İndi Müsavatın və gənclərin qayğısına qalan oldunuz?

Müsavat Partiyasının son qurultayı ətrafında müzakirələr və münasibətlər kifayət qədərdir. Hələ də davam edir. Təbiidir, gözlənilən idi. Müsavat Gənclər Təşkilatında olan seçkilər belə cəmiyyətdə bütün partiyaların sədr seçkilərindən daha ciddi və kütləvi müzakirə olunduğunu bildiyimiz halda, partiya başqanı seçkilərinin hansı səviyyədə müzakirə ediləcəyini hesablamaq elə də çətin deyildi. Ağlı başında olan, nəyin doğru, nəyin səhv olduğunu bilən səmimi insanlar İsa Qəmbərin yenidən Müsavat başqanı seçilməsini bəyənir, alqışlayır, təbrik edir, doğru hesab edirlər. Onların da sayı kifayət qədərdir. Az sayda insan da var, hansılar ki, Müsavat Partiyasına və İsa Qəmbərə qarşı kampaniyalarını hər zaman aparıblar. Onlar bu istiqqmətdə bir növ ixtisaslaşıblar, öz peşələrinə sadiqlik göstərib yersiz böhtan xarakterli kampaniyalarını aparırlar. Bu qara kampaniyanı aparanlar həm də mənim və Fərəc Kərimlinin üzərindən Müsavata, İsa Qəmbərə hücum edirlər deyə, hər birinə ayrı-ayrılıqda cavab verməkdənsə, hamısına bu yazıyla cavab verməyi lazım və doğru hesab etdim. Əslində bu cavabın da onları qane etməyəcəyini bilirəm.  Onların əksəriyyətinin gözünü qərəz və kin o dərəcədə tutub ki, nə cavab versək dayanmayacaq, durmayacaqlar. Yalan deyilirsə, həqiqət də mütləq deyilməlidir. İzləyənlər və obyektiv düşünənlər üçün. Bu yazı əsasən az sayda səmimi tənqidçilər və onlar kimi düşünən oxucular üçündür. Qərəzli olanlar kimlərdir, onları necə müəyyən edə bilərik? 10 ildir Müsavat Partiyasının rəhbərliyində ən yüksək səviyyədə gənclər olaraq təmsil olunuruq. Bu illər ərzində indi “gənclərə yol verilmir”, “irəli çəkilmir” deyənlərdən hər hansı birini göstərə bilərsizmi biz gəncləri dəstəkləyən, təbliğ edən, çıxışlarımızı paylaşan, bizi gənc siyasətçilər olaraq efirlərinə dəvət edən, gördüyümüz işləri qabardan, paylaşan bir fəaliyyətləri olsun? Tam əksinə! Faktlarla da deyə bilərəm ki, həmin şəxslərin önündə gedənlər bizə qarşı ən çirkin kampaniyalar aparıb, haqqımızda olmayanları danışıb, bizi də gözdən salmaqla məşğul olub. Bizə nifrət etdiklərini açıq etiraf edənlər olub. Hətta, “İsa Qəmbəri yalnız ona görə bəyənmirəm ki, Müsavatın rəhbərliyinə mənim xoşum gəlməyən insanların gəlməsinə şərait yaratdı” deyənlər olub. Müsavat Partiyasına hər hansı mövzuda müsahibə üçün, efir üçün müraciət ediləndə partiya başqanı Arif Hacılı səviyyəsində dəfələrlə onlara məni və digər dostlarımıza müraciət etmək məsləhət edilsə də, “gənc siyasətçiləri efirə dəvət edin” deyilsə də hər dəfə müxtəlif bəhanələrlə onlar bu təkliflərdən boyun qaçırıblar. “Ad çək” deyən olmasın deyə qərəzlilərindən və öndə gedənlərindən birinin adını çəkim. Sevinc Osmanqızı. Bir neçə dəfə bu kimi təkliflərdən müxtəlif bəhanələrlə imtina edib. Hətta bir dəfə təxminən belə bir cavab verdiyini xatırlayıram ki, biz yeni siyasətçilərlə deyil, tanınmışlarla müsahibələr edirik. Başqa bir faktı deyim, mitinqlərin birində obyektiv müşahidəçilərin etiraflarına görə ən parlaq