Azərbaycan dünyaya və ermənilərin özünə göstərə-göstərə genosid nağılını dəfn edir

Azərbaycan dövlət qurumları Qarabağda yavaş-yavaş nəzarəti ələ keçirirlər. Qalmağı seçən erməni sakinlər üçün humanitar təminat da hər gün artır.  Azərbaycan dünyaya və ermənilərin özünə göstərə-göstərə genosid nağılını dəfn edir.  Belə də davam etməlidir. Centlmen kimi davranmalıyıq. Müharibədə də, sülhdə də.  İtkilərimiz var, canımızı yandırır, amma itkilərimizin olması müharibədə məğlub etdiyimiz ermənilərlə ləyaqətlə davranmağımıza maneə olmamalıdır. İlkin Rüstəmzadə, ictimai fəal

Bir də heç vaxt gəlməyəcəyin bir dünyadan niyə özün gedirsən?

Şəhidimizin nişanlısı intihar edib. Bəzi dostlar da yazır ki, yazıçılarımız bu hadisədən nümunəvi bir sevgi dastanı kimi roman yazmalıdır. Allah şəhidimizə də, nişanlısına da rəhmət eləsin. Amma intihar yaxşı bir nümunə deyil ki, onu əbədiləşdirmək üçün əsər də yazılsın. Mən də əvvəllər intihar haqqında çox düşünmüşəm. Ancaq qəti qərara gələndən sonra da iki fikir arasında qalmışam. Elədiyim bütün məsuliyyətsiz hərəkətlər, atdığım bütün məsuliyyətsiz addımlarda yeganə arxayın olduğum və güvəndiyim şey o olub ki, onsuz da ehtiyatda gül kimi bir intiharım var. İntihar düşüncəsi bir toxumdur. Toxum sənin içinə düşdüsə, cücərir, günü gündən inkişaf etməyə başlayır, ona arxayın olmağa başlayırsan, inanrsan, özünü sənə sevdirir, öldürməyənə kimi əl çəkmir. Bütün hallarda həyat gözəldir. Düşün ki, doğulmaq istəyən milyardlarla insan var, amma onlar bu dünyaya gələ bilmir. Sən isə gəlmisən. Bir də heç vaxt gəlməyəcəyin bir dünyadan niyə özün gedirsən? Səbrli olmaq, möhkəm olmaq, nə olur olsun yaşamaq lazımdır.  Kəramət Böyükçöl 

Rusiya Qarabağda separatizmin, Ermənistanda revanşizmin kökünün kəsilməsinə imkan verməyəcək...

Rusiya Qarabağda separatizmin, Ermənistanda revanşizmin kökünün kəsilməsinə imkan verməyəcək... “Bu fikrimizi yanlış sayanlar, zəhmət olmasa, bir neçə sualımıza cavab versinlər: Rusiya 2020-ci ilin noyabrında öz “sülhməramlı”larını bir gecənin içində tələm-tələsik niyə Qarabağ torpaqlarımıza yeritdi, niyə son 3 ilə yaxın müddətdə 10 noyabr bəyanatına uyğun olaraq oradakı separatçı-terrorçuları tərksilah edib ərazimizdən çıxarmadı, əksinə onları, öncə dediyimiz kimi, silahlandırdı... Və s. və i.a....” -3 CÜMLƏ İLƏ BİR GERÇƏK...- Qarabağın dağlıq hissəsində şəhid(Allah hər birinə rəhmət eləsin!) və qazilərimizin canı-qanı hesabına separatçı-terrorçu rejimə qarşı rəsmi məlumatlarda çox uğurla nəticələndiyi deyilən lokal bir əməliyyat keçirdik... Fəqət, təəssüf ki, Azərbaycan Respublikasının son illər rəsmən Qarabağ iqtisadi rayonu kimi tanınan ərazisinin dağlıq hissəsinin  xeyli qismi hələ də (məlum razılaşmaya görə, ən azı 2025-ci ilədək)  33 il öncə elə həmin separatçı-terrorçu rejimi qondarmış və bu günədək öz himayəsində bəsləmiş, Azərbaycan Müdafiə Nazirliyinin xüsusən son aylarda dəfələrlə verdiyi rəsmi bəyanatlarda göstərildiyi kimi, öz “sülhməramlı”ları vasitəsilə həmin qondarma qurumu gizli yollarla silah-sursatla təchizatını təmin edən Rusiya imperiyasının nəzarətindədir... Və Ukraynada hərbi-siyasi bataqlıqda çabalayan bu imperiya hələ yaşaqıqca Cənubi Qafqazdakı dayaqlarını daha da bərkitmək üçün, mümkün olduqca buradakı hərbi qüvvəsinin sayını artırmaq üçün istər Qarabağın dağlıq hissəsində separatizmin, istərsə də Ermənistanda Azərbaycana, Türkiyəyə münasibətdə revanşizmin, rasizmin kökünün kəsilməsinə və bu minvalla da Ermənistanla Azərbaycan arasında gerçək sülhün yaranmasına imkan verməyəcək... P.S. Bu fikrimizi yanlış sayanlar, zəhmət olmasa, bir neçə sualımıza cavab versinlər: Rusiya 2020-ci ilin noyabrında öz “sülhməramlı”larını bir gecənin içində tələm-tələsik niyə Qarabağ torpaqlarımıza yeritdi, niyə təcili olaraq bir neçə ayın içərisində öz rəsmi rəqəmlərinə görə, Ermənistana qaçmış 52 mindən çox haykı torpaqlarımıza qaytardı, niyə son 3 ilə yaxın müddətdə 10 noyabr bəyanatına uyğun olaraq oradakı separatçı-terrorçuları tərksilah edib ərazimizdən çıxarmadı, əksinə onları, öncə dediyimiz kimi, silahlandırdı, niyə Azərbaycanın rəsmi qurumlarının, ictimaiyyətinin, mediasının təpkilərinə rəğmən rəsmi leksikonunda, eləcə də “sülhməramlı”ların xəritələrində “Dağlıq Qarabağ” ifadəsini dəyişmədi, "Stepanakert" əvəzinə Xankəndi, "Mardakert" əvəzinə Ağdərə demədi, yazmadı? Və s. və i.a.(moderator) Sultan Laçın 

"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız"

