Redaktor seçimi

Müəllimlər üçün yeni vakansiya - İş axtaranların nəzərinə!

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğızıstan Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Namizəd üçün tələb olunan meyarlar: • müvafiq ixtisas üzrə ali pedaqoji təhsil; • MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj; • multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları; • xarici dil bilikləri (rus və ya qırğız dili). Tələb olunan sənədlər: • şəxsiyyət vəsiqəsinin surəti; • ali təhsil haqqında diplomun surəti; • tərcümeyi-hal (CV); • əmək kitabçasının surəti (əgər varsa); • tövsiyə məktubu (əgər varsa); • motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən). Müsabiqə üzrə mərhələlər: - I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması; - II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı); - ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi. Əmək müqaviləsinin müddəti: • 1 (bir) tədris ili. Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır. Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00 Müraciət ünvanı: [email protected]

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1274-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 072 700 hərbçi, 11 119 ədəd tank, 23 152 ədəd zirehli döyüş maşını, 31 748 ədəd artilleriya sistemi, 1 470 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 208 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 202 ədəd avtomobil texnikası, 52 154 ədəd PUA, 3 565 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 943 xüsusi avadanlıq itirib.

Vardanyanın növbəti məhkəmə prosesi keçirildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etirazını bildirib. R.Vardanyan etirazı müdafiə edib. Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib və hazırkı etirazda da hər hansı yeni xüsusat göstərilməyib. Qeyd olunanlara əsasən, etiraz müzakirəyə çıxarılmayıb. Bundan sonra Avraam Berman müdafiə etdiyi şəxslə konfidensial görüş verilməsini xahiş edib. Hakim vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub. Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib. Zərərçəkmiş şəxs Amin Həsənovun hüququ varisi - atası İlqar Həsənov ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Ucal Babaşovun hüquqi varisi – atası Nərbala Babaşov övladının Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu bildirib. Zərərçəkmiş şəxs Hüseyn Nəsibovun hüquqi varisi – atası Əfqan Nəsibov ifadəsində övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini söyləyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Nəcməddin Quliyevin hüquqi varisi – atası Natiq Quliyev övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu qeyd edib. Ramazan Hüseynzadənin hüquqi varisi – atası Həmdulla Hüseynov ifadəsində övladının Xocalıda düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib. Ramil Quliyev Kəlbəcərdə düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını vurğulayıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt yaxınlığındakı iki nəfər həlak olub. Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib. Bərzani Atayev ifadəsində Ağdərədə yaralıları təxliyə edən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını xatırlayıb. İsgəndər Hüseynov ifadəsində düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib. Hadisə zamanı Samir Kərimov və Əli Heydərov da yaralanıb. Halay Tahirli ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaranın yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran H.Tahirli diqqətə çatdırıb ki, həmin vaxt Kənan Nəsibov həlak olub, Eltəkin Həsənov isə müxtəlif növ bədən xəsarətləri alıblar. Elgün İsmayıllı Xocalı rayonunun Xanabad kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib. Hadisə zamanı onunla yanaşı, Xalid Əlifov və Babək Əhmədli də yaralanıb. Xalid Əlifov ifadəsində Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, hadisə zamanı Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıb, Davud Qiyaslı isə həlak olub. Nüsrət Kərimov, Rəsul Ramazanov, Əziz Qubadov, Ceyhun Əliyev, Elməddin Piriyev, Vasif Məmmədov, Elnur Piriyev, Ruslan Mirzəyev, Məhəmməd Piriyev, Samir Xəmmədli, Möhlət İdrisov, Hüseyn Nurullayev, Rəvan Əhmədov, Tural İsayev ifadələrində düşmənin təxribatları nəticəsində zərər çəkdiklərini qeyd ediblər. Digər zərərçəkmiş şəxslər Elvin Muradov, Məhərrəm Məlikov, İlkin Əhmədov, Azər Həmzəyev, Elməddin Hacızadə, Hikmət Cəbiyev, Səfiyar Məmmədli, Orxan Sadıqlı ifadələrində Ağdərədə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Rəşad Qənbərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Hadisə zamanı Murad Arzullayev və Cavid Əliyev həlak olublar. Nurlan Abdullayev Ağdərədə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. Rahil Dövlətov Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib. İmran Məmmədov Xankəndidə düşmənin atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Gündüz Əmoyev Xocavənd rayonunda qarşı tərəfin təxribatı nəticəsində yaralandığını deyib. Eyvaz Hüseynov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb. Elvin Cabbarov Ağdərə-Xocalı istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib. Rahim Qardaşov deyib ki, Ağdərədə avtomobillə hərəkətdə olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən mərmi atılıb. Partlayış nəticəsində o və avtomobildə olan digər şəxslər xəsarətlər alıblar. Toğrul Mehralıyev Kəlbəcərdə qarşı tərəfdən açılmış atəş nəticəsində kəllə-beyin travması aldığını bildirib. Məcid Səfərov Zəngilan rayonunda Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib. İzzət Dadaşlı Xocavənd rayonunda düşmənin açdığı atəş nəticəsində yaralandığını, təxliyə olunarkən isə avtomobilin artilleriya atəşi ilə vurulması nəticəsində kəllə-beyin travması aldığını söyləyib. Məhkəmə prosesində mina qurbanı olmuş və digər zərərçəkmişlər Amid Əsədov, Çərkəz Quliyev, Oktay Alışov, Elşən Xəlilov, Vüqar Zülfüqarlı, Xəyal Abdullayev, İlham Salmanov, Dilavər Şükürov, Rövşən Əlizadə, Mehman Quliyev, Güloğlan Mirzəliyev, Bəhruz Nəsirov, Elnur Abbaszadə, Xanlar Aslanov, Səfər Əliyevin və başqalarının barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Bundan başqa, prosesdə məhkəmə-fonoskopik, məhkəmə partlayış texniki ekspertizalarının rəyləri elan olunub. Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ermənistanın Rusiyadakı konsulluğu BAĞLANDI

Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki nümayəndəliyi 7 il işlədikdən sonra bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz Telegram kanalında bildirib. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb. “Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlayın”, - məlumatda deyilir. Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan avqustun əvvəlində tutduğu vəzifədən uzaqlaşdırılıb. Səbəb rəsmi olaraq açıqlanmasa da, KİV-də istefanın konsulun Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə (AAC) münasibətdə hərəkətləri ilə razılaşmaması ilə bağlı ola biləcəyini yazılıb.

Paşinyan Ermənistan vətəndaşlarına müraciət edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan vaxtı ilə saat 18:00-da ölkə vətəndaşlarına müraciət edəcək. Sozcu.az xəbər verir ki, baş nazir bu barədə sosial şəbəkə hesabında yazıb.

Paşinyan xalqdan üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkədə qeyd etdiyi nalayiq ifadəsinə görə ictimaiyyətdən üzr istəyib. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub. Baş nazirin sözlərinə görə, o, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməlidir. Paşinyan üzr istəməsini “dövlət və demokratik təsisatlara dözümlülük və hörmətlə” izah edib. Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

İki ay ərzində Ermənistanda üç konsert keçirilir - təxminən 22.000, 31.000 və 41.000 tamaşaçı ilə. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb. "Bu, Ermənistanda baş verən həyat və sülh bayramıdır. Real Ermənistanda real insanların həyatının bayramıdır. Afərin!” - o qeyd edib.

Alyaska görüşü birmənalı şəkildə Tramp və ABŞ üçün fiaskodur

Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi. Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı. Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni "unutdu".  Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil. Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-ın və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur. Ümumən ABŞ-a səfər etməsi, önünə qırmızı xalı sərilməsi, orada öz sərsəm fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən F-22-lərin müşayiəti ilə geri dönməsi Putin üçün ciddi uğurdur. Bu fürsəti ona ABŞ-ı idarə edən diletantlar və alverçilər yaratdı. Şahin Cəfərli, politoloq

Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyuldu

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub. Sozcu.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub. İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dollar borcun olmasıdır. "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub. Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri borcun məbləğindən dəfələrlə artıqdır. Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid" hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib. Aşağıdakı avtomobillərə də həbs qoyulub: - "Lx 600" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Toyota Hilux" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; - "Jiusheng Js-Hqcd25t056" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, - "Kia Rio" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, - "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi. Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir: "Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur". İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir. Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib. "Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov "Qaynarinfo"ya açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".

Putinin anası təkgöz olub...- Çünki...- Diktatorun valideynləri haqda dəhşətli faktlar...

