Cəsur polkovnik Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirib. Hərbi-texniki aviasiya sahəsində mükəmməl təhsil almış C.Rüstəmov 35 il Şəmkir Aerodromunda xidmət göstərib. 1991-ci ildə rayonlarda Özünümüdafiə batalyonları yaradılanda Şəmkirdə yaradılmış belə batalyonun rəhbərliyinə Cahangir Rüstəmov gətirilmişdi. Digər rayonlarda bu vəzifəyə hərbi komissarlar təyin olunsada Şəmkirdə fərqli olaraq bu vəzifəyə yüksək hərbi rəhbərlik qabiliyyəti olan Cahangir Rüstəmov təyin olunmuşdu. Qısa müddətdə ətrafına peşəkar və məsuliyyətli hərbi kadrları toplamış Polkovnik Rüstəmov ilk andaca rəhbərlik etdiyi Özünümüdafiə Alayının strukturunu möhkəmləndirməyə, silah ehtiyatını genişləndirməyə hədəflənmişdi.
Polkovnikin ilk cəsur və məsuliyyətli silahdaşları arasında Qalib Hüseynov , Azər Cəfərov , Əliyar Novruzov və digərləri yer almışdı. Sonra hərbi kadrların sırasına peşəkar hərbiçilər Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbini 1986-cı ildə bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayında xidmət keçmiş Dilqəm Əliev və İlham Əliyev qardaşları qoşulmuşdu. Onların Alaya gəlişi ilə Alayın döyüş qabiliyyəti artmış və strukturunun möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli məcraya yönəlmişdir.
Sonrakı dönəmdə 861 saylı Alayın tərkibində Əfqanıstan döyüş məktəbinin iki önəmli siması yer almışdı. Bunlardan biri Əfqanıstan-Sovet müharibəsində iştirak etmiş, “İntihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri, "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, sonralar Gədəbəydə hərbi komissar işləmiş, Gədəbəy batalyonunun komandiri, 861saylı alayın tərkibində olan 1-ci batalyonun komandiri Vyaçeslav Malbaxov və Donetsk Ali Hərbi-Siyasi Məktəbinin yetirməsi, Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, Pribaltika Hərbi Dairəsində qulluq keçmiş Rizvan Pirnəzərov idi.
Birinci hissə
Müəllif: Ceyhun Nəbi