XXX
Hürufilik fəlsəfi-mistik cərəyan kimi XIV-XVII əsrlərdə Azərbaycan, Anadolu, Suriya və Balkanlarda təsirli olub. Hürufiliyin ana vətəni Azərbaycan olsa da, hürufilik bu diyarda ancaq 50 il təsirli ola bildi. Aralarında Nəiminin qızı Fatma Xatun və müridi Yusifin də yer aldığı 500 nəfərlik hürufinin 1444-cü ildə Təbrizdə qətlə yetirilməsindən sonra Azərbaycanda hər hansı bir hürufi qruplaşması haqqında mənbələrdə məlumat yoxdur. Hürufiliyin ən təsirli olduğu coğrafiya Anadolu olub. Fateh Sultan Mehmetin bir müddət hürufi fikirlərinin təsirində qaldığını nəzərə alsaq, Fəzlullah (qısaca: Fəzl) tərəfdarlarının Anadoludakı təsiri daha yaxşı başa düşülər.
Hürufilər özlərinə “hürufi” demirdi
Hürufilər heç vaxt özlərini “hürufi” adlandırmayıblar. Nə Fəzlullah Nəiminin, nə də müridlərinin əsərlərində belə bir ad keçmir. Bu ad onlara başqaları tərəfindən verilib. Maraqlıdır ki, hürufi cərəyanlarının tarixi Fəzlullah Nəiminin 500 il əvvəl başlayır. İslam tarixində ilk hürufi Müğirə ibn Səid əl-İcli (? - 737-ci il) hesab olunur. Müğirə “ismi-əzəm”i bildiyini və ölüləri bu vasitə ilə diriltdiyini iddia edib. Ona görə, Allahın həm surəti, həm də bədəni var. Onun bədəni Quranın hərflərinə oxşayır. Məsələn, Allahın ayağı “əlif”, gözləri “mim” şəklindədir. Müğirə bu tərz açıqlamalarını ifrat dərəcəyə çatdırıb. Onun fikirlərini məşhur sufilərdən Səhl ibn Abdullah ət-Tustəri (? - 896-cı il) təkmilləşdirib. Tustəriyə görə, Quran hərfləri batın elmindən xəbər verir ki, bunu da ancaq sufilər öyrənə bilərlər. Tustəri Xəllac Mənsurun müəllimi olub və Xəllacın hərflərin sirrini ondan öyrəndiyi qeyd edilir.
İslam fəlsəfə tarixində ilk cərəyan olan “İxvani-səfa" risalələrində də hərflər və rəqəmlər haqqında müəyyən fikirlər səsləndirilib. Məsələn, ixvançılar hər hansı məsələnin məntiqi və fiziki şərhindən əvvəl onu sayı və hərflərinə görə təhlil ediblər.
“Elmi-hüruf” adı altında ilk hürufi təlim Əhməd ibn Əli əl-Buni (vəfatı 1225-ci il) ilə başlayır. Alim bu mövzuda 40-a qədər əsər qələmə alıb. Sehr, cifr, xəvas, vəfk və fal kimi mövzuları dərindən təhlil edib öyrənən əl-Buninin əsərləri özündən sonra xüsusilə də sehr və falçılıqla məşğul olanlar üçün əsas mənbə hesab olunub. İslam tarixində cifr, yaxud əbcəd (ərəb qrafikasına əsaslanan hesab növü - red.) və sehrlə əlaqədar bütün açıqlamaları o sistemləşdirmiş, hətta əsərlərində bunların geometrik təhlillərini aparıb. Fəzlullah Nəimin əsərlərində yer alan 28-32 hərfin və onların sirləri haqqında batıni fikirləri ilk dəfə o səsləndirib.
Hüruf elmi İbn Ərəbinin də əsərlərində tədqiqat obyekti olub. Hətta “əl-Fütuhatül-məkkiyyə” adlı əsərində bu mövzuda o, xüsusi fəsil qələmə alıb. İbn Ərəbinin açıqlamalarının maraq oyandıran cəhəti rəqəmlər ilə hərflər arasında paralellik qurmasıdır. Amma İbn Ərəbi məsələni vəhdəti-vücud çərçivəsində şərh etməklə hürufilərdən ayrılıb.
Fəzlullah Nəimi kim olub?