Artıq 12 saatdan çoxdur ki, müzəffər Azərbaycan ordusu ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal antiterror əməliyyatlarına başlayıb. Bu günü çoxdan gözləyirdik. Amma mən əminəm ki, gözləyən tək biz deyildik, elə hayların özü də əmin idilər ki, Azərbaycan 44 günlük II Qarabağ savaşının zəfərini yarımçıq qoymayacaq. Suda batan saman çöpündən yapışar misali xarici ölkələrdən kömək gözləyən ermənilərin artıq həqiqətin gerçək üzü ilə burun-buruna olduqları gündür 19 sentyabr... Vaxtı ilə erməni rejissor Arşak Zakaryan Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq belə sərsəmləyirdi: “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik." Özləri gəlməsə də, hərbi texnikalarının bir hissəsini gətirib Bakıya dənizqırağı parka yığdıq. Yığdıq ki, dərs ola, ağıllanalar, olmadı... Gözlədik ki, anlayalar, dərk edələr, dünyanın gedişatına ayaq uyduralar, məhv olmayalar, amma o da olmadı. Mərhəmət etdik, nazları ilə oynadıq. Un göndərdik, su verdik, qaz verdik... Amma yox, bunlar belə ağıllanmayacaq... Axı bunların çoxu terrorçudur, silahlı yaraqlıdır, muzdludur. Bunlara lazım olan Hindistandan gəlir, İrandan gəlir. Bunlar neyləyir unu, suyu, qazı, bunlara silah lazımdı, mina lazımdı... Lazımdı ki, torpağa basdırıb dinc azərbaycanlıları qətlə yetirələr. Neçə aydır "humanitar yardım" şousuna başları qarışdı, farsa, fransıza o qədər ümid oldu ki, Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadı. Öz çirkin əməllərinə davam etdilər. Yollara mina döşədilər, Azərbaycan polislərini, mülki vətəndaşlarımızı qətlə yetirdilər. Nəticədə nə oldu? Azərbaycan ordusu erməni oyununa son verməyə qərar verdi.  Bəli, indi sizin üçün bu son şansdı. Bu torpaqda yaşamaq istəyirsinizsə, silahı yerə qoyaraq Azərbaycanın konstitusiyasını qəbul edib, qanunlarına əməl etməlisiniz. Əks halda... Əks halda Azərbaycan ordusu Hz.Əlininin qılıncı Zülfüqar misali təpənizə enəcəkdir. Azərbaycan şərtlərini çox gözlətmədən açıqladı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış etdi: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir". Haydı, gəlin Yevlaxa, danışaq. Bəli, Yevlaxa... siz axı Yevlaxa gələn yolu yaxşı tanıyırsız. Baxın, sizi Bakıya çağırmırıq, yenə sizi düşünürük, elə Yevlaxa gəlsəniz bəsdir.  Yoxsa Yevlaxa gəlməyədəmi cürətiniz çatmaz. Bəllidir ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. İndidən özünü "media orqanı" hesab edən bir sıra erməni mətbuatı bu görüşün baş tutmayacağı ilə bağlı bir sıra söyləntilər çıxarıb. Ancaq hərkəsə bəllidir ki, regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər. 27 sentyabrı 2 il idi ki, anım günü kimi qeyd edirdik, bu il 27 sentyabrı həm də Zəfər günü kimi qeyd edə bilərik. Ordumuz bu günə qədər hansı arzumuzu gözümüzdə qoyub ki, bu arzumuz da çin olmaya... Olacaq əlbəttə, o gün uzaqda deyil. Allah ordumuzu qorusun!(moderator) Hüseyn Ələsgərov (Zülfüqaroğlu)

Yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan...

Meyxanaçı Baləli 255 min manata özünə lüks avtomobil alıb.  Xeyir işlərə sürsün!  Allah olmayanlara da qismət eləsin!  Başqa nə deyim? Gözümü açandan belə eşitmişəm, belə öyrənmişəm... Futbolçu Messi isə özünə malikanə alıb. Mayami sahillərində olan malikanənin qiyməti nə az, nə çox, düz 10.8 milyon dollardır.  İki-üç gün əvvəl müxbirimiz bu barədə xəbər hazırlamışdı. Həmin yazını saytda yerləşdirəndə malikanənin dəbdəbəli görüntüsü gözlərimi qamaşdırdı. Əminəm ki, həmin xəbəri oxumusunuzsa, siz də mənimlə eyni hissləri keçirmisiniz. Yazmaqla, danışmaqla olmur, görmək lazımdır. Mən görəndən sonra bu sözlərə dedim: "Sağlığına qismət! Allah olmayanlara da yetirsin!"  Bu yaxınlarda Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Könül Kərimova da dəbdəbəli villalarından paylaşım etmişdi. Müğənni Manaf Ağayev isə ehtişamlı evində klip çəkdirmişdi. Tamaşaçıları klipdən çox Manafın evinin parıltısı cəlb etmişdi.  Sağlıqlarına qismət!  Qapıları həmişə dost üzünə açılsın! Şou müxbirimiz deyir ki, müğənni Nəfəs, Afət, Türkan, Şəbnəm ölkənin adlı-sanlı alimlərindən 10 dəfə yaxşı yaşayır, lüks avtobil sürür, dünyanın ən cazibədar istirahət mərkəzlərində dincəlirlər...  Nə deyim? Allah o xoş gündən hamıya nəsib eləsin... Ölkənin ən vicdanlı alimlərindən biri, ixtisasca jurnalist olan istedadlı qələm adamı Mübariz Əhmədov ötən gecə qəfildən dünyasını dəyişib. Mübariz müəllimi ürəyi yarı yolda qoydu. Tələbələrin sevimlisi olan, həmişə yalan və talandan uzaq duran, heç vaxt əlini haram tikəyə uzatmayan jurnalist dostumuz sadə bir həyat yaşayırdı. O da bütün vicdanlı insanların taleyini yaşadı... Azərbaycanlıların yüz illərin sınağından çıxmış məşhur bir atalar sözü var: Ağ gün adamı ağardar, qara gün qaraldar...  Bu ölkədə ağ günə çıxanlar təkcə topçular və popçular deyil. Günəşli Vətənimzidə gopçular, yəni xalqın gözünün içinə baxa-baxa yalan danışanlar, zəli kimi büdcə vəsaitinə daraşanlar topçular və popçulardan da yaxşı yaşayır...  Dost-tanış bilir, mən Türkiyədə təhsil almışam. Universitetdə Kazım Yaşar Kopraman adlı savadlı bir müəllimimiz vardı. Kazım hoca tez-tez belə deyirdi: "Türkiyədə yaxşı yaşamaq üçün ya popçu, ya da topçu olmalısan".  Əminəm ki, Kazım Yaşar Kopraman Bakıda müəllimlik etsəydi, belə deyərdi: "Azərbaycanda yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan..."  Seymur VERDİZADƏ 

Rusiyadan haylara gələn yardım Xankəndinə çatdı...-FOTOLAR- Biz niyə sevinirik ki?..

"Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası?.." Bir qədər əvvəl xəbər verildiyi kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib. Və Rusiyanın Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi humanitar yardım maşını Xankəndi istiqamətində hərəkətə başlayıb. Moderator.az xəbər verir ki, Tert.am  Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Xankəndinə çatması haqda məlumat yayıb. Sosial şəbəkələri erməni seqmentində yayılan foto-kadrlardan da görünür ki, Rusiyadan gələn yardım maşını artıq Xankəndindədir... Əsgəran qəsəbəsinin qondarma "mer"i Hayk Şamiryan erməni mediasına bildirib ki, "“tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə etiraz ediblər, maşını buraxmayıblar, ancaq sonra razılığa gəliblər"... P.S. Azərbaycanda bir çoxları Rusiya yardım maşınının Bərdədən, Ağdamdan, Əsgərandan keçib Xankəndinə getməsinə sevinir. Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası? İkincisi də, əgər söhbət Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasından(!) gedirsə, Rusiya hələ 2020-ci ilin noyabrından "sülhməramlı" kimi torpağımıza soxulmasından sonrakı ilk günlərdən öz hərbi və s. yüklərini Dağıstandan keçirməklə Bərdə-Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırır... "Sülhməramlı" hərbçilər də elə həmin vaxtlardan Qarabağdakı haylara hər cür humanitar yardım göstərirlər.. 

