Azərbaycan Yazıçılar Birliyinin Sədri, cənab Anar Rzayevə,
Azərbaycanın Xalq şairlərinə,
Azərbaycanın Xalq yazıçılarına,
Azərbaycanın ziyalılarına,
Azərbaycanın millət vəkillərinə şair-publisist, jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) tərəfindən
AÇIQ MƏKTUB
Hörmətli cənablar!
Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, vicdanınız oyansın, vicdanınız yatmasın. Şair-jurnalist kimi, ədəbiyyat adamı kimi, ziyalı xanım kimi etdiyim bu müraciəti ölkə prezidenti cənab İlham Əliyevə çatdırın.
Azərbaycan dövləti, milyonlar səltənəti olan dövlət olaraq VƏTƏNDAŞına, yəni mənə-şair-jurnalist Rəhimli Xatirə Əziz qızına sahib çıxın!
Şair-jurnalist kimi 10 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dəfələrlə yazılı olaraq müraciət edirəm və həmçinin Prezident Administrasiyasında hər il mənzil problemimlə bağlı məmurların qəbuluna gedirəm.
Amma çox-çox təəssüf olsun ki, məmurlar mənim ərizəmi, şikayətimi, müraciətimi ölkə prezidenti cənab İlham Əliyevə çatdırmırlar.
Mənzilim yoxdur, Ailə üzvlərimlə birgə neçə illərdir 39 dəfə kirayə mənzillərə köçmüşük. Uzun illərdir ki, kirayələrdə, zirzəmilərdə, daxmalarda çərləyib çürüyürəm. Hələ də yarımzirzəmidə min-bir əzab içində yaşayırıq. Otaq suyun içindədir. Divarlardan qapqara kifli su axır. Zirzəminin döşəməsi daşdandı. Elə demək olar ki, hamımız xəstələnmişik bu şəraitsizlikdən.
Hörmətli cənablar!
Şair-jurnalist kimi düşünürəm ki, yəni bu məmləkətdə bütün ziyalıların, bütün Xalq şairlərinin, bütün Xalq yazıçılarının, bütün millət vəkillərinin vicdanı yatıbmı?
Hanı sizlərin vicdanınız, cənablar. Ədəbiyyat adamı kimi vətəni üçün sağlamlığını itirən ziyalı bir xanımın həyatı zirzəmilərdə məhv olur, sizlər isə susursunuz. Hanı bəs sizlərdə olan vicdan, hanı?
Yəni bu ölkədə bütün vəzifəli şəxslər, məmurlar vicdanını tamamilə itiribmi?
Vicdanınız yatıbsa, oyansın. Belə qəlbidaş olmayın, insafınız olsun bir qədər də olsa.
Sizlərə ədəbiyyat adamı kimi, bu VƏTƏN üçün şair-jurnalist kimi uzun illərdi cəbhə bölgələrinə, sərhəd bölgələrinə saysız-hesabsız səfərlər edən, ana Vətəni qoruyan əsgərlərin qarşısında Vətənpərvərlik mövzusunda saysız-hesabsız odlu-alovlu çıxışlar edən ziyalı xanım kimi müraciət edirəm.
Bu dövlət üçün, bu Vətən üçün şair-jurnalist kimi böyük qürurla deyirəm ki, mənim çox yüksək əməyim var.
Xatırladım şair-jurnalist kimi neçə illərdir ki, hələ 44 günlük Vətən müharibəsindən əvvəl də, Qələbədən sonra da cəbhə bölgələrinə, sərhəd bölgələrinə səfərlər etmişəm.
Ədəbiyyat adamı kimi çox sevdiyim ana Vətənimə xidmət edirəm.
Qarabağın, Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın o möhkəm soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm oldu, bronrxlarımda dəhşətli dərəcədə allergiya yarandı. Butün bunların da nəticəsində Bronxial Astma xəstəliyinə düçar oldum.
Cənab yüksək vəzifəli şəxslər, məmurlar, mən, neft-qaz ölkəsi olan, dünyada milyonlar səltənəti kimi tanınan zəngin Azərbaycanın VƏTƏNDAŞıyam axı.
