Paşinyan “Yerkrapa” döyüşçülərinin rəhbərini “vurdu”

Şənbə günü Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında yeni İdarə Heyəti seçilib.

Sozcu.az xəbər verir ki, yenidən partiya sədri seçilən Ermənistanın baş naziri Nikol Paşinyan İdarə Heyətini bəzi şəxslərdən “təmizləyib”. Belə ki, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəri Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətindən kənarda qalması diqqət çəkib.

Ermənistanda bəzi ekspertlər Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətinə daxil edilməməsini onun “vurulması” kimi qiymətləndiriblər. Qeyd olunur ki, Nikol Paşinyan hər il büdcədən milyonlarla dram vəsait alan “Yerkrapa” Könüllülər Birliyindən tədricən qurtulmaq istəyir.

2020-ci ildəki müharibədə çoxlu sayda üzvü ölən (74 nəfər) və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi əsasən veteranları öz ətrafında birləşdirir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib.

“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.

Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.

Erməni ekspertlər bildirilər ki, baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını nəzərə alaraq “Yerkrapa” təşkilatının buraxılmasında maraqlıdır.

Share on Facebook