Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(üçüncü hissə)

Qaçaq Dəli Alı

Müəllif: Nağı Şeyxzamanlı (Keykurun)

Dəli Alı ilə kənddə 3 gün qaldıq və 4-cü gün bir süvari gəldi. Dəli Alını kənara çəkib nəsə danışdılar. Dəli Alı mənim əlimi sıxıb: “Bacıoğlu, bir iş çıxdı, biz gedirik, Allaha əmanət ol, ev sahibinin oğlu yenə səni toy yerinə götürəcək”, dedi.

Mən dəliqanlıya “bizdə gedək”, dedim. Dəliqanlı sabah tezdən hərəkət edərik dedi. Kəndi gəzirdik, nəzər-diqqətimi bir şey çəkdi, kənddə çox yaşlı adamlara rast gəlirdim. Hamısı dinc, yerişləri-duruşları yaşlı olduqlarını göstərirdi. Dəliqanlıya “bu kənddə ən yaşlı adam kimdir? Məni onun yanına apar”, dedim. Dəliqanlı mənə kənddə 100 yaşını çoxdan keçmiş bir yaşlı olduğunu söylədi. Birlikdə yaşlı adamın yanına getdik, o, yatağında oturmuşdu, gəzə bilmirdi.

Salam verdik və “siz kimsiniz?”, dedi. Mən şəhərdən olduğumu dedim. “Gəncə şəhərində bir bildiyiniz varmı?”, deyə soruşdum. Hamısını unutduğunu dedi. Mən “Gəncədə Göy imam türbəsi var, ziyarət etdinizmi?”, deyə soruşdum. “Getmişəm bəli. Bir dəfə Kərbəlayada getdim, xalqımızda adətdir. Kərbəlaya gedənlər ilk öncə Göy İmama gedərlər. Mən bir neçə dəfə şəhərə getdim, həmişə ziyarət üçün gedərdim”, dedi. Mən yaşlı adama “mənim babalarım imam türbəsinin türbədarlarıdır. Bu gündə elədir. Mən şeyxlərdənəm, onlardan tanıdığın varmı?”, deyə soruşunca, – “Şeyx Əhmədi tanıyıram”, dedi.

Sonra atamdan ailəmizdən Şeyx Əhmədin kim olduğunu soruşdum, mənə “Şeyx Hüseyin əminin babasıdır”, dedi. Atam məndən “nə üçün soruşursan?, deyə soruşdu. Dedim “Şeyx Əhməd babanın dostunu tapdım Qoşqar dağının ətəyində bir kənddə. Mən yaşlı adama Cavad xandan nə bilirsiniz, deyə soruşarkən, o, nə bilim, o, bizim kimi əyilib çeşmədən su içməzmiş, adamları ona qızıl qabda su verərmişlər, birdə Cavad xan hamilə qadınlarla heç yatmazmış, çox varlı imiş, istədiyi qədər qadın almışmış”.

Sonra “baba”, dedim, “1804-cü ildə ruslar bura gəldiyində siz neçə yaşında idiniz?” “Yaşımı bilmirəm, o vaxtı çoban idim, qoyun otarırdım”, dedi. “Ruslar haqqında bildiklərinizi öyrənmək istəyirəm”, dedim. Yaşlı adam dərindən içini çəkdi: “Ruslar Gəncəni işğal etdikdə Gəncə əhalisindən bir çox adamlar dağlara sığındı, bir neçəsi də bizim kəndə gəldi”.

Rusların başımıza gətirdiklərini danışdıqca qurtarmırdı, çox müsibət çəkmişdilər. Həm danışır, həmdə ağlayırdı, bizi də ağladırdı. Ruslar şəhərdəki kişiləri, qadınları, qızları qırmışlar. Böyük Şah Abbas məscidində əlsiz, ayaqsız, xəstə, yaşlı kim var imiş – hamısını rus komandanının əmri ilə bir neçə saat içərisində şəhid etmişdilər.

Yaşlı adam: “Ah, oğlum, aradan çox zaman keçdi, buraya qaçıb gələnlər də, onlara qulaq asanlar da hamısı rəhmətə getmişlər, tək mən qalmışam. Mən də olmasaydım sən haradan öyrənəcəkdin? Aradan bir neçə il keçmişdi, Gəncədən yaşlı adamlardan bir heyət gəldi, qaçanları inandırdı ki, artıq ruslar heç kimə zülm etmir, bizləri rus hökuməti göndərdi, dedilər və qaçanları aparıb getdilər. Sonra nə oldu, bilmirəm”.

