Redaktor seçimi

Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası

Rusiya Xarici İşlər Nazirliyi ötən gün iddia edib ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyası ödənilib. Qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb. "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib", - Nazirlik qeyd edib. Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib. Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a Rusiya tərəfinin iddiası ilə bağlı bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib. “Nə vaxt sığorta ödənişi ediblər, bizim xəbərimiz yoxdur. Yalan söhbətdir", - o qeyd edib. Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Amulidən Azərbaycana qarşı növbəti çıxış: Bu dəfə xalqı təhqirdə ittiham etdi...

İranın ali dini lideri Əli Xameneinin nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli növbəti dəfə Azərbaycan əleyhinə çıxış edib. Sozcu.az xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb. Amuli bildirib ki, Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampı çox bəlağətli şəkildə tərifləməsi və hətta onu Nobel Sülh Mükafatına layiq görməsi “İran azərbaycanlılarının ürəyini dağlayıb”. Amuli bu açıqlamanı “öz xalqını təhqir etmək” kimi təqdim edib. Lakin sosial şəbəkələrdəki real mənzərə tam əksini göstərir – Güney Azərbaycanda əksəriyyət İlham Əliyevə böyük rəğbət və hörmətlə yanaşır, Azərbaycanın dövlət siyasətini dəstəkləyir. Qeyd edək ki, Ayətullah Həsən Amuli Azərbaycan dövlətinə qarşı mütəmadi hücumları ilə tanınır. Əslən Livanın Cəbəl Amil bölgəsindəndir və uzun illərdir ki, Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edir. Onun məşhur ifadələrindən biri “Azərbaycan yatmış şirin quyruğu ilə oynayır” olmuşdu. İsrail və Amerika iyun ayında "şirin quyruğu"nu qopardı, amma həmin müddətdə Amuli bunkerdə gozlənmişdi. Qorxusundan səsini də çıxartmadı. İndi cəsarətlənib və cükküldəməyə başlayıb. Bəli, Amuli bu gün də öz ampluasındadır: daim Azərbaycana qarşı danışmaq, dövlətimizin siyasətini gözdən salmaq və İran azərbaycanlılarının adından çıxış edərək manipulyasiya etmək. Lakin ictimai rəylər, sosial mediada əks olunan münasibət göstərir ki, onun bu iddiaları heç bir əsas daşımır və Azərbaycan dövlətinə qarşı yönəlmiş səviyyəsiz təbliğatdan başqa bir şey deyil.

Şərurlu İsfəndiyarın cinayət işi üzrə ekspertiza yekunlaşdı

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə linqvistik ekspertiza yekunlaşdığı bildirilib. Təqsirləndirilən şəxs İsfəndiyar Axundovun vəkilləri prosesdə iştirak etmədiyi üçün iclas təxirə salınıb. Növbəti məhkəmə prosesi sentyabrın 18-nə təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Müharibə veteranlarına niyə 80 manat verək?

“Həmişə “uşaq pulu” məsələlərinə və müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmişəm. Deputat olan vaxtı mənə deyirdilər ki, nəyə lazmdır bu “uşaq pulu”?!” Sozcu.az xəbər verir ki, bunu keçmiş millət vəkili Vahid Əhmədov Azpolitika.info-ya müsahibəsində deyib. O, bildirib ki, bu gün Azərbaycanda yalnız 5 uşaqlı ailələrə “uşaq pulu” verilir:  “Gəlin görək, ölkədə nə qədər ailədə 5 uşaq var? Əksəriyyəti 1-2 uşaqlı ailələrdir. Fikrimcə, bu rəqəmi 3 uşağa salmaq lazımdır.  Biz niyə “uşaq pulu” verməyək? Axı bizim özümüz də elə “uşaq pulu” ilə böyümüşük. Müharibə veteranlarına niyə 80 manat verək? 3000-dən artıq şəhidimiz, 12 min qazimiz olub. Onlar da o müharibədə şəhid ola bilərdilər.  Ona görə də qazilərlə bağlı məsələlərə həssas yanaşmaq lazımdır. Mənə elə gəlir ki, bu məsələlər tam şəkildə ölkə başçısına çatdırılsa, o bunların hamısını aradan qaldırar”.

