Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IX hissə

    Qarabağın Qərvənd kəndindən Saleh qardaşları və dostları, Nəzərəli kəndindən Əşrəf və qayınları, Qarabağın Alpoyt kəndindən Qazanpapaq oğullarından Yunis, qardaşları və əmisi oğulları, dostları, eyni kənddən Sarıtel Aslan, oğlu və dostları, Garısudan Saday bəy bizimlə birləşdi, 300 nəfər idik. Onlar da dəstə halında yeni hökümətlə mübarizə aparıb şəhidlər verməklə yanaşı qızıl imperialistlərə də qan uddurmuşdular. Lakin bundan sonra yeni güc toplamağa imkan qalmamışdı. Ona görə toplanmışdıq ki, son meydan savaşında onlara yenidən dərs verib İrana keçək. Qarabağın məşhur Vəzirov ormanında Göyüş adlı bir kommunistin əsgərləri və milislərilə üz-üzə dayanmışdıq. Sabahı gözləyirdik. Səhər tezdən ölüm-dirim mübarizəsi başladı. Elə ilk həmlədə də Göyüşü vurduq. Göyüş Azərbaycanın ən məşhur qaçaqlarından biri Qaçaq Qəmbərin də qatiliydi. Beləcə onun da intiqamını aldıq. Mücadiləmiz bitdikdə arayıb onun cəsədini tapdım. Cibindən öldürdüyü insanların siyahısı çıxdı. Qaçaqlara onun meyidi üzərinə quru odun toplamalarını tapşırdım və hazır olduqda əllərimlə od vurdum. Onun yanmasını xeyli seyr etdim.
    Ərzağımız tükənmişdi, Kür kənarındakı Qılıclı kəndinə bir nəfər göndərdik. O kəndə girəndə bir neçə kişiylə rastlaşır. Bu kişilər çayın o biri sahilinə keçirmişlər. Onlar üzbəüz gəldikdə - dur, deyə bizimkiləri saxlayırlar. Bu zaman həmin adamlardan biri – Oğlan məni tanımadınmı, mən dünyanı titrədən Hüsnü Qocayevəm – deyir. Qarabağın Alpout kəndindən Qazanpapaq oğullarından Səməd – səni çox yaxşı tanıyıram deyib, güllələri onun ağzına sıxır. Yanındakıları da öldürüb geri dönürlər. Onların tez qayıtması bizi şübhələndirdi. Bunun səbəbini soruşduqda kəndin kənarındakı hadisəni bizə danışdılar. Biz yerimizi dəyişib başqa kəndlərdən ərzaq toplaya bildik.
    Bu son çarpışmalarımız zamanı, məni Parisdən gələn iki kişi axtardığını eşitdim. Öyrəndim ki, biri erməni, digəri gürcüdü. Xaricdəki istiqlalçılar tərəfindən göndərilmişdilər. Onları sağ-salamat Bakıya yola saldım. Artıq elə bir gün olmurdu ki, davasız ötüşə bilək. Nəfəs almağa belə vaxtımız yox idi. Ona görə də tam gücümüzü ortaya qoymuşduq. Canlarından bezmiş rus zabitləri Moskvadan Sibir alayları göndərməyi xahiş edirdlər. Artıq müdafiə olunmaq yox, yalnız hücum edib şər qüvvələrdən daha çox öldürməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz vətənimizi tərk etmək olduğu üçün daha çox bolşevik öldürməyi qənimət sayırdıq. Yenidən Vəzirov ormanına gəldik. Kür çayı daşmış, ətrafı su basmışdı. Orada şiddətli döyüşlər başladı və Sarıtel Aslanın cavan oğlu şəhid oldu. Biz düşmən qüvvələrindən də xeyli öldürmüşdük. Bu döyüşlərdə vəhşi bir kommunist olan Əsədi də məhv etdik.
    Bir müddət sonra Sibirdən ordu birləşmələri də gəldilər. Biz bundan bir az gec xəbər tuta bildik. Bolşeviklər yanımza səliqəli bir adam göndərdilər. Onun məqsədi Samuxlu Arıqlı çopur Məmmədqasımın burda olub-olmamasını öyrənmək imiş. Həmin adamı Garıslı Saday bəylə görüşəndə Saday bəy ondan – Nə üçün gəldin – soruşduqda, o deyir – Məni bura Sibirdən gələn ordunun generalı göndərib. Deyib ki, Məmmədqasımın sizin yanınızda olub-olmadığını dəqiqləşdirim. Saday bəy məni göstərərək qarşınızda dayanan Məmmədqasımdı, yanındakılarda qaçaqlarıdı. Mənidəki, tanıyırsan – deyə cavab verir. Bu adam geri qayındanda Saday bəyin qaynı Musa onu vurdu. Mən – Musa, deyə qışqırdım. Nə üçün onu vurduğunu soruşdum. Dedim ki, axı bu adamı zorla göndəriblər. Üstəlik bu yazıq onların qüvvələri barədə bizə dolğun məlumat verdi. Sonra fikirləşdim ki, bu olaylar, ölüm-dirim mübarizəsi insanların düşüncələrini pozur və onlar yerli-yersiz intiqam hissiylə alovlanırlar.
    Muğan çölünün istisi, sivri tək uzanmış qamışlıqları həmişə olub. Orada ilan əlindən tərpənmək də mümkün deyildi. Deyilənə görə Böyük İsgəndər də Əhəmənilərə hücumu ordan başlamış, lakin ilanların ucbatından sonra istiqaməti dəyişmişdir. Yer üzünün cəhənnəmi olan bu ucsuz-bucaqsız səhralarda üç ay dolaşdıq.
