Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım - Nağı Bayramgil

Kommunist rejimə qarşı üsyan qaldırmağın bir uğuru və nəticəsi olmaya bilərdi. Amma bu insanlıq və türklük şərəfinin yeni göstəricisi olacaqdı. Nağı Bayramgil də bu şərəfli yolda idi.

Azərbaycan Cümhuriyyəti qurulan zaman onun 6 yaşı var idi. 2 il sonra 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Qırmızı Ordu tərəfindən süquta uğradılan zaman Nağı Bayramgil hadisələrlə dolu həyata addımlayırdı. Bu, kommunist rejimə qarşı dirənmək, kommunist rejimə qarşı üsyanlarla dolu bir həyat idi.

O gizli polislər tərəfindən zindana atılanda 17 yaşı vardı. 1929-cu ilin oktyabr ayında baş verən Azərbaycan üsyanına qatılmışdı. Macar üsyanında olduğu kimi dünya bu dəfə də türk üsyanını sadəcə kənardan izləmişdi və Nağı Bayramgil əlində silahla mübarizə apararaq, vuruşaraq 1930-cu ildə Türkiyə Cümhuriyyətinə getməyi bacarmışdı. Amma ürəyi və fikri hələ də kommunistlər tərəfindən istila edilmiş Azərbaycanda idi.

                Nağı Bayramgil 

《 Məmləkətimdə cümhuriyyət elan olunan zaman 6 yaşım vardı və bu uşaqlıq xatirələrimin ən dəyərlisi idi.

Kommunistlər məmləkətimi işğal edib Azərbaycan Cümhuriyyətinə, milli hakimiyyətimizə son verdikləri zaman isə 8 yaşım vardı və ağlayırdım…

Bəli, 3 gün əvvəl Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı və beləliklə, Anadoluda türkün yeni milli hakimiyyəti qurulurdu, amma 27 aprel 1920-ci ildə Azərbaycandakı ilk Türk Cümhuriyyəti Qırmızı Ordu tərəfindən sonlandırılmışdı…

Kommunistlərin ayaqları altında inləyən vətənimdə polis tərəfindən həbs olunanda 14 yaşım var idi. İçim kommunist və kommunizmə qarşı nifrətlə dolu idi. Polislər məni kommumizmə qarşı mübarizə aparmaqda, gizli bəyannamələr yaymaqda və kommunizmə qarşı təxribat aparmaqda ittiham edirdi. 14 yaşı olan mən bunlardan hansını etmişdim? Bu suallara veriləcək cavabım var idi…

O anın ən dəhşətli və ürək parçalayan səhnələri hələ də gözlərimin önündədi: Kommunist rejimin polisi tərəfindən hər gün yoxlamalar keçirilirdi. Həbs olunanların əlləri zəncirlə bağlanır, daha sonra zənciri bururdular. Zəncir əllərini sümüyə qədər kəsirdi.

Əlləri bağlı olan yurddaşlarımız yük maşınına mindirilib üstlərinə brezent çəkilirdi və brezentin də üstündə kommunist əsgərləri otururdu.

Yük maşını yurddaşlarımızı öldürüləcəkləri yerə aparırdı. Ancaq ora çatana qədər sağ qalan yurddaşlarımızın sayı 3-4 nəfəri keçmirdi. Onları da əvvəlcədən hazırladıqları çuxurlara atıb başlarından güllələyirdilər... Əvvəl hər bir nəfər üçün ayrı çuxur qazıldığı halda daha sonra bundan imtina etdilər. Böyük quyu qazıb yüzlərlə yurddaşımızı bu quyuya atırdılar.

Polis tərəfindən həbs edilib böyük ittihamlara məruz qalanda 14 yaşım var idi və bütün cinayətləri öz gözümlə görmüşdüm. Gözlərimdə kommunist rejimə və kommunizmə qarşı kindən başqa nə ola bilərdi? Və bu kinlə heç kim məni kommunistlərlə mübarizə aparmaqdan çəkindirə bilməzdi.

2-ci dəfə polis tərəfindən həbs ediləndə 17 yaşım var idi. Əvvəlcə bizi Qarayazıdakı zindana saldılar və 3 gün sonra gecə saat 4-də əllərimizi bağladılar. Yük maşınlarına yığıb ölüm yerinə apardılar.

İmkan tapan kimi oradan qaçdım…

Bu ərəfədə, yəni 1929-cu ilin oktyabr ayında üsyanımız var idi.. Üsyana əmioğlum başçılıq edirdi. Mən iştirakçısı olduğum bu üsyanda önəmli vəzifələri yerinə yetirdim.