İllik təhsil haqqını tam tələb edən UNİVERSİTETLƏR

Yeni tədris ilinin başlanması ilə tələbələri ən çox düşündürən məsələlərdən biri təhsil haqqının necə ödənilməsidir. Universitetlər bu sahədə müxtəlif qaydalar tətbiq edir: bəzilərində ödəniş hissə-hissə, digərlərində isə tam şəkildə həyata keçirilir. Sozcu.az xəbər verir ki, AzEdu.az ali təhsil müəssisələrinin tətbiq etdiyi ödəniş üsullarını araşdırıb. Bakı Dövlət Universiteti (BDU): Təhsil haqqı semestr üzrə yarı-yarı ödənilir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC): 50 faiz ödəniş 1-ci semestr, 50 faiz 2-ci semestrdə. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU): Təhsil haqqı hissə-hissə ödənilir. Azərbaycan Dövlət Neft və Sənayə Universitetindən (ADNSU): Tələbələr təhsil haqlarını həm tam, həm də yarı-yarıya bölüb ödəyə bilərlər. Xəzər Universiteti: Birinci il üçün təhsil haqqı tam ödənilir, sonrakı illərdə isə hissə-hissə. Mingəçevir Dövlət Universiteti (MDU): Tələbələr ya təhsil haqqını tam ödəməli, ya da minimum yarısını əvvəlcədən, daha sonra isə hissə-hissə ödəmək imkanına malikdir. Bakı Mühəndislik Universiteti (BMU): Tələbələr təhsil haqqını semestr ərzində hissə-hissə ödəyə bilər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU): Hissə-hissə ödənilməsi üçün tələbələrə şərait yaradılır. Azərbaycan Texniki Universiteti (AzTU): Təhsil haqqını tam ödəmək imkanı olmayan tələbələr ilkin olaraq yarısını ödəməklə güzəşt əldə edə bilərlər. Azərbaycan Dillər Universiteti (ADU): Semestr üzrə hissə-hissə ödənilir. Azərbaycan Universiteti (AU): Yeni qəbul olan tələbələr illik təhsil haqqını tam ödəyirlər, lakin istəyənlər üçün 2 hissədə ödəmə imkanı mövcuddur. 2, 3 və 4-cü illərdə isə ödəniş semestrlər üzrə 2 hissədə həyata keçirilir. Lənkəran Dövlət Universiteti (LDU): Qəbul vaxtı təhsil haqqının 50%-i , qalan 50%-i isə hissə-hissə semestr boyunca ödənilir. ADA Universiteti: Ödənişlər semestr üzrə hissə-hissə icra olunur.

İrəvanda Azərbaycana qarşı TƏXRİBAT

İrəvanda erməni işğalına dair “Artsaxın çağırışı” adlı abidəsinin açılışı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat və görüntü yayıb. Qondarma “memorial”ın açılış mərasimində Qarabağdan qaçmış Samvel Şahramanyan, erməni müxalifətinin nümayəndələri və bir sıra ictimai xadimlər iştirak ediblər. "Abidə"nin yanında Qarabağdan qaçan separatçıların və Ermənistanın bayraqları da asılıb. Açılışda çıxış edən revanşistlər Azərbaycana qarşı ərazi iddialarını bir daha səsləndirib, ermənilrəin Qarabağa qayıtmasının vacibliyini vurğulayıblar. Maraqlıdır ki, Azərbaycanla sülh sazişnini paraflayan Ermənistan hakimiyyəti Qarabağ müharibəsini başladan separatçıların xatirəsinə ucaldılıan abidənin inşası və açılışına mane olmayıb.  Bu hadisə rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı üzərinə düşən öhdəlikləri nə cür yerinə yetirdiyini nümayiş etdirir.

Qətlə yetirilən sabiq spiker mühafizə tələb edibmiş...

Andrey Parubiy öldürülməsindən 6 ay öncə dövlət mühafizəsi üçün müraciət etsə də, rədd cavabı alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Mühafizə İdarəsinin yaydığı açıqlamada qeyd olunub. İdarədən bildirilib ki, onlar tapşırıqları sırf qanun çərçivəsində həyata keçiriblər və Parubiy dövlət mühafizəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına daxil edilməyib. Çünki səlahiyyət müddəti bitdikdən sonra məmurlar cəmi 1 il mühafizə ilə təmin olunur. Qeyd edək ki, avqustun 30-da Lvovda Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiy qətlə yetirilib.

