Bolşeviklərin xatirələrində: Nəsib bəy Yusifbəyli

Bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəy Yusifbəyli adına bir çox yerdə rast gəlmək olar. Əslində bu mövzunun özü geniş bir tədqiqat və araşdırma mövzusudur. Azərbaycan istiqlal fikrinin ilk dəfə nəzəri əsaslarını müəyyən etmiş və bu istiqamətdə əməli işlərə başlamış Nəsib bəy Yusifbəyli bolşeviklərin gözündə əsas tənqid hədəfində olmaqla, həmçinin bolşevizmin sarsılması istiqamətində real işlər həyata keçirirdi. Bu səbəbdəndir ki, bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəyə qarşı dərin nifrət duyğuları nəzərə çarpır. Milli dövlət konsepsiyasından çıxış edən və hər zaman istiqlal fikrini əsasa alan Nəsib bəy Yusifbəyli istiqlaliyyətimizin əldə edilməsi və qorunması yolundakı 4 illik səmərəli fəaliyyətinin bədəlini öz canı ilə ödəmişdir. 

Bolşevik Həmid Sultanov " Oktyabr Azərbaycanda" adlı xatirəsində qeyd edir ki, Qafqaz Müsəlmanlarının Qurultayının (  1917-ci il aprelin 15-20-də Bakıda keçirilib)  əsas məsələsi öz müqəddəratını tə’yin etmək məsələsi idi. Qurultay tələb edirdi ki, müstəqil dövlət 

yaradılsın, həm də onların proqramı Qafqazı, Krımı və qismən Volqaboyunu əhatə edirdi. Nümayəndələrdən biri, Nəsib 

bəy Yusifbəyov, üzərində yaşıl ləkələr olan etnoqrafik xəritəni gözü yaşarmış halda, ağzı köpüklənə-köpüklənə 

toplaşanlara göstərərək izah edirdi ki, yaşıl ləkələr müsəlmanların məskun olduğu yerlərdir. O, təşkil olunmuş «Türk 

ocağı»( Türk Ədəmi Mərkəziyyət Partiyasını nəzərdə tutur)adından deyirdi ki, müsəlmanlar Rusiyadan ayrılmaq istəyirlər; o, hamını yaşıl bayraq altına toplaşmağa çağırırdı.

Bu zaman Nəriman Nərimanov tribunaya qalxaraq, aşağıdakı sözlərlə qurultaya müraciət etdi: «Zəhmətkeş 

müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa 

heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz». Bu sözlərdən sonra qurultayda bərk səs-küy qopdu. 

Bolşevik xatirə ədəbiyyatında digər bolşevik nəşrlərə xas aşağılayıcı sözlərə geniş yer verilir. Bunun səbəbi bolşevik liderlərin söz bazasının kasadlığı ilə yanaşı, nifrət "duyğularından" doğurdu. Amma Nəsib bəyə və onunla birlikdə Azərbaycan istiqlaliyyəti uğrunda mübarizə aparan simalara qarşı aşağılayıcı, əks fikirlərlə yanaşı bir sıra məqamlar düşmənlərin dili ilə ifadə olunsada, Nəsib bəyin dövri hiss və duyğularına, müdafiə etdiyi fikirlərdəki prinsipiallığına, məqsəd və məramındakı səmimiyyətə işıq salır. Həmid Sultanov öz xatirəsində qeyd edir ki, Nəsib bəy Qurultayda etnoqrafik xəritəni gözü yaşarmış təqdim edirdi. Əlbəttə bunu Nəsib bəyin dostlarından, mübarizə yoldaşlarından biri yazsa idi, düşünülərdi ki, şişirdir. Amma bu sətirlər Nəsib bəyə və onun məfkurəsinə düşmən kəsilmiş Həmid Sultanova məxsusdur. Həmid Sultanova aid bu sətirlərdən məlum olur ki, Nəsib bəy Qurultayda Rusiya müsəlmanlarından danışarkən, onların yaşadığı yerləri göstərərkən gözləri yaşarıbmış, həmçinin qeyd edir ki, Rusiyadan ayrılmaq istəyirlər. 