Qadın və içki düşkünü olan general Kulakov Qarabağda nə iş görəcək ki?..

“İndiyədək hansısa bir "tüklü" əl  onu döyüş zonalarında və digər çətin ərazilərdəki xidmətdən qoruyub. İndi isə onun Qarabağdakı Rusiya kontingentinə komandan gətirilməsi böyük ehtimalla bu generalı Ukraynadakı hərbi əməliyyatlardan uzaq tutmaq məqsədi ilə atılan bir addımdır...” “Rusiya “sülhməramlı” kontingentinin yeni komandanı, general-mayor Kiril Kulakovun xidmət yoluna nəzər salsaq, görərik ki, bu general hərbi məktəbi də, xidməti də doğulduğu Kazan şəhərində keçirib. Bu isə onu deməyə əsas verir ki, Kulakovu indiyədək hansısa bir "tüklü" əl  döyüş zonalarında və digər çətin ərazilərdəki xidmətdən qoruyub. İndi isə onun Qarabağdakı Rusiya kontingentinə komandan gətirilməsi böyük ehtimalla bu generalı Ukraynadakı hərbi əməliyyatlardan uzaq tutmaq məqsədi ilə atılan bir addımdır. Və heç bir döyüş təcrübəsi, eyni zamanda sülhməramlı fəaliyyətlərdə iştirakı olmayan Kulakovun hazırkı mürəkkəb vəziyyətdə Qarabağda uğurlu fəaliyyət göstərəcəyinə dair ehtimallarımız sıfır səviyyəsindədir.”  Bu fikirləri Moderator.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Kremlin bu günlərdə Azərbaycan Respublikası ərazisindəki “sülhməramlı” sayılan Rusiya kontingentinin yeni komandanı təyin etdiyi  general-mayor Kiril Kulakovun hərbi və şəxsi keyfiyyətlərini xarakterizə edərkən ifadə edib. “Bütün hallarda Azərbaycan tərəfinin Rusiya kontingentindən gözləntiləri erməni silahlılarının ərazilərimizdən tam çıxarılmasından, onlara aid silah və texnikaların Azərbaycana təhvil verilməsindən və Qarabağın dağlıq hissəsindən didərgin düşmüş vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsindən ibarətdir”,- açıqlamasının davamında həmsöhbətimiz nəzərə çatdırıb.  “Ancaq, təəssüf ki, Rusiya “sülhməramlı”ları hazırkı durumda minimal vəzifələrini belə, yerinə yetirə bilmir. Dəfələrlə erməni terrorçu qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeləri istiqamətində atəşkəs pozuntuları baş verir, rus hərbçilərin gözü qarşısında Azərbaycanın mülki təyyarələrinə radio-maneələr yaradılır və ən əsası, sülhü təmin etməli olan Rusiya hərbi kontingenti erməni separatçı silahlılarının kuryerinə çevrilir. Özləri üçün ən acınacaqlısı isə odur ki, Rusiya kontingentinin hərbçiləri ermənilər tərəfindən fiziki zorakılığa məruz qalır. Odur ki, Rusiya auditoriyasında qadın və içki düşkünü kimi tanınan Kulakovun da Qarabağda ciddi nailiyyətlərə imza atacağını gözləmirəm”- deyə hərbi ekspert vurğulayıb.