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb Mərkəzinin Ümumi Cərrahiyyə üzrə mütəxəssisi, TƏBİB Direktorunun müşaviri vəzifəsində çalışan tanınmış onkoloq-cərrah Vüqar Yaqublu Azəbaycan səhiyyə sistemi, xüsusən də tibb təhsili sahəsindəki vəziyyəti təhlil edib, nöqsanlarla bağlı maraqlı yazı hazırlayıb. Sozcu.az Bakupost.az-a istinadla həmin yazını təqdim edir: Dostlardan biri təhsilimizdə, xüsusilə də tibb təhsilində müşahidə etdiyimiz ciddi bir fenomeni sonuncu yazıma şərh olaraq xatırlatdı. Mən də fürsətdən istifadə edib bu mövzuya münasibətimi təhsillə, o cümlədən tibb təhsili ilə məşğul olan dostlarımızla bölüşmək istədim. Uzundur, amma ciddi mövzu olduğu üçün səbr edib oxumağınızı xahiş edirəm. Bəlkə də sizlərdən bəziləri ilə fikir oxşarlığı taparaq bu fenomeni Azərbaycanda daha dərindən təhlil edib, ondan necə bəhrələnmək yollarını birlikdə axtara bilərik. TƏBİB-in mənə yaratdığı imkanlardan faydalanaraq son zamanlar apardığım təhlil göstərir ki, ölkəmizin müasir tibbi praktikasında bu fenomen həlledici rol oynayır. Bu fenomen “Self-made Man” (Frederick Douglass, 1879) adlanır, azərbaycanca “Özü özünü inşa etmiş insan” kimi tərcümə etdim. Şəkil də məhz bu fenomeni təsvir edən heykəllərdən biridir. Daha doğrusu, onun pozitiv tərəfini. Amma bu fenomenin neqativ tərəfi də var. Mən onun təsvirini yazı ilə verəcəyəm. Allah qoysa, şəklini də çəkən tapılar. “Özü özünü inşa etmiş insan”lar əslində, inkişaf etmək istəyən icmalar üçün çox pozitiv və ruhlandırıcı bir fenomen olmalıdır. Amma ehtiyatla deyim ki, bizim kimi inkişafda olan cəmiyyətlər üçün bu fenomen təhlükəli və dağıdıcı da ola bilər. Çalışacağam fikirlərimi ehtiyatla çatdırım. Ürəkağrıdıcı olsa da, söyləməsəm də olmaz. Mövzu ilə bağlı nə istəsəniz, yazın, məni yıxıb sürüyə də bilərsiniz, problem deyil, səhiyyə strukturlarını ittiham edə bilərik, amma sizə pis xəbərim var, problem ümumi problemdir və biz də onun tərəfiyik... İndi keçirəm mövzuya… Son yazıma şərhi yazan xalam qızı idi. O, musiqiçidir, uşaqlıqdan bir-birimizlə mübahisə etməyi, müzakirə aparmağı sevmişik, indi də mənim paylaşımıma reaksiya verib. Sağ olsun ki “Özü özünü inşa etmiş insan”lar haqqında yazmağıma vəsilə olub. O yazır ki, vaxtilə Tibb Universitetinə daxil olmaq istəyən bir gənc az bal topladığı üçün ora düşməyib, kimya ixtisasına düşüb və kimyaçı olub. İndi kimyaçı kimi işləyir və yaşadığı regionun ən sevimli özəl müəllimlərindən (repititor) birinə çevrilib. Bu gözəl və uğurlu bir həyat nümunəsidir. O insan sonunda özünü tapıb və sevdiyi işlə məşğul olur. Əminəm ki, gördüyü işdən ləzzət alır, xoşbəxtdir. Əks halda uğurlu ola bilməzdi və insanlar tərəfindən bu qədər sevilməzdi. Uğurlu insan sevilən, axtarılan, kömək edən, problemləri həll edən biridir. Düşünürəm ki, məhz bu da xoşbəxtliyin təriflərindən biri olsun gərək. Bu xoşbəxt insanlardan səhiyyəmizdə də çoxdur. Bizim səhiyyədə “Özü özünü inşa etmiş insan”lardan bir-iki nümunə verim, bəlkə də bu gün Azərbaycanda çalışan hər bir aktiv həkim özünü bu numunələrdə görəcək. Əslində elə işin pozitivliyi də, problemi də məhz burasındadır. Məsələn, biri ürək cərrahı olmaq istəyirdi, sovet dövrlərinin sonu idi, kənddən gəlmiş bir gəncə o imkan verilməzdi, amma çox bacarıqlı idisə, ümümi cərrah ixtisasını alardı. Amma bu ixtısası alsa da, onu heç kim öyrətməzdi, işlədiyi klinikada bəzən saatlarla nərd oynayardı, bəziləri də şahmat. O zamanlar İnstaqram da, Facebook da yox idi ki, heç olmasa, vaxtını fərqli öldürsün. İki-üç il öncə bir universitet klinikasında qonaq idim, orada olan rezidentlər hamısı telefonda idilər, yanımda olan xarici dostlar da qəribə-qəribə sullar verirdilər: Bunlar niyə işləmirlər? Rəhmətliyin nəvəsi, o zaman bizdə də belə idi. Bunların