Həmin ərəfədə kommunist rejim ərləri öldürülən türk qadınlarını gəmilər vasitəsilə düşərgələrə aparırdılar. Gəmilərə minik zamanı anaların qucağından övladları alınaraq gözləri qarşısında suya-Xəzər dənizinə atılırdı. Övladlarını da itirən anaların çoxu yerə basdırdıqları əmək alətlərinin üstünə özlərini ataraq intihar edirdilər!

Belə olduğu halda kommunist rejimə qarşı başladığımız üsyanda mütləq şəkildə uğur qazanmalıydıq. Kommunist rejimin ayaqları altında inləyən və türk olmayan millətlər də bizə kömək edirdilər. Üstümüzə göndərilən Qırmızı Ordu birliklərini dəfələrlə dəf etmişdik. Və Allah da bizimlə idi. Allah daima yolumuzu açır, bizə kömək edirdi. Amma dünya başladığımız hürriyyət savaşını sadəcə kənardan izləyirdi. Dünyanın heç yerindən heç bir yardım gəlmirdi. Yardım mövzusundakı müraciətlərimiz cavabsız qalırdı.

Daha sonra Qırmızı Ordu, qırmızı təyyarələr və qırmızı tanklar… Beləliklə, bu önəmli hürriyyət savaşında da məğlub olduq.

Yurddaşlarımız yenidən kütləvi şəkildə öldürülür və ya kütləvi şəkildə Sibirə sürgün edilirdi.

Mən aylarla, yəni ilk baharın sonuna qədər Qarayazı meşələrində gizləndim…

Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım.

Biz kommunistlərlə və kommunizmlə savaşda tək qalmışdıq. Biz indi də kommunist və kommunizmin əleyhinəyik. Ancaq indi dünya da kommunizmlə mübarizə aparır. Bəlkə də gecikmiş mübarizə… Amma insanlığın ayılması daha da gecikə bilərdi...

Azərbaycanda kommunistlərə qarşı başladığımız savaşda məğlub olduqdan sonra kommunistlərin əlinə keçməmək üçün hər çarəyə əl atdığımı və aylarla meşədə yaşadığımı qeyd etmişdim. İndi isə həmin vaxtlara aid acı xatirələrimi danışmaq istəyirəm:

Kommunistlər bizi həbs edən kimi öldürəcəkdilər. Kommunistlərin əlinə keçməmək üçün dözdüyüm şərtlərə bir insanın dözməsi olduqca çətin idi. Məsələn, bir dəfə kommunistlər tərəfindən izlənərkən, bir tövlədə gizlənmək məcburiyyətində qalmışdım. Bu tövlə təxmini 30 metr uzunluğu, 12 metr eni olan 2 tövlədən ibarət idi. Hər 2 tövləni bir-birinə birləşdirən kiçik dəlik var idi. Kommunistlər məni burada axtaran zaman mən bu tövlədən digər tövləyə bu dəlik vasitəsilə keçərək kommunistlərə görünməməyə çalışırdım. Ancaq həmin an heç gözləmədiyim bir hadisə baş verdi. 1 qoyun iti, hər 2 tövləni birləşdirən kiçik dəliyin qarşına gələrək, yolu kəsmişdi. Artıq bir tövlədən digərinə keçərək gizlənə bilmirdim. Çarəsiz halda tövlənin ən qaranlıq hissəsinə çəkilərək əlimdəki tüfənglə hər an hücuma hazır vəziyyətdə gözləməyə başladım. Elə bu an içəri G. P. U. rəisi yanında 2 süvari əsgərlə girdi. Fikrim qəti idi, onlara atəş açıb öldürəcəkdim. Əgər xilas ola bilməsəm, öldürüləcəkdim. Ancaq 3 dəfə önümdən keçmələrinə baxmayaraq məni görmədilər.

Mən Azərbaycan türklüyü, Azərbaycan türklüyünün istiqlalı, hürriyyəti və insan kimi yaşaya bilməsi üçün kommunistlərlə mübarizə apardım. Amma onlar zalım və günahkar idilər. Bizim onları məhkum etmə haqqımız olduğu halda güc onlarda olduğu üçün onlar bizi təqib edir və onların gözündə biz günahkar idik.

Tövlənin qaranlıq küncündə olarkən ağlımdan keçən bu düşüncə və duyğuların necə kədərli olduğunu təxmin etməyiniz çətindir. Bu dəhşətli haqsızlıq qarşısında insan vicdanının hansı halda ola biləcəyini düşünməyinizi istəyirəm.