çıxış edən biri olaraq mənim çıxışım video yazılardan kəsilərək müxtəlif xaricdə və daxildə fəaliyyət göstərən internet tv-lərin efirlərindən nümayiş edilmişdi. Son parlament seçkilərində ölkə üzrə ən parlaq seçki kampaniyası aparan gənc namizədlərdən biri olsam da  o mövzuda mənimlə bağlı bir cümlə səsləndirməyənlər indi güya məni və Müsavatı çox sevən oldular? Nə dəyişdi? Digərləri də gənclərə təxminən oxşar münasibət göstərib. İndi güya gəncləri düşünən, vacib hesab edən, dəstəkləyən, sevən olublar. Başqa partiyalara qarşı niyə belə münasibət yoxdur, onlarda gənclərə niyə yol verilmir deyib kampaniya aparılmır onu da bilirik. Sədr postuna da deyil, ikinci partiya vəzifəsinə, Ali Məclis sədrliyinə seçkilərdə yaşlı və heç populiyar olmayan yaşlı siyasətçiyə, nisbətən tanınan gənc siyasətçinin uduzdurulduğu partiyada da bəzi üzvlər sən demə Müsavatda gəncləri dəstəkləyirmiş, biz bilməmişik. Həmin zaman o partiyaya qarşı “gənclərə niyə yol vermirsiz?” deyə kiminsə yazdığına da rast gəlmədik. Daha hədsiz kin və nifrətlə bəslənən, həyatlarını intiriqalarla, ona buna söz atmaqla sürənlərə, onlar Müsavat və ya İsa Qəmbər əlehinə 1 gün yazmayanda təəccüblənən gənclər onların adını tağ etməklə bizə söz atıb statuslarda ələ saldıqlarına, ələ salındıqlarını başa belə düşməyənlərə cavab verməyi ümumiyyətlə lazım bilmirəm. Səmimi olaraq gəncləşmə, yenilənmə istəyənlərə tam səmimi olaraq deyirəm bizə partiya başqanı olmaq üçün ən yüksək səviyyədə təkliflər edilib, şəxsən İsa bəy də belə bir təklifi tam ciddi şəkildə şəxsi söhbətlərdə, daxili müzakirələrdə və ictimai qaydada efirlərdən səsləndirib. Bilməyinizi istəyirəm ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması təklifi ilk dəfə potensial ən gənc namizədlər, bizlər tərəfindən səsləndirilib və dəstəklənib. Eləcə də mümkün namizədlər tərəfindən bu təklif birmənalı dəstəklənib, ən doğru hesab edilib. Müsavat Partiyasının başqanlığına mən niyə namizəd olmadım? Cavabım qısa və konkretdir. Mən düşünmürəm ki, indiki çətin və mürəkkəb dövrdə mən İsa Qəmbər qədər Azərbaycan cəmiyyəti və Müsavat Partiyası üçün faydalı ola bilərdim. Sizi əmin edirəm, əgər mən və ya başqa bir gənc dostumiz Müsavat başqanlığına namizəd olsaydı, seçilsəydi İsa Qəmbərə hücum edənlər daxil olmaqla 10 dəfə çox insan indi bizim əleyhimizə döşəyirdi. Gələk sona, bir partiyanın rəhbərini həmin partiyanın üzvləri, qurultay nümayəndələri seçir. Demokratiya istəyirik deyənlərin tam demokratik seçkinin nəticələrini dartışması məncə səmimi deyil. Müsavat Partiyasının gəncləşməsini, yenilənməsini istəyən səmimi insanlara burdan müraciət edirəm, gəlin qoşulun sıralarımıza, uğurlu bildiyiniz başqa gəncləri, xanımları da dəvət edək sıralarımıza 4 il sonra qurultay nümayəndəsi seçilin, gənclərdən birinin və ya özünüzün namizədliyinizi verin təbliğat aparın dəyişiklik edin. İndi isə bu çətin mərhələdə ən doğru seçim İsa Qəmbər idi, biz də onu seçdik. Hər kəsə sevgi və hörmətlə. Səxavət Soltanlı

Dəhşət olaydır, xalqımız narahatdır - Nə baş verib?