heç olmasa, telefonları var, klinikadan da çıxsalar "NB" qoyacaqlar, sonda da diplom ala bilməyəcək, sizin alman təhsil qurumları da "bukvayed"dirlər, deyir, filan kağızı verməsən, səni imtahana baraxmaram, o da məcbur olub gəlir və klinikanın koridorunda vaxt öldürür. Klinikada yeni başlayan həkimin yanına xəstə gəlməzdi. Sistem belə idi. Xəstə yalnız tanınmış həkimlərin yanına gələrdi. Kinolarda gödüyümüz və ya mənim kimilərin Almaniyada yaşadığı kimi deyil ki, xəstə klinikaya gəlir və onun müalicəsi ilə komanda məşğul olur, hər kəs bilik və bacarıqları çərçivəsində töhfəsini verir, öyrənmə imkanı isə bol və mərhələli olur. Yeni başlayanın işi də hamıdan çox olur, o həm öyrənməli, həm də işləməlidir. Amma o zamanlar təsadüfdən yeni başlayan biri kimi sənə xəstə gələrdisə, nə badə başqası ilə onun barəsində məsləhləşəsən, rus demiş, "zapadlo" hesab edilirdi. O zaman da ChatGPT, Youtube, dosta zəng yox idi ki, xəstə haqqında suallarına cavab tapasan. Məcbursan ki, anadangəlmə mütəxəssis olasan. “Oseçka” versən, bir də sənə xəstə gəlməz... İndi sənə oğul deyirəm bu vəziyyətdə o "kurtlar süfrəsində" yer tap. Bir səhv etdinmi, süfrənin “dembelləri” həkim diplomu almanı sənə zəhər edərlər. Bu təzyiqə yalnız çox güclülər tab gətirir və onların da bəziləri əvvəl ona həyatı dar edənin yerini tutur, ondan daha qəddar olmağı özünə borc bilir. Amma gənclərin çoxu kimyaçı dostumuzun nümunəsində olduğu kimi, təklif edilən "çərçivəni" qəbul etməyəcək dərəcədə güclü çıxır və üzərinə qoyaraq daha gözəl “heykəl” tikmə iddiasına girir. Spartak olmayacaq dərəcədə ağıllı. Özünü sevər, gücünə inanar və qapısının qarşısından onlarla xəstə dayananlardan özünü daha güclü hesab edərdi. Özünü inkişaf etdirmək yolları elə də çox deyildi. Ya kiməsə pul ödəməliydin ki, səni öyrətsinlər, ya da Türkiyəyə və ya Moskvaya getməliydin. Sonradan Almaniya, Amerika çıxdı. Oralarda pulsuz öyrədirlər deyərlərdi. Yəqin ki elə idi, imperiya yatarmiş millətlər mütəxəssisin nə olduğunu anlayırdılar və bilirdilər ki, kəndli birindən də millət üçün dəyərli mütəxəssis çıxa bilər. Amma oralara getmək üçün də pul yox idi. Dövlətin də pulu yox idi. Cəmi 6 nəfər göndərirdilər. Amma o xəyallarda olanlar çox idi. Pul tapmaq da çətin idi. Ən yaxşı pul qazanmaq yolu "talkuçka"da piştaxta götürmək idi. Dostlardan biri isə orijinal bir yol tapmışdı, kiçik bir elektrik qizdirıcısı alıb "Gənclik" metrosunun üstündə sendviç satırdı, pul topladı, Moskvaya getdi. İndi Azərbaycanın tanınmış cərrahlarından biridir. Arada səsi Almaniyadan gəlir. Digərləri başqa ölkələrə getdi, bəziləri özləri özlərini yetişdirdi, fərqli kurslara getdilər, başlarının üstünü sertifikatlarla doldurdular, "Xoşqədəm xanım" da çox dəstək oldu. Deyəsən, hələ də yardımını əsirgəmir. İndi deyilənə görə, İnstaqram daha güclü mövqedədir. Beləliklə, səhiyyəmiz çoxlu gözəl mütəxəssislər qazandı. Xeyli “Öz özünü inşa etmiş insan”lar formalaşdı. Onların hər biri fərqli tarixçəsi olan uğurlu insanlardır. Fəxr etməliyik! Amma gördüyüm qədəri ilə onların sistemlə münasibətində problemlər mövcuddur. Onlardan inkişaf etməli olan səhiyyə üçün gözləntilər artıb. Bu səbəbdən problemlər dərinləşir. Elə burada keçirəm işin məğzinə, söhbətin ən çətin yerinə... Bu çətin yollardan keçib özünü təsdiq etdinsə, səviyyən orta sistem səviyyəsindən bəzən dəfələrlə yüksək olur. Bu yüksəkdə durmanı heç də hər kəs idarə edə bilmir. Bəzən də haqlı olaraq. Çünki etmək istədiklərin çərçivəyə sığmır. Ətrafdakılar kim olduğunu bilsələr də, səninlə çox uğraşmaq istəmirlər. Onlar öz kiçik rutin həyatlarını yaşamaq istəyirlər. Hamı sənın kimi iddialı deyil ki. Məcburi uzaqlaşırsan. Ya da münaqişələr yaranır. Bu münaqişələr bəzən elə ciddi olur ki, sənin həyatında