Nəiminin dəqiq kimliyi məlum deyil. Haqqında ilk tarixi məlumatlar vəfatından təqribən 50 il sonra Makrizi (? - 1442) tərəfindən qələmə alınmış “Ukud fi təracimil-əyanül-mufidə” əsərində yer alır. Müəllif onun “Əstərabadlı bir əcəm” olduğunu yazır. Eyni məlumat Səhəvinin (? - 1497l) “əd-Düvəl-lami” əsərində də təkrarlanıb. Amma Fəzlullah dövrünə ən yaxın mənbə “Şərhi-Mukrizi”dir. Burada onun Təbrizdə doğulduğu qeyd olunub. Lakin ən məşhur tələbəsi və xəlifəsi (burada: keçmişdə molla məktəblərində molla köməkçisi - red.) Əlayyul-Əla mürşidinin “əstərabadlı” olduğunu açıq şəkildə qeyd edib:
Kainatın taxtı Əstərabaddadır,
Çünki, şah, Zatdan üzünü orada göstərdi
(“Tohidnamə”)
“Cavidannamə”də Fəzlullah özündən “Mövlana F” şəklində bəhs edir. Buradakı “F” Fəzlullahın qısaldılmış şəklidir. Müridlərinin əsərlərində isə ustadlarından “həlalxor Seyyid Fəzlullah” olaraq danışılır. Farsça “həlalxor” – “dilinə haram dəyməmiş (halal yeyən)” mənasına gəlir. “Seyyid” olduğu özündən sonra tərtib olunan “Fəzlin şəcərəsi”, “Səlatnamə” və “Bəyanül-Vaki” əsərlərində göstərilib. Burada onun nəslinin İmam Museyi Kazimə (ə.) dayandığı iddia edilir. Amma bu şəcərənin saxta olduğu şübhə doğurmur. Belə ki, Fəzlullah özü haqqında bir çox məqamı açıqladığı halda seyyidliyindən bəhs etməyib. İkincisi, şəcərədə yer alan onun doqquzuncu nəsildən yəmənli babası Seyyid Məhəmməd əl-Yəmaninin kimliyi mübahisəlidir. IX əsrdən etibarən Yəməndə batiniliyin güclü olduğunu nəzərə alsaq, ailənin batini xüsusiyyətlər göstərməsi maraq doğurur. Belə ki, Fəzlullahın babaları sünni olub, hətta atası ölənədək Əstərabadın baş qazısı (“Darul-mömünün”) vəzifəsini icra edib. Atasının vəfatından sonra bu vəzifə ona irsən ötürülüb, uşaq yaşda baş qazı elan olunub. 20 yaşından etibarən ömrünü Fəzlullahın yanında keçiriən və öz mürşidinin həyatını qələmə alan Nəsrullah ibn Həsən Əlinin (məşhur “Xabnamə”nin müəllifi ) də şeyxin seyidliyinə yer verməməsi maraqlıdır.
Fəzlullahın kimliyinə işıq tutacaq faktlardan biri onun babası Əbu Məhəmmədin Təbriz dəricilərindən olmasıdır. Məlumdur ki, XIII əsrdə Təbrizdə dəricilər adlı bir tayfa məskun idi. Dəricilər tayfası öz kimliklərini XX əsrin ortalarına qədər qoruyub saxlamışdı. Hətta XX əsrin ortalarında Təbrizin dəriciləri Nəiminin onlardan olması ilə fəxr edirdilər. Bu tayfa şahsevən boyları arasında yer alıb. Dərici adı tayfanın dəriçiliklə məşğul olması səbəbindən verilib. Bir digər məqam isə Fəzlullah müridlərinin çoxunun türkmən olmasıdır. Hətta Fəzlullah İsfahanda türklərin yaşadığı şəhərin kənar məhəllələrindən olan Tokçi və ya Toqşidə iqamət edib və təbliğatını həmin məhəllənin məscidində aparıb.
Fəzlullah hicri 740-cı ildə (1339/1340) doğulub. Uşaq yaşında atasını itirib. Atasına hörmət əlaməti olaraq Əstərabad xalqı onu elə atasının yerinə qaziül-qazi (qazılar qazısı, baş qazı - red.) elan edib. Hətta atasının köməkçiləri Fəzlulları mədrəsə təhsilini tamamlayandək məhkəmə işlərinə onun əvəzindən özləri baxıblar.
Fəzlin yaxşı mədrəsə təhsili aldığı məlumdur. Bu onun gənc yaşlarında vaxtını ibadətlə keçirməsindən də bəllidir.
