsindəydi. Qorunmağımız üçün əlverişli şəraiti vardı. Orada da hökümətdən qaçaq düşən bir dostumuzla rastlaşdıq. Adı Mirzə idi. O, bizləri görüncə sevincindən nə edəcəyini unutmuşdu. Bizim qayəmiz isə Qarabağdan İrana keçmək idi. Bu arzumuzu ona da söylədik. Yəni Mingəçevirə gedib lüt Əli Hüseyni Mustafa və qardaşlarını görəcəyimizi anlatdıq. O bizimlə razılaşdı və bir yerdə hərəkət etdik. Mingəçevirdəki dostlarımızı da götürüb yola çıxdıq. Qərarımız qəti idi. 

Davamı var...

Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib

Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Share on Facebook