Bundan sonra müxalifətçiliyə ehtiyac varmı?
Bu gedişlə ermənilərdən iş istəyəcəyikmi?
Sual çox sadədir, niyə Ermənistanda orta aylıq əmək haqqı 682 , Gürcüstanda 484, Azərbaycanda isə 374 dollardır?
Hakimiyyət çıxıb bu sualın cavabını verməlidir.
Hanı bəs Qafqazın lider ölkəsi idik, nə oldu?
Bəs bizim uğurlu neft strategiyamız vardı, nə oldu?
Deyirdiniz qeyri neft sektorunu inkişaf etdiririk, nə oldu, hanı o strategiyanın iqtisadi nəticələri ?
Necə olur ki, nefti, qazı olmayan bu ölkələrin vətəndaşları neftin, qazın hesabına 200 milyard gəlir əldə edən ölkənin insanından daha çox qazanırlar?
Avropa ölkələri bir yana qalsın, dövlət siyasətinə çevrilmiş acgözlüyün , hüdudsuz korrupsiya üzündən Ermənistandan, Gürcüstandan, Qazaxıstandan Belarusdan belə geri qalırıq.
Bu gedişlə 10, 20.. ildən sonra bu ölkələr harda olacaqlar biz harda?
Belə getsə 15-20 ildən sonra azərbaycanlılar gedib Ermənistanda iş axtarmayacaqlarmı?
Əgər bu gedişat dəyişməsə, bir zaman gələcək ki, öz ölkəsində iş tapa bilməyən, tapanda da az qazanc üzündən ailəsini dolandıra bilməyən azərbaycanlılar gedib ermənilərin hüzurunda boynunu büküb iş istəyəcək.
Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır. Yoxsa, Xankəndi var deyə, azərbaycanlılar Ermənistan əhalisindən kasıb, hüquqsuz halda yaşamağa görə şükr etməlidirlər?
Bu başqa bir mövzu ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə inkişafın göstəricilərindən və demokratiyanın işləmə mexanizmlərindən bir də elə məhz müxalifətin olmasıdır.
Bizə gəldikdə isə belə səriştəsiz, korrupsiyalaşmış idarəçiliyə , ölkəni milli tənəzzüllə, başqa xalqlar qarşısında geridəqalmış vəziyyətə salan bir hökumətə qarşı mübarizə aparmaq üçün indi həmişəkindən daha çox müxalifətçiliyə ehtiyac var.
Fuad Qəhrəmanlı