Bir beytlə başlayan ilahi axtarışı
Fəzlullah 1357-ci ildə, yəni 17 yaşında olarkən bazarda (və ya mədrəsədə) Mövlana Cəlaləddin Ruminin şeirindən bir beyti eşidir:
Əz mərg çi əndişi çun can-i baka dari,
Dər gur qoca qonci çun nuri-Xuda dari.
(Sətri tərcüməsi:
Səndə əbədilik cövhəri varkən niyə ölümdən qorxursan,
Səndə Allahın nuru varkən hansı qəbirə sığarsan)
Şeirin təsiri altında qalan Fəzlullah yuxarıdakı beytin mənasını müəllimi Mövlana Kəmaləddindən soruşur. Müəllimi bunun ancaq riyazət (Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma - red.) və ibadətlə başa düşüləcəyini bildirir. Fəzlullahın batini aləmə səyahəti bu beytlə başlayır. Mədrəsədə bir ilini riyazət və ibadətlə keçirən Fəzlullah insanların ona münasibətindən narahat olub səyahətə çıxmağa qərar verir. Yolda qarşılaşdığı çobanın yun əbası ilə öz libasını dəyişdirərək piyada Məkkəyə, həccə gedir. Burada diqqət çəkən bir məqam da var: Fəzlullahın çobanla qarşılaşıb onun əbasını alması təsəvvüf tarixində ilk sufilərdən İbrahim ibn Ədhəmin hekayəsi ilə eynidir.
Fəzlin olduqca çətin və ağır həcc səyahəti keçirdiyi qeyd olunur: Əstərabaddan Məkkəyə qədər yolu təkbaşına və piyada gedib, ehtiyaclarını öz fərasəti və bacarığı sayəsində qarşılayıb. Heç kimə əl açmadan həcc ziyarətini tamamlaması sonradan onun bu təcrübəsini müridləri üçün də düstura çevirməsi ilə nəticələnib. Daha dəqiq desək, müridlərindən mütləq bir sənət, peşə sahibi olmalarını istəyib.
Fəzlullah həcc ziyarətini tamamladıqdan sonra birbaşa Xarəzmə gedir. Onun hansi səbəbdən Xarəzmə getdiyi məlum deyil. Lakin Xarəzmdə çox qalmayıb təkrar həccə getmək üçün yola çıxdığı barədə belə bir məlumat var: yuxuda İmam Rzanı (ə.) ziyarət etmək üçün istiqamətini dəyişib əvvəlcə Məşhədə, daha sonra Məkkəyə gedib. Həccdən sonra isə Xarəzmə qayıdaıb. Bundan sonra Nəiminin ömrü növbəli şəkildə Təbriz, İsfahan, Səbzəvar, Yəzd, Damqan, Şamaxı və Bakıda keçib.
Fəzlin yuxuları
Fəzlullahı irşad (doğru yol göstərmə, qəflətdən oyandırma - red.) mərtəbəsinə aparan onun gördüyü yuxular olmuşdu. Bunlardan ilki Xarəzmdə yaşanıb: özünü bir hamamda görən Nəimi hamam qapısının İsa peyğəmbər tərəfindən açıldığını deyib. Əlavə edib ki, İsa peyğəmbər ona bir sual verib: “İslam şeyxlərindən hansı doğru yoldan getdi - Allahdan başqa bir şey axtarmadı, hansı bunun əksini etdi, bilirsən?”. Fəzlullah bu suala “xeyr” cavabı verir. Belədə İsa ona doğru yoldan gedən şeyxlərdən İbrahim ibn Ədhəm, Bəyazidi-Bistami, Səhl ibn Abdullah ət-Tustəri və Bəhlülün adlarını çəkir.
Həmin şeyxlərin sufi olması Fəzlullahın təsəvvüfə yönəlməsinə səbəb olur. Bir müddət təsəvvüflə məşğul olan Nəimi bu yoldan ayrılmaq istərkən ikinci yuxunu görür. Bu dəfə yuxusuna Süleyman peyğəmbər girir. Həmin yuxudan bir gün sonra başqa bir yuxu görür. Bu dəfə yuxusuna girən Hz. Məhəmməd onu yuxu elminin ("röya təvili) sirrindən agah edir...