Son günlər dəhşətli xəbərlər yayılır – doğrusu, insan o qədər narahat olur ki, gecə yata da bilmir. Biri odur ki, xalq artistlərimizdən birinin qızı öz nişanını geri qaytarıb. Şokedicidir – axı, necə yəni qaytarıb, nə təhər qaytarıb – elə-belə, nişan üzüyünü çıxarıb verib, yoxsa nişan zamanı içdiyi şirinçayı qaytarıb? Hələ dövlətdən səs çıxmaması da adamı narahat edən əsas cəhətlərdəndir. Axı, ən azı Mədəniyyət Nazirliyi bir açıqlama verə bilərdi ki, xalq narahat olmasın! Və yaxud DİN – nə olardı, bir press-reliz yayardılar ki, üzük xonçaya qoyularaq, polis əməkdaşlarının müşayiəti ilə təntənəli şəkildə geri aparılıb, ya yox? Yainki hər hansı insident-saxlanılan zad varmı? Üzük araşdırmaya cəlb edilibmi? AQTA şirinçayın tərkibini yoxlamalıdır. Bəlkə bütün bəlaların kökü o şirinçaydadır? İçəndə stəkanı düz tutmayıblar və ya qənd atanda, sayını düz bölməyiblər? Digər dəhşətli xəbər də var: iki aparıcı ər-arvad xalq artistinin övladının toyundan küsüb gediblər. Vayyy! Belə xəbəri də sakit-sakit elan edərlər? Şok-xəbər verəndə gərək oxucunu hazırlayasan – bunun ürəyi xəstəsi, qocası-cavanı var axı. Necə ola bilər ki, ölkədə bunca tragik hadisəni manşetə daşıyırsan və qabağına “ürəyi zəif olanlar oxumasın” xəbərdarlığını etmirsən? Kərbəlayi İsmayılın oğlu Yədullanın müsibəti belə olmamışdı – nəinki xalqımızın aldığı bu sarsıdıcı xəbər! DİN-in bu məsələdə susması da təbii deyil. Bu, o deməkdir ki, daxili işlər orqanlarında çalışanlar cəmiyyəti narahat edən məsələlərə çox soyuqqanlı, hətta laqeyd yanaşırlar. Sosioloqlar, psixoloqlar bu məsələyə münasibət bildirməli, cəmiyyət mütləq bu problemlərin həllini tapmalıdır. Bu, sıradan hadisə deyil – ümummilli, taleyüklü, xalqın gələcəyi ilə bağlıdır. Hələ onu demirəm ki, hansısa rayonda fəaliyyət göstərən və bu hadisədən sonra qəfildən “məşhur aşıq” olduğu üzə çıxan bir el sənətkarının oğlunun arvadı – yəni gəlini 15-20 gündür yoxa çıxıb. Yəni bu məşhur aşıq indiyə qədər bütün yaradıcılığı ilə xalqın yadına düşməyib, ancaq gəlini evdən küsüb gedən kimi məşhurlaşıb. Ümumiyyətlə, bu “küsmək məsələsi” həllini tapmalıdır: biri verilişdən küsür, biri evdən küsüb uşaqlarını da götürüb atası evinə gedir, biri toydan, biri dostundan... Belə dəhşətli iqlim dəyişikliyi ilə üz-üzəyik və təəssüf ki, mediamız aylardır bu xəbərləri tirajlamasına baxmayaraq, milli problemin həllini tapa bilmir. Xalqımız küsəyənlərdən o qədər narahatdır ki, yeməkdən-içməkdən imtina edib, üzülüb-incəlib, gülməyi özünə haram edib – ona görə hamı küçədə qaşqabaqlı gəzir, sifətindən zəhrimar tökülür. Belə şey olar? xalq artistinin toyundan küsüb gediblər axı – xalq buna nə təhər dözsün? Təklif edirəm ki, Novruzu gözləməyək, çünki yenicə yola salmışıq və o zamana 10 ay var: dövlətimizə təzyiq edək, küsülülərin barışması üçün ayda bir dəfə Novruz qayırsın və birləşib, yumurta döyüşdürüb, xalq olaraq Kosa-Keçəllə toydan küsənləri geri qaytarıb, təzədən toy edək! Xilas yolu təklif edirəm – sonra deməyin ki, demədi...(axar) Şeyx Teymur

Qürurun və ləyaqətin qurbanları