Dərbəndi tələb etmək zamanı

Birinci Dünya müharibəsindən sonra iki böyük dövlətin, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tarixin səhnəsindən silinməsində, onların yerində etnomilli əsasda müstəqil dövlətlərin yaranmasında o zaman ABŞ-ın prezidenti olan Tomas Vudro Vilsonun irəli sürdüyü 14 bənddən ibarət “Sülh şərtləri” mühüm rol oynadı.  ABŞ-ın böyük dövlət kimi dünya səhnəsinə ilk çıxışı olan bu sənədin 10-cu bəndində deyilirdi ki, Avstriya-Macarıstan xalqları müstəqil inkişaf üçün ən geniş imkanlardan istifadə etməlidirlər. Həmin sənədin 12-ci bəndində isə deyilirdi ki, Osmanlı imperiyasının türk hissələri indiki tərkibində təminatlı və davamlı suverenlik əldə etməli, lakin indi türklərin hakimiyyəti altında olan digər millətlər birmənalı olaraq mövcudluq təminatı və müstəqil inkişaf üçün tamamilə toxunulmaz şərait almalıdırlar. Prezident Vilsona Nobel Sülh Mükafatı qazandıran bu təşəbbüs ilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları tarixə qovuşdu. Çünki, Vilsonun “Sülh şərtləri” dövrünün iki böyük imperiyasının ərazsində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasını şərtləndirmişdi.  Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı əsassız və qəfil geniş miqyaslı hücumu iki dəfə formasını dəyişsə də mahiyyətini saxlaya bilmiş Rusiya imperiyasının müstəmləkəsizləşdirmə (Dekolonizasiya) zərurətini meydana çıxardı. Post-Rusiya Azad Xalqlarının Forumunun yaranması və uğurlu fəaliyyəti bu zərurətin nəticəsidir.  Post-Rusiya Azad Xalqlarının Forumunun birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində, Vaşiqnton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilmişdir. Rusiyanın dekolonizasiyasını məqsəd elan edən Post-Rusiya Azad Xalqlarının Forumunun konfranslarının Şərqi Avropadan Uzaq Şərqədək geniş bir çoğarafiyada, dünyanın əsas siyasi mərkəzləri olan Brüssel və Vaşqintonda keçirilməsi bu prosesin beynəlxalq ictimai rəydə ligitimləşdirilməsinə, eləcə də dünyanı bu prosesə hazırlamağa xidmət edir. Bu mənada Post-Rusiya Azad Xalqlarının Forumunun fəaliyyətini prezident Vilsonun 14 bənddən ibarət “Sülh şərtləri” ilə müqayisə etmək olar. Post-Rusiya Azad Xalqlarının Forumunun Avropa, ABŞ və Yaponiyada keçirdiyi konfarnslarda tədbirlərə ev sahibliyi edən ölkələrin siyasi və rəsmi dairələrinin iştirakı Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi hadisədir. Forumda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsini hədəfləyirlər. Rusiyanın neçə dövlətə bölünəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz. ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl hesab edir ki, Rusiya 41 deyil, 100 yerə bölünə bilər. Bu çox doğru yanaşmadır. İnformasiya əsrində Rusiyada baş verə biləcək prosesləri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əsrlərlə Rusiyanın müstəmləkə siyasətinin qurbanı olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə yanaşı, Moskvanın işğalında olan qədim Azərbaycan torpaqlarıın azad olunma ehtimalını qaçılmaz edən başqa bir proses də gedir. Bu da öz müqəddəratını təyin etmiş, milli dövlətçiliklərini qurmuş xalqların Rusiyaya qarşı ərazi iddialarının kütləviləşməsi və ligitimləşməsidir.  Bir neçə il öncə Estoniyanın Mühafizəkar Xalq Partiyasının (Eesti Konservatiivne Rahvaerakond) qurucusu, keçmiş diplomat Marta Helmen Estoniya ərazisinin 5.2 faizinin Rusiyanın işğalında olduğunu bəyan edəndə bu fikir Tallinndə çox dəstək qazanmırdı. Ancaq indi Tallinnin siyasi dairələrində Rusiyadan torpaq tələb edilməsinin tərəfdarları hər ötən gün artır. Buna görə də, Estoniyada ictimai-siyasi xadimlər Tartu Sülh Müqaviləsi ilə Estoniyaya məxsus olan, yalnız 1940-cı il işğalından sonra Rusiyanın tərkibinə qatılan tarixi torpaqlarının geri qaytarılması üçün mübarizəyə başlayıblar. Estoniya NATO-ya qəbulu üçün Rusiyaya qarşı ərazi iddialarından imtina etmişdi. Ancaq indi Tallinndə anlayırlar ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb. Bu isə o deməkdir ki, Estoniyanın tarixi torpaqlarının Rusiyaya verilməsini ligitimləşdirən beynəlxalq münasibətlər dağılıb və itirilmiş torpaqların tələb edilməsi üçün əlverişli geosiyasi vəziyyət yaranıb. Estoniya ilə yanaşı Finlandiyada da İkinci Dünya müharibəsi nəticəsində itirilmiş ərazilərin geri qaytarılmasını tələb edən çağrışlar güclənib. Finlandiya Rusiyaya qarşı ərazi iddiası olmadığını keçmişdə dəfələrlə bildirsə də, Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluq Finlandiya cəmiyyətində itirilmiş torpaqlarla bağlı mövqeyi dəyişməkdədir. Söhbət, 10 fevral 1947-ci il tarixli Sovet-Fin sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edilən Qərbi Kareliyadan gedir. Son zamanlara kimi bu torpaqların Finlandiyaya qaytarılası qeyri-real görünürdü. Ona görə də Finlandiyada “Şərq torpaqları” məsələsi aktual deyildi. Ancaq Ukraynada üzləşdiyi hərbi-siaysi uğursuzluqdan sonra Rusiyanın dekolonizasiyasının gündəmə gəlməsi Finlandiyada itirilmiş torpaqları geri qaytarmaq üçün tarixi şəraitin yarandığı qəanətini yaradıb. Bu qənaəti gücləndirən digər məqam Kareliyada anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsidir. Vəziyyət elə həddə çatıb ki, Rusiya xüsusi xidmət orqanları Kareliyada separatçı əhval-ruhiyyənin gücləndiyi haqqında həyəcan təbili çalırlar. Kareliyanın müstəqilliyi uğrunda mübarizə aparan Kareliya Milli Hərəkatı Leninqrad vilayətinin bir hissəsinə iddialıdır.  Estoniya və Finlandiaya ilə yanaşı Litvada da Rusiya qarşı ərazi iddialrı səslənir. Litva parlamentinin deputatı Matas Maldeykis 1634-cü ildə bağlanmış Polyanovski sülh müqaviləsini ləğv etməyi və həmin sazişə əsasən Moskvaya verilən ərazilərin Rusiyadan geri tələb edilməsini təklif edib. Deputat Matas Maldeykis parlamentdə səsləndirdiyi bu təklifi ilə bağlı sosial şəbəkdə paylaşımını bu sözlərlə bitirib: “Smolensk Litvadır!” Rusiya parçalanacağı halda ən böyük ərazi iddiası olan ölkələr isə Qərbdə deyi, Şərqdədir. Çin Xalq Respublikası yaradıldıqdan dərhal sonra Pekin Moskvadan tarixi torpaqlarını tələb etməyə başlayıb. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda tarixi torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq rədd cavabı almışdı. Həmin zamandan başlayaraq Çində tarixi torpaqlarla bağlı müzakirə səngimir. Çinin iddia etdiyi ərazilər isə 500 min kvadrat kilometdən iki milyon kavdrat kilometrə qədərdir. Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkelinin bu hədiyyəsi ilə bağlı Çin mətbuatında o zaman belə yazırdılar: “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”. Çinin sosial şəbəkələrində isə çinlilər fikirlərini daha açıq ifadə edərək belə yazırdılar: “Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər. Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?” Rusiyanın Ukraynaya qarşı müharibəsinin il dönümü ərəfəsində, bu ilin fevralında Çinin Təbii Sərvətlər Nazirliyi çox maraqlı bir addım ataraq Rusiyanın Uzaq Şərqdəki şəhərlərinin və ərazilərinin adlarını dəyişdi. Belə ki, həmin şəhər və ərazilərin rus adlarının yerinə Çin adların işlənməsinə qərar verildi. Həmin qərardan sonra Vladivostok yenidən Hayşenvay, Xabarovsk Boli, Saxalin adası Kuedao, Ussuriysk Şuançenzi, Blaqoveşensk Hailanpao, Nerçinsk Nibuçu, Nikolaevsk-na-Amure Miaojie, Stanovoy dağ silsiləsi Vaixing Anlinq adlanır. Bu hadisə Çinin Rusiyaya rəsmən ərazi iddiası irəli sürməsi olmasa da, prosesin başlanğacıdır.  Çinlə yanaşı Monqolustanda da Rusiyanın böyük ərazilərinə iddialar bar. Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorjdan Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən tuvanlara, buryatlara və kalmıklara yönəlik ingilis dilində etdiyi müraciətdə buryat monqolları, tuva monqolları və kalmık monqolları ifadələri işlətmişdi. Aydın görünür ki, 2009-2017-ci illər arasında Monqolustana rəhbərlik etmiş Saxiaqiyn Elbeqdorjdan Buryatiya, Tıva və Kalmukiyanın əhalsiini monqol hesab edir. Ulan Batorda bu üç respubliaknın Rusiyadan ayrılaraq Monqolustana birləşməsinin və ya müstəqil dövlət kimi fəaliyyət göstərməsinin tərəfdarları da artmaqdadır. Monqolustanda belə fikirlər güclənir ki, Ukraynanın qələbəsi bu istəyi gerçəkləşdirə bilər. Keçmiş prezident Saxiaqiyn Elbeqdorjdanın Rusiyanın işğalına qarşı göstərdikləri cəsarətə görə Ukrayna xalqına və prezident Vladimir Zelenskiyə təşəkkür etməsi də bununla bağlıdır.   Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siaysi uğursuzluq Yaponiyanın da Kuril adaları ilə bağlı mövqeyində dəyişikliyə səbəb olub. Yaponiya hakimiyyəti 2018-ci ildən bəri ilk dəfə olaraq Kuril adaları ilə bağlı “qanunsuz işğal” anlayışını dövriyəyə qaytardı. Yaponiyada “Şimal torpaqları” adlandırılan Kuril adaları ilə bağlı keçiriən ənənəvi mitinqin yekun bəyanatının mətnində deyilir ki, “Dörd şimal adasının Sovet İttifaqı tərəfindən qeyri-qanuni işğal edilməsi və bu gün də belə qalması qəbuledilməzdir”. Qeyd edək ki, İturup, Kunaşir, Şikotan və Xabomai adaları 1945-ci ildə sovet qoşunları tərəfindən işğal edilib. Sovet İttifaqı və onun varisi Rusiya bu adaları Yaponiya qaytarmaqdan imtina etdiyi Moskva ilə Tokio arasında bu günə kimi sülh müqaviləsi imzalanmayıb. Rusiyanın Ukrayna uğursuzluğuan qədər Tokio Kuril adaları ilə bağlı sərt mövqe tutmaqdan çəkinirdisə, indi artıq vəziyyət kəskin şəkildə dəyişib. Yaponiyada Kuril adalarının geri qaytaracağına əminlik artıb.  Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyin etmə hüququnun tanınması, eləcə Finlandiyadan Yaponiyaya kimi çox geniş çoğrafiayada yerləşən dövlətlər tərəfindən Rusiyaya qarşı ərazi iddialarının irəli sürülməsi Moskvanın əsarəti altında olan qədim Azərbaycan torpaqlarının da azad olacağı ehtimalını kəskin artırır. Təəssüf ki, Azərbaycanda bununla bağlı təşəbbüslər yoxdur. Halbuki, Rusiyanın parçalama ehtimalının əksər araşdırmaçıları Rusiyanın parçalanmasında Azərbaycan faktorunu hökmən qeyd edirlər. “Parçalanma: Rusiyanın dağılmasına hazırlaşmağın vaxtıdır” başlıqlı məqalənin müəllifi, Monrealdakı iki ingilis dilli universitetdən biri olan Concordia Universitetinin dosenti Julian Spenser-Çörçill məqalədə Qafqazın gələcəyindən bəhs edəndə Dağıstanda əhəmiyyətli dərəcədə azərbaycanlıların yaşadığını qeyd edir və bu amilin etnik münaqişəyə səbəb ola biləcəyini yazır. Çox yaxın gələcəkdə Qafqazda etnik münaqişələrlə üzləşməmək, eyni zamanda Dağıstanda yaşayan soydaşlarımızı taleyin ümidinə buraxmamaq və Dərbənd başda olmaqla qədim torpaqlarımızın ana vətənlə birləşməsini təmin etmək üçün Şimal torpaqlarımızla bağlı iddiamızı hər bir platformada irəli sürməliyik.  Rusiyanın parçalanacağı halda Ukraynanın bu çoğrafiyada əsas söz sahiblərindən biri olacağı Şimal Qafqazda münaqişələri önləmək, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad edilməsində çox böyük imkanlar yarada bilər. Ukrayna parlamentində Rusiyanın əsarət altına alınmış xalqları üzrə komissiyanın yaradılması və fəaliyyətə başlaması Kiyevin bu prosesə həssas və ciddi yanaşdığını göstərir. Məşhur Stratfor özəl kəşfiyyat şirkətinin analitikləri hesab edirlər ki, Rusiya Sovet İttifaqının 1990-cı illərdəki taleyini yaşayacaq. Stratforun analitikləri də Julian Spenser-Çörçill kimi Qərbi Rusiyanın dağılması prosesinə hazır olmağa çağırırlar.  Bütün bu çağrışlar ilk öncə bizi, bu çoğrafiayada yaratdığı ən qədim şəhər Dərbənd Rusiya işğalında olan Azərbaycan xalqının oyatmalıdır. Xaqani Cəfərli, politoloq 