Yuxu yozan
Fəzlullah Nəimini məşhurlaşdıran və ətrafında çox sayda tərəfdarın toplanmasına gətirib çıxaran da elə onun yuxu yozmaları olub. Gördüyü üçüncü yuxuda peyğəmbərdən “röya təvili” elminin sirlərini öyrənən Fəzlullah yuxu yozmalarına Xarəzmdə olarkən başlayır. Bundan sonra getdiyi hər yerdə yuxuları yozmağa davam edir və bu ona çox sayda tərəfdar qazanır.
Fəzlullahın görülən hər yuxunu doğru yozduğu (açıqladığı) iddia edilir. Bu iddia doğru olmalıdır, ona müraciət edənlər arasında zadəgan ailələrinin çoxluq təşkil etməsi də bunu təsdiqləyir. İsfahanda olarkən isə Fəzlullahın şöhrəti hər yerə yayılır. Şəhərin varlı ailələri, hətta soylu qadınlar onun qaldığı Tokçi məscidinin qapısında növbəyə dayanırdılar. Yuxusunu Nəimiyə danışanlar arasında Şeyx Əbül Həsən ibn Şeyx İbrahim Dəstgirdi, Mövlana Zeynəddin Rəcai, Xacə Saadəddin və onun atası Əfzələddin, Xacəzadə Hafiz Həsən, Xacə Əli Tağı, Əmir Fərruz Günbədi, Seyyid Mahmud Zəndəgi kimi İsfahanın ən tanınmış alimləri yer alırdı. Bundan başqa, Cəlairi hökmdarı Sultan Üveys, onun vəziri Zəkəriyya, divan vəziri (sahibi-sədr) Şeyx Xacə kimi dövlət adamları da onun hüzuruna gəlib yuxularını danışırdılar.
Yuxu yozmalarının müqabilində Fəzlullahın heç bir hədiyyə, yaxud bəxşiş qəbul etməməsi ona olan hörməti və izzəti daha da artırmış, ətrafındakı insanların təqdiri ilə nəticələnmişdi.
Hürufilik elit təbəqənin təriqəti idi
Sovet tarixçiliyində hürufiliyin Əmir Teymur dövrünün yaratdığı sosial və siyasi şərtlər nəticəsində ortaya çıxdığı və zülmə qarşı mübarizə apardığı iddia olunurdu. Halbuki hürufi əsərlərinin heç birində bu dövrün sosial, iqtisadi və siyasi hadisələrindən danışılmır. Üstəlik, hürufiliklə dövrün hadisələri arasında paralelik tapmaq da çox çətindir. Maraqlıdır ki, Teymur dövrünün yaratdığı yeni iqtisadi və ticari şərtlər hürufilərin, xüsusilə də Nəiminin həyatından böyük rol oynayıb. Belə ki, Əmir Teymur ara müharibələri nəticəsində tamamilə süqut edən kənd təsərrüfatının dirçəltmək üçün səylər göstərsə də, əsas diqqətini ticarətə və sənətkarlığın inkişafın yönəltmişdi. Hürufilik də məhz sənətkarlar arasında təsirli olub. Bu səbəbdən iranlı alim Mir Fatrus özünün məşhur “Cünbüş-i hurufiyə və nihzəti-pesihaniyan, nöqtəviyan” adlı əsərində “hürufi” adını məhz “hurfə” (zənaat) sözü ilə izah etmişdi.
“Kürsünamə” adlı hürufi əlyazmasının haşiyə hissəsində Fəzlullahın 1373-cü ilin ramazan ayında “şərii hökmləri təvil elmini” aldığı qeyd olunur. Hicri 776-cı ildə (1374-75) Təbrizdə olarkən “Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməd peyğəmbərdən nida gəldiyinə iddia edir. Bu yuxudan sonra Fəzl özünün uluhiyyət dövrünün başladığını elan etmişdi. Təbrizi tərk edib İsfahana getmiş və burada Qilu dağında bir mağaraya girərək üzün müddət oradan çıxmamışdı. Burada ona Şeyx Həsən Fəxrəddin, Cəlal Burucerdi, Fəzlullah Xorasani, Hüseyn, Əbdül İsfahani, Naini, Dəşti və Mir Şərif kimi ilk müridlər dəstəsi qoşulmüşdü.
