Redaktor seçimi

Əsgər Yoldaşlarım – 22 İl Sonra da Qəlbimdə Yaşayan Qardaşlıq

İllər keçir, həyat bizi fərqli istiqamətlərə aparır. Amma bəzi bağlar var ki, zaman onları nə unudur, nə də köhnəldə bilir. Mənim üçün o unudulmaz bağlardan biri də əsgərlik illərində tanıdığım yoldaşlarımla olan dostluğumdur. Bu gün artıq 22 il ötüb o, günlərdən. Hər birimiz indi ayrı-ayrı həyat yollarındayıq. Kimimiz sahibkar, kimimiz usta, kimimiz müəllim, kimimiz digər peşələrdə. Ancaq hər nə olur-olsun, o illərdə qurulan yoldaşlıq bağlarımız hələ də qopmayıb. Əsgər yoldaşlarım, Zamir, Emin, Samir, Xəyal, Zaur, Eşqin, Rüfət, Mansur, Asəf, Vasif, Rafiq, Yaqub, Fərhad, Amil, Anar, Hakim, Vaqif, Eldar, Mahir, Ruslan, Orxan, Elşən, Fuad. sizin hər biriniz mənim yaddaşımda ayrı yerdəsiniz. Əgər kiminsə adını unutmuşamsa, bağışlayın, yeriniz ürəyimdədir. Hər dəfə hansısa məclisdə, görüşdə bir araya gələndə elə bil o illər qayıdır. O saf baxışlar, gülərüz simalar, zarafatlar, çətinliklər içində paylaşdığımız çörək… Hər şey sanki dünən olub. O görüşlərdə ürəyim açılır, həyatın qayğıları bir anlıq kənara çəkilir. Ən çox isə əsgər yoldaşlarımın səxavətli və qayğıkeş davranışları məni qürurlandırır. Aramızdan kiminsə başına bir iş gələndə, xəstə olanda, dara düşəndə, hamı imkanına görə əlindən gələni əsirgəmir. Kimi cibinə əl atır, kimi dua edir, kimi fiziki dəstək olur. Bu, sadəcə dostluq deyil, bu qardaşlıqdır. Bəzən bir insanın ətrafında onlarla adam olur, amma heç biri səmimi olmur. Mən isə şükür edirəm ki, o illərdə qazandığım dostlar səmimiyyəti, sədaqəti və mərdliyi bu gün də qoruyub saxlayırlar. Dəyərli əsgər yoldaşlarım, yaxşı ki varsınız! Dostluğumuz, yoldaşlığımız daim olsun, qəlbimizdəki o əsgərlik illərinin istiliyi heç zaman sönməsin! Anar Rəsullu

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı hazırlıqlar gedir. Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən çıxarılacaq. Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azadedilmə qərarları Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir. Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub. Sozcu.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb. Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

Rusiyada azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi bu ilin iyununda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) reydi zamanı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. “Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib. İyunun 27-də Yekaterinburqda döyülmə və işgəncələrlə müşayiət olunan azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Rusiya təhlükəsizlik qüvvələrinin basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Regional istintaq komitəsi iddia edib ki, “etnik cinayətkar qruplaşmaya daxil olan müttəhimlər Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər”.

Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Səyyaf Orucov cinayət məsuliyyətinə cəlb olundu

Qanunsuz olaraq orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim etmiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları tərəfindən qanunsuz olaraq müxtəlif adda orden və medallar təsis edilərək ayrı-ayrı şəxslərə verilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən tədbirlərlə ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Qarabağ Əlillərinə Qayğı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” və “Dədə Qorqud Xeyriyyə” Fondları, habelə digər qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib. Belə ki, qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna uyğun olaraq orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan olunması, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna uyğun olaraq isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olmasının təsbit edilməsinə baxmayaraq, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis edib, həmin orden medal və döş nişanlarını şəxsi münasibətlərə görə, eləcə də, müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər. Keçirilmiş axtarış və digər istintaq hərəkətləri ilə 1.518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça, qeyd edilən orden və medalların müxtəlif vaxtlarda 8.069 nəfər şəxsə təqdim edilməsinə dair qeydlər və digər maddi sübutlar götürülüb. Toplanmış ilkin sübutlarla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Eyni zamanda oxşar xarakterli faktlarla bağlı prosessual hərəkətlər davam etdirilməklə, bu sahədə qanun pozuntularına yol vermiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunanlarla yanaşı, bu sahədə nəzarətin həyata keçirilməsini təmin etmək, qanun pozuntularından çəkindirmək, qanun pozuntularının və onları doğuran səbəb və şəraitin aradan qaldırılmasını təmin etmək məqsədilə prokuror təsir tədbirləri görülür. İbtidai istintaq davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcək.