Bir xiyarı 4 manata satırlar, gözlərini pul tutub...

Gün, ay, il yadımda deyil. Heç yazının məzmunu da yadımda qalmayıb. Amma sərlövhəni indiki kimi xatırlayıram: "İvan ayıdır, həm də dayıdır..."  Biz hər il isti avqust günlərində ailəlikcə Yessentuki şəhərinə istirahətə gedirdik. Mila xala rus olsa da, bizə öz qohumlarımız qədər doğma, əziz idi. Onun həyətindəki ayrıca mənzildə kirayədə qalırdıq. Valideynlərimin 20-25 gün üçün nə qədər kirayə pulu ödədiyini bilmirdim. Amma Mila xalanın bizi öz doğma nəvələrindən ayırmadığını görürdüm. Yessentukidə qaldığımız 20-25 gün ərzində heç vaxt meyvə-tərəvəzə pul verməzdik. Ev sahibi hər gün məni və qardaşımı dondurmaya qonaq edərdi. Teatra gedəndə bizə də bilet alardılar. Azərbaycana qayıdanda isə cibimizə pul qoyub yola salardılar... İvan Mila xalanın oğlu idi. Görkəmindən ayıya oxşasa da, bizə əsl dayılıq edirdi. Özü, xanımı Vera müəllimə, tələbə qızı Lyudmila hər gün bizə nəsə bağışlayırdı. Onların nurlu çöhrəsi hələ də gözlərimin qabağındadır.  2016-cı ildə ailəlikcə Ukraynaya istirahətə getmişdik. Bu dəfə mən övladlarımı dincəlməyə aparmışdım. Dostum, həmkarım Teyyub Mirqasımovun təşkilatçılığı ilə Kiyevin ən prestijli yerində - məşhur "Maydan" meydanının 100 addımlığında səliqəli bir mənzil kirayələmişdik. Hər sutka üçün 25 dollar vəsait ödəyirdik. Bu məbləğ indi olduğu kimi o vaxt da böyük pul deyildi. Buna rəğmən ev sahibi  mətbəxi, hamamı, qonaq otağını zəruri ləvazimatlarla doldurmuşdu. Bahalı sabunlar, şampunlar, masa silmək üçün ətirli bezlər, tualetdə və hamamda istifadə olunan salfetlər, təravətləndirici balonlar, brend firmalara aid yuyucu vasitələr...  Biz o vaxt Kiyevdə təxminən iki həftə qaldıq. Amma iki ay da qalsaydıq, bu ləvazimatların hamısını işlədib qurtara bilməzdik. Gülərüz, sarışın ev sahibəsi məmnun qalmağımız üçün əlindən gələni etdi.  İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən... Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub.  Mila xala 20 ildi ölüb, amma biz hər gün onun üçün rəhmət oxuyuruq. Görəsən, Bakının istisindən qaçıb nisbətən sərin rayonlara pənah aparan bizim kimi kasıb insanlara 1 xiyarı 4 manata satan bu adamlar üçün rəhmət oxuyan tapılacaq?  Seymur VERDİZADƏ 

Başkənd uğrunda savaş( 1992-ci il avqust) - Dilqəm Əliyev yazır( 5-ci hissə)

