Harvard Universitetində çalışdığım zaman tanınmış ilahiyyatçılardan biri məni maraqlı bir tapıntı ilə tanış etdi.
Onun bir həmkarı Məhəmməd peyğəmbər dövründən etibarən, yəni 7-ci əsrdən başlayaraq 9-cu əsrədək təxminən 25 min sayda ərəbcə yazılan mətnlərin sadəcə başlıqlarının monitorinqini keçirmiş və müəyyən etmişdir ki, həmin başlıqlarda "islam" sözünün sayı zaman keçdikcə artmağa, başlıqlarda "Allah", "iman" sözləri isə xeyli azalmağa başlayır.
Bu say azalması kifayət qədər ironikdir, çünki peyğəmbərdən sonrakı müsəlmanlar “İslam”ı daha çox ideoloji baxımdan qavradıqlarına görə, diqqətin "Allah"dan və "iman"dan siyasi məzmun səmtinə yayındığını göstərir.
Gəlinən nəticə və tarixən də təsdiqlənən həqiqət ortaya çıxarmış olur ki, "İslam" ilkin yayılmağa başladığı dövrdə xüsusi bir dinin adı deyilmiş. Çünkü Oxu informasiyasına görə, Yazı əhli - yəhudilər, xristianlar faktiki olaraq ümumilikdə İslamın - tərcümədə "təslimolma" deyilən bu dinin içindədirlər. Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur.
Əslində, ənənəvi müsəlmanların İslamı tarixi-siyasi qəliblərə salaraq və fərqli din anlamında mütləq həqiqətlərə iddiaçı bir sistemə çevirərək üstün mahiyyətdə təqdim etməsi bəlli tarixi-siyasi səbəblər üzündən baş vermişdir.
Nəriman Qasımoğlu