Yaşlı adam verdiyim suallara sevinclə cavab verirdi. “Gəncliyinizdən danışın”, dedim. Yaşlı adam coşdu: “Ey oğlum, siz nə görmüşünüz murdar rusdan başqa, mən Kərbəlaya getdim, Osmanlıların paşalarını, valilərini, əsgərlərini gördüm, ruslar onların yanında bir heçdir. Əsgərlərinin tüfəngləri aynalı, o tüfəngdən bir neçə qaçaqda gördüm”.

Onun gözləri sevinc içərisində idi. Mənə bir stəkan süd verdi, dedi ki, yenə gəl.

Dəli Alının insani xüsusiyyətlərindən biri iki kənd və ya ailə arasında qan düşmənçiliyi çıxaranların başçılarını bir yerə yığar və onların arasında sülh yaradar, bir kənddən bir qızı digər kənddən bir oğlan ilə söz kəsib, nişanlayardı. İki ailə eyni qaydada qız alıb-verməklə qan düşmənçiliyinə son qoyardı. Dəli Alının böyük qəhrəmanlıqlarından biri 1905-ci ildə Türk-erməni qarşıdurması zamanı Gəncəyə girib erməniləri yola gətirməsi idi. Təfsilatını “Difai” firqəsi ilə bağlı məqaləmdə vermişəm. 1904-cü ildən sonra hər yaz Dəli Alıya qonaq gedərdim. Məni tanıyanlar adımı “Yazdan yaza qaçaq” qoydular. Qaçaq Dəli Alının iki min adam ilə Gəncə şəhərinə girişi, rus idarəsini heçə sayması, üç gün öz qüvvələri ilə şəhərdə qalması rusları düşündürürdü. O sırada dünya mətbuatı müharibələrdən bəhs edirdi. Rus hökuməti müharibəyə girər və müharibə dünya müharibəsi halını alıb, uzun müddət davam edər və Qafqaz qaynayarsa, Dəli Alılar bizə nələr etməz qorxusu yerli rus idarəsinin yuxusunu qaçırdırdı.

1910-cu il. Peterburqda çar Nikolay və ətrafı Qafqaz və Dəli Alını müzakirə edirr, Dəli Alının bağışlanması qərarını verirlər. Çar ailəsindən köhnə Qafqaz canişini Knyaz Qolitsın Gəncəyə göndərilir. Vəzifəsi Dəli Alı ilə görüşmək və onun əfvini təmin etmək idi. Sonradan anlayırıq ki, Qafqazda rus agentləri Dəli Alı və qaçaqlar haqqında mütəmadi olaraq raportlar verirmişlər. Knyaz Qolitsın Gəncəyə gəlir. Nə üçün gəldiyini heç kim bilmir, mən onu Gəncə şəhər klubunda gördüm. Hər kəsin gözü onda idi: 55 yaşlarında, uzun boylu, zarafatcıl. Qafqazda ona dəli Knyaz deyirdilər. Ertəsi gün Gəncənin öndə olanları gəlişin səbəbini öyrənirlər. Məqsədi Dəli Alı ilə görüşmək imiş. Öndə olanlardan bir neçə adam vilayətə dəvət edilirlər. Toplantıda görüş üçün ən münasib yer Gəncədən 30 km məsafədə “Hamam çayı” deyilən yer seçilir. Bir gün sonra knyaz, vali, yerli nümayəndə faytonla görüş yerinə gedirlər. Yerli nümayəndə türk olduğundan tərcüməçiyə ehtiyac olmur.