Kommunistlər məni tövlədə görməmişdi və onlar gedəndən sonra tövlədən çıxıb gecəni mağarada keçirmişdim. Mağaradan sonra mənim üçün gizlənəcək bir yer qalırdı, o da Qarayazı meşələri.

Bunun nəticəsi olaraq baharın son ayına qədər Qarayazı meşələrində gizləndim və qərara aldım ki, dağlarda qar əriyər-əriməz Türkiyəyə gedim. Qarayazı meşəsinin Kür çayına yaxın bir hissəsində yaşamaq üçün uyğun olan bir ağac tapdım. Həmin ağacın orta hissəsində özümə yuva düzəldib, içini otlarla doldurdum. Ancaq ağacın üstünə çıxmadan Qarayazı meşəsində gecələmək çox təhlükəli idi. Çünki bu meşələrdə vəhşi heyvanlar çox olurdu.

Bu vəziyyətdə tam 2 ay meşədə yaşadım. Bu müddət ərzində meşədə yaşadığım çətin günlərə baxmayaraq, özümü yox, kommunistlər tərəfindən həbs edilib öldürülən, sürgün edilən millətimi və kommunistlərin xalqımıza etdikləri işgəncə və zülmləri düşünürdüm.

Kommunist rejimdə yaşamaq hər an polis tərəfindən həbs olunmaq qorxusu ilə yaşamaq deməkdir. Və yaxud kommunist rejimdə yaşamaq bütün zülm və təzyiqlərə dözmək deməkdir. Digər tərəfdən isə kommunist rejimdən qaçmaq vətənindən ayrı düşmək idi. Bəli, kommunizm biz türkləri bu hala salmışdı.

Kommunistlər üçün türklərə və türklük ruhuna yer yox idi. Çünki kommunistlər ən çox türklərdən qorxurdular. Türklüyün xüsusiyyətləri və ədəbi onları ürküdürdü. Türklərin ailəsinə, əxlaqına, din və milli məsələlərə bağlı olması kommunistləri qorxudurdu. Ona görə də kommunist rejim türklüyü məhv etmək üçün ağlasığmaz metodlardan istifadə edirdi.

Rəsmi çıxışlarda türk-rus dostluğundan danışan kommunist rəsmiləri, bununla türkləri yenidən aldatmağa çalışırdılar. Kommunistlər türk-rus dostluğundan söz açaraq hələ də hürr şəkildə yaşayan türkləri ələ almaq məqsədi güdürdülər.

Kommunistlərə qarşı aparılan mübarizənin sonunda meşələrə sığınmaq məcburiyyətində qalan türklər kommunistlərin təbliğ etdiyi dostluğun canlı nümunəsi idi. Əlləri zəncirlə bağlanıb, biləklərindən qan axa-axa güllələnməyə aparılan türk kişiləri onların dostluğa necə dəyər verdiyinin sübutu idi. Türk analarının əllərindən uşaqlarının alınmağı və anaların gözləri qarşısında dənizə atılmağı Rusiyanın türklərlə dostluqda nəyi nəzərdə tutduğunu göstərirdi.

Bizi artıq kommunizmlə aldada bilməzdilər. Çünki biz kommunizmin dostluğunu görmüşdük, bu dostluğun necə saxta olduğunu və zülmlərlə dolu olduğununun şahidi idik. Elə bu səbəbə görə də başımıza gələn bu hadisələri danışmaq istəyirik. Məqsədimiz kommunizmi görməyən kommunist rəhbərlərin və kommunizmi təbliğ edənlərə inanan insanları bu yoldan yayındırmaqdır.

Dünyada hürr və müstəqil olan Türkiyəmizi qorumaq istəyiriksə, kommunizm dəhşətini görən insanların sözlərini dinləməliyik və onların fikirlərindən faydalanmalıyıq. Bu bizim üçün vəzifə borcu olmalıdır.

İnsanlıq ayılmışdı və kommunist rejimin insanlara qarşı etdiyi işgəncə və zülmləri bilirdi. Artıq kommunistlərin etdikləri sirr deyildi. Hamı kommunist rejimdə işçilərin, kəndlilərin, məmurların və zabitlərin necə təzyiq altında olduğunu bilirdi.

Buna baxmayaraq, kommunizmin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülmürdü. Hər ötən gün kommunizm apardığı təbliğat nəticəsində daha geniş yayılır və tərəfdarlarının sayı artırdı. Çünki kommunizmin azad ölkələrdə apardığı təbliğat fəaliyyətində, xüsusilə, sosializm və sosial bərabərliyi ön plana çıxararaq gənc nəsli ələ alırdı.