    Bu yazdıqlarım sizə əfsanə gəlməsin. Hər şey həqiqətdi. Bu günləri mən yaşayıb görmüşəm.
                                                             ***
    Araz çayında keçid olmadığı üçün İrana keçə bilmirdik. Keçid yerlərini rus əsgərləri tutmuşdu. Suların azalmasını gözləyirdik. Axşamlar düşəndə təhlükəli yerlərə qarovulçular düzüb, gecə üç-dörd dəfə yoxlayırdım. Daha heç kimə ümidim qalmamışdı. Mən səhərə yaxın özüm də növbətçi oldum və durbini əlimə alıb ətrafı seyr etməyə başladım və Ovçu yolu deyilən əraziylə Sibirdən gətirilmiş rus kazaklarının bizə doğru gəldiyini gördüm. Bütün qaçaqları oyatdım və vəziyyəti anlatdım. İrəliləyən əsgərlərin qarşısında əlverişli mövqe tutmaq üçün hazırlaşdıq. Yarım ay şəklində səngərlərə dolduq. Elə vəziyyət yarandı ki, gələn qüvvələr bizim pusqumuza düşdü. Onlar özlərini qurtarmaq üçün can atır, biz isə müdafiə olunduğumuza görə onları bir-birinin ardınca yerə sərirdik. Bu vuruşmada Alpoutlu Yunis bəyin qardaşı Nəbini vurdular. Bir neçə qaçaq da yaralandı. Fəqət həmin ərazi düşmən cəsədləri ilə doluydu.
    Qaranlıq düşənədək döyüşdük. Onlar tam hazırlıqlı olduğundan qaranlıqda projektorları bizə tərəf çevirdilər. Sanki gündüz idi, hər yeri görmək olurdu. Biz səngərlərə dolub başımızı çıxarmağa ehtiyat edirdik. Ardıcıl olaraq biz tərəfə bomba atmağa başladılar. Biz də səngərlərdə boş-bekar dayanmırdıq. Yaralıları isə tez arxaya aparırdıq. Bu on ildə topladığımız cəsarət və allahın bizi qoruması nəticəsində qorxu nə olduğunu bilmirdik. Qaçaq dəstəsinin rəisi olduğum üçün tez-tez səngərləri yoxlayırdım. Bütün qaçaq dəstələrinin rəislərinə bir addım da çıxmamağı əmr etdim. Bu kafirləri yalnız bu yolla məhv etmək mümkün idi. Qaçaq dəstələrinin rəisləri də mənim tövsiyyələrimə qulaq asırdılar. Artıq qaçaqlar canavara dönmüşdülər. Vuruşduğumuz yetmir kimi Saday bəylə yeni planlar cızırdıq. Bu dəfəki mübarizəmiz çətin olacaqdı. Onları geri qaytarmaq çətinləşmişdi. Biz, iki qrupa ayrıldıq. Mən qaçaqların bir hissəsiylə düşmən qarşısına çıxmalı, digər qrupdakılar isə düşmənə arxadan zərbə vurmalıydı. Rusların bizim planımızdan xəbəri yox idi. Döyüş zamanı mənim dəstəm onlarla üz-üzə gəldi. Əlimizdəki silahlar düşmənin üzərinə od yağdırırdı. İki atəş arasında qalan düşmən qüvvələri çaş-baş qaldılar. Nə edəcəklərini bilmirdilər. Onların hamısını öldürdük. İsti hava, ağcaqanadlar da bir yandan düşmən qüvvələrini əldən salırdı. Onlar : - Biz Azərbaycan partizanları ilə mübarizə apara bilmərik – deyərək öz generallarını da öldürdülər və tamamilə geri çəkildilər. Bizim isə hələ burada qalmağımız vacib idi. Qamışlıqların arasında dincəlirdik.
                                                              ***
    1932-ci ilin 25 avqustu idi. Bolşevik qoşunları tamam çəkilmişdi. Bir az dincələ bildik. Fəqət biz bilirdik ki, arxadan yeni qüvvələr gələcək. Buna şübhəmiz yox idi. Qaçaqların saç-saqqalı bir-birinə qarışmışdı. Mən bir kişini Araz çayına baxmağa göndərdim, o bir azdan qayıdıb Arazı keçmək olar deyə xəbər gətirdi.
    O yerdə toxumluq heyvanlar yetişdirən dövlət fermaları vardı. Ora hücum edib yıxıb uçurduq. Sonra dəmir yolundaki vağzala da hücum çəkdik. Günəş batanda isə Araz çayını keçib atla səhərə qədər xeyli yol getdik. Gün işıqlaşdığı zaman Çaxırlı kanalı yanındakı körpünü 8 nəfərlə nəzarətə götürdük. Rusların pusqusuna düşməmək üçün sakitcə keçməyimiz məsləhət idi. Sonra o birisi qaçaqlar da gəldilər. Ertəsi gün İrana keçdik.
    İranda varid olduğumuz qəsəbə rus postlarına yaxın idi. Artıq cənnət vətənimizdən ayrılmışdıq. Bir qurban kəsib ətini kasıb-küsuba payladıq və on iki illik mübarizəmizə son qoymalı olduq.
    Allah bizləri qorumuşdu. O məlunların əlində öldürməmişdi. Niyə ana yurdumuz bizə cəhənnəm olmuşdu ? Nədən vətənimizdə ailəmiz, uşaqlarımız insan kimi yaşaya bilmədi ? Tanrının bizə bu qədər güc verməsi, vətənimizi, dinimizi o kafirlərin əlindən qurtarmaq idisə bunu sona çatdıra bilmədik. Özümüz də bu mübarizənin qurbanı olduq.
Son !!!
Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib
Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Share on Facebook