Knyaz Qolitsın, vali Kovalyov, yerli nümayəndə Mikayıl bəy, Hara müdiri baytar Çünkovski tərəfindən qarşılanırlar. Bir saat sonra Dəli Alı öz adamları ilə Haraya girirlər, yanındakılar ətrafa dağılırlar, Dəli Alı atından enir, knyazın oturduğu masaya yanaşır. Mikayıl bəy Dəli Alını knyaza təqdim edir. Knyaz qalxır, Dəli Alının əlini sıxır. Knyaz Alının əlini heç buraxmır. Deyir ki, ikimizdə boyumuz eyni, kilomuzda eyni, gəl güləşək. Dəli Alı knyaza demiş ki, sizinlə heç güləşmək istəmərəm, zira siz yüksək imperator ailəsinə mənsub bir knyazsınız. Siz Peterburqdan məni görmək üçün və tanımaq üçün buraya gəlmisiniz. Siz mənim qonağım sayılırsınız. Bura mənim ana vətənimdir. Hər nə qədər vücud idmanı etməmişəmsə, ancaq qol və barmaq idmanlarım tamdır. Mən sizə güləşdə məğlub olmaram, yüzdə-yüz sizi məğlub edərəm. Ancaq istəmərəm, adətimiz-ənənəmiz yalnız əziz qonağımızı məmnun etmək, onunla xoş vaxt keçirməkdir. Knyaz Alının əlini buraxarkən: “Həqiqətən eşitdiyim kimi varsınız”. Otururlar. Knyaz gözlərini Alıdan ayırmır və danışmağa başlayırlar.

Knyaz: “Qaçaqlıq həyatınızdan məmnunsunuzmu?”

Dəli Alı: “Bilmirəm sizə necə cavab verim, həm məmnunam, həmdə yox. Həyatım qorxu və zorluq içərisindədir. Quşun qorxusu ovçudandı, bizimki isə sağını-solunu istila qorxusu içərisində yaşadan, dünyaya meydan oxuyan Rusiya imperiyası idarəsindədir”.

Knyaz: “Bu qorxunc həyat sizdə bezginlik yaratmırmı? 14 il qədər uzun bir qaçaqlıq həyatı zamanı əfv ediləcəyinizi heç düşündünüzmü?”

Dəli Alı: “Bağışlanacağıma ümidim yox idi, ancaq bir neçə dəfə vasitə taparaq hökumətə söylətdim, məni təqib etməsinlər, rus idarəsinə məndən nə pislik ola bilər? Hər işim yolunda, heç bir ehtiyacım yox, mən yalnız həyatımı qoruyuram, idarə dalımca düşür, mən uzaqlaşmaq istəyirəm onlar yaxamı buraxmaq istəmirlər”.

Knyaz: “Nə üçün sizə dəli deyirlər, çox ağıllı danışırsınız”.

Dəli Alı: “Hər halda ağla sığmayacaq, hövsələnin almayacağı, qeyri-məhdud gücə malik qüvvəyə qarşı çıxıb onları məğlub etməyimi ağla sığışdırmadıqları üçün demiş olarlar. Halbuki mən hərəkətlərimdə heç bir zaman pislik etmədim, Allah bilir, vicdanıma danışıb, Allahı düşünüb elə davranmışam. Öldürdüyüm də Allah bilir, çox yazığım gəlib, amma nə edək, dinimiz elə əmr edir: Səni öldürmək istəyəni, öldür, günahı yoxdur. Mən qaçaqlıq dövrümdə yalnız bir jandarma vurdum, oda necə oldu? Daima olduğu kimi jandarma alayı ilə qarşılaşdıq, biz qarşılaşma yerindən uzaqlaşdıq, birdə baxdıq ki, bir jandarma nəfəri var qüvvəsi ilə arxamızca gəlir, nə üçün gəldiyini anlamırdıq, bizə çox yaxınlaşmışdı, birdə gördük ki, atından endi və bizə tərəf beş əl silah atdı. Bir dostumuz yaralandı, çox əsəbləşdim, çünki, jandarma bizə doğru gələrkən qaçaqlar vuraq demişdilər, mən qoymadım. Baxdım ki, tüfəngini yenidən doldurur, nişan aldım, iki qaşının arasından gülləni yerləşdirdim, həmin an heç tərpənmədən yerində qaldı. Biz yolumuza davam edirdik qarşımıza bir kənd nümayəndəsi ilə jandarma nəfəri çıxdı, mən onları dayandırdım. Cəfər bəyi çağırıb yerli nümayəndəyə belə bir məktub yazdırdım: “Ey ağılsız rus idarəçiləri, bizim ilə tez-tez qarşılaşaraq yoxlama aparırsınız, bizdən tək bir nəfər vurduğunuz yoxdur, daim siz itki verirsiniz, buraxın bu təqibi. Vurulanlar yazıqdır. Bizlər tərəfindən vurulanları həmişə mənim adıma yazırsınız, bu gündən sonra iki qaşı arasında vurulanı və öləni mənim adıma yazarsınız”. Sonra duydum ki, o gün vurduğum jandarma baş çavuş Konavalov imiş. Vali və alay komandanı bizdən bir qaçaq vura bilsə rütbəsini artıracaqlarmış”.