dərin iz buraxır. Onu yaddan çıxara bilmirsən. Məsələn, belə gənclərdən biri son zamanlar Amerikaya getməzdən öncə işə gəlmədiyi üçün universitet məhkəməyə verilir və s. O gəncə elə od vurursan ki, Amerikada gözəl mütəxəssis olsa da, bir daha özünə gələ bilmir. Halbuki, o orada yüzlərdən, minlərdən biridir, burada “ən”lərdən olmaq istəyirdi. Amma öz rutinini pozmaq istəməyən mövcud komanda üçün baş ağrısı idi. Öz yüksəlişini hiss edən, ancaq istəkləri yerinə yetirilməyən bu mütəxəssislər məcburən sistemdən çıxmalı olurlar və bir "qusurlu dövran" yaranır. Beləliklə, bu gün səhiyyə strukturlarının mübarizə apardığı ən ciddi problem ortaya çıxır - mütəxəssis çatışmazlığı. Onları saxlaya bilmirsən, çox güclüdürlər. Hər birinin də istəyi fərqli olur. “Öz özünü inşa etmiş insan” fenomenin də yaratdığı əsas problem məhz budur, hamısına eyni yanaşmanı tətbiq edə bilmirsən. İkisini bir araya gətirə bilmirsən. Hətta ən yüksək səviyyədə xahiş (tələb yox, xahiş!) gəlsə belə, hər biri öz həqiqətlərini əsas götürür və "stəkanda fırtına" başlayır. Sistem onlardan tələb də edə bilmir, çünki alternativi yoxdur. Onlar da bəzən özləri də bilmədən alternativləri məhv edirlər. Beləliklə, özü özünü yaradan insan mənim paylaşdığım şəkildəki kimi, gözəl və pozitiv olmur, monstra çevrilir. Ortaya maliyyə məsələsi də çıxır. Çünki sən artıq sistem ortalamasından çox yüksək məbləğ qazanırsan və öz mini-sistemini formalaşdırmısan, onu saxlamaq isə maliyyə tələb edir və beləliklə, uzaqlaşıb özəl fəaliyyət formalaşdırırsan. Hətta özünə məxsus "təhsil sistemi", idarəetmə üsulları yaradırsan. Dövlət səndən geri dönməni istəyərsə, orada məhz bu sistemin qurulmasını tələb edirsən. Amma say yüzlərcə olunca, hər kəsin özü qurduğu sistem "error" verir. Özü özünü inşa etmiş mütəxəssislər üçün əslində çıxıb kənarda öz işini görmək normaldır, elə deyilmi? "Bacarana baş qurban" demirdilərmi? Deyə də bilərsən ki, səndən bir şey istəmirəm, əl çək məndən, öz əlim, öz başım. Amma elə deyil, sistemin özəl xidməti ala bilməyəcək xəstələrə xidmət üçün sənə ehtiyacı var. Eyni zamanda sənin gəncliyində olduğu kimi, öyrənməyə ac olan gəncləri yetişdirmək üçün mütəxəssis gərəkdir. Almaniyaya qaçır hamısı. Onları saxlamaq lazımdır. Hər problemdən çıxış yolu var. Bu problem də həll ediləcək. İnkişaf edən iqtisadiyyat, Qarabağ zəfəri əldə etmiş millətin istəkləri bunu qaçılmaz edir. “Özü özünü inşa etmiş insan” mütəxəssislərdən dövlət “gözəllərini” seçər və ovuc içərisində saxlayar, onlara yeni gəncləri yetiştirmək imkanı yaradar ki, gələn nəsil də eyni yolu tutmasın. “Monstr” roluna girmişlərə də yolu açıq saxlar. Nə zaman istərlərsə, gələrlər. Amma şərtlər fərqli olar təbii ki. Ya da təqaüdə gedərlər. İnsan, xüsusilə də həyatının başlanğıcında ən kiçik hesab edilən bir yaxşlığı belə unutmaz. Sənin ona inkişafı üçün verdiyin 1000 manat belə onu sonunda milyonlar qazandıracaq bir mütəxəssisə çevirər və sən onu ən zəif zamanında dəstəklədiyi üçün qazanarsan. Heç də hamının çörəyi dizinin üstündə deyil. Yeni təqaüd proqramları bir-birinin ardınca açılar, fondlar, layihələr, imkanlar göydən yağış kimi yağar. Kim hara istərsə, öyrənmək üçün gedər, təki sən öyrənmək istə. Mənim sonuncu çinli PhD tələbəm klinikasının təqaüdü ilə üç ildir çalışır. Bu günlərdə geri dönəcək. Hətta bir zaman gələcək ki öyrənmək həvəsi olan gəncləri tapmaq üçün günün günorta çağı lampa ilə küçə-küçə gəzmək lazım olacaq. O zaman qonşu və uzaq ölkələrdən gəlib iş axataracaqlar, beləliklə, “Özü özünü inşa etmiş insan”ların idarə etdiyi sistem özü özünü inkişaf etdirən və digərlərinə nümumə olan bir sistemə çevriləcək. “Özü özünü inşa etmiş insan”lar yenə yaranacaq, amma cəmiyyətə pozitivlik verən istiqamətdə formalaşacaqlar.

