Yekaterinburq məhkəməsi bu ilin iyununda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) reydi zamanı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
“Məhkəmənin 16 və 17 oktyabr 2025-ci il tarixli hökmləri ilə Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Onların hamısının həbsi dekabrın 29-dək davam edəcək”, – məhkəmədən bildirilib.
İyunun 27-də Yekaterinburqda döyülmə və işgəncələrlə müşayiət olunan azərbaycanlıların kütləvi həbsləri baş verib. 50-dən çox adam polis bölməsinə aparılıb. Rusiya təhlükəsizlik qüvvələrinin basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb. Regional istintaq komitəsi iddia edib ki, “etnik cinayətkar qruplaşmaya daxil olan müttəhimlər Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər”.