İranda baş verən hadisələr və Bütöv Azərbaycan
Yazar: Hakim Sadiqli (Alper Əlincəli)
Bu yazını qələmə almaqda məqsədim son günlər İranda baş verən hadisələrə və həmin hadisələrə cəmiyyətin müxtəlif prizmadan yanaşmasına münasibət bildirməkdir. Xüsusilə də İranda son etiraz dalğalarından sonra Pəhləvilərin yenidən gündəmə gətirilməsi və Məsud Pezeşkiyanın sürətlə ideallaşdırılaraq bir növ “bal küpünə” çevrilməsi diqqətimi çəkir.
Əvvəlcədən qeyd edim ki, mən nə politoloqam, nə sosioloqam, nə ekspert, nə də hansısa siyasi partiyanın üzvüyəm. Mən sadəcə milləti üçün mübarizə aparan, Bütöv Azərbaycan ideyasına inanmış bir əsgərəm.
Paylaşdığım şəkillərə diqqət yetirsəniz, birinci şəkilin yuxarı hissəsində Yürüş Mehrəlibəyli və Abbas Lisani yer alır. Bu iki qardaşımız ömürlərini Güney Azərbaycan türkünün azadlığına həsr ediblər və həyatlarının böyük bir hissəsini İran zindanlarında keçiriblər. Hazırda Abbas Lisani Tehranın məşum Evin həbsxanasında, Yürüş Mehrəlibəyli isə 5 yanvar tarixində saxlanılaraq ehtimallarımıza görə Təbriz Ettelatında ağır işgəncələr altındadır.
Şəkildə yer alan digər iki şəxs isə İran prezidenti Məsud Pezeşkiyan və Pəhləvi şahzadəsi Rza Pəhləvidir. Ardınca təqdim olunan şəkil isə bizim idealımız olan Bütöv Azərbaycan xəritəsidir.
Pezeşkiyan illüziyası, Pəhləvi xülyası və Güney Azərbaycanın gerçək liderləri
Pezeşkiyan fenomeni və gerçək tablo
Son günlər sosial şəbəkələrdə Məsud Pezeşkiyanın Nəriman Nərimanovla müqayisə edilməsi, Səttarxan, Pişəvəri və Şəhriyarla eyni sıraya qoyulması, hətta Azərbaycan xalqının xilaskarı kimi təqdim olunması geniş yayılıb. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mənim də bu mövzuda öz baxışım var.
Pezeşkiyan ilk baxışda müsbət təəssürat yaradır: ana dilində danışması, şeir söyləməsi, emosional çıxışları insanlarda simpatiya doğurur. Lakin gəlin seçildiyi gündən bu yana öz milləti üçün real olaraq nə etdiyinə baxaq. Cavab sadədir: heç nə. Simvolik jestlərdən və sözlərdən başqa ortada konkret nəticə yoxdur. Nə ana dilində məktəb açılıb, nə hazırlıq kursu yaradılıb, nə də sistemli bir addım atılıb.
“Gücü çatmır” arqumentinə gəlincə, burada əsas məsələ güc yox, niyyətdir. Çünki Pezeşkiyan bu missiya üçün bu posta gətirilməyib. Rəisidən sonra İrana sistemin imicini yumşaldacaq bir fiqur lazım idi və Pezeşkiyan bu rol üçün uyğun seçildi. İran dövlətinin strukturunu az-çox tanıyan hər kəs bilir ki, bu ölkədə prezidentlər təsadüfən seçilmir, öncədən planlaşdırılır.
Bu şəxs Hatəmi dövründə səhiyyə naziri olub, uzun illər millət vəkili kimi fəaliyyət göstərib. Əgər rejimin süzgəcindən keçməsəydi, bu mövqelərə yüksələ bilməzdi. Əgər doğrudan da bu qədər türkçü və millətsevər idisə, niyə bu səs əvvəl eşidilmirdi?
Bu gün Pezeşkiyanın elə bir planlı təbliğatı aparılır ki, insan istər-istəməz emosional təsir altına düşür. Bu mənzərə mənə vaxtilə Naxçıvanda Vasif Talıbovla bağlı hazırlanan verilişləri xatırladır: reallıqda zülm, efirdə isə ideal obraz.
Nəticədə Güney Azərbaycan Hərəkatı belə iki yerə bölündü: Pezeşkiyanı xilaskar sayanlar və bu oyunu açıq şəkildə görənlər. Hətta illərdir bu hərəkatın içində olan bəzi şəxslər “özünüzü yormayın, Pezeşkiyan var” deməyə başladılar. Bu isə təhlükəli illüziyadır.
Rza Pəhləvi: köhnə radio sindromu
Rza Pəhləvini kəndimizdə babamın taxta eyvanına vurduğu köhnə sovet radiosuna bənzədirəm. Hansı xəbər hardan gəlirdisə gəlsin, babam yalnız o radiodan verilənə inanardı. Bu gün Pəhləvi də elə bilir ki, İran taxtına çıxacaq. Halbuki ABŞ və İsrail onu sadəcə keçid dövrü üçün istifadə edilən bir alət kimi görür.
Əsl güc haradadır?
Gələk əsas məsələyə — Yürüş Mehrəlibəyli və Abbas Lisaniyə.
Bu iki şəxs Güney Azərbaycan Milli Hərəkatının canlı simvollarıdır. Abbas Lisani tək başına bir orduya bərabərdir. Evin həbsxanasında aclıq edən milli fəallara dəstək üçün həbsxananın qarşısında aclıq aksiyası keçirdi və bunun müqabilində yenidən həbs olundu. Onun hər sözü xalq üçün yol xəritəsidir.
Yürüş Mehrəlibəyli isə mənim 1995-ci ildən yol yoldaşımdır. Onun milləti tanıması, sevməsi və analiz qabiliyyəti nadir səviyyədədir. Tehran Universitetinin idarəetmə fakültəsini yüksək nəticələrlə bitirib. Yəni bu adam dövlətin necə idarə olunmalı olduğunu oxuyub və bilir.
Rejim bu iki şəxsdən qorxur. Təsadüfi deyil ki, İranın müxtəlif şəhərlərində etirazlar başlayanda, türk bölgələrində hələ proses aktivləşməmişkən, məhz Yürüş Mehrəlibəyli və Abbas Lisani saxlanıldı. Bu fakt hər şeyi açıq göstərir.
Bütöv Azərbaycan xəritəsi və ittihamlara cavab
İndi isə Bütöv Azərbaycan xəritəsinə toxunmaq istəyirəm. Bu xəritəni qəbul edənlər də var, etməyənlər də. Etməyənlərin fikrinə hörmətlə yanaşıram. Amma son günlər hörmət etdiyimiz bir dostun bu xəritəni paylaşaraq “Türkiyənin Misak-ı Milli sərhədlərinə girirsiniz, utanmırsınız?” deməsi qəbuledilməzdir.
Bildirim ki, Misak-ı Milli sərhədlərini pozan biz yox, TBMM-də oturub Türkiyənin doğusunu “Kuzey Kürdüstan” adlandıranlardır. Bu xəritə Bütöv Azərbaycan Ocaqları tərəfindən təsis olunub. Daha əvvəl bu xəritəni mərhum Əbülfəz Elçibəy hazırlatdırıb və biz onun yolunu davam etdiririk.
Bu xəritəni hazırlayan insanların bu günə qədər millət qarşısında heç bir üzqarası işi olmayıb. Əksinə, başları dik, yolları açıqdır.
Nəticə
Bu milləti nə Pezeşkiyan, nə də Pəhləvi xilas edəcək. Bu milləti yalnız öz içindən çıxan, xalqın içində olan, xalq üçün zindanlara girən insanlar ayağa qaldıra bilər. Bu gün həmin simalar Yürüş Mehrəlibəyli və Abbas Lisanidir.
Gəlin onların ətrafında sıx birləşək, səsimiz onların səsi olsun. Əsassız ittihamları, keçmiş intriqaları kənara qoyaq. Bu tarixi fürsət bir daha 50 ildən sonra da verilməyə bilər.
Şərəfli Bütöv Azərbaycanın vətəndaşı olmağınızı arzulayıram.