Rus ordusu darmadağın olunur: 23191 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1283-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 080 480 hərbçi, 11 143 ədəd tank, 23 191 ədəd zirehli döyüş maşını, 32 125 ədəd artilleriya sistemi, 1 476 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 213 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 60 116 ədəd avtomobil texnikası, 54 375 ədəd PUA, 3 626 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 952 xüsusi avadanlıq itirib.

Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir

Rusiyanın ötən gecə Kiyevə şiddətli raket-dron hücumları nəticəsində: - "Bayraktar" dron zavodu 2 raketlə vurulub; - Azərbaycan səfirliyinin binasının 100 metrliyinə raket atılıb, səfirliyin pəncərələri sınıb, damında çatlar yaranıb; - Britaniya Şurasının binasına zərər dəyib; - Avropa Birliyi nümayəndəliyinin ofisinə zərər dəyib. Kiyevdə 4-ü uşaq, 18 dinc sakin həlak olub. Xarkovda ölənlər arasında bir azərbaycanlı da var.  Bir həftə əvvəl isə Rusiya Ukraynanın Mukaçovo şəhərində yerləşən ABŞ şirkətinə məxsus müəssisəyə raket zərbəsi endirmişdi. Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir.  ABŞ başda olmaqla, müasir dünya nəhayət anlamalıdır ki, Rusiyanın başındakı obsessiv sindroma düçar olmuş psixopatı dialoq yoluyla, qabağından geri çəkilməklə dayandırmaq mümkün deyil. Əksinə, bu cür hərəkət etmək, yəni zəiflik nümayişi onun aqressiv-heyvani instinktlərini daha da tətikləyir.  Hətta Ukrayna ilə bağlı bütün tələbləri yerinə yetirlisə belə, rus imperializmi (məsələni sırf Putinin personası ilə məhdudlaşdırmaq doğru olmaz) dayanmayacaq, sadəcə, öz itkilərini, çatışmazlıqlarını kompensasiya edərək növbəti ekspansiyalar üçün ciddi hazırlığa başlayacaq. Bunun dərk edilməsi üçün daha nələr baş verməlidir, bilmirəm. Şahin Cəfərli, politoloq

Sabah 3 itkin şəhid dəfn olunacaq

Sabah daha 3 itkin şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, hərbçi Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında, hərbçi Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, hərbçi Kərimov Natiq Zeynal oğlu Qax rayonu, Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Xaricdə onlayn təhsillə bağlı Xəbərdarlıq

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.  Sozcu.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada qeyd olunub.   Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir: “Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Açıqlamada, həmçinin qeyd olunub ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu  halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir. Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik”. Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.