Məsuliyyətsiz sürücülər, ölüm saçan sürət...
Yüksək sürətlə vətəndaşları təhlükəyə atan sürücülərə nəvaxtsa "dur"deyən olacaqmı?
Çox ciddi və aktual mövzuya toxunacağam. Öncə onu deyim ki, xəbər saytlarında belə bir ürək ağrıdan məlumat oxudum.
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər 30 saniyədə bir, hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir." Bu xoşagəlməz hal əsl dəhşətdir.
Yol qəzalarının əsas səbəbləri isə sürət həddini aşmaq, sərxoş halda avtomobili sürmək, diqqətsizlik və texniki nasazlıqlardı. Deməli, hər il çoxlu sayda insan yol qəzalarında həyatını itirir. Təəssüf olsun.
Eləcə də hər il piyadaların vurulması ilə nəticələnən neçə-neçə yol-nəqliyyat hadisələri baş verir. Baş vermiş hadisələrdə ağır xəsarət alan piyadalar isə həyatını itirir.
Yeri gəlmişkən, başıma gələn bir hadisə haqda fikirlərimi bölüşmək istəyirəm.
Bu gün-iyulun 13-də dünyaya ikinci dəfə gəldim. Demək olar ki, saniyələr məni böyük qəzadan qorudu. Allahın rəhminə şükürlər olsun. Allah həqiqətən çox mərhəmətlidir.
Çox sevdiyim Allah, SƏN məni çox sevirsən!
Mənə qıymadın, minik maşını həyatıma son qoya bilmədi. Demək olar ki, saniyələr məni həyata qaytardı. Şükürlər olsun Sahiblər Sahibinə, Allahın böyüklüyünə, varlığına...
Həmişə evdən çıxıb harasa gedəndə sevgi dolu Allaha şükranlıq duaları edirəm!
Heç demə saniyələr insanı ölümdən ayıra bilirmiş. Yerin-Göyün Sahibi çox sevdyim Allaha şükürlər olsun! Çünki üzləşdiyim yol-nəqliyyat qəzasından rəhmli Allah məni qorudu. Bir daha şükürlər olsun Allaha!
Günün ikinci yarısında, Bakının "Varovski dairəsi" deyilən ərazidə, (səhv etmirəmsə Azadlıq Prospekti) yerüstü piyada keçidindən keçərkən təxminən saat 5-də sürətlə hərəkətdə olan "Jeep" markalı qara rəngli avtomobilin xanım sürücüsü çox az qalmışdı ki, sevdiyim bu gözəl həyatda həyatımı əlimdən alsın.
Qeyd edim ki, həmin vaxtda işıqforda qırmızı işıq yanırdı hətta. Bu qədər də məsuliyyətsiz sürücü olarmı? Piyada keçidindən qaydalara uyğun olaraq istifadə edən vətəndaşlara qarşı hər hansı sürücü niyə təhlükəli anlar yaşatmalıdır?
Sürücülər vətəndaşların həyatı ilə nə üçün oyun oynamalıdır? Bu, heç də yaxşı hal deyil. Avtomobilin sükanı arxasında əyləşən bütün sürücülər çox diqqətli və çox məsuliyyətli olsun gərək. Vurğulayım ki, əks halda həm sürücüyə və həm də yolu keçən vətəndaşların həyatına təhlükə yaranır.
Belə xoşagəlməz halların birində saniyələr məni böyük təhlükədən qurtardı. Məsuliyyət hiss etməyən xanım sürücünün mənə yaratdığı təhlükə baxımından elə gərgin anlar yaşadım ki... Sarsıntı keçirtdiyim üçün avtomobilin nömrəsini də untdum.
Çünki həyatımı təhlükəyə atan xanım sürücü minik maşınını elə böyük sürətlə idarə edirdi ki... Çox-çox təəssüflər olsun.
Həyat doğrudan da çox qəribədir. Şahid oldum ki, heç demə hətta bir neçə saniyə insan həyatında çox-çox böyük rol oynaya bilirmiş. Məsuliyyətdən uzaq olan sürücülər, yol-hərəkəti qaydalarına ciddi əməl edin ki, insanların həyatına son qoymayın, onların ömrünü-gününü əllərindən almayın.
Xüsusilə də piyada keçidləri olan ərazilərdə sürücülər avtomobili mütləq aşağı sürətlə idarə etməlidirlər. Sürət həvəskarı olan sürücülər, avtomobili yüksək sürətlə idarə edib özünüzə də, piyadalara da çətin anlar yaşatmayın, təhlükə yaratmayın.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist