Redaktor seçimi

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında "Zəngəzur dəhlizi!!" başlığı ilə foto baylaşıb.

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Sozcu.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib. Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib. Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib. D.Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib. İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırkı mərhələsinin predmeti deyil. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, yerində müşavirə keçirərək, vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib. Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək, bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs M.Babayan vəsatətlə razı olduğunu bildirib. Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı prosesdə təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var - Vüqar Qurbanov

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir. "Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mental Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

Saxlanılan icra başçısının qızı bu məhkəmədə hakimdir

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sozcu.az-ın məlumatına görə, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.  O 2023-cü ilədək vəkil kimi fəaliyyət göstərib.

Direktorların vatsap qrupunda qalmaqal

Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib. Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olduğu vatsap qrupunda başlayıb. Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib. Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb. Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

Adnanın daha bir şirkəti üzə çıxdı

Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid daha bir şirkət məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət AZCHEMCO MMC-dən gedir. 2020-ci ilin 28 oktyabrında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ruslan Akçurindir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15-də qeydiyyatda olan şirkətin işi kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir. Şirkətin alt brendləri isə “Azveco”, “Azfruco” və “Black Terra”dır. “Azveco” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada yetişdirilən tərəvəzləri Körfəz ölkələrinə çatdırır. “Azfruco” isə yuxarıda qeyd edilən ölkələrin meyvələrini Körfəz ölkələrinə daşımaqla fəaliyyət göstərir. “Black Terra”nın fəaliyyəti isə mikrobioloji həllər vasitəsilə yararsız torpaqları münbit torpağa çevirir. Bundan başqa, “AgriBazar” şirkəti də “AZCHEMCO”nun tərkibindədir ki, bu da kənd təsərrüfatı, texnologiya və insanları bir araya gətirən mərkəzdir. “AZCHEMCO”nun partnyorları arasında “SOCAR LOGİSTİCS DMCC”, “SOCAR CARBAMİDE PLANT”, “AZERBAZALT” Elmi İstehsalat Birliyi, “Caspian Railroad Company”, “Azbrand”, “Azferco”, “Caspian Logistics Solutions”, “İntertek”, “Dreymoor”, “Azersulfate” kimi şirkətlər daxildir. Maraqlı məqamlardan biri də “AZCHEMCO”nun 2023-cü ildə “Azərxalça” ilə əməkdaşlıq anlaşmasıdır. Anlaşmaya əsasən, “Azərxalça” “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal etməyə başlayıb. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Adnan Əhmədzadə ulduz futbolçu Lionel Messi ilə görüşərkən ona da xalça hədiyyə etmişdi. İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Adnan Əhmədzadə tərəfindən Azərbaycana gətirilən dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona”nın sabiq futbolçusu Ronaldinyo da COP29 məkanında “AZCHEMCO” pavilyonunu ziyarət edib. Onu povilyonla şirkətin hazırkı direktoru Ruslan Akçurin tanış edib. Eyni tədbirdə İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportaya da “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Tədbirdə Laportanı şəxsən Əhmədzadə müşayiət edirdi. Qeyd edək ki, daha öncəki məlumatlarda “AZCHEMCO”nun təsisçisi kimi Levent Özdemirin adı çəkilib.

Nazir “Səhiyyə əlaçısı” medalını vermədi - Qalmaqal

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanmışdı. Məlum olub ki, yaranmış narazılıqlardan sonra bu il “Səhiyyə əlaçısı” döş nişanı heç kimə təqdim edilməyib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir qrup səhiyyə işçisi mükafatın paylanmasında hər il haqsızlıqlara yol verildiyini iddia edərək təltiflərdən narazı qalmışdı. Ənənəyə görə, hər il iyunun 17-də – tibb işçilərinin peşə bayramı günü bir neçə səhiyyə əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilirdi. Lakin ötən il bu proses zamanı əsasnamə tələblərinin pozulduğu bildirilmişdi. Belə ki, sonuncu dəfə – 2024-cü ildə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev və Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov bu döş nişanına layiq görülmüşdülər. Əsasnamənin birinci bəndinə əsasən, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunur. Həmçinin, bu mükafatla təltif edilənlərə maaşlarının üç misli qədər pul mükafatı verilir. Məlum olub ki, Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sistemində çalışır. Onların fəaliyyət müddəti 10 ilə çatmadığından, bu təltif əsasnamənin tələblərinə zidd olub. Məhz bu narazılıqdan sonra səhiyyə naziri Teymur Musayev bu il fərqli qərar qəbul edib. Belə ki, “Səhiyyə əlaçısı” döş nişanının kimlərə veriləcəyi ilə bağlı müzakirələr zamanı nazir qərara alıb ki, heç kim təltif edilməsin. Bununla da ilk dəfədir ki, tibb işçilərinin peşə bayramı ərəfəsində “Səhiyyə əlaçısı” döş nişanı təqdim olunmayıb.

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib. Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib. Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Kəndi seçən gənc müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların maaşına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək. Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

İş qurmaq adı ilə yalan vəd verdi - Tanışlarının 87 min manatını ələ keçirdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.  Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.  G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb...

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib. Sozcu.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb. Təqsirləndirilən şəxs "Trade A” MMC, ”Sumeksport A” MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B” və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub. İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib. İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub. Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib. Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı.