Redaktor seçimi

Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası... - Video

Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda həbsdə olan Ramiz Mehdiyevin dəbdəbəli villalarından biri Qəbələ rayonunda yerləşir. Sozcu.az Sitat.info-ya istinadla sözügedən ərazidən lentə alınmış görüntüləri təqdim edir:

Həbs edilən icra başçıları şərik çıxdı

Cümə axşamı DTX tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb. Sozcu.az Metbuat.az-a istinadla xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər. Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir. Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan yaylaq kimi istifadə edirlər.

AQTA-da təşviş başladı: Təhməzli geri addım atdı

Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamalar müvəqqəti dayandırılıb. Sozcu.az xəbər verir ki, Globalinfo.az bu barədə ət satışı və heyvan kəsimi məntəqələrinin sahiblərindən məlumat əldə edib. Onlar bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli tərəfindən bununla bağlı tapşırıq verilib. Müvafiq tapşırığın verilməsinə səbəb həyata keçirilən yoxlamaların ciddi ictimai narazılıq yaratması, AQTA-nın rüşvətdə ittiham olunması və digər bu kimi amillərdir. Qeyd edək ki, dabaq xəstəliyinin geniş yayılması ilə bağlı AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarları ilə yanaşı, fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi yerlərində də plandankənar yoxlamalar keçirilirdi. Belə yoxlamalar zamanı ötən həftə qurumun əməkdaşları ilə qəssablar arasında ciddi qarşıdurma yaranıb və sosial şəbəkələrdə bu hal geniş müzakirə edilib. Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanlanıb.

Tramp: Çin Tayvana hücum etsə...

ABŞ Prezidenti Donald Tramp Tayvanla Çin arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verməyəcəyini bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə "CBS Nyus"a müsahibəsində deyib. Trampa Çinin sədri Szinpinlə görüşündə bu məsələnin müzakirə olunub-olunmaması və Tayvan boğazında münaqişə baş verəcəyi təqdirdə ABŞ hərbçilərinə Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi ilə bağlı sual verilib. "Əgər baş verərsə, biləcəksiniz. Və bu sualın cavabını Szinpin də anlayır", - deyə Ağ Ev rəhbəri bildirib. Tramp qeyd edib ki, Çin lideri ilə danışıqları zamanı Tayvan məsələsi gündəmə gətirilməyib: "Gündəmə gətirmədi. İnsanlar buna bir az təəccübləndilər. Bunu başa düşdüyü üçün heç vaxt gündəmə gətirməyib".

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında "Zəngəzur dəhlizi!!" başlığı ilə foto baylaşıb.

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Sozcu.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib. Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib. Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib. D.Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib. İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırkı mərhələsinin predmeti deyil. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, yerində müşavirə keçirərək, vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib. Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək, bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs M.Babayan vəsatətlə razı olduğunu bildirib. Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı prosesdə təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var - Vüqar Qurbanov

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir. "Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mental Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

Saxlanılan icra başçısının qızı bu məhkəmədə hakimdir

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sozcu.az-ın məlumatına görə, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.  O 2023-cü ilədək vəkil kimi fəaliyyət göstərib.

Direktorların vatsap qrupunda qalmaqal

Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib. Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olduğu vatsap qrupunda başlayıb. Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib. Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb. Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

Adnanın daha bir şirkəti üzə çıxdı

Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid daha bir şirkət məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət AZCHEMCO MMC-dən gedir. 2020-ci ilin 28 oktyabrında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ruslan Akçurindir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15-də qeydiyyatda olan şirkətin işi kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir. Şirkətin alt brendləri isə “Azveco”, “Azfruco” və “Black Terra”dır. “Azveco” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada yetişdirilən tərəvəzləri Körfəz ölkələrinə çatdırır. “Azfruco” isə yuxarıda qeyd edilən ölkələrin meyvələrini Körfəz ölkələrinə daşımaqla fəaliyyət göstərir. “Black Terra”nın fəaliyyəti isə mikrobioloji həllər vasitəsilə yararsız torpaqları münbit torpağa çevirir. Bundan başqa, “AgriBazar” şirkəti də “AZCHEMCO”nun tərkibindədir ki, bu da kənd təsərrüfatı, texnologiya və insanları bir araya gətirən mərkəzdir. “AZCHEMCO”nun partnyorları arasında “SOCAR LOGİSTİCS DMCC”, “SOCAR CARBAMİDE PLANT”, “AZERBAZALT” Elmi İstehsalat Birliyi, “Caspian Railroad Company”, “Azbrand”, “Azferco”, “Caspian Logistics Solutions”, “İntertek”, “Dreymoor”, “Azersulfate” kimi şirkətlər daxildir. Maraqlı məqamlardan biri də “AZCHEMCO”nun 2023-cü ildə “Azərxalça” ilə əməkdaşlıq anlaşmasıdır. Anlaşmaya əsasən, “Azərxalça” “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal etməyə başlayıb. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Adnan Əhmədzadə ulduz futbolçu Lionel Messi ilə görüşərkən ona da xalça hədiyyə etmişdi. İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Adnan Əhmədzadə tərəfindən Azərbaycana gətirilən dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona”nın sabiq futbolçusu Ronaldinyo da COP29 məkanında “AZCHEMCO” pavilyonunu ziyarət edib. Onu povilyonla şirkətin hazırkı direktoru Ruslan Akçurin tanış edib. Eyni tədbirdə İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportaya da “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Tədbirdə Laportanı şəxsən Əhmədzadə müşayiət edirdi. Qeyd edək ki, daha öncəki məlumatlarda “AZCHEMCO”nun təsisçisi kimi Levent Özdemirin adı çəkilib.

Nazir “Səhiyyə əlaçısı” medalını vermədi - Qalmaqal

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanmışdı. Məlum olub ki, yaranmış narazılıqlardan sonra bu il “Səhiyyə əlaçısı” döş nişanı heç kimə təqdim edilməyib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir qrup səhiyyə işçisi mükafatın paylanmasında hər il haqsızlıqlara yol verildiyini iddia edərək təltiflərdən narazı qalmışdı. Ənənəyə görə, hər il iyunun 17-də – tibb işçilərinin peşə bayramı günü bir neçə səhiyyə əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilirdi. Lakin ötən il bu proses zamanı əsasnamə tələblərinin pozulduğu bildirilmişdi. Belə ki, sonuncu dəfə – 2024-cü ildə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev və Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov bu döş nişanına layiq görülmüşdülər. Əsasnamənin birinci bəndinə əsasən, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunur. Həmçinin, bu mükafatla təltif edilənlərə maaşlarının üç misli qədər pul mükafatı verilir. Məlum olub ki, Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sistemində çalışır. Onların fəaliyyət müddəti 10 ilə çatmadığından, bu təltif əsasnamənin tələblərinə zidd olub. Məhz bu narazılıqdan sonra səhiyyə naziri Teymur Musayev bu il fərqli qərar qəbul edib. Belə ki, “Səhiyyə əlaçısı” döş nişanının kimlərə veriləcəyi ilə bağlı müzakirələr zamanı nazir qərara alıb ki, heç kim təltif edilməsin. Bununla da ilk dəfədir ki, tibb işçilərinin peşə bayramı ərəfəsində “Səhiyyə əlaçısı” döş nişanı təqdim olunmayıb.