"Mən şəhid olacağam" - Xeybər Göyyallının hekayəsi

82ae24a467dd2f38dd2cca63a90a1fd4.jpg

Birinci Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərimin ruhuna bağışlayıram.

Bədirlənmiş ayın işığı sanki gecəni gündüz etmişdi.. Göy üzündən qara torpağın üzərinə işıq süzülürdü. Adamın gecə olduğuna inamı gəlmirdi. Təpədə qazılmış səngərdə uzanmış əsgərlərin sifəti ayın işığında parıldayırdı. Gecəyarısı olmasına baxmayaraq, ətrafda olan hər şey əl içi kimi görünürdü. Səngərdə üzüqoylu uzanmış əsgərlərdən biri yaxınlıqdakı kirpinin neçə ot qırpdığını belə sayırdı. Önər isə avtomatını sağ böyürünə qoyub arxası üstə uzanıb xeyli vaxt idi ki, göylərə baxırdı. Göy üzündə bir ulduz belə gözə dəymirdi. Önər qəfildən dedi:

-Bu axşam ölən olmayacaq.

-Hardan bildin?,- deyə səngər yoldaşı Umud dilləndi.

Önər indiyə qədər onda görünməmiş bir təmkinlə danışırdı:

-Görmürsən, elə bil gündüzdü, göydən axan işıqda kitab oxumaq olar.

Səngər yoldaşı Önərin sözlərini ciddiyə almadığından ona sözünü bitirməyə imkan vermədi:

-Deyəsən, göy üzündə fala baxırsan. İndicə dedin ki, aylı gecələrdə adam ölmür.

Önər səngər yoldaşının sözündən təmkinini pozmadı:

- Eşitməmisən, deyirlər ki, göydə hərənin bir ulduzu var, insan öldüyü vaxt ulduzu da yerindən oynayır, harasa axıb gedir. Bu axşam heç kəs ölməyəcək, çünki göy üzündə bircə ulduz belə görünmür.

Umud özünü çoxbilmiş göstərərək:

- Burda nə var ki, bilmirsən, deyim. Ayın gur işığında ulduzlar görünmür, bu gün göydə ulduz görünmür, səhər axşam görünər.

Önər yoldaşının dediyinə gülümsəyərək ,-İndi sən deyirsən ki, insan ömür-gününü kitablarda yazılan kimi qurmalıdı, kitabda nə yazılıbsa ona inanmalıdı ?- deyə sual etdi.

Səngər yoldaşı Önərin bu sözündən sanki bir az da cəsarətlənərək:

-Kitabda yazılan elmdir, hər şey elmi sübutlara söykənir. Sən elmə inanmırsan?- ritorikasını bir qədər dəyişərək dedi.

Önər üzünü Umuda tərəf çevirərək -Mən elmin əleyhinə deyiləm, elm artıq göyləri də fəth edib, ancaq...- fikrini tamamlaya bilmədi.

Umud tələsik onun sözünü kəsdi:

-Amması, ancağı yoxdur, elm dəqiqdir, dürüstdür, iki vur ikidir. Sən dediyin isə nağıldır.

Umud səhərdən irəli-geri, sağa-sola var-gəl etsə də, Önər hələ də arxası üstə uzanıb göylərə baxırdı.

-Sən deyən kimi olsun, mən deyənləri nağıl say. Ancaq bu nağıl saydıqlarında da nəsə var, ya yox? Heç sənin ürəyinə nəsə əvvəlcədən dammır? Mən ölümümü bilirəm. Mən şəhid olacağam.Mən neçə ildir ki, bunu gözləyirəm. Gözləyirəm deyəndə, bunu istəyirəm.

Önərin sözləri Umudun əhvalını tamam alt-üst etdi:

-Gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən danışmağa,-Umud qəhərlənərək dilləndi.

Umud birtəhər olmuşdu:

-Ə, dur ayağa, deyəsən, gözünü göyə zilləyib fala baxırsan.

Önər üzü göyə baxa-baxa danışırdı:

-Eşitdin, o günü şəhid olanları Sumqayıtda dəfn ediblər...