Mağaradan çıxıb yenidən Tokçi məscidində qaldığı vaxt (1376-cı il) Muinəddin Şəhristani, Mövlana Məhəmməd, Şeyx Nurəddin Tehraninin oğlu Şeyx İsa, Mövlana Əlaəddin Rəcai və Nəsrullah da mürüdləri cərgəsinə daxil oldular.
Biri istisna olmaqla bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdirməsindən yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və büruz (biruzə - red.)” dövrü adlandırırlar.
Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur.
Sovet dövrünə aid tədqiqatlarda Fəzlullahın məzlum xalq kütlələrinin dərdinə şərik olduğu və hürufiliyin aşağı təbəqədən insanlar arasında yayıldığı iddia edilir. Bu iddia mənbələrdə öz əksini tapmayıb. Əksinə hürufiliyin yuxarı təbəqədən insanlar arasında yayıldığı haqqında kifayət qədər məlumat var. Bir kərə hürufiliyin əsas bazası sənətkarlar sinfi olub Bundan başqa Fəzlullaha qoşulan müridlərin çoxu varlı və soylu ailələrin uşaqları olub, demək olar ki, hamısı yüksək mədrəsə təhsili almışdılar. Fəzlullahın özünün də Təbrizin çox varlı və soylu ailələrdən birinin qızı ilə evləndiyi məlumdur. Dövrün Təbriz üləmasından Xacə Bəyazid də Fəzlullahın müridi idi. Hətta Fəzlullah dövlət adamlarının və ailələrinin sirrini daşıyırdı. Belə ki, Cəlaiiri hökmdarı Sultan Üveysin vəzirinin arvadı öz uşağını Fəzlullaha verərək onu özünə mürid qəbul etməsini xahiş etmişdi. Nəzər alsaq ki, həmin uşaq 14 yaşlı bir qız idi, o zaman yüksək təbəqədən insanların Nəimiyə olan inamı ortaya çıxır. Üstəlik, şeyxin çoxsaylı şərtləri vardı, anası və qızı isə həmin istəkləri könüllü qəbul etmişdilər. Sonralar Fəzlullah bu qızla evlənmişdi. Nəiminin xanımı yaşıl libas geyərək sufi papağı tikməklə uşaqlarını dolandırmışdı.
Mənbələr Cəlairi hökmdar və əmirlərinin şeyxə hörmətlə yanaşdıqlarını birmənalı şəkildə bildirirlər. Hətta Cəlairi hökmdarı Sultan Üveysin Vali Dülək zaviyəsində yerləşən məscidə gəlib şeyxin qarşısında diz çöküb oturduğu, onun əlini öpdüyü və söhbətlərinə qulaq asdığı yazılır. Bu söhbətlərin birində Fəzlullah onun başına təriqətin simvolu olan süfi papağı qoymuşdu. Təriqət anlayışında bu həmin şəxsin müridliyə qəbul edilməsi mənasına gəlirdi.
Fəzlullahın qatili kimdir?
Azərbaycan tarixində Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Mənbələrdə və müridlərinin əsərlərində də bu barədə verilən məlumatlar müxtəlifdir.
Hər şeydən əvvəl, Fəzlullahın 1394-cü il avqustun 28-də edam olunduğu dəqiqdir. Çünki bütün hürufi mənbələri həmin tarixi xüsusi olaraq qeyd edirlər. Müridləri də onun hicri 796-cı ildə, zilqədə ayının ilk cümə günü edam olunduğunu dəqiqliklə göstəriblər, həmin tarixin müqəddəs olduğunu əbcəd hesabları ilə müxtəlif şəkillərdə vurğulayıblar. Bundan başqa, Fəzlullahın Şamaxıda həbs olunub Naxçıvanda edam edildiyi bildirilir. Lakin şeyxin öz vəsiyyətnaməsini Bakı zindanında yazdığını nəzərə alsaq onun bir müddət burada həbsdə saxlanıldığı aydınlaşır. Öldürülməsinin səbəbləri və öldürülməsi haqqında fətvanın kimin tərəfindən verildi isə mübahisəlidir.
