"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız"

Artıq 12 saatdan çoxdur ki, müzəffər Azərbaycan ordusu ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal antiterror əməliyyatlarına başlayıb.

Bu günü çoxdan gözləyirdik. Amma mən əminəm ki, gözləyən tək biz deyildik, elə hayların özü də əmin idilər ki, Azərbaycan 44 günlük II Qarabağ savaşının zəfərini yarımçıq qoymayacaq. Suda batan saman çöpündən yapışar misali xarici ölkələrdən kömək gözləyən ermənilərin artıq həqiqətin gerçək üzü ilə burun-buruna olduqları gündür 19 sentyabr...

Vaxtı ilə erməni rejissor Arşak Zakaryan Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq belə sərsəmləyirdi: “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik."

Özləri gəlməsə də, hərbi texnikalarının bir hissəsini gətirib Bakıya dənizqırağı parka yığdıq. Yığdıq ki, dərs ola, ağıllanalar, olmadı... Gözlədik ki, anlayalar, dərk edələr, dünyanın gedişatına ayaq uyduralar, məhv olmayalar, amma o da olmadı. Mərhəmət etdik, nazları ilə oynadıq. Un göndərdik, su verdik, qaz verdik...

Amma yox, bunlar belə ağıllanmayacaq... Axı bunların çoxu terrorçudur, silahlı yaraqlıdır, muzdludur. Bunlara lazım olan Hindistandan gəlir, İrandan gəlir. Bunlar neyləyir unu, suyu, qazı, bunlara silah lazımdı, mina lazımdı... Lazımdı ki, torpağa basdırıb dinc azərbaycanlıları qətlə yetirələr.

Neçə aydır "humanitar yardım" şousuna başları qarışdı, farsa, fransıza o qədər ümid oldu ki, Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadı. Öz çirkin əməllərinə davam etdilər. Yollara mina döşədilər, Azərbaycan polislərini, mülki vətəndaşlarımızı qətlə yetirdilər.

Nəticədə nə oldu? Azərbaycan ordusu erməni oyununa son verməyə qərar verdi. 

Bəli, indi sizin üçün bu son şansdı. Bu torpaqda yaşamaq istəyirsinizsə, silahı yerə qoyaraq Azərbaycanın konstitusiyasını qəbul edib, qanunlarına əməl etməlisiniz. Əks halda...

Əks halda Azərbaycan ordusu Hz.Əlininin qılıncı Zülfüqar misali təpənizə enəcəkdir.

Azərbaycan şərtlərini çox gözlətmədən açıqladı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış etdi: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir".

Haydı, gəlin Yevlaxa, danışaq. Bəli, Yevlaxa... siz axı Yevlaxa gələn yolu yaxşı tanıyırsız. Baxın, sizi Bakıya çağırmırıq, yenə sizi düşünürük, elə Yevlaxa gəlsəniz bəsdir. 

Yoxsa Yevlaxa gəlməyədəmi cürətiniz çatmaz. Bəllidir ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. İndidən özünü "media orqanı" hesab edən bir sıra erməni mətbuatı bu görüşün baş tutmayacağı ilə bağlı bir sıra söyləntilər çıxarıb. Ancaq hərkəsə bəllidir ki, regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər.

27 sentyabrı 2 il idi ki, anım günü kimi qeyd edirdik, bu il 27 sentyabrı həm də Zəfər günü kimi qeyd edə bilərik. Ordumuz bu günə qədər hansı arzumuzu gözümüzdə qoyub ki, bu arzumuz da çin olmaya... Olacaq əlbəttə, o gün uzaqda deyil. Allah ordumuzu qorusun!(moderator)

Hüseyn Ələsgərov (Zülfüqaroğlu)

Share on Facebook