Gənclər isə cəmiyyətdə böyüklərdən fərqli olduqlarını göstərmək üçün fürsət axtarırdı. Məhz kommunizm də gənclərin bu psixologiyasından faydalanaraq kommunizmi gənclərə mütərəqqi bir məsələ olaraq təbliğ edirdi. Gənclər də sırf yaşlılardan daha qabaqcıl olduqlarını sübut etmək fikrinə qapılır və beləliklə də, kommunistlərin qurduğu tələyə düşürdülər.

Kommunistlər azad ölkələri içdən yıxa bilmək üçün hiyləgərcəsinə addımlar atmalı olduğunu bilirdi. Bu səbəblə də kommunistlər azad ölkələrdə tərəfdar toplaya bilmək üçün özünü hürriyyət və demokratiya tərəfdarı olaraq göstərir, milli mənfəətləri düşünən tərəf olaraq tanıdır və öz zəhərlərini demokratiya və milliyyətçilik adı altında axıdırdı.

Əgər kommunistlərin demokratiya ilə ən kiçik əlaqəsi olsaydı, Azərbaycanda türk milliyyətçilərini güllələtdirməzdilər. Əgər kommunistlərin milliyyətçiliklə ən kiçik əlaqəsi olsaydı, bizə vətənimizdə həyatı zindan etməz, türklüyümüzü unutdurmaq üçün millətimizi hissə-hissə sürgünə göndərməzdi.

Türk anaların qucağından uşaqlarını alıb dənizə atan kommunistlər tarixdə görünməyən zülmün və vəhşiliyin təmsilçiləri idi. Biz bunları öz gözlərimizlə görmüşdük. Kommunizm təbliğatına inanan və kommunizmi sosialistlik hesab edən gənc nəslə gözümüzün qarşısında uşaqları alınan türk analarının kədər və fəryadlarını çatdırmaq istəyirik.

Onu da xatırladım ki, kommunist rejimə keçdikdən sonra oradan xilas olmaq mümkün deyil. 1920-ci ildə bizim ölkəmizdə kommunist sistem quruldu. Təxmini yarım əsrdir ki, Azərbaycan türkləri kommunist rejimin əsarətindədir. Bu arada kommunist rejimdən xilas olmaq üçün edilən bütün üsyanlar və savaşlar da boş çıxırdı.

Kommunizmə qarşı üsyan qaldırmanın necə nəticəsiz qalacağını biz Macar üsyanında görmüşdük. Günlərlə davam edən və hürriyyətə qovuşduğuna düşünən qəhrəman macarlar bir anda rus tanklarının altında əzilmişdi və beləliklə, bir azadlıq savaşı da nəticəsiz qalmışdı.

Şərqi Avropanın digər ölkələrində də kommunistlərə qarşı başlanmış hürriyyət və qurtuluş savaşı heç bir nəticə verməmişdi.

Deməli, kommunist rejimə keçdikdən sonra bu rejimdən xilas olmaq qeyri-mümkündür. Gənc nəsil bunu xüsusilə yaddan çıxarmamalıdır. Və həmçinin, gənc nəslə bütün həqiqətləri öyrətməliyik. Bunun üçün də daha əvvəl dediyim kimi kommunizmin nə olduğunu izah edən kitablar çap edilməli və vətəndaşlara çatdırılmalıdır.

Sosialist fikirləri önə çıxaranları diqqətlə izləyirdik. Həmin fikirlərin hər kəlməsini biz Sovet İttifaqının “qırmızı” təbliğatlarında eşitmişdik. Ona görə qeyd etmək istəyirəm ki, bu gün Türkiyədə sosializmdən və sosialistlikdən danışanların işlətdikləri hər kəlmə Rusiya kommunistlərinin işlətdikləri sözlərlə eynidir.

Rusiyadakı kommunistlər xalqı istismar edilməkdən, işçiləri rəhbərlərin zülmündən, kəndlini ağaların zorakılığından xilas etmək istədiklərini deyirdilər. Rusiyadakı kommunistlər gənclərə və ziyalı insanlara hürr və rahat bir həyat vəd edirdilər. Ancaq hakimiyyəti ələ keçirdikdən sonra həmin kommunistlər xalqı, işçini, kəndlini, gənc və ziyalıları qul kimi işlətməyə başladılar. 》

Xatirəni toplayan: Rəfiq Qorqud

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili

Təqdim etdi: Ceyhun Nəbi

Share on Facebook