Müridlərinin əsərlərində şeyxin qatili kimi Əmir Teymurun oğlu Miranşahın adı hallanır və hürufilər ondan hər zaman "Maranşah" (anlamı: İlan şah) kimi bəhs edirlər. Lakin Miranşah adının Qaraqoynlular dövründən etibarən hürufi mənbələrində özünə yer etdiyi aydındır. Bu da qaraqoyunlular ilə Miranşah arasındakı düşmənçiliyin ifadəsi sayıla bilər. Hətta bəzi hürufi risalələri şeyxin başını məhz Miranşahın özünün kəsdiyini və atası Teymura göndərdiyini iddia ediblər. Ancaq bu iddialar tarixi faktlarla təsdiqini tapmır. Çünki qeyd olunan tarixdə nə Əmir Teymur, nə də Miranşah Naxçıvanda olmayıblar. Belə ki, həmin tarixdə (1394-cü ilin avqustunda) Əmir Teymur və oğlu Miranşah Suriya səfərini tamamlayaraq Ərzincana gəlmiş, buradan da Gürcüstana səfər etmiş, sonra Şəkiyə qayıtmış, oradan da Qızıl Orda xanı Toxtamışın üstünə getmişdilər. Yəni nə Teymur, nə də Miranşah Fəzlullahın edam edildiyi vaxt Naxçıvanda olmayıblar.
Başqa bir iddiaya görə, Fəzlullah Əmir Teymura yazdığı nəsihət xarakterli məktubuna görə həbs olunub və Səmərqənd üləmasının fətvası ilə edam edilib. O da deyilir ki, Səmərqənd din alimləri belə bir fətva verərkən 1198-ci ildə edam olunmuş bir zındığa (böyük ehtimalla, Şihabəddin Sührəverdi nəzərdə tutulur) kəsilən hökmü əsas alıblar. Lakin şəriət hüququ baxımından bu iddianın doğru olması mümkünsüzdür. Çünki İslam hüququnda təqsirləndirilən şəxsə qiyabi fətva verilmirdi. Qısası, Səmərqənd alimlərinin Nəimini mühakimə etmədən ona ölüm hökmü çıxarmaları ağlabatan deyil.
İddialar arasında ən gülüncü isə Fəzlullahın Şirvan qazısı Bəyazidin fətvası ilə edam olunmasıdır. Halbuki Qazı Bəyazid şeyxin dostu idi və Nəimiyə dərin hörmət bəsləyirdi. Bəyazid xəstə olduğu vaxt Fəzlullah onu ziyarət etmiş və bu ziyarət zamanı qazı yuxudaykən öldüyünü ona danışmışdı. Qazının yuxusunu yozan Fəzlullah yuxuda Bəyazidin deyil, özünün ölümünə işarə olduğunu bildirmişdi. Həmin hadisədən qısa müddət sonra isə şeyx Şamaxıda həbs olunmuşdu.
Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi yazılıb. Həqiqətən də bütün iddiaları gözdən keçirdikdən sonra Fəzlullahın öldürülməsi haqqında fətva verən və həmin hökmü icra etdirən hökmdarın Şirvanşah İbrahim olduğu aydınlaşır. Fəzlullahın Naxçıvanda Əlincə qalası yaxınlığında edam olunduğu, edmadan öncə isə mühakimə edildiyi bildirilir. Lakin onun öldürülməsi haqqında heç bir şəriət hökm yoxdur. Əgər həqiqətən də Nəimiyə şəriət məhkəməsi qurulsaydı, mənbələrdə bu barədə kiçik də olsa məlumat tapılardı.
Bəzi mənbələrdə Fəzlulahın fətvasının Əli Simai Əstərabadi tərəfindən verildiyi iddia olunur, amma bu da ağlabatan deyil: həmin şəxs din adamı yox, Əmir Teymurun elçilərindən biri idi.
İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiası ilə şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzun müddətli mühakimə prosesindən keçiblər. Həllac Mənsur və Şeyx Bədrəddinin məhkəmələrində olduğu kimi bir çox halda şəriət alimləri məhkumu dini baxımından günahkar hesab etməyiblər, onların öldürülməsinə razılıq verməyiblər. Belə şəxslərin edamı şəriət hüququna görə deyil, örfi (ənənəvi, dövlət) hüququna görə icra olunurdu.
Fəzlullahın şəriət məhkəməsinin olmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən önəmlisi belədir: din alimləri Nəiminin fikirləri haqqında heç bir məlumata sahib deyildilər. Birincisi, Fəzlullahın uluhiyyətini elan etdiyi tarixlə edam olunduğu tarix arasında sadəcə 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd üləmalarının) həmin fikirlərə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah əsərlərini gorani (gürgan, qorqan da deyilir) dilində yazdığından üləmaların onları oxuması ağlabatan deyil. İkincisi, Fəzlullahın kitablarını müridlərindən savayı kimlərinsə ayırd edə bilməsi mübahisəlidir.
