Azərbaycanda təhsil sisteminin mahiyyəti və onun gələcək real məqsədləri ilə bağlı geniş müzakirələr aparılmaqda davam edir.
Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün “Diqqət mərkəzi” verilişində səsləndirdiyi fikirlər bu mövzunu yenidən gündəmə gətirib.
Nazir bildirib ki, təhsilin əsas məqsədi uşaqları yalnız ali məktəbə qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Onun sözlərinə görə, hazırkı təhsil modelimiz çox vaxt “yarış” üzərində qurulur və bu da repetitorluğun geniş yayılmasına gətirib çıxarır.
“Yeni yanaşmanın hədəfi isə məktəbin özündə elə müəllimlərin dərsdən sonra şagirdlərlə çalışmasını təmin etməklə öyrənməni mərkəzə çəkmək, əlavə hazırlıq asılılığını azaltmaqdır. Bu islahatların əsas ideyası odur ki, dövlət müəlliminə etibar etdiyi şagirdin öyrənməsi birbaşa məktəbdə təmin olunsun və təhsilin dəyəri yalnız qəbul nəticələri ilə ölçülməsin”,- deyə nazir qeyd edib.
Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq demək olar, bu istiqamətdə pilot layihə olaraq bəzi təhsil müəssisələrində prosesə başlanılıb:
“Burada başlıca məqsəd yuxarı sinif şagirdlərinin, yəni 10-11-ci siniflərin vahid bir məktəbdə cəmləşdirilərək onların hazırlıq prosesinin formalaşdırılması və həyata keçirilməsidir. Sözügedən modelə əsasən, şagirdlər həm ümumi təhsil proqramı üzrə dərslərini keçirlər, eləcə də ali təhsil istiqamətində qəbul imtahanlarına sistemli şəkildə hazırlaşa bilməsinə imkan verəcək”.
Ekspertin sözlərinə görə, məsələn, bir qəsəbə və ya rayonda 4-5 məktəb varsa, onlardan biri məhz bu məqsədlə seçilir:
“Həmin məktəbdə yalnız 10-11-ci sinif şagirdləri tədrisə cəlb olunur və digər məktəblərin yuxarı sinif şagirdləri də ora mərkəzləşdirilir. Qalan 3-4 məktəbdə isə ümumitəhsil pilləsi üzrə, o cümlədən ibtidai təhsil tədris olunur. Xüsusi ayrılmış məktəbdə isə müəllimlər tərəfindən 10-11-ci siniflərin tədris proqramına daxil olan fənlərlə yanaşı, abituriyentlərin ali məktəblərə hazırlığı da həyata keçirilir. Bütün bunlar dövlət büdcəsi hesabına qarşılanır”.
E.Əfəndi onu da əlavə edib ki, nazirin qeyd etdiyi kimi, növbəti illərdə bu formatda müəyyən dəyişikliklərin olması da mümkündür:
“Əsas məqsəd repetitorluğun azalmasıdır. Çünki əgər hər hansı müəllim təhsil müəssisəsinə yalnız şagird toplamaq niyyəti ilə, 5-6 saat dərs demək üçün gəlirsə, bu, peşəkarlıqla uzlaşmır. Belə müəllimlər prosessdən kənarlaşdırılmalı, onlar repetitor fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, bunu məktəbdən kənarda həyata keçirməlidirlər. Təhsil müəssisələrində isə məhz peşəsini sevən, müəllimliyə hörmətlə yanaşan, auditoriyada şagirdlərin öyrənməsinə həqiqi maraq göstərən şəxslər çalışmalıdırlar. Qarşıdakı illərdə atılacaq addımlar da bu məqsədə xidmət edəcək”.
O, həmçinin vurğulayıb ki, effektiv nəticələrə gəldikdə, əlbəttə ki, müsbət nəticələr olacaq:
“Əvvəla, valideynlər əlavə maliyyə yükündən azad olacaqlar, çünki hazırda repetitorlara ayda minimum 400-500 manat, maksimum isə 1500-2000 manatadək ödəniş olunur. Bu hazırlıq prosesinin dövlət tərəfindən məktəbdə həyata keçirilməsi həm ailələr üçün böyük dəstək olacaq, həm də abituriyentlər seçdikləri istiqamətlər üzrə daha sistemli şəkildə hazırlaşacaqlar. Bu da məktəb mühitinə və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək”,- deyə ekspert qeyd edib.