Aydın Can Ölkədə intihar xəbərləri artıq statistika rəqəmlərinə dönüb! Ancaq ölkənin baş pediatrının da intihar xəbərini oxuyandan sonra, illər öncə Mövlud Mövludun intiharına görə yazdığım yazını bir də paylaşıram - ümid edirəm ki, faydası olar! Çal, aşıq, çal, bir intihar havası çal! GİRİŞÖNCƏSİ ZƏRURİ İZAHAT: Bu yazı intihara sürüklənənləri üzə çıxarmaq, onları duymaq və fikrindən daşındırmaq üçündür! Sadəcə, intihara meylin haçan və necə yarandığına diqqətli olmaq yetər! Qürurun və ləyaqətin qurbanları Mən bilmirəm, intihar statistikasına və bu barədə məlumatlara kim necə yanaşır, necə yararlanır, bəli, bəli, yararlanır, kim nə qədər təhlil edib hansı nəticəni çıxarır, amma qəti və həm də hesab edirəm ki, ən doğru qənaət budur ki... Deməli, belə... Xalqda intihara yanaşma (əlbəttə ki, yazıboyu söhbət özümüzdən gedəcək, dünya təcrübəsi bizə uyarlı deyil - A.C.) kökündən yanlışdır - hakimiyyətin sərtliyi, korrupsiyaya uğraması, rüşvətxorluğun şiddətlənməsi və yaxud da kasıblıq heç bir halda intihar motivi olmamışdır, olmayıb, olmayacaq da! İstisnalar yoxdur! Xalqda, bütövlükdə olmasa da, əsasən hüquq-mühafizə orqanlarında və KİV-lərdə intihara yanaşma da yanlışdır: hüquq-mühafizə orqanları "özünü öldürmə həddinə çatdırma" motivi ilə manipulyasiya ilə, KİV "şok", "qandonduran faciə" effekti ilə yararlanaraq əsl səbəbi və günahkarı yüzdə doxsan doqquz faiz aradan çıxarır! İstisnalar da var! Bütün digər sahələrdə olduğu kimi, intihar halları da sosioloji araşdırmadan kənar qalır - bimənalı şəkildə! Və intiharlar hər zaman olub, var, olacaq! Kütləviləşmə isə... sadəcə, informasiya məkanının ənginliyi, önləyici təbliğati, təşviqati və təşkilati kompleks tədbirlərin nəinki zəifliyi, hətta heç olmamasıdır!!! Uşaqların, yeniyetmələrin və gənclərin intiharı... diqqət çəkəcək qədər artıbsa, biz artıq dərk etməliyik, xalqın öz övladlarını tərbiyə ənənələrində redaktələr etmək lazımdır! Aclıq, geyimsizlik, kasıblıq uşaq, yeniyetmə və gənc üçün heç bir halda intihar üçün motiv ola bilməz! Bir milyon qaçqını olan ölkədə belə iddiada bulunmaq absurddur! Qaşqınçılıqda yaşayan uşaqlardan kimsə intihar etdimi o illərdə? İnsanlar son nəfəsində belə çörək növbəsinə günlərlə ac qalandan sonra da inadla durublar, dururlar, duracaqlar! Hakimiyyətdə baş verən heç bir naqislik hansısa bir uşaqda, yeniyetmədə, gəncdə yaşam təbəddülatı yarada bilməz! Yaratmayıb da! Yaratmayacaq da! Uzun izahata varmadan deyim - yaş qrupu elədi ki, bu kontingent dövlət idarəetməsini analiz edib rəy verəcək qədər yetkin və siyasi seçim edəcək qədər kamil deyil! Bəs nədir səbəb? Qürur! Ləyaqət! Siz indiyə qədər neçə uşaq, yeniyetmə və gənc görübsünüz ki, ona qarşı valideynləri, müəllimləri təpki göstərəndə, əl qaldıranda, təhqir edəndə acıq eləmədən, küsmədən, evdən qaçmadan, şivən salmadan, amma və lakin... ağayana ədayla, qürur, ləyaqət nümayiş etdirərək bildirsin: "məni vurma! məni təhqir etmə! mənimlə dürüst rəftar elə! mənim yanımda belə davranma" deyib?! Mən 49 illik ömrümün 40 