Redaktor seçimi

Nəcməddin Sadıkov Füzuliyə getməyimə imkan vermirdi - İTTİHAM

"Biz Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova Azərbaycan dilində danışmağı öyrədə bilmədik. Nəcməddin Sadıkovun Rusiyaya bağlılığını mən hələ 1993-cü ildən bilirdim". Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov “Media Türk TV”nin efirində səsləndirib.  V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər: “Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”.  Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb: “General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”.  “Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib. 

Səfərbərliyin 75 əməkdaşının işi prokurorluğa göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci ilin III rübündə 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib. Məlumata görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Qeyd olunub ki, cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq – Zelenski

Ukraynanın Prezidenti Volodimir Zelenski, Ukraynanın tarix boyunca bir çox imperiyalar tərəfindən işğal edilməyə çalışıldığını, lakin hər dəfə yenidən doğulduğunu vurğulayıb. Sozcu.az-ın məlumatına görə o, bildirib ki, heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq. Zelenski keçmiş imperiyaların Ukraynanı məhv etmək cəhdlərinin yalnız o imperiyaların dağıldığı ilə nəticələndiyini qeyd edib. "Ukrayna bir çox təcavüzkar gücləri, o cümlədən bu günkü Rusiya qarşısında qalib gəldi və hələ də qalib gələcək", – deyə Ukrayna lideri bildirib. Ukrayna prezidenti ölkəsinin mübarizliyini və möhkəmliyini vurğulamaqla yanaşı, Ukraynanın bu dəfə də Rusiyaya qarşı dayandığını qeyd edib.

Uitkoff istefaya hazırlaşır - KİV

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bu ilin sonunda istefa verəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” amerikalı mənbəyə istinadla məlumat yayıb. “Uitkoff ilin sonuna qədər vəzifəsini tərk etməyə hazırlaşır. Qəzzadakı sülh prosesində irəliləyiş olsa, onun getməsi ehtimalı daha yüksəkdir”, - mənbə bildirib. Onun sözlərinə görə, Donald Trampın Qəzza və Ukraynada atəşkəs danışıqları üzrə nümayəndəsi vəzifəsində çalışan Uitkoff xüsusi hökumət işçisi kimi fəaliyyət göstərir və onun səlahiyyət müddəti təxminən 130 gün olsa da, uzadılması mümkündür.

İsrail 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Netanyahu və onun qətliam törədən heyəti mühakimə olunmalı və cəzalandırılmalıdır. İsrailə qarşı çəkindirici sanksiyalar, o cümlədən beynəlxalq idman turnirlərində iştirakına qadağa qoyulmalıdır. İspaniyanın mövqeyini də gözardı etmək olmaz. Ən əsası İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Yoxsa yanğın daha da genişlənəcək”, - Türkiyə lideri əlavə edib.

İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Bakıda bu xəstəxana 13 yaşlı ürək xəstəsini müayinədın imtina etdi

Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ürək aparatı işləmir. Sozcu.az xəbər verir ki, bu barədə Bakı sakininin Axar.az-a ünvanladığı şikayətdə bildirilib. Valideyn Zöhrab Əliyev deyib ki, bu gün səhər saatlarında 13 yaşlı övladını kəskin ürək ağrıları səbəbindən sözügedən xəstəxanaya aparıb. Xəstəxana isə ürək aparatının işləmədiyini bildirirərək, müayinədən imtina edib. Sözügedən məsələ ilə bağlı TƏBİB-ə sorğu verilib.

Zəngəzur dəhlizinin açılması... - Mişel

Bir neçə il bundan əvvəl Azərbaycan və Ermənistan üçün bir-birini daha yaxşı başa düşmək və məkan tapmaq son dərəcə çətin idi. Mən Brüssel formatı ilə əlimdən gələni etməyə çalışmışam. Sozcu.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel deyib. O, bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bır sıra fürsətlər baş tutub: “Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”, - deyə Şarl Mişel əlavə edib O, Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və sülh sazişinin həyata keçirilməsinə təkan verəcəyini deyib. Şarl Mişelin sözlərinə görə, dəhliz Avropa Birliyi ilə Qafqaz və Mərkəzi Asiya arasında bağlantı yaradacaq.

