Redaktor seçimi

Rusiya acizlikdən Azərbaycana belə oyunlar oynuyur - Qonçar

Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib. Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır. Qonçarın sözlərinə görə, Azərbaycan Avropa Birliyinin qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək. Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır. "Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.

“Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır”

"Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır". Sozcu.az xəbər verir ki, bunu "Yeni Sabah" a təhsil eksperti Elşən Qafarov bildirib. O, ixtisasalr üzrə təhsil haqlarının artırılması barədə danışarkən qeyd edub:  "Azərbaycanın dövlət təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyən edir və hər bir ixtisas üzrə hazırlıq qiyməti dəqiqləşdirilir. Özəl təhsil müəssisələrində isə qiymətlər sərbəst şəkildə tətbiq olunur və hər hansı xüsusi məhdudiyyət yoxdur". E. Qafarovun sözlərinə görə, əgər 2025–2026-cı tədris ili üçün təhsil haqlarında artım nəzərdə tutulsaydı, bu, ən azı 6 ay öncə elan olunmalı idi: “Görünən odur ki, növbəti təhsil ili üçün təhsil haqlarında hər hansı artım gözlənilmir, ən azı bu tədris ili üçün. Keçən Prezidentin sərəncamı ilə bütün tələbələrin təqaüdlərində müvafiq artım edildi. Uzun müddətdir ki, təqaüdlərdə artım olmurdu. Növbəti artımın nə vaxt olacağı isə Prezidentin səlahiyyətində olan məsələdir”. Ekspert qeyd edib ki, hər il üçün təhsil büdcəsindən təhsil xərcləri hesablanır və Nazirlər Kabineti büdcəni adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq hazırlayır. Qiymətlərin artması da təhsil büdcəsinin artması ilə bağlıdır: “3 il əvvəlki təhsil büdcəsi ilə bugünkü büdcəni müqayisə etsək, görərik ki, büdcə təxminən 60% artıb. Təhsil büdcəsi artdıqca müvafiq ixtisaslar üzrə kadr hazırlığının qiyməti də artır. Amma bu o demək deyil ki, təhsil haqlarının artması müəyyən problemlər yaradır. Bir neçə il əvvəl ölkədə hər 100 nəfərdən 70-i pullu ixtisasalar üzrə oxuyurdusa, hazırda hər 100 nəfərdən 40-ı ödənişli təhsil alır”. Elşən Qafarov dünya üzrə inflyasiyanın, eləcə də Azərbaycanda illik 10–15% inflyasiyanın mövcud olduğunu bildirib: “Düşünürəm ki, hər il ən azı təqaüdlər inflyasiyaya uyğun olaraq artırılmalıdır. 3 ildən bir təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinə ciddi mənfi təsir göstərir. Ali təhsil müəssisələrinin kampus sisteminə keçməsi, yataqxana ilə təmin olunması, kirayə haqlarının Təhsil Tələbə Krediti Fonduna daxil edilməsi çox xoş olardı. Amma bu istiqamətdə inkişaf yoxdur. Elm və Təhsil Nazirliyinin fəaliyyətini görmürük, çünki faktiki olaraq fəaliyyət yoxdur”. Ekspert əlavə edib ki, ideal təqaüd anlayışı yoxdur və təqaüdün əsas məqsədi tələbənin minimum yaşayış xərclərini qarşılamaqdır: “Tələbələrimizin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır. Bu məbləğ bir dəfəlik minimum əmək haqqı ilə müəyyən edilsin və minimum əmək haqqı artdıqca tələbələrin təqaüdü də artsın. Ən azı ilkin mərhələdə bunu etmək mümkündür”.

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı AKSİYADA

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı üzərində nəzarəti bərpa etmək qərarından sonra Təl-Əviv və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib. Sozcu.az xəbər verir ki, İsrailin Qəzzanı ələ keçirmək üçün nəzərdə tutduğu əməliyyata başlamasından öncə minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və ölkənin müxtəlif şəhərlərində toplaşaraq girovlarla bağlı razılıq əldə olunmasına və atəşkəsin elan edilməsinə çağırış edib. Məlumata əsasən, girovların ailələri və yaxınları, hökumətin planının onlar üçün ölüm hökmü ilə nəticələnə biləcəyini bildirərək ümumi tətil çağırışı ediblər. Təl-Əvivdə azı 10 min insan toplaşıb, etirazlar ölkənin onlarla digər şəhərində də davam edir.

“Həmin Palatanın belə səlahiyyəti yoxdur”

“Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur”. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində fəaliyyət göstərən “Azərekspertiza” Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində yer alıb. 50 ildən çoxdur fəaliyyət göstərən birlik iddia edir ki, bu müdaxilələr qiymətləndirici təşkilatlara yəni hüquqi şəxslərə yönəlir: “Belə ki, Qiymətləndiricilər Palatasının rəsmi saytında “fəaliyyəti dayandırılmış qiymətləndiricilər” bölməsində bəzi təşkilatların, yəni hüquqi şəxslərin adlarının yer alması açıq şəkildə səlahiyyətin aşılmasıdır. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir” - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır. Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur”. Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarının əks olunduğu Qiymətləndirmə fəaliyyəti haqqında Qanunla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz. “Azərekspertiza”dan verilən açıqlamada bildirilib ki, qiymətləndirmə sahəsində şəffaflıq və qanunlara əsaslanan fəaliyyət, bu sahədə etibarlılığın və ictimai inamın təminatı üçün əsas şərtlərdəndir: “Bu məqsədlə yaradılmış Azərbaycan Qiymətləndiricilər Palatasının missiyası peşəkar qiymətləndiricilərin hazırlanması və reyestrə salınması, fəaliyyətin tənzimlənməsi və nəzarəti, beynəlxalq standartların tətbiqi və dövlət-özəl sektor üçün etibarlı qiymətləndirmə sisteminin qurulması kimi ictimai maraqlara xidmət etməlidir. Palatanın bu addımı qanunvericiliyin pozulmasıdır. “Azərekspertiza” Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. “Azərekspertiza” Birliyi ilə AQP sədrinə mənsub şirkətlərlə eyni lahiyələrdə uzun illərdir xidmət göstəririk. Palata tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan qərarın məqsədi bizim təşkilatı həmin lahiyələrdən uzaqlaşdırmaqdır. Palatanın rəhbərinin bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət – fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb. Palatanın bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək. Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur. Qiymətləndiricilər Palatası kimi institutların əsas funksiyası qanunlara uyğun şəkildə tənzimləmə və dəstək verməkdir. Hüquqdankənar səlahiyyət tətbiq etməklə görülən fəaliyyətlər isə yalnız şəxsi maraqların güdüldüyünü göstərir”. İttihamlarla əlaqədar Azərbaycan Qiymətləndiricilər Palatasına da sorğu ünvanlanıb.

“Dəhliz söhbəti artıq yoxdur, Tramp Marşrutu var”

"Dəhliz söhbəti artıq yoxdur. Tramp-Paşinyan-Əliyev sammitinin əsas mövzusu "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı yeni tranzit və inkişaf planı olacaq". Sozcu.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında ABŞ-də yaşayan jurnalist Aleks Raufoğlu yazıb. “Ermənistan və Azərbaycanı birləşdirməli olan Tramp Route infrastrukturunun inkişaf planı Ağ Evdəki Sülh Sammitində təqdim olunacaq.  Bu Cümə Tramp, Paşinyan və Əliyev arasında keçiriləcək görüşdən əvvəl mən bir neçə ABŞ rəsmisi ilə danışdım. Cümə günü keçiriləcək sammit yekun sülh razılaşması deyil, davamlı sülhün əsasını qoyan mühüm bir addımdır. Liderlər bir sıra sənədlər imzalayacaqlar”, - deyə o qeyd edib.