ilində, onun da 30 ilini jurnalist olaraq, bütün Azərbaycanı gəzərək, RF-nin az qala hər bir vilayətində olaraq, cəmi bir qız və bir oğlan uşağında bu qürur və ləyaqətə rast gəlmişəm! Onlardan da biri intihara cəhd edib! 15 yaşına qədər məndən çox ac qalan, məndən çox işləyən, yaşıdları tərəfindən məndən çox döyülən, məndən çox oxuyan uşaq olmayıb kəndimizdə - ac qalmadan artıq işləyənlər, oxuyanlar olub! Ağlımın ucundan belə keçməyib intihar! Baxmayaraq ki, hələ üstəlik atam bizimlə - mənimlə, qardaşımla, anamla həddən artıq əzazilcəsinə rəftar edib! Amma 15 yaşımda qürur və ləyaqətimi nümayiş etdirə bilmişəm! Atamla üz-üzə durub demişəm: öz arvadınla özün bilərsən, amma mənim anamla işin olmasın!!! Yəni... əziyyət, məhrumiyyət, aclıq, kasıbçılıq heç bir halda məni məndən və bizdən yaxşı yaşayan ailələrin, uşaqların qarşısında közükölgəli gəzməyə məcbur edə bilmirdi, məhrumiyyət məhdudiyyət deyildi, yaşam eşqi və gələcəyin xoşbəxtliyinə inam bu gündən sabaha, 15 yaşına gətirdi. Mən qürur və ləyaqətimi onda nümayiş etdirə bilərdim və etdirdim! Xarakterimə onda düzən verə bilərdim və verdim! Məni o yaşa qədər döyməkdən çəkinməyən sinif yoldaşlarıma, kəndlilərimə məhz o yaşda fiziki gücə yiyələnib təpki göstərə bilərdim, göstərdim! Mən ilk dəfə bunu nümayiş etdirdikdə qürur göstərib ləyaqətlə yaşamağin dadını çıxardım! Zaman-zaman qürurlu və ləyaqətli insanlarla qarşılaşdıqca həyatda, onun çətinliklərinə sinə gərməyi bacardım! Hesab edirəm ki, uşaqların, yeniyetmələrin və gənclərin arasında qeydə alınan intiharlara səbəb onların qüruru və ləyaqətidir! Kimdir onların qüruruna toxunan, ləyaqətlərini alçaldan? Valideynləri və ən yaxın ətrafı! Bu kontingent o halda intihara cəsarətlənir ki, onları qürur nümayiş etdirməkdən, ləyaqət sərgiləməkdən məhrum edirlər! Və... onlar bu qürura, ləyaqətə təcavüzün daha nə vaxtacan davam edəcəyini, zaman sərhədini müəyyən edə bilmirlər, etirazların acı fəsadlarıyla barışmırlar, özlərinin başqaları kimi zəif  olduğunu, məhz zəif olduğunu qəbul etmirlər, ata-ananı tapdamağa ürəkləri gəlmir, sevgilərini nifrətlə əvəz etmirlər, qadağalardan xilas olmağa canatımın faydasız olduğuna inanırlar və öz minimühitlərinin idbarlığına, adamların buqələmunluğuna, simasızlığına, vəhşi xarakterinə, hər bir güclünün hər bir zəifə ağalıq eşqinə həyatında şans tanımırlar!!! "İnam çipi" yanır! "Rubilnik" atır! Qərar isə qəti olur! İntihar! İçindəki mübarizəyə, inqilaba, yaşam eşqinə olan bəs qədər gücü həyatdan imtina cəsarətinə çevirirlər! Və... bu Allaha üsyan cəsarətidir! Nəinki öz evindəki, nəinki oxuduğu məktəbdəki, nəinki kəndindəki (şəhərindəki), ən müxtəlif mənbələrdən, daha çox da baxdığı kinolardan və oxuduğu ədəbi əsərlərdən aldığı məlumatlar - zorun hakimliyi bu uşaq, yeniyetmə və gəncdə bakirə, saf qalmaq duyğusunu aliləşdirir! Hətta heç bir kitab üzü açmayan, heç bir kinoya baxmayan müdrik uşaqlar, yeniyetmələr, gənclər var! Onların "ən zəif" cəhəti ən üstün keyfiyyətləridir: bu dünyaya bağlı olmamaq, bu dünyadan dördəlli yapışmamaq! Məhz