Rusiya diktatoru Putinin atası aqressiyadan əziyyət çəkib və gəncliyində gələcək həyat yoldaşının gözünü yaba ilə çıxarıb. Bundan sonra Vladimir(böyük)  qurbanı ilə evlənmək məcburiyyətində qalıb, əks halda həbsxanaya düşəcəkdi. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bunu tarixçi-publisist Konstantin Skorkin və rusiyalı jurnalist Dmitri Nizovtsev “Facebook”da jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çarın özü” kitabından bir fraqmentə istinadla yazıblar. Skorkin diktator Putinin lovğalanaraq guya atasını sərxoş halda görmədiyini və ondan bircə dəfə də olsun söyüş eşitmədiyini söylədiyini xatırladıb. "Ola bilsin ki, gənc Volodya həqiqətən ailədə zorakılıqdan və nalayiq sözlərdən qorunub. Lakin oxucular Putinin anasının gəncliyindən təkgözlü olmasını da xatırlamalıdırlar, çünki gələcək Rusiya liderinin atası qəzəb içində onun digər gözünü yaba ilə çıxarıb", - Skorkin yazır. Belə ki, 2002-ci ildə  “Moskovski Komsomolets” qəzetindəkibir  məqalədə təxminən 1928-ci ildə Tver vilayətinin kəndlərindən birində Vladimirin(ata) dostları ilə qonşu kənddən bir qızın yanına gəldiyi faciəli axşam haqqında məlumat verir. "Amma Volodka (Putinin atası) tək deyil, dostları ilə gəlmişdi. Marusya (Putinin anası) onları içəri buraxmaq istəməyib və onlar hasarın yanındakı yabaları götürərək darvazanı sındırmağa başlayıblar. O, qorxub, evdən qaçıb və hasara sığınıb. Bu zaman Volodka (Putinin atası) yaba ilə hasarın həmin yerinə zərbə vurub və yabanın ucu düz Marusyanın gözünə batıb. Qısası Volodka təsadüfən qızın gözünü kor edib. Dərhal onu xəstəxanaya aparıb. Orada Marusyanın gözünü çıxarmağa məcbur olublar”, - deyə 2002-ci ildə Putinin həmkəndlisi,  kənd sovetinin keçmiş sədri Anfisa Kormilitsına xatırlayıb. Onun sözlərinə görə, bu hadisədən sonra qızın qohumları Putinin atasını onunla evlənməyə məcbur ediblər. "O vaxtlar bir qız üçün biabırçılıq idi: qüsurlu qadınla kim evlənəcəkdi! Ona görə də Marusyanın anası Volodkanı hədələyib: ərə getməsən, səni məhkəməyə verəcəm. Odur ki, evləniblər! Marusya o zaman şüşə gözündən çox utanırdı, danışanda heç kəsin birbaşa üzünə baxmırdı, başını yana əyirdi. Sonra Volodka Leninqradda zavodda işə düzəlib və Marusya ilə oraya köçüblər”, - Putinlərin həmkəndlisi diktatorun valideynləri haqqında bunları danışıb.. Ailənin tarixçəsi gözəldir: evə hücum, darvazanın sökülməsi,  çıxarılmış göz, məcburi evlilik (Marusyadan soruşan olubmu?). Daha bunlara nə əlavə edəsən?", -deyə jurnalist Nizovtsev qeyd edib.

İran Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiq edir

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib. Sozcu.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar. "Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə, sürücülərdən biri bildirib. Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, "xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin" deyirlər. Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb"

"Müəllimlərin işə qəbulu (MİQ)  müsabiqəsində hər il mənasız və əsası olmayan müəyyən dəyişikliklər edilir. Amma bu il edilmiş dəyişikliyin birbaşa Emin Əmrullayevin cəmiyyətdə süni narazılıq yaratmaq kimi fəaliyyətində xüsusi bir irəliləyiş etdiyi il oldu".  Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin işə qəbulu imtahanlarından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirdi. "Hələ aprel-may aylarından bütün regional təhsil idarələri məktəblərdə olan bütün vakansiyaları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim ediblər. İyun ayında bu vakansiyalar bir də dəqiqləşdirilib. Son anda müəllimlərin işə qəbulu müsabiqəsi imtahan bitdikdən sonra müəllimlərin nəticələrin yüksək olduğunu görən Emin Əmrullayev çox absurd bir tapşırıq verib ki, bütün vakansiyalar çıxarılsın". Onun sözlərinə görə, regional təhsil idarələrinə tapşırıq verilib: "Çətinlik olanda siz boynunuza götürün ki, biz vakansiyaaları verməmişik. Halbuki, təkrar edirəm, aprel-may aylarında vakansiyalar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Elektron qaydada bütün regional təhsil idarələrində, iyun ayında bir də dəqiqləşdirmə aparılıb.  Bilirsiniz, Təhsil İnstitunda direktor Elnur Əliyevdir, Emin Əmrullayevin ən yaxın dostu və iş ortağıdır. Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb. Ölkə üzrə Texnologiyadan elə mənim tanıdığım onlarla məktəbdə vakansiyalar var. Ölkə üzrə cəmi yeddi vakansiya verilib".