Qeyri-hürufi mənbələrdə Fəzlin fikirləri haqqındakı açıqlamalar həddən artıq səthidir. Digər tərəfdən, Fəzlullah ölərkən onun müridlərinin toplam ümumi sayı təxminən 400 idi. Bu qədər məhdud sayda kütlənin Teymur üçün təhlükə yaratmaq ehtimalı çox azdır. Ən əsası sə din alimlərinin Fəzlullaha hörmət və ehtiramla yanaşmasıdır. Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər dövlətinin hökmdarı Şah Şüca belə, Nəimiyə bir fiqh əsəri belə yazdırmışdı.
Qısası, Fəzlullahın ölüm fərmanının şəriət hökmü ilə deyil, örfü hüquqa (dövlət hüququna) əsasən Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi aydınlaşır.
Öldürülməsi haqqındakı şişirdilmiş məlumatların əksinə olaraq, Fəzlullah boynu vurularaq edam edilib. Meyitinin at quyruğuna bağlanaraq ibrət olması üçün Naxçıvan şəhərinin küçələrində yerdə sürüldüyünü isonralar onun müridləri bildiriblər. Halbuki bunun üçün şeyxin meyiti əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, daha sonra yenə müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Bir sözlə, həmin bu iddia özünü doğrultmur, çünki edam olunduqdan sonra şeyxin meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Avropalı müasir tarixçilərin bəziləri isə Nəiminin edamından altı ilə sonra (1401-1402-ci illərdə) meyitin qəbirdən çıxarılaraq yandırıldığını yazıblar. Başqa bir iddiaya görə isə öldürülməsindən altı il sonra Nəiminin qəbri açılıb və cəsədi indiki məzara köçürülüb. Lakin qəbrin açılması və meyitin yandırılması haqqında iddialar da təsdiqini tapmayıb.
Fəzlin öldürülmə səbəbi nə idi?
Fəzlullah şəriətə görə öldürülmədiyinə görə, onun edamı siyasi mahiyyət kəsb edir. Amma mənbələr siyasi səbəblərə toxunmayıblar. Fəzlullahın edamına səbəb olacaq bizə görə iki siyasi səbəb vardı. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx İbrahimin düşmənləri ilə güclü əlaqələrə sahib olub. Belə ki, şeyxin Cəlairi, Müzəffəri, Qızıl Orda və qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Adları çəkilən dövlətlrin hamısı həm Əmir Teymurun, həm də Şeyx İbrahimin qatı düşmənləri olublar.
Qənaətimizcə, ən mühüm siyasi səbəb Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibətdir. Belə ki, Fəzlullah Şamaxıda olduğu zaman gördüyü bir yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istəyib. Mənbələrdə bu məsələ çox açılmır. Amma şərqşünas Helmut Ritter və Ş. Bəşir üstüörtülü şəkildə Fəzlullahın bu qohumluqla öz dini missiyasını siyasi hərəkətə çevirmək niyyətində olduğunu iddia edirlər. Bunu Fəzlin və müridlərinin həmin vaxt gördükləri siyasi məzmunlu yuxular təsdiq edir. Belə ki, bu tarixdə şeyxin və müridlərinin yuxularında “əli qılınclı Əli tərəfdarları”ndan bəhs edilir.
Əmir Teymur qarşı Cəlairi, Qaraqoyunlu və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx İbrahimi narahat etməli idi. Belə aydın olur ki, Şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam olunması faktı bunu təsdiq edir. Çünki həmin vaxt Əlincədə vuruşanlar cəlairilər idi.
Burada bir məsələ də diqqət çəkir. Nə həbs, nə də edam edilərkən Nəimi etiraz etməmiş, haqqı çatdığı halda məhkəmə qurulmasını istəməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və etirazının əhəmiyyətsiz olduğunu bilirdi.
Edam olunarkən Nəiminin 56 yaşı vardı. Müridləri onun Naxçıvan-Culfa yolu üstündə yüksək bir təpədə basdırıldığını iddia ediblər. Həmin yerin Əlincə qalası yaxınlığında olduğu bildirilir.
Lakin bəzi hürufi mənbələrində isə qəbrin Təbriz ilə Əstərabad arasında Əlincə adlı bir qəsəbədə olduğu yazılıb.