Ramiz Mehdiyevə cinayət işi açılması xəbərini ilk yayan vəkil danışdı

“Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqda ilk xəbəri mən yaymışam. Ancaq bununla bağlı məlumatın mənə necə gəldiyini və mənbəni açıqlaya bilmərəm”. Bunu “Yeni Sabah”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Pərviz Məmmədov deyib. O bildirib ki, R.Mehdiyevin işində vəkil kimi iştirak etmir.  “Jurnalist olmadığım üçün həmin xəbərin mənə istinad olunmadan paylaşılmasına iradım yoxdur. Peşəkar jurnalist deyiləm ki, mənim xəbərimə istinad verilməsini tələb edim. Sosial şəbəkədə öz profilimdə paylaşdım. Əsas odur ki, vətəndaşlarımızın bu barədə məlumatı oldu. Sözügedən xəbəri paylaşan saytları təqib etməmişəm və bunun üçün kimin istinad verib-vermədiyindən xəbərdar deyiləm”, - vəkil vurğulayıb.  Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

“Kurtlar vadisi – Vətən” filmində bir səhnə var. Təyyarə ilə Amerikadan İstanbula çevriliş üçün gələn Fətullah Gülən xalqın dirənişini görüb planlarının pozulmasından sonra geri qayıtmağı əmr edir və orda bir cümlə işlədir: “Mənim adamlarıma deyin ki, aşkarlanmamaq üçün lazım olsa, məni söysünlər, özlərini qurban kimi göstərsinlər”. FETO Türkiyədə istədiyinə nail olmadı. Öldü. Bizim ölkədə də FETO obrazı Ramiz Mehdiyev idi. Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış alim Zaur Əliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsinə məhkum edilməsi barədə qeyd edib. O bildirib ki, R.Mehdiyevin “yazdığı” kitablar belə onun özünə aid deyil, yüzlərlə alimin zəhmətidir, mövqeyindən istifadə edib hamısını öz adına çap etdirib: “Adam ölkədə Rusiyanın “bəlkə də qayıtdı o günlər” ideyasını yaşadan və yayan bir nömrəli adamı idi. Sprut idi. Zəhərli, qaranlıq bir obraz yaşayıb və öz qara zəhərini hər yerə yayan Sprut. Hətta cinayətkar Hacı Məmmədovun həbsdə olan zaman çəkdiyi rəsm də R.Mehdiyevə işarə vermişdi. Rusiyanın ölkəmizdəki adamı, ölkənin İkinci adamı! Özünü ölkənin sahibi sayırdı və minlərlə insan qorxu içərisində onun adını çəkə bilmirdi. Rusiyanın içimizdə saxladığı ən böyük təhlükədən biri həbs edildi. Lakin bu Sprutun başıdır və dünən gecədən izləyirəm, ona “Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyev” deyənlər özlərini “qurban” kimi qələmə verirlər. Eynən FETO-nun tapşırığı kimi. Özlərini gizlətmək istəyirlər. Lakin indi süni intellekt və Quql əsridir və onlar öz təriflərini əsas səhifədən silsələr də, “keş” deyilən yaddaşda qalır. Yaddaşı isə nəinki internetdən, insanlardan silmək olmur. Sprutun 40 qolu və o qolların digər qolları təhlükə olaraq qalır. Rusiyanın yetişdirdiyi agentlər, xainlər, satqınlar və sənin hesabına bahalı həyat yaşayan şərəfsizlər. Ölkə Prezidenti çox ciddi addımlar atır. 1920-ci il təkrar edilməsin deyə, 28 aprel 28 Mayı əvəz etməsin deyə, Sprutun nəinki başı, bütün qol və ayaqları tamam kəsilməlidir. Hər bir cinayət bəlkə də bağışlana bilər, Dövlətə və Vətənə xəyanət yox! Təyyarəni sifariş verdin, özünə çox güvəndin, düşmənlə əlbir oldun, lakin onun enişinin də ağır nəticəsini gözləməli idin. Gecikmiş də olsa, bu xəyanətinin cavabını nəinki bu dünyada, o dünyada da verəcəksən. Növbə isə sənin qol-qanadın olanlardır ki, onlar da Azərbaycanın sağlam ayaq üstə durması üçün kəsilməlidir!”

Məşhur general işdən azad edildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifədən azad olunub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb. İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

Bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi hissələrə çağırılıb. Sozcu.az metbuat.az-a istinadla xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib: "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər:  Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar: Birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 35 yaş; kiçik zabitlər - 50 yaş; mayor və polkovnik-leytenantlar - 50 yaş; polkovniklər - 55 yaş; ali zabitlər - 60 yaş.) - hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq; İkinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş) - hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq; Üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar - 55 yaş; polkovniklər - 60 yaş; ali zabitlər - 65 yaş.) - bir ay müddətinə bir dəfə". P.Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

Rəşad Dağlı bu vaxt əfv oluna bilər – Qanun belə deyir

Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir. Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər.  Hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur (Dağlı). Tanınmış söz sənətçisi 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib. "Əfvetmə haqqında Əsasnamə"yə əsasən əfv sərəncamı bir qayda olaraq, məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər: 8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra; 8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra; 8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra; 8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra. Qanunvericilikdə də öz əksini tapdığı kimi, meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən az 1/2-ni çəkməlidir. Hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən  2 il 3 ay ötüb. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq.yenisabah)

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib. Sozcu.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib. Qadının ailəli olduğu bildirilir.

Daha 14 itkin-şəhidin adı açıqlanacaq

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. "Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcək", - DTX rəisi əlavə edib.