Ağsu dolaylarının Şamaxı və Ağsu rayonlarına aid ərazisində yerləşən bir neçə iaşə obyektində silsilə oğurluq hadisələri baş verib.
Sozcu.az saytına daxil olan məlumata görə, gecə saatlarında baş verən hadisələr zamanı naməlum şəxs və ya şəxslər restoranlara daxil olaraq obyektlərə məxsus işıq generatorlarını, samovarları, içkiləri və digər maddi əşyaları oğurlayıblar.
Məlumatda bildirilir ki, hadisə barədə dərhal Şamaxı və Ağsu Rayon Polis Şöbələrinə məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Mənbənin sözlərinə görə, hadisələr əsasən Ağsu dolayları adlanan yolun üzərində fəaliyyət göstərən restoran və istirahət obyektlərində qeydə alınıb.
Qeyd edək ki, son vaxtlar bölgədə bu cür oğurluq hadisələrinin artması sahibkarlar arasında narahatlıq yaradıb.
Ümid edilir ki, yaxın günlərdə cinayətkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.