erkən yaşlarında intihar edənlər dünyaya əllərinin dalını çevirənlərdir! Çünki qürursuz və ləyaqətsiz cəmiyyətdə sonacan qürur və ləyaqət sərgiləməyə cəmiyyət imkan verməyəcək - bu saf və bakirə duyğular təbəqəsi təəssüf ki... bunu hamıdan tez başa düşür! Yeganə çıxış yolu uşaqlara, yeniyetmələrə, gənclərə şəxsiyyət kimi baxmaqdır! Hamılıqla! Təəssüflər olsun ki, bu kriteriyaya sahiblənmək cəmiyyət üçün yaxın gələcəkdə mümkün deyil. Amma ümid var! SÖZARASI: Mən oğlan uşaqlarını əzizləyən atalara da, oğlan uşaqlarını əzən atalara da nifrət etmişəm! Mən qızlarını gözüqıpıq böyüdən atalara da, qızlarını şımardan atalara da nifrət etmişəm! Çünki hər iki halda nəticə ya intihar olur, ya qürursuzluq və ləyaqətsizlik! Açması olaraq bildirim ki, fiziki intihara cəsarət etməyənlər, sonda mənən ölü olurlar! Ki... bu da cəmiyyəti ölgünləşdirir! Təbii ki, bütün qürurlu və ləyaqətli uşaqlar, yeniyetmələr və gənclər intiharı seçmir, fəqət... onlar sonradan həyatı həm yola verir, həm də həyatla yola gedirlər! Belə deyək, "müdrikləşir", "hiyləgərləşir", "hər kəslə öz dilində danışa bilir". Həyat onları UDUR və udur! Bu, artıq növbəti mərhələdir! Keçid edərək deyim ki, psixoloji pozğunluğu olan adamların intihara meylli olması kökündən yanlışdır! Psixoloji pozğunluğu olan adamlar anlaqsız vəziyyətə daha tez-tez düşür, qatilliyə, maniakallığa meyllənirlər! Təkəbbür göstərmə, rişxənd etmə, məzələnməkdən zövq alma içdən sınmış adamların psixi pozğunluqdan sonrakı sabit durumudu, əgər xaraktercə zəifdilərsə və əvvəlki cümlədəki fikrimizin "qəhrəman"ına çevrilməyiblərsə! Yetkinlərin intiharı... da həmçinin: aclıq, kasıbçılıq, siyasi düzən-filan səbəb deyil və "ünlü mütəxəssislərin" goppalogiyasıdır! Erkən yaşlarda olduğu kimi, yetkinlik, ahıl və qocalıq dövründə də intiharın mənbəyi qürur və ləyaqətdir! İntihar qərarı bütün yaş mərhələlərində "Jalə" şirələri damla-damla toplandığı kimi, uzun müddətə formalaşır! Erkən yaşlarda qürur və ləyaqət nümayişinə səbəb təkcə rəftardırsa, yetkin və sonrakı dönəmlərdə intihara cəsarətə həyatın dərki, gözlənilən ləkələnmə kompleksləri təşviq edir! Üstəlik də "həyatımın hakimi özüməm" iddiasıdır! Ləyaqətli insan o insana deyilir ki, həyatda nəyi itirsə də, nəyi alınsa da, bundan sınmayan, lakin birbaşa özündən asılı olanları qoruya bilən insandır! Ləyaqətsiz insanın qürur sərgiləməsi qeyri-mümkündür! Hətta cəsarət edib sərgilədiyi "qüruru" istənilən biri tapdayır, burnunu ovur! "Əllaməliyimizin" bu mərhələsi bir az sərt olacaq! Borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar halları varmı? Yoxdur! Həmin o "intiharları" -  "borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar" hadisələrini mətbuat formalaşdırır! Faktiki isə... Adam tanıyıram ki, 500 min dollar borcu var, özünü öldürmür! (Eləcə də 100 manatdan tutmuş ta on, yüz minlərəcən borcu olana qədər). Ailə tanıyıram ki, hər gün adambaşı bir bulka ilə keçindiyi günlər olub! Ötüşdürüb! Evsizlikmi? Ailə tanıyıram ki, xanımıyla qızı qaynata evində, oğlu bacısıgildə, özü... taxtalar