Son vaxtlar Şınıx bölgəsi, onun qəhrəman müdafiəçiləri haqqında, mətbuatda, digər kütləvi informasiya vasitələrində yazılar gedir. Mən ilk öncə bütün Şınıxlılar, bütün Gədəbəylilər qarşısında, eyni zamanda doğma vətənimizin bir parçası olan Şınıxın müdafiəsində iştirak edən insanların qarşısında həlak olan vətən oğullarının ruhu qarşısnda baş əyirəm.
Əziz dostlar
Hələ uşaqlıqdan vətən sevgisi mənim başlıca amalım olub. Əmək fəzliyyətimə doğma kəndim Şınıxın Hacılar kəndində 1978-ci ildə müəllimliklə başlamışam.Daha sonra 1982-ci ilin dekabr ayında Gədəbəy Rayon Partiya Komitəsinə təlimatçı təyin olunmuşam.Şınıxın müdafiəsi ilə bağlı ilk tapşırığı 1983-cü ilin aprel ayında almışam. 1983-cü ilin aprel ayının 30-da Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi Əli Bayramovun yanına dəvət olundum. Mən kabinetə girəndə birinci katibin yanında ağ saçlı, nurani bir şəxs əyləşdi. Həmin şəxs Dövlət Təhlükəsizlik Komitəsinin Şəmkir rayon şöbəsinin rəisi rəhmətlik Hüseyn Rəhimov idi. Mənə bildirdilər ki, Ermənistan Türkiyə sərhədində yerləşən Amasiya rayonunda ermənilərlə-azərbaycanlılar arasında qarşıdurma olub. Aldığımız məlumata görə Gədəbəy rayonunun Şınıx bölgəsinin Qaravəlilər, Tağılar kəndləri ərazisində ermənilər təxribat törətməyi planlaşdırırlar. (Tağılar kəndi 1969-cu ildə əsassız olaraq Ermənistana verilmişdi, əhalisi Gədəbəy rayonunun Novasaratovka kəndinin ərazisinə köçürülmüşdü. Tağılar kəndində-qorxmaz, mərd və mübariz İsmayıl və Yusif Tağıyev qardaşları qalmışdı. Onlar hər bir təzyiqə dözərək doğma yurdlarını tərk etməyiblər).
Mənə tapşırıq verildi ki, milis zabiti Yolçu Məmmədovla birlikdə bir neçə gün Tağılar kəndində olacaqsınız və gözlənilən təxribatın qarşısını alacaqsınız.Bütün məlumatları Rayon XDS İcraiyyə Komitəsinin sədri Musa Məmmədova verəcəksiniz.720 hektar torpaq ermənilərə veriləndən sonra sərhəd Qaravəllər kəndində evlərinin 10-15 metrliyindən keçirdi. Həmin günlərdə ermənilər bir neçə dəfə təxribat törətmək istədilər. Qaravəllər kəndinin sakinləri o qədər qəzəblənmişdilər ki, təxribat törədən erməniləri öldürmək istəyirdilər. Əhalini bir təhər dilə tutub qarşıdurmanın qarşısını ala bildim. 1983-cü ilin mayın 4-də Gədəbəy Rayon Partiya Komitəsinin Plenumu ilə əlaqədar rayon mərkəzinə qayıtdım. Həmin Plenumda Əli Bayramov Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Aydın Quliyev Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi seçildi.1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda mən Gədəbəy Rayon Partiya Komitəsində ideologiya şöbəsinin müdiri vəzifəsində işləyirdim.Rayon Partiya Komitəsi tərəfindən Şınıx zonası ilə bağlı tapşırıqları yerinə yetirirdim. Həmin dövrdə Gədəbəy rayonu qonşu Daşkəsən və Ermənistanın Krasnoselo rayonları ilə sosializm yarışı keçirirdi. Bir sıra mədəni kütləvi tədbirlər keçirilirdi.Şöbənin arxivini araşdırarkən əlimə 1986-cı ilə dair bir sənəd keçdi. Həmin sənəddə Ermənistanın Krasnoselo rayonuna daxil olan Gədəbəyin digər kəndləri ilə Şınıx zonası arasında yerləşən Başkənd kəndinin yaranmasının 140 illiyinə dair tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər planına görə Başkənd kəndi Şəmsəddin (indiki Berd) rayonundan gəlmiş ermənilər tərəfindən 1844-cü ildə salınmışdır.1988-ci ilin fevral ayında Sumqayıt hadisələrindən sonra rayonun Şınıx bölgəsində vəziyyət günü-gündən pisləşirdi.Vəziyyət elə gətirdi ki, Gədəbəy Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədovun xidməti avtomobili Başkənd kəndinin ərazisində atəşə tutuldu. Xoşbəxtlikdən ölüm olmamışdır.Əhali Şınıxdan köçmək istəyirdi. Rayon Partiya Komitəsində qərara alındı ki, Gədəbəy Rayon mərkəzində işləyən rəhbər şəxslərdən bir qrupu təcili Şınığa getmişdi. Əhalinin arasında olmalı, sabitlik yaratmalıdır. Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədov, RİK-nın sədri Musa Məmmədov, RİH sədrinin birinci müavini Şahin Əliyev və mən kino idarəsinin UAZ-469 markalı Arif adlı sürücünün idarə etdiyi avtomobillə Şınıxa yola düşdük. Axşam saat 19 radələrində Novosaratovka kəndinə çatdıq. Həmin dövrdə Novosaratovkadan Şınığa gedən avtomobil karvanının rus hərbiçiləri müşaiyət edirdi. Rus hərbiçiləri tək avtomobili müşaiyət etməkdən imtina edirdilər.
Biz müşaiyətsiz Şınıxa yol düşdük. Başkənd kəndinin girişində 60-dan çox erməni avtomobili işıqlarını yandıraraq Novosaratovka-Şınıx yolunu nəzarətdə saxlayırdılar.Ermənilərdən hər cürə alçaq, xain hərəkət gözləyirdik. Gecə Mutudərəyə çatdıq. Musa Məmmədov, Şahin Məmmədov Mutudərədə qaldı. Şahin Əliyevlə mən Qaravəllər kəndinə getdik. Səhəri günü mənimlə Şınığa gələn rəhbər işçilər rayon mərkəzinə qayıtdı. Mən isə Hacılar kənd orta məktəbinin müəllimləri və kənd fəalları daxil olmaqla Tovuz rayonunun Qaradağ kəndindən Şınıxın Turşsu kəndinə çəkilən elektrik xəttinin elektrik dayaqları üçün yuvalar qurmaq məqsədilə Turşsu kəndinə getdik.Həmin dövrdə Şınığa gedən avtomobil yolu, elektrik və telefon xətləri Başkənd ərazilərindən keçdiyi üçün ermənilər elektrik və rabitə təchizatına qarşı müxtəlif təxribatlar törədirdilər.Qısa müddətdə Qaradaş kəndi ilə Turşsu kəndi arasında ehtiyat elektrik xətti çəkildi.Sonrakı dövrlərdə bu elektrik xətti əhalinin enerji təchizatında mühüm rol oynadı.
1989-cu ilin avqust ayında Rayon Partiya Komitəsinin göndərişi ilə Bakı şəhərinə Bakı Ali Partiya Məktəbinə (sonradan Bakı Sosial İdarəetmə və Politologiya instutunun dinləyicisi göndərildim).
1990-cı ilin 20 yanvar ilə əlaqədar Etibar Məmmədovu həbs edib Moskva şəhərinə aparmışdılar. Həmin dövrdə Bakı şəhəri Dağüstü parkda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri ətrafında Etibar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar imza toplanırdı. Mən də Etibar Məmmədovun azad edilməsinə imza atdım. İmza toplanan yerin yaxınlığında Gədəbəy rayonunda nəşr olunan “Tərəqqi” qəzetinin bir nömrəsi gözümə sataşdı. Qəzetdə 1990-cı ilin yanvar ayının 30-da Gədəbəyin rayon mərkəzindən Şınıxa gedən 6 nəfər Şınıx sakininin Başkənd ərazisində qəddarcasına öldürülməsindən bəhs edilirdi.Bu hadisə mənə çoc pis təsir etdi. Həmin dövrdə xalamoğlu və qaynım Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin junrnalistika fakultəsinin IV kursunda oxuyurdu. O, Bayıl qəsəbəsində kirayədə qalırdı.Axşam Əkbərin kirayədə qaldığı evdə oturduq. Şınıxla-Başkəndlə bağlı bir məqalə hazırlandı.Həmin məqalə Azərbaycan gəncləri qəzetinin fevral nömrələrinin birində “Dağlarmı günahkardır, yoxsa” başlığı ilə dərc edildi.Məqalə bomba effekti yaratdı. Respublikada Şınıxın təbliği başlandı. Gədəbəy rayon Partiya Komitəsinin rəhbərliyi məqaləyə görə mənə bərk qəzəbləndilər. Hətta Əkbər Hüseynzadəni cəzalandırmaq istədilər.Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirdikdən sonra mənə dörd ay iş vermədilər. Rayon rəhbərliyi dəyişdikdən sonra mənim üçün əziz və hörmətli Azərbaycan ziyalısı, əsl dövlət adamlarından biri olan Qənbər Qurbanov məni Gədəbəy Rayon İcra Hakimiyyətində işə götürdü.
Ardı var...
Sənan Quliyev