“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib

Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi qızı olduğu iddia edilən, sosial şəbəkələrdə Luiza Rozova təxəllüsü ilə tanınan Yelizaveta Rudnova (Krivonoqix) atasını dolayı yolla tənqid edib. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 21 yaşlı Yelizaveta bir neçə ildən sonra ilk dəfə sosial şəbəkədə açıq selfilərini paylaşaraq bu qeydi yazıb: “Dünyaya üzümü yenidən göstərmək çox gözəldir. Hər gün mənə kim kimi doğulduğumu və həyatımı kimin məhv etdiyini xatırladır. Milyonlarla insanın həyatına son qoyan və mənimkini dağıdan adam…” O, bu sözləri ilə konkret olaraq Vladimir Putinin adını çəkməsə də, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Prezidentinə ünvanlanmış ismarıc kimi qəbul ediblər. Rozova həmçinin Paris qalereyalarında ukraynalı rəssamlarla əməkdaşlığı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun ünvanına “müharibənin ortasında rejimdən faydalanan ailənin üzvü ilə rejimin qurbanlarının bir yerdə olması yolverilməzdir” kimi ittihamlar səsləndirilib. Yelizaveta bu tənqidlərə belə cavab verib: “Məni eşitməyən ailəmin hərəkətlərində doğrudanmı mən günahkaram?” O, daha əvvəl də Ukraynadakı müharibəyə mənfi münasibətini açıq şəkildə ifadə edib. Bildirib ki, “hər şeyi dəyişmək imkanım yoxdur” və bəzi insanların onu bu proseslərdə “iştirakçı” hesab etməsi ona təəccüblüdür. Paylaşımlarında o, dünya müharibəsinə səbəb olan bir şəxsin sadəcə valideyn hisslərinə görə fikrindən dönəcəyini düşünmədiyini bildirib: “Gəlin bir yerdə düşünək və bu suala cavab verək: Bütün dünyaya sözün əsl mənasında müharibə elan edəcək qədər dəli bir insan valideyn hisslərinə görə qərarlarından əl çəkərmi?” Yelizaveta Rozova hələ müharibənin əvvəlində “Instagram”da “No war” (“Müharibəyə yox”) sözləri yazılmış qara kvadrat paylaşaraq Rusiyanın Ukraynaya qarşı işğalını açıq şəkildə pisləyib. Daha sonra Rusiyanı tərk etdiyini, bütün sosial əlaqələrini kəsdiyini bildirib. O, hazırda “sevimli Peterburqumu gəzə, sevimli yerlərimə və müəssisələrimə baş çəkə bilmədiyim qızıl qəfəsdə yaşayıram” deyə əlavə edib. 2024-cü ildə Rozova Parisdəki ICART İdarəetmə və İncəsənət Məktəbini bitirib və Fransada yaşamaq qərarı verib. Hal-hazırda Ukraynadan olan rəssamlar da daxil olmaqla müharibə əleyhinə sənətçilərin iştirak etdiyi “Albatros” və “L Galerie” studiyalarında çalışır. Müharibədən əvvəl Rozova sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini nümayiş etdirib. O, bahalı dizayner geyimlərində fotolar paylaşır, şəxsi təyyarələrdə səyahət etdiyini qeyd edirdi. Bu paylaşımlara görə Rusiya müxalifəti onu sərt şəkildə tənqid etmişdi. Rozovanın anası Svetlana Krivonoqix Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Yuri Kovalçukun rəhbərlik etdiyi “Rossiya” bankında pay sahibidir. O, həmçinin “İqora” xizək kurortunun 75 faizi, Tavriçeski bağındakı “Leninqrad Mərkəzi” adlı şou məkanının 75 faizi, Sankt-Peterburq və Soçidə bir sıra daşınmaz əmlaklara sahibdir. Bundan başqa, Krivonoqixin Monakoda, Monte Karlo kazinosunun yaxınlığında Aralıq dənizinə mənzərəsi olan mənzili də var. 2010-cu ildə onun sərvəti 7,7 milyard rubl (həmin dövrün məzənnəsi ilə təxminən 100 milyon dollar) olaraq qiymətləndirilib. Krivonoqix Putinlə tanış olmamışdan əvvəl Sankt-Peterburqda kommunal mənzildə yaşayır və təmizlikçi kimi işləyirdi. Qeyd edək ki, daha əvvəl rəsmi Kreml  Svetlana Krivonoqixlə Vladimir Putin arasında hər hansı əlaqənin olduğunu inkar edib.

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Tramp Sülh üzrə Nobel mükafatına layiqdir. Sozcu.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan konqresmen Co Vilson X hesabında yazıb. “Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb. - Konqo və Ruanda - Tailand və Kamboca - Pakistan və Hindistan Tezliklə Azərbaycan və Ermənistan!” - paylaşımda deyilir.

"Qarabağ kimindir?" - Arif Hacılı yazır

Azərbaycanda torpaq islahatı keçirilib.  Bu islahata görə hər kənd sakininin  həyətyanı sahə və torpaq payı almaq hüququ var.  Qarabağ işğal olunduğu üçün bu islahatdan faydalanmaq köçkün düşən 700 mindən çox Qarabağ əhalisinə və onların törəmələrinə nəsib olmadı.  Qarabağ işğaldan azad ediləndən sonra ilk növbədə bu islahatın sürətlə yerli əhaliyə aid olunmasını, üstəlik uzun illər köçkün həyatından əziyyət çəkmiş bu insanlara əlavə üstünlüklər verilməsini təklif etdik.  Ərazilərimizin azad edilməsindən 5 il keçir.  Qarabağlılar bu günə qədər torpaq islahatında almalı olduqları halal payı almayıb, ata-baba yurdlarına isə yalnız portaldan icazə almaqla, kənardan tamaşa etmək hüququ ilə gedə bilir.  Onların yurdları əsasən birinci Qarabağ müharibəsindən özləri yayınan, ikinci Qarabağ müharibəsindən isə övladlarını yayındıranlar, Qarabağı ilk dəfə 44 günıük müharibədən sonra görənlər tərəfindən mənimsənilib.  Yerli əhaliyə bu “sahibkarların” təsərrüfatlarında, obyektlərində işləmək, öz ata torpaqlarını onlardan icarəyə götürmək təklif olunur.  Qarabağ Azərbaycandır! - deyirdik.  Gerçəkdə belə də oldu.  İndi də deyiyik:  Qarabağ hakim zümrənin deyil,  QARABAĞ AZƏRBAYCANINDIR❗️ Arif  Hacılı, Müsavat Partiyası Məclisinin sədri. 

Zatulindən qisas çağırışı: Azərbaycan təyyarələri...

Rusiya şəhərləri “adlarının dəyişdirilməsi” praktikası geniş yayılarsa, Rusiya Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməkdən imtina edə bilər. Sozcu.az xəbər verir ki, bunu RTVI-yə Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. "Rusiya şəhərlərinin və coğrafi adlarının Azərbaycanda qisas məqsədilə dəyişdirilməsinə gəlincə, onlara uğurlar arzulayıram. Yeganə sözüm budur ki, bu vəziyyətdə həmin, yəni son təyinat yerlərinin adları onların qərar verdiyi kimi yazılsa, çətin ki, Azərbaycandan gələn qatar və təyyarələri qəbul edə bilək", - Zatulin xəbərdarlıq edib.  O, ümid etdiyini bildirib ki, Rusiya “indiki Azərbaycandan daha böyük tarixi köklərə malik dövlət” və “daha yetkin cəmiyyət” kimi Azərbaycan mediasında Rusiya şəhərlərinin adlarının dəyişdirilməsinə “axmaqlıqlar etməyəcək” və güzgü hərəkətləri ilə cavab verməyəcək. Deputatın fikrincə, Bakı özünün “Qərblə genişmiqyaslı münaqişəsi” mərhələsində “ambisiyaların özünü sürətləndirdiyini və Rusiyanın düşmənlərinin minnətdarlığını qazanmaq üçün özünü mümkün qədər qeyri-adekvat aparmaq istəyini” nümayiş etdirir. “Bu məsələ qəsdən şişirdilir və bunun səbəbini başa düşməliyik, çünki Azərbaycanın bugünkü rəhbərliyi bunda öz xeyrini, yəni Rusiya ilə razılaşmamaq, məsləhətləşməmək, ona qulaq asmamaq fürsəti görür, odur ki özünün və Türkiyənin maraqlarını güdərək Zəngəzur dəhlizinə can atacaq və Xəzərdən o yana irəliləyəcək...”yenisabah)

CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun

Cənubi Qafqaz və Orta Asiya bölgəsini əhatə edən geosiyasi proseslər, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türkiyədə də diqqətlə izlənilir. Bu mövzuda Modern.az-a açıqlama verən Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel Zəngəzur dəhlizinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik olduğunu bildirib. “Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin davam etməsi bizim üçün önəmlidir. Belə bir mühitdə region ölkələri sahib olduqları potensialı daha səmərəli şəkildə həyata keçirə bilər. Biz bu sabitliyin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyirik” – deyə Üzgel vurğulayıb. CHP rəsmisi Azərbaycanın Türkiyə üçün qardaş və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib: “Azərbaycan bizim üçün sadəcə dost deyil, qardaş ölkədir. Biz hər zaman Azərbaycanın təhlükəsizlik və rifah içində olmasını istəyirik. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türk xalqının dünyada ən çox güvəndiyi xalq azərbaycanlı qardaşlarımızdır”. İlhan Üzgel Zəngəzur dəhlizi layihəsinin region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib: “Zəngəzur dəhlizini biz yalnız Azərbaycanın iki parçasını birləşdirən layihə kimi deyil, eyni zamanda Türkiyədən Orta Asiyaya açılan strateji koridor, Türk dünyasını birləşdirən mühüm bir körpü kimi qiymətləndiririk. Bu layihə təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək bir fürsətdir”. CHP rəsmisi qeyd edib ki, bu dəhlizin tezliklə açılması həm Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyatı asanlaşdıracaq, həm də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə daşıyacaq: “Zəngəzur dəhlizi həmçinin Orta Asiya ölkələrinin də Türkiyə və Azərbaycanla bağlarını möhkəmləndirəcək, regional əməkdaşlığa ciddi töhfə verəcək. Bu səbəbdən də biz bu prosesin sürətlə və Azərbaycanın maraqları nəzərə alınmaqla həll edilməsinin tərəfdarıyıq”. İlhan Üzgel əlavə edib ki, CHP olaraq istər müxalifətdə, istərsə də gələcəkdə iqtidarda olsunlar, Azərbaycanın yanında olmağa davam edəcəklər: “Biz partiya olaraq bu kimi strateji dəhlizlərin üçüncü ölkələrin nəzarətində deyil, Azərbaycanın razılığı və maraqları çərçivəsində idarə olunmasını dəstəkləyirik. Ən böyük arzularımızdan biri bu xəttin bir an öncə istifadəyə verilməsi və regionda yeni bir iqtisadi canlanmanın başlanmasıdır”.

Putinə verilən vaxt: Rusiyanın dostu qalmayacaq...

ABŞ Prezidenti Donald Tramp hələ də Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün təzyiq rıçaqlarına malikdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib. Onun sözlərinə görə, əgər Kreml rəhbəri Putin atəşkəsə razı olmasa, artıq gələn həftədən etibarən ABŞ-ın Rusiyaya və onunla biznes quran ölkələrə qarşı sərt sanksiyaları qüvvəyə minəcək. Uitaker əlavə edib ki, Putin nefti Hindistana, Braziliyaya və Çinə satır, buna görə də bu ölkələr də Rusiya ilə əməkdaşlığa görə ciddi nəticələrlə üzləşəcəklər. “Rusiyanın dostu qalmayacaq. Onun ticarət tərəfdaşları olmayacaq. Və müharibəni maliyyələşdirmək imkanları tükənəcək”, – Uitaker qeyd edib. O qeyd edib ki, atəşkəsə nail olmaq lazımdır və bunu yalnız diplomatiya və danışıqlar vasitəsilə əldə etmək mümkündür. Uitaker hər iki tərəf üçün ideal şərtlər görmədiyini deyib, lakin bu, Ukrayna və Rusiyanı qan tökməni dayandırmaqdan çəkindirməməlidir.

İranın süqutu Rusiyanın, Rusiyanın süqutu İranın süqutu deməkdir

Rusiyanın təcürbəli mütəxəsisləri İran ətrafında gedən proseslərdən böyük qorxu keçirirlər. Keçmiş diplomat, tarix elmləri doktoru Nikolay Platoşkin açıq şəkildə bəyan edir ki, İran parçalansa növbə Rusiyaya çatacaq. Platoşkin bildirir ki, İran Rusiyanın önündəki sonuncu domino daşıdır. Sonuncu daş da aşsa, Rusiyanın parçalanması qarşısıalınmaz olacaq.  İrandakı rejim minlərlə dinc insanı öldürməyə qadir olduğunu dəfələrlə nümayiş etdirdiyi üçün belə rejimin dağılması üçün daha böyük gücün müdaxiləsinə ehtiyac var. Buna görə də İsrailin İrana hərbi müdaxiləsinin Azərbaycanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğunu bildirirdik. İranı müdafiə etmək isə dolayısı ilə Rusiyanı müdafiə etməkdir.  İran ətrafında isə həlqə daralır. İrana geniş müdaxilə ərəfəsində geniş koalisiyanın formalaşmasının da başa çatmaq üzrə olduğu aydın görünür. İranın süqutu Rusiyanın, Rusiyanın süqutu İranın süqutu deməkdir. Bu iki imperiyanın süqutu isə Böyük Azərbaycanın doğuluşunun təməl şərtidir. Xəqani Cəfərli, politoloq