üstündə yatır! Bu adamlar qürursuzdurmu? Ləyaqətsizdirmi? Əsla və lakin!!! Bu insanların inamı var, bu insanlara xəyanət edilmir, bu insanlara şans tanınır! Bu insanlarda "inam çipi" yanmayıb, "rubilnik" atmır! Bu insanların sadəcə həyatla yola getmək, həyatı yola vermək "müdrikliyi" var! Onlar öz qürurlarını, ləyaqətlərini incitdikləri, ziyan vurduqları insanların ağrı-acı süzgəcindən keçirmirlər! Bu qədər sadə və bəsit! Bütün hallar üçün hədisləri, misalları, nümunələri var - yəni bu qədər "ağıllıdırlar"! İntihara cəsarətləndirmək üçün Azərbaycanda üç dəhşətli amil var: vicdan kredosu, sədaqət-xəyanət dilemması və... etimadsızlıq votumu! Üçündən birinə tutulan hər bir kəs... intihara cəsarətlənir! Bütün digər amillər fantaziyadır, diqqəti yayındırmaq üçün şarlatanlıqdır! Üç fakt üstündə dediyimi təsdiqləyəcəm! Taleyin qismətindən ən müxtəlif ranqlı, ən müxtəlif mənsəbli və ən müxtəlif miqdarlı sərvətə malik insanlarla çox yaxın dostluğum olub. Amma təkcə bir nəfərdə intihara cəsarəti gördüyümə görə tarix üçün yazıram: Ölkədə çox məşhur bir şairin çox yaxın xanım qohumuyla saunada görüşən biznesmen dostum məclisə məni də dəvət eləmişdi! Və təsəvvür edin, xalqın belə əzizlədiyi bu şair-qəhrəmanın qızı həm də çox yüksək vəzifəli (vəzifənin adı gələndə adamın ayaqlarının suyu qaçır!) birinin gəlini olmuşdu. Hətta boşanandan sonra da, daha doğrusu, saunada ola-ola, şairə də, qaynata tərəfə də ultimatumları, onları aşağılamağı bir performans idi. Dostum bir xeyli vurduqdan sonra sonuncu badəni qaldırdı: - Arzu edirəm ki, mənim qızıma bu taleyi allah nəsib etməsin, onu da haşansa saunaya çağıran olmasın! ... Sonra xanımı yola salıb, çox sakitcə bizi dinləməyə dəvət etdi: insanlar getdikcə vəhşiləşir, hər bir azərbaycanlı kişisinin içində bir qurumsaq yatır, yaxşıya da tamah salır, pisə də, hamının olan pislə niyə də mən olmayım, o yaxşı niyə də mənim olmasın, hər biri də fəxrlə həyatının konveyerindəki "gözəlçə"lərlə fəxr edir! Adlarını eşitdikləriniz adamların ailəsinə mənsub bu xanım yüzlərlə insanın taleyinə hakim ola bilər, istədiyindən qisas alar, ən maraqlısı da odur ki, ona "ayı xidməti" göstərməyə hələ yüzlərlə imkanlı adam da farağat durmağa hazırdır, ən pisi də odur ki, bu xanımı məhz bu yola həmin adamlara aid olduğu üçün sürükləyiblər, ən dəhşətlisi də odur ki, naturaca fahişə olan bu qadın hər zaman, əlinə imkan düşdükcə bir xanım-xatın azərbaycanlı qadınını sındıracaq, ərindən edəcək, oğlunu tutduracaq, çörəyinə bais olacaq, heç bacarmayanda aşağılayacaq, getdikcə ifritəyə dönəcək və... çıxın gedin! rədd olun! Məclisdəkilər də, elə bu sətirləri oxuyanlar da, çox rahatca fikirləşirlər: nə oğraş adamdı, öz qızı haqqında belə deyə bilir! Elə deyilmi? Elədi! Amma həyat sübut etdi ki, elə dostum düz deyirmiş! Amma dostum həm də səhərisi gün mənə zəng edərək, onunla son söhbətimizi haçansa yazmağıma and içdirdi: - Mən artıq bir neçə ildir bu dəhşəti dərk etmişəm. Adamlar Dubaydakı, Türkiyədəki qızlarımızın fahişə kimi həbsxanalarda saxlandığından