Yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan...

Meyxanaçı Baləli 255 min manata özünə lüks avtomobil alıb. 

Xeyir işlərə sürsün! 

Allah olmayanlara da qismət eləsin! 

Başqa nə deyim? Gözümü açandan belə eşitmişəm, belə öyrənmişəm...

Futbolçu Messi isə özünə malikanə alıb. Mayami sahillərində olan malikanənin qiyməti nə az, nə çox, düz 10.8 milyon dollardır. 

İki-üç gün əvvəl müxbirimiz bu barədə xəbər hazırlamışdı. Həmin yazını saytda yerləşdirəndə malikanənin dəbdəbəli görüntüsü gözlərimi qamaşdırdı. Əminəm ki, həmin xəbəri oxumusunuzsa, siz də mənimlə eyni hissləri keçirmisiniz. Yazmaqla, danışmaqla olmur, görmək lazımdır. Mən görəndən sonra bu sözlərə dedim: "Sağlığına qismət! Allah olmayanlara da yetirsin!" 

Bu yaxınlarda Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Könül Kərimova da dəbdəbəli villalarından paylaşım etmişdi. Müğənni Manaf Ağayev isə ehtişamlı evində klip çəkdirmişdi. Tamaşaçıları klipdən çox Manafın evinin parıltısı cəlb etmişdi. 

Sağlıqlarına qismət! 

Qapıları həmişə dost üzünə açılsın!

Şou müxbirimiz deyir ki, müğənni Nəfəs, Afət, Türkan, Şəbnəm ölkənin adlı-sanlı alimlərindən 10 dəfə yaxşı yaşayır, lüks avtobil sürür, dünyanın ən cazibədar istirahət mərkəzlərində dincəlirlər... 

Nə deyim? Allah o xoş gündən hamıya nəsib eləsin...

Ölkənin ən vicdanlı alimlərindən biri, ixtisasca jurnalist olan istedadlı qələm adamı Mübariz Əhmədov ötən gecə qəfildən dünyasını dəyişib. Mübariz müəllimi ürəyi yarı yolda qoydu. Tələbələrin sevimlisi olan, həmişə yalan və talandan uzaq duran, heç vaxt əlini haram tikəyə uzatmayan jurnalist dostumuz sadə bir həyat yaşayırdı. O da bütün vicdanlı insanların taleyini yaşadı...

Azərbaycanlıların yüz illərin sınağından çıxmış məşhur bir atalar sözü var: Ağ gün adamı ağardar, qara gün qaraldar... 

Bu ölkədə ağ günə çıxanlar təkcə topçular və popçular deyil. Günəşli Vətənimzidə gopçular, yəni xalqın gözünün içinə baxa-baxa yalan danışanlar, zəli kimi büdcə vəsaitinə daraşanlar topçular və popçulardan da yaxşı yaşayır... 

Dost-tanış bilir, mən Türkiyədə təhsil almışam. Universitetdə Kazım Yaşar Kopraman adlı savadlı bir müəllimimiz vardı. Kazım hoca tez-tez belə deyirdi: "Türkiyədə yaxşı yaşamaq üçün ya popçu, ya da topçu olmalısan". 

Əminəm ki, Kazım Yaşar Kopraman Bakıda müəllimlik etsəydi, belə deyərdi: "Azərbaycanda yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan..." 

Seymur VERDİZADƏ 

Share on Facebook