Anar Əlizadə Bakıya çağırıldı - ÖLKƏDƏN ÇIXIŞINA "STOP" QOYULDU

Neft satışı ilə məşhurlaşan Adnan Əhmədovun həbsi ətrafında müxtəlif müzakirələr aparılır. Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir. Sozcu.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir. Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub. Bildirilir ki, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyətin Anar Əlizadənin daşıdığını deyib. Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi deyilir. Mənbəmiz bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib. Araşdırmamız zamanı onu da öyrəndik ki, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb. Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Anar Əlizadənin özü ilə əlaqə saxlasa da ondan şərh almaq mümkün olmayıb.

“Belə qərar ciddi beynin məhsulu ola bilməz” – Taksilərlə bağlı qalmaqal böyüyür

"Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz?” Sozcu.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, belə bir qərar insanların konstitusion hüquqlarının pozulmasıdır: “Belə bir qərar artıq insanların konstitusion hüquqlarının pozulmasıdır. Vətəndaş fiziki şəxs kimi akreditasiyadan keçib, sertifikat alıb taksi xidməti göstərirsə, Azərbaycan bütün hüdudlarında fəaliyyət göstərə bilər. Haradasa yazılmayıb ki, sürücü İmişli, Salyan yaxud Bakı şəhərində fəaliyyət göstərməlidir. Mənə elə gəlir ki, bu absurd qərardır. Ümumiyyətlə son zamanlar taksi ilə bağlı qəbul olunan qərarların əksəriyyəti absurddur. İstər hava limanında xidmətin məhdudlaşdırılması, istər də hazırki qərar”.   İlqar Hüseynli qeyd edib ki, sözügedən addım həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır: “Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz? Bu məntiqlə bütün peşə sahələrinə bunu şamil etsək nə baş verəcək? Mən düşünmürəm ki, belə bir qərar qəbul olunsun. Həm iqtisadi, həm də insanların konstitusion hüquqları baxımından absurddur. Bu, həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır”. Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var: “Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”. 

Hərbi biletə görə 22 min verdim - Sabiq idarə rəisinin məhkəməsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əhməd Əhmədov ifadə verib. O bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib. Şahidin sözlərinə görə, xarici ölkələrdən birində magistr təhsili alıb: "2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri də ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq". Şahid qeyd edib ki, bir müddət sonra onu Sabunçu rayonudakı poliklinikaya dəvət ediblər və tibbi müayinələrdən keçib: "Qobuda Səfərbərlik xidmətinin müayinələridən də keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində ona verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan hərbi bilet verdilər". Daha sonra şahid qismində ifadə verən Araz Məmmədov bildirib ki, Yasamalda kafe işlədib: "Səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov kafeyə gəlirdi. Mənim də ofsiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi danışaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur. Bir müddət sonra 6 min istədi, razılaşdıq. Pulu Bəhrama mən verdim". Şahid sorğu-sual zamanı hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyini bilmədiyini deyib. Araz Məmmədovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər açkarlanıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Şahidin həmin ifadəsindən məlum olub ki, bu iş alınandan sonra ona qonaqlıq verilib: "Həmin qonaqlığa Bəhram gəlmədi. Mən, Fariz və işi düzəldilən oğlan olduq. İş həll olunandan sonra hamamda istirahət etmişik". Növbəti proses oktyabrın 1-də davam edəcək.

Paşinyan “Yerkrapa” döyüşçülərinin rəhbərini “vurdu”

Şənbə günü Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında yeni İdarə Heyəti seçilib. Sozcu.az xəbər verir ki, yenidən partiya sədri seçilən Ermənistanın baş naziri Nikol Paşinyan İdarə Heyətini bəzi şəxslərdən “təmizləyib”. Belə ki, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəri Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətindən kənarda qalması diqqət çəkib. Ermənistanda bəzi ekspertlər Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətinə daxil edilməməsini onun “vurulması” kimi qiymətləndiriblər. Qeyd olunur ki, Nikol Paşinyan hər il büdcədən milyonlarla dram vəsait alan “Yerkrapa” Könüllülər Birliyindən tədricən qurtulmaq istəyir. 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü ölən (74 nəfər) və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi əsasən veteranları öz ətrafında birləşdirir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib. “Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır. Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir. Erməni ekspertlər bildirilər ki, baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını nəzərə alaraq “Yerkrapa” təşkilatının buraxılmasında maraqlıdır.