Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(4-cü hissə)

Qaçaq Dəli Alı

Müəllif: Nağı Şeyxzamanlı (Keykurun)

Dəli Alı valiyə xitabən “mən şəhər əhalisindən deyiləm, kəndə getməliyəm, ancaq sizinlə bir qərara gəlməliyik. Məni imperator əfv etdi, çox təşəkkür edirəm. Fəqət mənim 30-a qədər dostum var və bunların çoxusu qohumlarımdır. Onlarda qaçaqdır və əfv edilməmişdir. Bunlar haqqında fikriniz nədir?”, deyərkən, Vali “bəli bunlar haqqında bir qərara gəlməliyik. Siz nə düşünürsünüz?”, deyə soruşdu. Dəli Alı “əgər idarəniz bunları təqib etmək fikrindədirsə mənim əfv edilməyimin heç bir mənası qalmır. Təklifim budur ki, idarəniz onları təqib etməsin, məndə sizə söz verirəm ki, onlar ancaq əkinçiliklə məşğul olacaqlar. Onlardan nə dövlətə, nədə ki, xalqa bir ziyan gələcəkdir”, cavabında deyib. Bu anlaşmadan hər iki tərəf məmnun qalmışdır. Dəli Alı öz kəndinə dönmüşdür.

Dəli Alının əfv edilməsinin ikinci ilinin yazında knyazdan bir teleqraf alır: “İmperator ailəsi ilə birlikdə Krım adasındakı Yaltaya gedir, məndə orada olacağam. Yaltaya gəl, səni imperatora təqdim edim”. Dəli Alı Alıbəy adında bir vətəndaşla Yaltaya gedir, knyazla görüşürlər. Knyaz Dəli Alını imperator Nikolay ilə görüşdürür, bir neçə gün knyaza qonaq olur.

Məmləkətdə qaçaq sayının artması və Dəli Alının əfv edilməsi ilə rus idarəsi heç bir şey əldə edə bilməməsi onları yenidən qaçaqlara qarşı mübarizəyə sövq etmişdi. Bununla bağlı yerli nümayəndə Dəli Alı ilə görüşərək qaçaqların zərərsizləşdirilməsi işində ona kömək etməsini istəyir. Dəli Alı bu təklifi dərhal və kəskin bir dil ilə rədd edərək bu cavabı verir: “Mən 14 il qaçaqlıq etdim, bu zaman içərisində xalqımızdan heç kimsə üzərimizə gəlmədi. Rus idarəsi məni bu işə cəlb etməyə çalışmasın. Çünki şərəfimə xələl gətirəcək işləri öz üzərimə götürmərəm. Arzu edərsiniz məni yenidən qaçaq olaraq valiyə təqdim edə bilərsiniz. Bu məsələ ilə bağlı bir daha sizinlə görüşməyəcəm və hadisəni olduğu kimi knyaz Qolitsına anladacağam”.

1911-ci il. Dünya mətbuatı müharibədən bəhs etməkdədir. Balkanlar qarışmaqda və gərginlik hər tərəfə yayılmaqdadır. Rus idarəsi Qafqazı qarışıqlıqlara səhnə olacağından, qaçaq hərəkatlarının birləşməsindən, qeyri-müsəlmanların istiqlal meyllərindən və sosialist cərəyanlarının birləşmiş bir cəbhə təşkil edərək hərəkət edəcəyindən qorxur. Bu əndişə içərisində rus idarəçiləri yerli nümayəndənin əli ilə Dəli Alını pusquya salaraq vururlar. Tanınmış qaçaq Dəli Alı yaralı olaraq Gəncəyə gətirilir. Həkimlərin səyinə baxmayaraq onu qurtarmaq mümkün olmur. Ziyarətinə gələn dost-tanışlara “rusların fitrətən alçaq olduqlarını bilirdim, fəqət mən bu qədərini bilmirdim. Demək ki, çarları da, knyazları da həmin fitrətdən imiş”, deyirmiş.

Dəli Alı fani dünyaya gözlərini yumur. Gözlənilməz ölüm Gəncə əhalisini matəmə qərq edir. Onun şərəf və adına layiq möhtəşəm bir cənazə alayı tərtib olunur. Şəhərdə dükanlar bağlanır, alış-veriş dayanır. Azərbaycanlı məmurlar, müəllimlər, məktəblilər hamısı cənazə alayına qoşulur. Cənazə Gəncə şəhərindən 3 kilometr məsafədə Göy İmamzadəyə aparılır. Minlərcə insan tabutu çiyinlərində daşıyırlar. Gəncə şəhəri qurulduğu gündən bəri belə bir dəfn mərasimi görməmişdi. Şəhər küçələrindən cənazə aparılarkən insanlar hönkür-hönkür ağlayırdı. Hər tərəfdə yanğılı ağılar söylənir və onun igidlikləri ağızdan-ağıza gəzirdi. Cənazə alayına tək şəhər əhalisi yox, ətraf kəndlərdən minlərlə atlı qatılmışdı. Xalqımız əziz ölüsünə yeddi gün matəm tutdu və füqəralara ehsan dağıtdı.

Dəli Alı haqqında bildiklərim bunlardan ibarətdir. Ümid edirəm ki, başqa yurddaşlarım onun savaşlarını və qəhrəmanlıq dastanlarını daha ətraflı sürətdə qələmə alaraq gələcək nəsillərə yadigar buraxacaqdır.

“Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 124-125-126-cı saylar, səh. 13-15

Son...

Təqdim etdi: Ceyhun Nəbi  

Share on Facebook