Həmid Sultanov yenə qeyd edir:

Biz fəhlə məsələsinin ört-basdır edilməsi əleyhinə e’tiraz edərkən, o zaman hazırkı müsavatçıların adından Nəsib bəy 

tribunaya qalxdı, Qafqaz etnoqrafik xəritəsini əlində tutub bağıra-bağıra yaşıl ləkələri göstərərək dedi: «Siz burada... hansı 

məsələləri qaldırırsınız. Əvvəlcə millətin məsələsini həll etməliyik, öz dövlətimiz, öz özünüidarəmiz olduqdan sonra isə 

öz evimizdə fəhlə məsələsini də həll edərik...».

Həmçinin buradan aydın olur ki, Nəsib bəy bolşeviklərin sinfi tələblərinə qarşı, millət mənafeyindən çıxış edir, sinfi məsələləri arxa plana keçirir. Dövlət olaq, özünüidarəmiz olsun, digər məsələləri sonra həll edərik - deyir. 

Yuxarıda Həmid Sultanovun xatirəsindən qeyd olunan Nəriman Nərimanovun «Zəhmətkeş 

müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa 

heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz» yanaşmasına qarşı Nəsib bəy öz qətiyyətli duruşu və mudafiə etdiyi fikirlərlə onunla üz-üzə dayanmışdı. Cümhuriyyət zamanında da bu qarşıdurma davam etmişdi. Nərimanovun Nəsib bəyə göndərdiyi hədələrlə dolu məktub bunun əsaslı sübutudur.

Həmid Sultanov yenə öz xatirəsində qeyd edir ki, nəticə e’tibarı ilə burjuaziya müsavatçıların, eserlərin və menşeviklərin köməyi ilə qurultayda həmin məsələyə dair öz bəyannaməsini keçirdi. 

Dadaş Bünyadzadə "Mübarizə illəri" adlı xatirələrində qeyd edir ki -

"O vaxtlar Azərbaycanda inqilab hərəkatı xeyli çox inkişaf etmişdi. Azərbaycan qəzalarında çoxlu partiya təşviqatçılarımız və rəhbərlərimiz var idi, onlar polis tərəfindən bərk tə’qib edilir və həbsə alınırdılar, lakin bu hal zəhmətkeşlər və kəndlilər arasında inqilabi ruhun daha da artmasına səbəb olurdu. «Qığılcımdan alov əmələ gəlirdi».

Qazax qəzasının inqilabçı kəndliləri ilə təşkilatımızın ilk görüşü Qazax Şəhərində oldu; Ağamalıoğlu, Pepinov, 

Əbilov və başqaları başda olmaqla burada Hümmətçilər konfrans çağırmışdılar.

Bizim bolşevik təşkilatımızın qərarı ilə V.Naneyşvili, Rəhim Hüseynov, Ağababa Yusifzadə, Ə.H.Qarayev yoldaşlar 

və mən oraya getmişdik. Yadımdadır, Pepinov beynəlxalq vəziyyət haqqında mə’ruzə, Qarayev əlavə mə’ruzə etdilər, 

Ağamalıoğlu torpaq məsələsinə dair mə’ruzə etdi, mən əlavə mə’ruzə etdim. Demək lazımdır ki, bütün məsələlərdə 

nümayəndələrin nəzəri və diqqəti bizdə idi və bizim qətnaməmiz qəbul olundu. Aşağıdakı əhvalatı qeyd etmək maraqlıdır: 

o zamankı baş nazir Nəsib bəy Usubbəyov Qazax polisinə teleqrafla əmr vermişdi ki, konfransı qovsun, bizi, bolşevik 

nümayəndələri isə tutub Bakıya göndərsin. Lakin bunu etmək onlara müyəssər olmadı, çünki konfransın silahlı 

nümayəndələri bizi müvhafizə etdilər və konfransın qadağan olunmasına yol vermədilər". 

Buradan aydın olur ki, hökümət rəhbəri Nəsib bəy Yusifbəyli bolşeviklərə qarşı mübarizəyə şəxsən özü rəhbərlik edirdi. 

Əliheydər Qarayev "Vahid təşkilatın gücü" adlı xatirələrində qeyd edir ki - "Partiya tərəfindən rayonlarda fəhlələrdən döyüş dəstələri təşkil edilmişdi, Qəzalara məs’ul rəhbərlər göndərilmişdi ki, yerlərdə 

döyüşçü dəstələrinə rəhbərlik göstərilməsini təşkil etsinlər. Əsgərlər arasında da geniş kampaniya başlanmışdı. Lakin düşmən də mürgüləmirdi. Daşnaqlar və müsavatçılar bütün vasitələri işə salaraq tələsirlər, qanlı qırğınlara hazırlaşırlar. 