Umud əsəbiləşərək yenə onun sözünü kəsdi:

-Bəs harda dəfn etməli idilər, yəqin, valideynləri orada yaşayır,- həyəcanla dedi.

Umudun əhvalı Önərə təvafüt etmirdi:

-Mən gecə-gündüz Göydağda şəhid olmaq barədə düşünürdüm. Həmişə fikirləşirdim ki, şəhid olacam, qapımizdakı dağdağanın dibində qara çırağın işığında, kəndimizin bulağının suyunda yuyulacam , elə öz qəbiristanlığımızda da dəfn olunacam. Belə baxıram qismət olmayacaq, qəlbimə damıb ki, uzaqlarda şəhid olacağam, məni də Sumqayıtda dəfn edəcəklər.

Umud -Ə, sən nə qorxaq adamsan, nə başlamısan şəhid olacam, öləcəm. Nə olub sənə, niyə belə edirsən? Bizim işimiz hələ çoxdu. Biz döyüşüb kəndimizi almalıyıq, sən də başlamısan vay-şüvənə ,- əsəbi halda dedi.

-Umud, sən heç ölümün barədə fikirləşmirsən?-Önər soruşdu.

-Elə belə də. Hərdən fikirləşirəm ki, ermənilər uzaqdan nəsə atar, gəlib dəyər,- Umud bir qədər soyuqqanlı halda cavab verdi.

Umudun belə soyuqqanlı danışması Önərin heç ürəyincə olmadı:

-Bəs harada dəfn olunmaq istərdin?,- dedi.

Umud əlini havada yelləyərək,- nə fərqi var, öləndən sonra harada dəfn olunmağın,- deyə dilucu cavab verdi.

-Umud, sən öz canın, Sumqayıtda dəniz qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq bırdir?- Önər səsini bir qədər qaldıraraq soruşdu.

Umud Önərin sözlərindən dilxor olmuşdu.

-Ə, nə fərqi, öldün, qurtardı. Göydağda dəfn olunsan, nə dəyişəcəkdi?- Umud sanki üzülmüş halda dedi.

-Fərqi yerdən göyə, Sumqayıtdan Göydağa qədərdi. Bu fərqi bilmirsənsə, sən onda heç göydağlı deyilsən. A kişi, dənizin qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq birdir? Sumqayıtın küləyi ilə Göydağın küləyi eynidir, yağış yağanda Sumqayıtda olmusan? Sumqayıtda külək əsəndə evin içində durmaq olmur. Göydağda külək olmur, Göydağda meh əsir. Sumqayıtda külək əsəndə dənizin suyu hara qalxır, su asfalta qədər gəlir... Yenə sayım fərqini...- Önər səsi titrəyərək dedi.

-Önər, gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən, başqa söz bilmirsən danışmağa,- Umud məyus halda dedi.

Önər üzünü Umuda tərəf tutaraq-Umud, səndən bir şey də soruşum, görüm biləcəksən? - dedi.

Umud mızıldanarq – onsuz da, dayanmırsan ki, səhərdən elə danışırsan...

Önər:

-Heç fikirləşmisən ki, Göydağda niyə güclü külək əsmirdi?

Umud tərəddüdlə cavab verdi:

-Yəqin, dəniz yox idi, ona görə.

Önər:

-Dənizin küləyə nə dəxli, dənizin özünü külək oynadır.

Umud bir qədər ürəklənərək- heç özün də bilmirsən,- dedi.

Önər dedi:

-Ona görə ki Göydağ dağların arasında idi. Külək düzən yerdə cövlan edir.