Mutudərə döyüşü həqiqətən Gədəbəy uğrunda gedən döyüşlərin ən ağırı oldu. Birdən sul verilər ki,Dilqəm yazırsan ki,dayanmadan atəş açırdıq yazırsan. Bəs bu qədər mərmini, gülləni haradan alırdın? Cavabı çox sadədir : Gədəbəydə fövqaladə səlahiyyətli Səxavəddin Nəsibli adlı Gədəbəyli ziyalı şəxs var idi. Yəqin ki, Gədəbəylilər onu yaxşı tanıyarlar. Həmin Səxavəddin müəllim 4(Dörd) maşın sursatı vaxtında bizə çatdırdı. Əgər o sursatlar vaxtında olmasaydı,Gədəbəy də bəlkə qaçqın həyatı yaşayardı. Biz 07.08.1992-ci il tarixdə tərpənən nə varsa hamısını vurduq. Varlığa nə darlıq. PDM-lərin topları od kimi qızmışdı. İsgəndər və Sahib də dayanmadan çayın sahilindəki evlərdə gizlənən erməniləri QRAD atəşi ilə məhv edirdilər.Belə ki, ermənilər mülki evlərə doluşub bizə atəş açırdılar. Yuxarıda qeyd etdiyim kimi həm Krasnoselskidən gələn erməni və ruslar,həm də Başkənddən çıxan ermənilər Mutudərədə öz hərbçilərinə qoşularaq bizə qarşı döyüşürdülər. Həmin döyüşdə mənim ən çox çəkindiyim texnika PDM-2 idi. Belə ki,mən Ukraynada xidmət edəndə məhz PDM-2 rotasında xidmət etdiyimdən onun nəyə qadir oduğuna mükəmməl bələd idim. Bacarıqlı əllərdə PDM-2 sürətli,dəqiq,uzaq məsafəyə atışlarına görə tək başına çox işin öhdəsindən layiqincə gəlir. Bir sözlə PDM-1-in PDM-2-yə qarşı şansı həddən artıq azdır. Ona görə də Əfqanıstan müharibəsində Sovet qoşunları PDM-1-ləri PDM-2 ilə əvəzlədilər. Burada da eyni şey idi... Burada ermənilər PDM-2-dən atış edəndə açıq mövqeyə çıxır,10--15 saniyə gözləyir və sonra atırdılar.Bu onların böyük səhvi idi. Mən Ali Hərbi məktəbdə oxuyanda Atəş hazırlığı müəllimimiz Mayor Nikel bizə sual verən kimi fikirləşməyə vaxt vermədən bizdən cavabı dərhal tələb edirdi. Bizlərin narazılığına cavabı çox sadə idi: Yodaş Kursantlar, mən sizə istədiyiniz qədər vaxt verə bilərəm və siz bütün suallara cavab verə bilərsiniz. Amma döyüşdə DÜŞMƏN sizə bu VAXTI VERƏCƏKMİ? İndi ona nə qədər minnətdar idim,bunu tək ALLAH bilir. Odur ki,açıq mövqeyə çıxıb PDM-2 nin çıxışını gözlədim. Burada hər şeyi mənim onu birinci atəşlə vurub vurmayacağım həll edirdi. Yox əgər vura bilməsəm bu hər şeyin sonu oilacaqdı. O,görünər-görünməz mən atəş açdım. Mərmi qüllə və korpusun birləşdiyi yerdən dəydi. PDM-2-nin qülləsi sıradan çıxdı. O,artıq döyüşə tam yararsız hala düşdü və döyüş müydanınıl tərk etdərək getdi... Arada imkan tapıb 37 mm-lik topu da sıradan çıxarda bildim... Gecə saat 22.30 radələrində bizim sursatımız tükəndi. Bu zaman qaranlıq yerdən mənə qarşı alov çıxdığını gördüm və mən də dərhal həmin yerə atəş açdım. Qumbaraatan mərmisi PDM-in altında partladı.Mənim atdığım mərmi isə ermənilərin gizləndiyi yerə dəydi. 4--5 nəfər məşələ dönmüş adamın necə qamasını bir neçə saniyə müşahidə etdim. Onlar bir az qaçaraq yerə yıxıldılar(yandılar).Axmaqlar yanacaq çəninin arxasında gizləniblərmiş. Düşmən yavaş--yavaş irəliləməyə başladı. Mən artıq ancaq insan komuna atəş açırdım. Qrad da atəşi dayandırdı. Digər PDM-də olan Paşa gecə cihazından istifadə edə bilmədiyindən vəziyyət lap pisləşdi. Bu zaman əsgərlərdən biri:   -- Komandir ora bax,nə gəlir? Dedi.  Mən həmin yerə baxdım. Atəşin səngidiyini görən ermənilər irəlidə PDM-lər lə kəndin içinə doğru gəlirdilər. Mən məcburən GERİ ÇƏKİLİN əmrini vermək istəyirdim.Lakin bu zaman bir neçə əsgərin qucaqlarında PDM mərmiləri gətirdiklərini gördüm. Dayanmadan Qəlıpəli və ya Kumulyativ mərmi demədən,hansını verdilərsə onu da ermənilərə atdım. Düşmən yaxında olduğundan mərmilər hamısı hədəfə dəydi. Biz öz yerimizdə qaldıq. Həmin mərmiləri 861 saylı alayın sursat anbarı rəisi gizir Balayev Mübariz bizə çatdırdı. Yerimizdə qalmağımıza baxmayaraq vəziyyət son dərəcə gərgin idi. Bu zaman gecənin qaranlığını Qasımağalı tərəfdən gələn Tank səsi bürüdü. Bu nədir? Mühasirədir,yoxsa nə??? Hər ehtimala qarşı PDM-in topunu səs gələn yerə çevirdim... Gələnlər QAZAX TANKçıları idilər. Onların komandiri baş leytenant Salmanov Eldar öz tankçıları ilə vaxtında köməyimizə çatdılar. Tank səsini düşmən də duydu. Gecə səhərə qədər nisbi sakitlik yaşandı. Onu da qeyd edirəm ki, axşam saatlarında mən sol tərəfə baxanda düşmən texnikasının yerini mənə deyən qadının əlində avtomat düşmənə tərəf güllə atdığını gördüm. Belə XALQI HEÇ KİM MƏĞLUB EDƏ BİLMƏZ. Gecə vaxtı isə PDM-in gecə görmə cihazı ilə ermənilərin ay işığında öz meyitlərini maşınlarla yığıb apardıqlarını müşahidə etdim. Onlar bir neçə reys etdilər. Onlar meyitləri üst-üstə yığırdılar... Səhər tezdən saat 08 - 09 radələrində mən PDM-in motoruna yağ tökənə qədər İsgəndər və Paşa QRAD və PDM-lə kəndin içinə doğru hərəkət etdilər. Bu səhv hərəkət idi. Onları hər an vura bilərdilər. Odur ki, işimi yarımçıq qoyub tez onların arxası ilə getdim və zamanında çatdım. Düşmən PDM-i topunu aşağı salıb atışa hazırlaşırdı. Hərəkətdə ikən ona atəş açdım. Mərmi onun üstündən keçdi və PDM geri çəkildi. Geriyə baxdım və Gədəbəyin Kom.Batı Malbaxovun əlində TT markalı tapança ilə piyadaların önündə gəldiyini gördüm, Şəmkirdən olan Dəli Kür Praporşiklər rotası da onunla idi. Əsil real kino sənhəsi idi. Artıq tək deyilik,qələbə ovcumuzdadır...    ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(4-cü hissə)