 Knyaz: “Bunları belə qəbul edək. Ancaq bir gün siz atışmada 7 kazak öldürmüsünüz və cəsədlərini də bir-birinə bağlayaraq Kür çayına atmısınız. O kazakların dəfn mərasiminə mane olduğunuz kimi, onların ailələrinin məzarı ziyarət etməsinə də imkan verməmisiniz. Bu mədəni bir hərəkət sayılmaz”.

Dəli Alı: (knyazı diqqətlə dinlədikdən sonra) “İnanın 7 nəfər kazakla təsadüfi olaraq Kür çayının sahilində qarşılaşdıq, biz onları görən kimi sağa dönərək onlardan uzaqlaşmağa çalışdıq, onlar isə bizə həm atəş açır, həmdə arxamızca gəlirdilər. Bunlar orduya məxsus kazaklar idi, bizi izləməyə təlimatlandırılmışdı. Onlar bizə atəş açır, biz isə sürətlə onlardan uzaqlaşmağa çalışırdıq. Bu əsnada bir dostumuz vuruldu. Artıq iş işdən keçmişdi, günahları öz boyunlarına deyərək nişan aldıq, hamısını öldürdük, yanlarına yaxınlaşanda hamısı cansız idi. Silahlarını yığdıq, uzaqlaşmaq istəyərkən düşündüm: Bunlar jandarma deyil, kazaklardı. Bu atışma Samux kəndinin yanı başında Kür çayının kənarında baş verdi, ani belə bir qərar verdim: Əgər bu cəsədləri burada qoyub getsəm rus əsgərləri dostlarının cəsədlərini buradan apararkən kəndi atəşə tutacaqlar. Bunu önləmək üçün cəsədləri Kürə atdırdım, başqa bir səbəb yoxdur. Əmin olun ki, biz Kür çayını borum ilə keçirdik, əgər bilsəydik, çayın o biri tərəfindən kazaklar var keçməzdik, onlara görünməzdik. Nəticədə də bu atışma olmazdı”.

Knyaz: “Dəli Alı, mən sizi çox sevdim. Söz verirəm Peterburqa dönən kimi çar ilə görüşüb sizin əfv edilmənizi rica edəcəm”.

Dəli Alı təşəkkür edir və ayrılırlar. Knyaz Peterburqa, Dəli Alı və dostları dağlara üz tutur.

Aradan bir həftə keçir. Gəncə valisi imperatordan Dəli Alının əfv teleqramını alır. Eyni zamanda rus teleqraf agentliyi xəbəri bildirir və qəzetlərdə nəşr edilir. Gəncə əhalisindən 20 fayton Dəli Alının kəndinə üz tuturlar.

Kəndə gedənlər arasında mən yox idim. Tiflisdən Köçərli adında bir artist gəlmişdi, onunla birlikdə “Qaçaq Kərəm” pyesini hazırlayırdıq və səhnəyə qoyacaqdıq. O gün çox məşğul idim, Dəli Alı ilə görüşə bilmədim. Ertəsi gün Dəli Alı ilə görüşdüm, onu teatra dəvət etdim. Qaçaq Kərəmin rolunda Köçərli oynayırdı, mən isə Kərəmin dostu Ömərin rolunda idim. Pərdə qalxır, pyes başlayır. Dəli Alı ön sırada əyləşmişdi. Pyes bitir. Hamımız salondayıq. Dəli Alı kresloda, bir neçə dostlarda ayaq üstə. Dəli Alıdan pyesin xoşuna gəlib-gəlməməyini soruşuruq. Dəli Alı məmnun qalmadığını söyləyir və bu pyesi yazan və təmsil edənlər heçmi düşünmədilər pyesin adını “Qaçaq Kərəm” qoydular, buna nə ehtiyac var idi? Qaçaq Kərəmi siz şəhərlilərdən bizim kəndlilər daha yaxşı bilirlər, ağızdan-ağıza Kərəmin dastanlarını, etdiyi qəhrəmanlıqları söyləyə-söyləyə bitirə bilmirlər.

“Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 121-122-123-cü saylar, səh. 21-25

Təqdim etdi: Ceyhun Nəbi

Share on Facebook