Türkiyənin Əli Əmiri kitabxanasının farsca əlyazmalar şöbəsində yer alan anonim bir risalədə isə Nəiminin qəbrinin yanında daha iki məzarın olduğu bildirilir. Həmin qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri də naməlum bir hürufiyə aid edilir.
Risalədə, həmçinin, Nəimiyə məxsus qəbrinin qara, Əliyyul-Əlaya məxsus məzarın yaşıl, naməlum qəbrin isə qırmızı daşdan hörüldüyü bildirilir.
Fəzlullahın ailəsi
Hürufi əlyazmalarından (“İstivanamə”) və tarixçi İbn Xacər Askalaninin əsərindən Fəzlullah Nəiminin sadəcə bir dəfə evləndiyi və bu evlilikdən də 7 uşağının olduğu aydınlaşır. Övladları Nurullah, Kəlimullah, Salamullah, Fatma Xatun, Bibi Xatun, Ümmül Kitab və Fatihül Kitab adını daşıyıblar.
Fəzlullahın edamından sonra uşaqların qayğısına Dərviş Hüsaməddin adlı müridi qalıb. Övladlarının Təbrizdə yaşadığı bildirilir. 1423-1425-ci illər arasında Təbrizdə yayılan vəba nəticəsində Fatma Xatun istisna olmaqla, onların hamısı "qara ölümə" yoluxaraq ölüblər.
Fatma Xatun, iddia olunduğu kimi, İmadəddin Nəsimi ilə deyil, Fəzlullahın özündən sonrakı xəlifəsi Əlayül-Əla ilə evlənib. Əliyul-Əla hürufi məfkurəsinin əsas banisi və bu təriqəti Anadoludan yayan şəxs sayılır. Onun 1419-cu ildə Naxçıvanda öldüyü və mürşidinin yanında dəfn olunduğu bildirilir. Fatma Xatun isə 1444-cü ildə Təbrizdə hürufi qətliamı zamanı öldürülmüşdü.
Sonrakı dövrlərdə hürufiliklə bağlı danışılarkən Nəiminin soyundan olan bir nəfər barədə də geniş bəhs edilir. Bu şəxs Fəzlullahın bacısı oğlu və ya nəvəsi kimi təqdim edilir. Adının Xacə Ədudəddin olduğu deyilən həmin şəxsin 1427-ci ildə Əmir Teymurun oğlu Mirzə Şahruh tərəfindən edam edildiyi bildirilir. Xacə Ələddinin Teymurlu hökmdarı Mirzə Şahruxa qarşı sui-qəsdə iştirak etdiyi isə elə Teymurlu əmirləri tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxmışdı.
Nəiminin əsərləri
Nəiminin xeyli əsəri var. Onların çoxu günümüzədək gəlib çatıb və dünyanın müxtəlif kitabxanalarında qorunur.
“Arşnamə-i ilahi”. Uzun illər boyunca bu əsər Nəiminin tələbəsi Əliyül-Əlaya aid edilib. Lakin sonda onu Fəzlullahın yazdığı dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılıb. Bir çox müəlliflər onu Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstərirlər.
“Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığına, 1394-cü ildə Şamaxıda olarkən isə onun üzünü köçürdüyünə dair məlumatlar var. Goranicə qələmə alınıb. Beşi Türkiyədə, ikisi İngiltərədə olmaqla 7 əlyazması mövcuddur.
“Məhəbbətnaməyi-İlahi”. İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb.
“Növnamə”. Üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var.
“Nəimi Divanı”. Bu divanın iki nüsxəsi qalıb. Hər iki nüsxə Türkiyədə, Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da, şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Üstəlik, divanda hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt və 2 tərcidən ibarətdir. Ümumilikdə 70 beytdən ibarətdir.
“Fiqh”. Dəqiq adı məlum olmayan bu əsəri Fəzlullahın Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər hələlik tapılmayıb.
“Ənfüsu Afak”. Fəzlulaha aid edilən bu əsərin də aqibəti bəlli deyil.
“Vəsiyyətnamə”. Fəzlullah Nəiminin bu əsəri Bakıda, zindanda olarkən yazdığı qeyd olunur. Günümüzədək 3 nüsxəsi qalıb. Onlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur.
Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə Dürr-i Yetim adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var.
Müəllif: Əkbər Nəcəf