Nə üçün mən zirzəmilərdə çərləyib çürüməliyəm? Axı mən şair-jurnalist kimi Vətənim üçün sağlamlığımı bir qədər itirmişəm. Mən müalicəylə yaşaya bilirəm.
Cənablar, bir ədəbiyyat adamının, şair-jurnalistin, ölkənin ziyalı xanımının uculub-dağılan daxmalarda, sopsoyuq zirzəmilərdə həyatını cavan yaşda itirməsinə imkan verməyin.
Cənablar, ola bilməz ki, sizin Allahınız olmasın. Ola bilməz ki, siz Allahı tamımayasınız. Ola bilməz ki, sizin Allahdan bir az da olsa qorxunuz olmasın. Ola bilməz ki, sizin hamınızın ürəyi qara daş olsun.
Bu, mümkün ola bilməz axı.
Ola bilməz ki, dövlətin idarəçiliyində olan bütün yüksək vəzifəlilər və bütün məmurlar, insafsız, zalım, daşqəlbli olsun. Mən buna inanmaq istəmirəm.
Əgər mən uzun illərdi zülüm içində, dözülməz, əzablı günlərlə yaşadığım zirzəmidə ağrı-acı içində bu dünyadan köçsəm, mənim də, bacılarımın da, ailə üzvlərimin də əllərimiz hər iki dünyada bu dövlətin idarəçiliyində olanların, yüksək vəzifəli şəxslərin, məmurların yaxasında olacaq.
Cənablar, bu, Azərbaycan dövləti adına çox utancverici hal olar. Dövlət adına ayıb olar.
Şair-jurnalist kimi, Azərbaycan VƏTƏNDAŞı kimi hələ də başa düşə bilmirəm ki, bu, necə DÖVLƏTdir?...
Dövlət belə olurmu yəni?
Dövlət belə idarə olunmalıdırmı?
Hər ay mütəmadi olaraq müalicə qəbul edirəm. Çünki müalicə olunmasam nəfəs ala bilmirəm, boğuluram, nəfəsim çatmır.
Zülüm içində ürəyim qubar ola-ola yaşadığım, çat-çat olan divarlarından qara su axan bu yarımzirzəminin qapısını heç bir məmur açmır.
Hər ay müalicəmin də vəsaitini ailə üzvlərim ödəyir. Xəstəlikdən əziyyət çəkən insan üçün çox əzablıdı uçuq-sökük soyuq zirzəmidə yaşamaq, əzablı ömür sürmək.
2000-ci ildən bugünə kimi yaradıcı şəxslərə Yazıçılar Birliyi tərəfindən bir neçə dəfə mənzil verilib. Yazıçılar Birliyinin Sədri tərəfindən sonuncu dəfə 2023-cü ilin noyabrında 21 nəfər yaradıcı şəxsə mənzil verildi. Hamıya da məlum oldu ki, bu bölgü obyektiv şəkildə aparılmadı.
O da bilindi ki, hətta 1-2 yerdə evi-mənzili olanlara yenidən mənzil verildi.
25 ildir ki, jurnalist kimi mətbuat sahəsində çalışıram. Jurnalistlərə 3 yaşayış binası tikildi. 5 il ərzində o yaşayış binalarındakı mənzillər jurnalistlərə verildi.
Jurnalistlər üçün tikilmiş 3-cü yaşayış binasının isə bir neçə nəfərin ölkə prezidentinə etdiyi müraciətinə görə təynatı dəyişdirildi.
Hansı ki, o müraciəti imzalayanların fərdi yaşayış evləri, bağ evəri, hündürmərtəbəli yaşayış evində mənzilləri, hətta bəzilərinin villası da var.
Həmçinin o müraciətdə imzası olanların bir çoxu jurnalistlərə verilən 1-ci və 2-ci yaşayış binasında mənzillə təmin olunublar.
Bir məsələni də vurğulayım ki, jurnalistlər binasında mənzilləri ola-ola yenidən dövlət tərəfindən mənzillə təmin olunanlar həmin artıq olan mənzillərini kirayə veriblər.
Bu da acı bir reallıqdır.
Onu da deyim ki, istər Yazıçılar Birliyində, istərsə də jurnalistərə verilən mənzil bölgüsündə mənzili ola-ola mənim mənzil haqqıma girənləri heç vaxt, heç zaman bağışlamayacağam.
Əlim hər iki dünyada mənzil haqqımı əzənlərin, məni daxmalarda, zirzəmilərdə çürüdənlərin, kirayələrdə ürəyimi qubar edənlərin yaxalarında olacaq.
Hörmətli Xalq yazıçısı Anar müəllim!
Siz Yazıçılar Biriyinin katibləri ilə bağlı, eləcə də digər əməkdaşları ilə bağlı dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə onlara mənzil verilməsilə bağlı TƏQDİMAT göndərmisiniz.
Onlar da fərdi qaydada ölkə prezidenti tərəfindən SİZin TƏQDİMATınıza əsasən mənzillə təmin olunublar.
Anar müəllim, SİZdən xahiş edirəm ki, mənimlə bağlı da ölkə Prezidenti cənab İlham Əliyevə TƏQDİMAT göndərin, Prezident məni də mənzillə təmin etsin.
Səhhətimdə çox-çox ciddi problem yaranıb. Divarı, döşəməsi su içində olan daxmalarda, zirzəmilərdə yaşaya bilmirəm daha. Canım dözmür, ürəyim qubar olur kirayələrdə...
Yeri gəlmişkən onu da söyləyim ki, Yazıçılar Birliyində olduğu kimi jurnalistlərlə bağlı mənzil bölgüsü də qətiyyən düzgün həyata keçirilmədi. O yaşayış binalarında da, bir çox mənzilləri bir neçə yerdə mənzili olanlara verdilər. Çox böyük ədalətsizlik baş verdi. Bu ölkədə nə qədər ədalətsizlik baş verir ey Böyük Allah?
Rəbbim, məgər SƏN Azərbaycandakı ədalətsizlikləri, haqsızlıqları görmürsənmi?
Heç olmasa SƏN izin vermə ki, bu ölkənin məmurları ədalətsizlik, haqsızlıq etsin.
Ey Böyük Allah, yoxsa SƏN də Azərbaycanın idarəçiliyində olan vəzifəli şəxslər kimi, məmurlar kimi bu XALQı unutmusan, yaddan çıxarmısan?
Bir daha söyləyirəm, çox-çox təssüflər ki, mənə nə Yazıçılar Birliyi tərəfəfindən mənzil verilmədi, nə də ki, jurnalistlər üçün tikilmiş hündürmərtəbəli yaşayış evlərindəki mənzillərdən verilmədi.
Azərbaycan adlı bu kiçik məmləkətdə o qədər böyük ədalətsizliklər, o qədər böyük haqsızlıqlar var ki, jurnalist kimi bilmirəm hansı birini deyim.
Cənablar, haqq-ədalət belə olurmu?
İdarəçilik belə aparılırmı?
İnanın ki, belə haqq-ədalət olmaz.
Bəlkə sizlər üçün haqq-ədalət bu cürdür?
P. S. Bu məsələyə aidiyyatı olan dövlət qurumlarının rəhbərləri, ədalət tərəzisinin çəki daşlarını əllərinizlə niyə əyirsiniz?
P.S.S. Unutmayın ki, Böyük Allah yer üzündə qara daşın üstündə qara qarışqanı da görür.
P. S.S.S. Onu da unutmayın, Yer üzünün də, Göylərin də Sahibi var. Bu dünya belə qalmaz.
P.S.S.S.S. Ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı, şair-jurnalistə qarşı bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik, bu qədər haqsızlıq olarmı cənablar?
Yerlərin-Göylərin Sahibi olan Sahiblər Sahibinin nə vaxtsa bu ölkənin ədalətsizlik edən, haqsızlıq edən vəzifəli şəxslərinə, məmurlarına çox böyük qəzəbi tuta bilər...
XATİRƏ ƏZİZ Rəhimli
Şair-publisist, jurnalist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Bilyinin üzvü
