Hava Moskva ətrafındakı o adsız qəsəbənin üzərinə qurğuşun kimi çökmüşdü. Göy üzü sanki ağlamaq istəyir, amma bacarmırdı. Asfaltın rütubəti, havada asılı qalan yadlıq hissi və o görünməz, qara əl... O əl hələ ailə vətəni tərk edib bir çamadana sığışanda onların taleyinə toxunmuşdu. Onlar günəşi unutmuşdular. Sığındıqları rütubətli zirzəmidə divarların tərləməsi deyil, sanki bu ailənin bəxtinin göz yaşları idi. Ata hər səhər sübhün alatoranlığında, hələ şəhər oyanmamış, bir kölgə kimi evdən süzülürdü. Polisin ağır addımları küçədə əks-səda verəndə nəfəsini udur, divara qısılırdı.
Bir axşam o kölgə geri dönmədi. Ana qapının ağzında saatlarla dayandı, amma gələn yalnız dəhlizin soyuq mehi oldu. Ertəsi gün polis şöbəsində ona uzadılan o kağız parçası sanki buzdan idi. "Könüllü." Mistik bir ironiya... Aclığın, qorxunun və sənədsizliyin qısqacında olan bir adamın seçimi nə qədər "könüllü" ola bilərdi? O an qadın hiss etdi ki, əri artıq bir insan deyil, o görünməz əlin qanlı oyununda sadəcə bir rəqəmdir.
Ata artıq Moskvada deyildi. O, Ukraynanın şərqində, palçığın qana qarışdığı, göy üzünün barıt tüstüsündən görünmədiyi bir cəhənnəmdə — Baxmut yaxınlığında idi. Üstünə geyindirilmiş hərbi forma bədəninə yad, əlindəki silah isə ruhuna ağır gəlirdi. Yanındakı əsgərlər söyüş söyür, səs-küy salırdılar, amma o, susurdu.
Həmin vaxt Moskvada ana məktəbin dəhlizlərini silirdi. Hər dəfə döşəməni sildiyi əskini sıxanda sanki öz ömrünü sıxırdı. Həmin gün məktəbin içində qəribə bir sükut vardı – divarlar nəfəsini tutmuşdu.
Birdən cəbhədə dəhşətli bir partlayış qopdu. Ata səngərin dibinə qısılmışdı. Yanındakı gənc oğlanın bədəni bir saniyənin içində parça-parça oldu. İsti qan atanın üzünə sıçradı. O, dəhşət içində əlləri ilə üzünü sildi. O an Moskvada məktəbin yuxarı mərtəbəsindən boğuq bir fəryad, sonra isə sürətli qaçış səsləri eşidildi. Müdiriyyət təlaşla ananı ikinci mərtəbəyə çağırdı. Dilini bilmədiyi bu insanların əl-qol hərəkətləri vahiməli idi. Dəhlizin ortasında nəhəng, qara-qırmızı bir gölməçə vardı. Qan laxtalanmışdı...
Ana diz çökdü. Əskini o isti qırmızı mayeyə batırdı. Qəribə bir sızıltı keçdi ürəyindən. Əlləri titrəyirdi. Vedrədəki su saniyələr içində tünd qırmızı rəngə boyandı. O, bilmirdi ki, həmin an övladının qanını vedrəyə sıxıb tökür. Elə bil ki, görünməz əl onun çiyinlərindən basır, onu bu qanın içində boğmaq istəyirdi.
Həmin dəqiqələrdə Ukraynanın düzənlərində ata sonuncu dəfə ayağa qalxdı. Bir snayper gülləsi havada görünməz bir cığır açaraq onun köksünə saplandı. Ata yerə yıxılarkən ağzından çıxan son nəfəs Moskvadakı məktəbin pəncərəsində buğa çevrildi. Eyni saniyələrdə məktəbin həyətində on altı yaşlı bir "yerli" şagirdin bıçağı dəhlizdə yaraladığı on yaşlı "yad" uşağın boğazını kəsmişdi. Ata uzaq bir tarlada can verərkən, oğlu məktəbin soyuq asfaltına yıxılaraq son dəfə anasını səsləyirdi.
Pəncərədən aşağı baxanda ana izdihamı gördü. Polis maşınlarının göy-qırmızı işıqları rütubətli havada qanlı qığılcımlar kimi rəqs edirdi. Naməlum bir qorxu onu aşağı apardı.
Yerdə uzanan o kiçik bədənin yanında bir çanta vardı. Üstündə kiçik bir cızıq – oğlunun dünən təmir etdiyi, üzərinə kiçik bir yapışqan vurduğu o çanta. Ana irəli atıldı, fəryadı göyün yeddinci qatında eşidildi. Amma o "görünməz əl" indi ağ əlcəkli polislərin simasında onu geri itələdi.
"Sənədlərini göstər!" Yerdə oğlu can verirdi, uzaqlarda isə ərinin cəsədi sahibsiz qalmışdı, amma onlar üçün cansız bu iki bədən, sadəcə qeydiyyatsız bir rəqəm, bir "miqrant problemi" idi. O gün ana təkcə ailəsini itirmədi, həm də insanlığın və ədalətin qan içində boğulduğuna şahid oldu.
Məhkəmə zalını buz kəsmişdi. Hakim anaya baxmadan hökmü oxudu: qanunsuz yaşayış, cərimə və deportasiya. Oğlunun qatili "yetkinlik yaşına çatmadığı" üçün yüngül cəza alarkən, cəbhədən ərinin ölüm xəbəri və cənazəsi gəldi. “Şimal ayısı” öz "vəzifəsini" yerinə yetirmişdi – bir əli ilə atasını müharibəyə göndərib öldürmüş, o biri əli ilə oğlunun qanını ona sildirtmişdi.
Hava limanı hər zamankından daha soyuqdu. Ananın əlində tək bir çamadan yox idi. İndi onun yükü həm də iki ağır, soyuq və qara tabut idi. Biri ərinin — dövlətin "könüllü" qurbanının, o biri isə oğlunun — nifrətin qurbanının tabutu.
Təyyarə buludların üzərinə qalxanda ana pəncərədən aşağı baxdı. Moskvanın işıqları parıldayırdı. Amma ana o işıqları qan-qırmızı rəngdə görürdü: dəhlizində öz əlləri ilə sildiyi, amma gözlərindən heç vaxt silinməyəcək övladının qanı idi o qan-qırmızı rənglər. İndi o, vətəninə qayıdırdı – gələndə üç nəfər idilər, gedəndə isə bir qadın və iki tabut dolusu sükut vardı təyyarədə.
Əbil Həsən