Önərin sözünün qabağında söz deyə bilmədiyindən Umud kirimişcə gözlərini uzağa zilləmişdi.Umudun susduğunu görən Önər söhbətinə davam etdi:

- Umud, bax sənə bir söz deyirəm, bunu yadında yaxşı saxla. İndi sənə dediyim bu sözü məqam düşəndə göydağlıların hamısına deyərsən. İnsan başqa bir yerdə, yad bir torpaqda var-dövlət, pul-para qazanar, lap milyarder ola bilər, ancaq xoşbəxt ola bilməz. Çünki hara getsən, yad sayılacaqsan, başıaşağı, gözüqıpıq olacaqsan. Dədə-babamız elə belə deməyib ki, daş düşdüyü yerdə ağır olar. Bizim kənddə də belə olub. Kənardan gələnlərə gəlmə deyiblər.Yadında olar, qarğış edəndə deyirdilər ki, yurdun gəlmə Məmmədin yurdu kimi boş qalsın. Bizim dərd-bəlamız hələ bundan sonra gələcək

Önərin danışmağa sözü çox idi. Ancaq Umud bu sözlərdən yorulmuşdu. Baxdı ki, Önər söhbətin mövzusunu dəyişmir, özü səngərdən bir qədər aralanıb irəliyə getdi. Beş-on dəqiqədən sonra qayıdan Umud, Önərin yuxuladığını görüb, asta addımlarla səhərdən gözünü düşmən səngərinə zilləyən əsgər yoldaşlarının yanına getdi. Balacaboy, ancaq həmişə səliqəli geyimi ilə yoldaşlarından seçilən əsgər Umudu görən kimi pıçıltı ilə-tayqulaqlar neçə gündür ki, dayanmırlar, nəsə edirlər, aparırlar-gətirirlər, nəsə hazırlaşırlar,-astadan dedi. Umud sanki onun nə dediyini eşitmirdi, bu səbəbdən ağzını açıb bir kəlmə demədi.

Gözünü düşmən tərəfə zilləmiş əsgərlər bayaqdan yuxulamış Önərin səsinə diksinib onun uzadığı yerə sarı qaçdılar.Önər uzandığı yerdən qəflətən sıçrayaraq-nə baxırsınız, görmürsünüz evimiz yanır, -hövlanək dedi.

Balacaboy əsgər Önərin bu halından qorxaraq- buna nə oldu, yəqin, yatdığına soyuq oldu, xəstələndi,- Önərə yaxınlaşaraq dedi.

Umud Önərin əlindən tutub məyus halda dilləndi:

-Yuxu-zad görməmisən, niyə belə edirsən?

Önərin üz-gözünü soyuq tər basmışdı, bədəni titrəyirdi, dodaqları əsirdi. Umud onun gözünün içinə baxaraq,- Özünü ələ al görək, yekə kişisən, nə olub sənə, burda nə var ki, -dedi.

Önər bir qədər toxtayaraq-yuxuda gördüm ki, evimiz yanır, kənddə heç kim yoxdur, camaat da yığışıb Hacıyurdundan tüstüsü ərşə qalxan evimizə tamaşa edirlər.Yadımdadır, kənddə arvadlar deyirdilər ki, yuxuda evin yanmasını görmək yaxşı şeydən xəbər vermir. Elə ən ağır qarğış da evlə bağlı olardı. Biri birinin pis gününü istəyəndə deyərdi:”Allah sənin evini yıxsın!”. Umud, yəqin, bu günlərdə şəhid olacağam,- duruxa-duruxa dedi.

...1994-cü ilin apreli idi. Lələtəpədə şiddətli döyüşlər başlamışdı.Önərin ağlına gələnlər başına gəldi. O, Göydağdan uzaqlarda- Lələtəpə döyüşlərində şəhid oldu. Özü də səngərdə yox, qızğın və şiddətli döyüşdə. Hiyləgər düşmənin mövqeyinə hücum etdi. Düşmənlə otuz-qırx metr məsafədə üzbəüz vuruşdu. Səngərdən başını qaldırıb avtomatın güllələrini ətrafa səpələyən iki nəfəri qanına qəltan etdi. Hündür təpənin başında marıxda dayanaraq döyüşü izləyən məkrli düşmən Önəri hədəf almışdı. Uzaq məsafədən Önərin döyüşə-döyüşə səngərə yaxınlaşdığını izləyən düşmən snayperçiləri onu vurdular.

Önər Sumqayıtda, dəniz sahilindəki Şəhidlər Xiyabanında dəfn olundu.

23.10.2023.

Xeybər Göyyallı

Share on Facebook