Bizim «Azərbaycan füqərası» qəzetimiz fevral ayında Azərbaycan zəhmətkeşlərini xəbərdar edirdi ki, Qarabağda qırğın 

hazırlanır. Müsavatçı Yusifbəyovun əmri ilə bizim qəzetimiz bağlanır. Bizi öz mətbuat orqanımızdan məhrum edirlər. Lakin bu partiyanı ruhdan salmadı, əksinə, təşviqat işi gücləndirildi". 

Buradan isə aydın olur ki, bolşeviklər silahlı dəstələr təşkil etməklə yanaşı, mətbu orqanları vasitəsilə təxribatçı mahiyyətdə təbliğat işi aparırdılar. 

Önəmli məlumatlardan biridə Qazax 

qəzasında inqalabi kəndli hərəkatının tanınmış simalarından biri Məmmədqara Məmmədovun "Qırmızı partizanlar" adlı xatirələrdir. Məmmədqara Məmmədov qeyd edir ki - " 1919-cu ilin mayında gizli partiya təşkilatının tapşırığı ilə qırmızı partizan M.C.Məmmədov Tovuz stansiyasından müsavat hökumətinə ultimatum teleqramı göndərib geri alınmış torpaqların qaytarılmasını tələb etdi və hədələyərək bildirdi ki, əks təqdirdə kəndlilər son damla qanlarınadək mübarizə edəcəklər, hətta musavatçılar xarici müdaxiləçilərdən yardım alsalar da mübarizəni davam etdirəcəklər.

Müsavat hökuməti bu teleqramı aldıqdan sonra (ertəsi gün həmin teleqram bolşevik mətbuatında çap edilmişdi), 

həmin gecə iclas etdi və ertəsi gün özünün xüsusi nümayəndəsini, ziraət naziri Hidayət bəy Sultanovu Gəncəyə göndərdi. 

O Tovuz gizli bolşevik təşkilatının nümayəndələri Məmmədqara Məmmədovu, Əmirxan Kərimovu, Kazım Qasımovu, Əli Həsənovu və Məmmədəli Vəliyevi dindirməyə başladı. Müsavat ziraət naziri istintaqdan sonra həmin qırmızı 

partizanları həbs etdi və mühafizə dəstəsinin müşayiəti ilə həbsxanaya göndərdi, lakin RK(b)P Gəncə gizli mahal 

komitəsinin işə qarışması sayəsində onlar həbsxanaya gedən yolda keşikçiləri tərksilah edib qaçmağa müvəffəq oldular.

Tiflisə gedən müsavat hökumətinin baş naziri Yusifbəyov və onu müşayiət edən şəxslər Bakıdan Tovuz stansiyasına 

gəldikdə qırmızı qvardiyaçı partizanlar baş nazirin qatarını da yandırdılar, onun vaqonunu qatardan açdılar. 

Qırmızı partizanlar gizli partiya təşkilatının tapşırığı ilə hərəkət edirdilər. Baş nazir vəziyyətin çıxılmaz olduğunu 

gördükdə, qırmızı partizanların tələbini yerinə yetirməyə məcbur oldu, o torpaqların kəndlilərdə saxlanması haqqında öz yerli orqanlarına göstəriş verdi. Yalnız bundan sonra baş naziri aparan qatar öz yoluna davam edə bildi. Əlbəttə, bu baş nazir tərəfindən bir manevr idi və kəndlilər torpağa ancaq Sovet hakimiyyəti qurulduqdan sonra sahib oldular".

Azərbaycan Cümhuriyyəti elan edilməmişdən öncə də bolşevik təxribatçı ünsürləri kəndliləri qızışdıraraq mülkədarların, bəylərin üzərinə salmış, onlara qarşı qətliamlar təşkil etmişdilər. Bunların sırasında Allahyar bəy Zülqədərliyə, onun xanımına, ailəsinə qarşı təşkil edilmiş qətliam ən yadda qalanlardandır. Bununla yanaşı bir çox Zülqədərli, Qarabəyov, Şamxoriski, Sultanov və digər mülkədar bəylərə qarşı təşkil edilmiş qətllər bunun tərkib hissəsidir. Azərbaycan Cümhuriyyəti dönəmində isə hətta qanuni hakimiyyətə qarşı dahada çirkin təxribatlara əl atan bolşevik siyasi çevrələr fəhlə sinfinin simasında hakimiyyəti qəsb etmək yolunu tutmuşdular. 

Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Share on Facebook