... Düşmənin bir topunun azalması məndə rahatlıq hissi yaradırdı. Amma qarşıda çox çətin döyüş bizi gözləyirdi. Belə ki, düşmən hakim yüksəkliklərdə mövqelənib,möhkəmlənmişdi. Mən sizə düşmən hücum edən ana qədər Mutudərəni qoruyası rotanın ixtiyarında olan texnika və silahları təqdim edirəm:  -- Ər Dağında ( 1967 m) 100 mm-lik KS-19 markalı top.  -- Ər Dağının ətəyindəki qəbiristanlığın üstündə 37 mm-lik avtomatik Zenit gəmi topu.  -- 2(iki)ədəd D-44 markalı top.  -- 2(iki)ədəd BTR-70.  -- 1(bir)ədəd DDM-1 (BMD-1).  -- 1(bir)ədəd əldəqayırma NURS qurğusu.  -- 1(bir)ədəd AT-59 markalı texnikanın üstündə 30 mm-lik zenit qurğusu.  Bundan əlavə Gədəbəy batalyonunun komandiri polkovnik leytenant Malbaxov Krasnoselsk--Başkənd yolunun Mutudərədən keçən hissəsində qarışıq mina sahəsi qurdurmuşdu ki,bu da faktiki olaraq oranın düşmən tərəfindən alınmasını mümkünsüz edirdi. Lakin rus hərbçilərinin işə qarışması hər şeyi ermənilərin xeyrinə dəyişdi. Üstəlik də Boz Qurd dəstəsinin komandiri Etibar Əmiraslanovun Kom.Bat Malbaxovu və rota komandiri Bayram Hacıyevi özbaşına həbs edərək naməlum istiqamətə aparması düşmənə son dərəcə güclü kömək oldu...Ermənilər Mutudərəni aldıqdan sonra yuxarıda adı çəkilən texnika və silahların hamısını ələ keçirtdilər və üstəlik ora 1(bir) ədəd T-72 (tank), 1(bir)ədəd PDM-2, 1(bir)ədəd ZQ-23-2, 2(iki)ədəd DM-1 cəlb etdi. Sonra döyüşün gedişatında daha 2 (iki) ədəd PDM-1 onlara köməyə gəldi. Canlı qüvvə isə qarşı tərəfdə saysız hesabsız idi. Belə ki,həm Ermənistanın Krasnoselsk rayonundan köməyə gələnlər, həm də Başkənddən çıxanlar Mutudərədə bizə qarşı döyüşənlərə köməyə gəlirdilər. Çünki biz Mutudərəni alsaydıq Ermənilər tam mühasirəyə düşərdilər. Odur ki,onlar bu strateji mövqeni nə olursa olsun əldə saxlamaq istəyirdilər. İndi qəti hücum ərəfəsi düşmən qüvvələrini sizə təqdim etdim. Mənim isə tabeıiyimdə 2 (iki) ədəd PDM-1 və 1 (ədəd) K-16 tipli QRAD qurğusu var idi. Etibar Əmiraslanovun gətirdiyi 30 mm-lik ZQ-23-2 ümumiyyətlə döyüşdə iştirak etmədi.Canlı qüvvə isə mənimlə gedən 5(beş)nəfər + 15--16 nəfər Hacıyev Bayramın rotasının əsgərləri və 15--20 nəfərlik Boz Qurdun dəstəsi. Yəni haradasa 40 (qırx) nəfərə qədər. Nəzərə alsaq ki,Etibarın dəstəsi heç bir əmrə tabe olmur,öz bildikləri kimi hərəkət edirdilər ( bildikləri də heç nə idi), özünüz təsəvvür edin. 07.08.1992-ci il səhər saat 08--09 radələrində biz artıq öz mövqelərimizdə idik. İsgəndərə tez QRADı döyüşə hazırlamağı tapşırdım. PDM-lər isə tam hazır idilər. Etibara da: Qrad hazır olan kimi, nə qədər ki,ermənilər bizi gözləmir hamımız eyni vaxtı çıxıb düşmən zastavasına qəfil atəş açmalıyıq. Qəfil atəş onları təşvişə salacaq. Hazır ol və gözlə dedim. Lakin o, heç nə demədən əlindəki PKT pulemyotunu götürüb bir təpəyə çıxdı və işıqsaçan güllələrlə düşmə zastavasının təxminə 30 ( otuz) metr hündürlüyündən butöv bir lenti atdı. Ermənilər gözümüzün qabağında zastavadan çıxaraq ətrafa səpələndilər. Bununla da onlara vurmaq istədiyim qəfil zərbə baş tutmadı. Ümumiyyətlə o, bu hərəkəti ilə növbəti təxribatı etdi. Daha gözləmək olmazdı. Sürücü mexanikə PDM-i təpənin üstünə çıxartmağı əmr etdim. Biz təpəyə çıxan kimi düşmən topu,tankı və DDM-1-i eyni zamanda bizə atəş açdılar. Top və tankın mərmiləri üstümüzdən keçərək dağın ətəyinə dəydi. DDMin mərmisi isə bizim PDM-in altında partladı. Mən hər üç texnikanın lülələrindən çıxan alovu gördüm. Bu sıradan mənzərə deyil. Tank atəş açan kimi arxaya çəkildi. Deməli mənim bir neçə dəqiqə vaxtım olacaqdı. Odur ki,ilk atəşi daha sərrast olan DDMə atdım. Atdığım mərmi DDM-in açıq lyukundan içəri düşdü və güclü partlayış oldu. Tank hələ görünmədiyindən mən top istiqamətinə şahmatvari qaydada bir neçə mərmi atdım və növbəti partlayış... Topun arxa tərəfi göyə qalxdı. Deməli topun mərmiləri partladı,top isə yararsız hala düşdü. Daha bir neçə mərmi atdım və növbəti top da döyüşə yararsız oldu. Artıq tankı nisbətən sərbəst qaşılamaq olardı. Üzbə-üz döyüşdə PDM-in tanka qarşı şansı çoz azdır. Lakin tankın zəif yerlərini bilmək hər hərbçinin borcudur. Mən zabitəm. Bu çox şey deməkdir. Tank zastavanın yanından görünən kimi mən atəş açdım və mərmi tankın korpusu və qülləsinin bitişdiyi yerdən dəydi. Tank sıradan çıxdı və mən bir də həmin tankı Mutudərədə görmədim. Sürücü mexanik PDM-i arxaya sürüb dayandı. Çox həyəcanlanmışdı. Elə mən də tamamilə tər içində idim.Piyadalar da bundan ruhlanıb dayanmadan atəş açırdılar. Mən onlardan yalnız bir şeyi xahiş etmişdim -- Çalışın məni gizlindən qumbaraatanla vurmasınlar. Qalan hər şeyin öhdəsindən gələcəyəm. Heç nədən qorxmayın... Onlar da hələlik verdiyim tapşırığın öhdəsindən layiqincə gəlirdilər. Tədricən axşam olurdu. 07.08.1992-ci il saat 18.00 radələri -- Etibar Əmiraslanov öz dəstəsini götürüb Tovuza qayıtdı. Hara gedirsən sualıma--Sabah gələcəyik. İndi istirahətə gedirik dedi. ən sabah daha gəlməyə bilərsiniz.Bizim sizə ehtiyacımız yoxdur.Dedim... Bayaqdan heç olmasa onun adamlarında bir-iki nəfər güllə atırdı. İndi onlar da getdilər və mən 15--20 nəfərlik adamla saysız hesabsız düşmən qarşısında qaldım. Etibar isə növbəti təxribatını törətdi. Hərbidən anlayışı olmayan adamların hərbidə olması yolverilməzdir. Bunu özünəqəsd adlandırmaq olıar... Bu müddət ərzində İsgəndər və Həsənov Sahib QRAD qurğusu ilə,Paşa isə PDM-dən durmadan atırdılar. Onların atdığı atəşlər mənə sərbəstlik verirdi. Ukraynada gördüyüm təlimlər indi işimə çox yarayırdı...  ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş (1992 avqust) - Dilqəm Əliyev yazır( 3-cü hissə)

