Bu gün Azərbaycanın erməni separatizmi üzərində qələbəsinin 5-ci il dönümüdür. Ordumuz 2020-ci ilin sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndi işğaldan azad etdi. Bundan əlavə, Tərtər, Laçın, Qubadlı, Ağdərə, Murovdağ və s. istiqamətlərində xeyli sayda strateji yüksəkliyi nəzarət altına altına aldı. Silahlı Qüvvələrimizin 3 ildən sonra (19-20 sentyabr 2023-cü il) başlatdığı 1 günlük anti-terror əməliyyatı ilə Qarabağda erməni separatizminin kökünün tamamilə kəsilməsinin təməlləri də məhz 44 günlük müharibədə atıldı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa etməyi bacardı.
Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.
“Azərbaycan Ordusunun bu savaşda düşmənə vurduğu zərbənin quru statistikasına nəzər salsaq, necə böyük uğura imza atdığımızı daha aydın görə bilərik. Erməni mənbələri 44 günlük müharibədə itkilərini bu cür sıralayırlar:
• 4.520 hərbi qulluqçu öldürülüb;
• 60+ hərbi qulluqçu əsir götürülüb;
• 9.094 hərbi qulluqçu yaralanıb;
• 1.600 hərbi qulluqçu itkin düşüb.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirməyə görə, ən azı 3,8 milyard ABŞ dollarıdır. Ermənilərin hərbi texnika itkiləri arasında 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd PUA, 5 ədəd Su-25 təyyarəsi, 50 “Tor”, “Osa”, “Kub”, “Kruq” modelli zenit-raket kompleksi də var. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində ermənilərin xüsusi əhəmiyyətə malik 97 ədəd “Qrad”, 4 ədəd “Smerç”, 2 “Uraqan”, 1 “Tos” odsaçan, 1 ədəd “Yars”, Toçka-U, ballistik raketlər, “Elbrus” raket kompleksləri də məhv edilib. Bəzi hesablamalara görə, Ermənistanın hazırkı hərbi büdcəsi ilə itirdiklərini bərpa etməsi üçün ən azı 40 il vaxt lazım olacaq”, - o bildirib.
Politoloq xatırladıb ki, ermənilərlə müqayisədə çox az görünməsinə baxmayaraq, Azərbaycan da bu savaşda qurbanlar verib:
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərə yaxın hərbi qulluqçusu həlak olub, 19-dan çox döyüşçümüz isə itkin düşmüş hesab olunur. Təbii ki, bizim də hərbi-texniki itkilərimiz də olub və nə yazıq ki, böyük uğurlar itkisiz başa gəlmir.
Bəs, 8 noyabr qələbəsi ilə nələr qazanmışıq?
• 30 il əvvəl itirdiyimiz əraziləri;
• Hər bir dövlətin namusu sayılan ərazi bütövlüyümüzü və suverenliyimizi;
• Millət olmanın vazkeçilməz ünsürü sayılan milli özünəinamı, qüruru, yenilməzlik duyğusunu;
• Dünya dövlətləri arasında alnıaçıq, üzüağ gəzmək qabiliyyətini;
• Əzilmiş, yardıma möhtac, loru dillə desək, yazıq dövlətdən regional gücə çevrilmək imkanı (Təsadüfi deyil ki, super-güclərin belə çözə bilmədiyi bir çox beynəlxalq məsələlərdə, o cümlədən İsrail-Fələstin-Suriya probleminin çözümündə ölkəmizin vasitəçiliyinə ehtiyac duyulur. Tarix böyu sülh qarantorluğuna super-güclərin iddia etdiyini nəzərə alsaq, beynəlxalq qüvvələrin bizə bəslədiyi bu ümidlər kiçik hadisə deyil);
• Azərbaycanın kontinental hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqəsi;
• Mərkəzi Asiya ölkələrini Avropaya bağlayacaq körpüyə çevrilmək imtiyazı (Bu, həm də böyük türk xaqanlarının uğrunda böyük fədakarlıqlara getməkdən çəkinmədiyi idealları olub. Çox şükürlər olsun ki, vaxtilə, cahangir babalarımızın tarixdə miras qoyduğu bu missiya indi Azərbaycanın çiyinlərinə yüklənib);
• Tarix boyu Çindən Avropaya, Avropadan Çinə uzanan ticarət yollarına nəzarət potensialı (Bu həm də mədəniyyətlər qovşağına çevrilmək imkanı deməkdir və Turan adlanan coğrafiyada bu missiyanı da bizim cahangir babalarımız üstləniblər);
• Avropanı və Türküstanı rus asılılığından xilas etmək avantajı;
• Dünyanın ən kritik geostrateji qovşağı sayılan Cənubi Qafqaza öz real dəyərini qaytarmaq fürsəti (Yeri gəlmişkən, 8 noyabr qələbəsi yalnız Azərbaycana deyil, həm də 44 günlük savaşda qarşı-qarşıya gəldiyimiz ermənilərə də böyük faydalar qazandırdı. Bu gün olmasa belə, zənnimcə, yaxın gələcəkdə ermənilər də 8 noyabrı böyük Qələbə bayramı kimi qeyd edəcəklər);
• Xarici imperialistlərin əlində türk dünyasına qənim kəsilən erməni təxribatçılığının kökünün kəsilməsi (Bundan sonra ermənilərin bir də dənizdən dənizə dövlət qurmaq xülyalarına düşməsi mümkün görünmür).
Bir sözlə, 8 noyabr qələbəsi Azərbaycana böyük uğurlar qazandırıb və böyük dövlət olmaq yolunda ən keçilməz sədləri ortadan qaldırıb. Bu baxımdan, 8 noyabrı gələcəkdə baş verməsini gözlənilən bir çox daha böyük uğurlarımızın müqəddiməsi də saymaq olar. Türk dünyasının böyümə və özünə qayıtma prosesində ən böyük basamaq daşı olan 8 noyabr Qələbə günü münasibətilə hər kəsi təbrik edir, bu yolda canını verərək tarix yazan şəhidlərimizə rəhmət, ailələrinə səbr və qazilərimizə şəfalar diləyirəm”.