Başkəndin Erməni-Daşnak quldurlarından təmizlənməsi əməliyyatına 861 saylı hərbi hissənin komandiri polkovnik leytenant Cahangir Rüstəmov rəhbərlik edirdi... Amma əvvəl yazdığım hadisələrin xronikasını bitirməliyəm.   -- 03--05 avqust 1-ci batalyonun QR kapitan İlham Əliyev öz yoldaşları ilə hər gecə səhərə kimi Başkəndin bütün giriş-çıxış yollarını,düşmən qüvvəsini,texnikasını və s. dəqiqləşdirdi.  -- Əvvəlcədən verilən tapşırığa görə Daşkəsəndən gələn rota taxıllıq istiqamətindən Başkəndə doğru hərəkət etməli idi. Onların bir neçəsinin adını yazıram: baş leytenent Abbasov Elçin, Bagiri Manuçohr, Bagiri Arif, leytenant Qeysər Əliyev...  -- Tovuzun Göyəbaxan kəndi istiqamətindən və Novosaratovkadan Başkəndə hücum edəsi qüvvələrin komandir və zabit heyətinin bir neçəsinin adını qeyd edirəm: kapitan İlham Əliyev - 1-ci batalyonun QR, leytenant Qalib Hüseynov - rota komandiri, Gizir Oruc Mahmudov - rota komandiri, leytenant Əliyar Novruzov - rota komandiri...  Yəni Başkəndə 3(üç) istiqamətdən eyni zamanda hücum olmalı idi. Əlbəttə ki,düşmən bunun qarşısında duruş gətirə bilməzdi. Lakin yaralı yerimiz Mutudərə idi. Belə ki,əvvəl qeyd etdiyim kimi,o ərazi düşmən tərəfdən işğal edilmişdi. Əlavə olaraq onu da qeyd edirəm ki, ermənilərə RUS - lar çox yaxından və hərtərəfli kömək edirdilər. Faktiki olaraq Mutudərəyə RUS tankları,PDM-ləri, hərbçiləri böyürlərində də bir neçə qəhraman Aşot hücum etmişdilər...   Mutudərə döyüşçülərindən Çingiz Məmmədov,polis Asif, Mutudərəli topçu Rasim və daha bir neçə nəfər döyüşü davam etdirmək istəsələr də düşmən say və texnika sarıdan üstün olduğuna görə geri çəkilməyə məcbur olurlar. Leytenant Məzahir Rüstəmov da məhz yaralanaraq düşmən əlinə keçir...   06.08.1992-ci il axşam saat 21--22.00 radələrində HH komandiri polkovnik leytenant Cahangir Rüstəmov, mən, qardaşım kapitan İlham Əliyev və əsas qüvvələrimiz Tovuzun Göyəbaxan kəndində idik. Ermənilərin yandırdığı Mutudərədəki evlərin külünü,iyini Göyçə gölündən əsən külək bizə çatdırırdı. Gecənin qaranlığı qırmızı rəngə boyanmışdı.Bu zaman Mutuərəni qoruyası olan OMON-lar vay şivənlə gəldilər.Təxminən 20 ( iyirmi) nəfər olardılar. Onların bu hərəkətləri əsgərər arasında az qala xaos yaradacaqdı. Belə ki,biri ağlayır,biri qışqırır,biri kimləri isə günahkar sayır...daha nə... Onların iradından sonra Cahangir Rüstəmov,İlham Əliyev və OMON-larla birgə vəziyyəti yoxlamaq üçün Mutudərəyə getdilər. Mən isə Göyəbaxanda komandir əvəzi qaldım. 07.08.1992-ci il səhərə yaxın komandir və İlham OMON-larsız gəldilər. Mən OMON-ları soruşanda -Əşi Mutudərəyə çatanda hamısı dağılışdı--cavabını aldım. Sonra Cahangir Rüstəmov məni yanına çağırdı:  -- Dilqəm iki ədəd PDM götür və Mutudərəyə get. Nə edirsən et, necə edirsən elə. Amma Mutudərə bizdə olmalıdır.   --Oldu komandir. Amma mən heç vaxtı orada olmamışam,xəritə verə bilərsinizmi?  -- Xəritə neyləyirsən,mən sənə Abbasov Zülfüqarı verirəm,o sənə yolu göstərər. Deyərək Zülfüqarı çağırdı və tapşırığnı verdi.  Mən 2(iki)ədəd PDM-1-lə Mutudərəyə yola düşdüm. Mənim hərəkət etdiyim PDM-in sürücü mexaniki 56 yaşlı könüllü Hacıyev Hidayət, digər PDM-də isə sürücü mexanik Alıyev Alxan idi. Əlavə olaraq bizə sıravi könüllü Xasməmmədov Fazil də qoşuldu. Zülfüqar bizi iç yollarla Mutudərə istiqamətinə aparırdı. Yolda Mutudərə və ətraf kəndlərdən çoxlu sayda mülkü əhalidən qaçanları gördüm. Bu çox dəhşətli mənzərə idi. Başıaçıq,ayaqlyalın insanların ayaqlarını daşlar çapmış,qanları axırdı. Azyaşlı uşaqlar ağlaya - ağlaya valideynlərinin əlindən tutub gedirdilər. Acığımdan gözümdən yaş axırdı... Yolda çayın qırağında K-16 tipli,Leytenant Şmidt zavodunda hazırlanmış QRAD qurğusu ilə hərəkət edən topçu İsgəndərlə rastlaşdıq. Hara getdiyini soruşdu və Mutudərəyə gedirəm cavabını eşitdim. Bu yaxşı xəbər idi. Belə ki, QRAD qurğusunun xeyirdən başqa ziyanı yox idi. Bir az da getdikdən sonra nizam-intizamsız, pərakəndə halda hərəkət edən, sayı 15-20 nəfərə çatan bir dəstəni gördüm. Kim olduqlarını soruşdum və biz Boz Qurdlarıq cavabını eşitdim. Hara getdiklərini soruşdum,onlar da Mutudərəyə gedirik dedilər. Yolda İsalı kəndinin içində bir qadın mənim PDM-imin qabağını kəsdi:  -- Ay qadan alım tankını saxla.  -- Nə olub ay xala?  -- Qadan alım əlindəki tüfəngin birini denən mənə versinlər.  -- Ay xala bu tüfəng deyil,avtomatdır. Neyniyirsən bunu.  -- Mən də siznən döyüşmək istəyirəm.  -- Olmaz ay xala,olmaz. Sən nə danışırsan?  -- Niyə (əsgərləri göstərərək) onlara olar,mənə olmaz?  -- Dedim olmaz da. Qurtardı.  -- Onda qulaq as...     Həmin qadın ermənilərin harada nələri olduğunu mənə öz bildiyi kimi başa saldı.   -- Bax mindiyin tankdan balacası orada var,o da bunun kimi seplidir(tırtıllıdır) deməli BMD - dir (DDM). Bundan böyüyü var,zırıltıdır (deməli tankdır). Ər-Dağının başında uzun,lap uzun lüləli top var( deməli təxminən KS-19 ola bilər( Gədəbəy batalyonunun orada KS-19 markalı topu var idi,amma indi ora ermənilərin əlində idi), və s... Mən Mutudərəyə çatmamış orada bizi nələrin gözlədiyini təxmin etdim... Artıq kəndə yaxınlaşdıq və uzaqdan Ər-dağına bir necə qəlpəli mərmi atdım. Mərmiləri şahmatvari qaydada atdığımdam Ər-Dağında olan topun yanındakı mərmilər partladı. Əla,deməli düşmənin qorxun silahlarından biri azaldı...  ARDI VAR... Dilqəm Əliyev