çox rahat yazırlar, adamlar çox rahat ayrılarının ailələrinə burun soxurlar, adamlar çox rahat adamların sərvətinə yiyələnirlər, adamlar çox rahat yalan danışa bilirlər, adamlar çox rahat... Canıyev, hər il qəbrimin üstünə gəl və pıçılda: bağışla, dost! Dostuma son dəfə Stefan Sveyqin "Bir ürəyin qürubu" hekayəsini oxudum! Sağollaşdıq! Mən başsağlığı vermədim heç harda! Bu həyatın onun başına aça biləcəyi oyunlara, ona çəkdirəcəyi zülmlərə, yaxacağı ləkələrə meydan açmağa gücü-təpəri, resursları var idisə də, bu dünyanın sahibinə etiraz etdi! Sadəcə... vicdan kredosu bundan sonra da yaşamağın... qürurundan və ləyaqətindən keçməsi demək olacağını bilirdi! O bilirdi ki, ondan asılı olmayan, amma onun qürur və ləyaqətinə toxunacaq dalğa irəlidədi! Və bu dalğa məhz o var olduğu üçün olacaq! Onun yoxluğu zərbəni dəf edir! Bax, intiharların bu tərəfi var Azərbaycanda! Cəmiyyətdəki neqativliklər o demək deyil ki, intihar edəsən, amma və lakin... boynuna intihar düşənlər var! Bunu dərk edən vicdanlı insanlar bu cəsarəti sərgiləyir! Odur ki, intihar edənlər acizlik etdi deyə, çıxış yolu bu deyildi deyə, pinə etməyin! Boynuna intihar etmək düşənlər bunu etmədikdə, qürura və ləyaqətə təcavüz daha şiddətli olur... vicdani baxımdan! p.s. psixi pozğunluğu olan adamlar sadəcə, qızlarının və arvadlarının, bacılarının, analarının qatilinə çevrilir!  Sədaqət-xəyanət dilemması... ilə intihar sayı daha çoxluq təşkil edir! Əksər hallarda da bu intiharlar alınmır! Uğursuzluq ondadı ki, sədaqət-xəyanət dilemması qarşısında qalanlar daha çox tərəddüdlə üz-üzə qalır, "ayı-günəşi yerinə qoymağa" ümidlənir, ən sonda hər işə allahın mane olduğunu "anlayaraq" üsyana əl atırlar! Dostum və qardaşım Mir Şahinə 2002-ci ildə çox acımasız bir yazı yazmışdım, dostlardan birinin dediyi kimi, "bu dostun tənəsindən çox, düşmənin son sözünə oxşayırdı". Və... fikir beləydi: "Əzizim Miri, əlbəttə, mən istəyərdim ki, İlham Əlyevlə bir fakültədə oxuyum, bir qrupda olmasa da, atamla Heydər Əliyev bir regiondan olsun, indi neyləyim ki, mən səninlə bir fakültədə oxudum, bir regiondan oldum, qayıdım Lənkərana, təzədən gəlim Bakıya, jurnalistika fakültəsinə girim?" Cəmiyyətin bir-birindən istədiyi də sədaqətdir. Xəyanəti bağışlanmaz hesab edir. Mən əksər portret yazılarında həmişə vurğunu bir məqama kökləmişəm: qəhrəmanımın dostlarıyla dostluq stajı nə qədərdi... Təəssüflər olsun ki, sıfır! Əgər dostlar hər ikisi vəzifədədisə, eyni imkanlara malikdisə, həə, bu "dostluq" davam edir, yoxsa yox. İstisnalar çoxdur. Keçək intihara gətirən səbəblərə. Deməli, 1999-cu il. 100 min tirajla, dörd rəngdə, Moskvada (Azərbaycana 20 min nüsxə təyyarəylə Bakıya göndərilir) Frenk Elkaponinin vəsaiti hesabına Azərbaycan dilində "Azərbaycan-XXI əsr" qəzetini çap edib gətirirəm. Dəstəyə, professional yardıma ehtiyac var. Qrup yoldaşım İlham Məmmədlini evindən çağırıram. Bir ildi işsizdi. 8 ayın maaşını baş redaktoru olduğu "Hər gün" qəzetindən ala bilməyib, həmən aylıq verirəm. Digər bir tələbə yoldaşımızın qaynını "Kəlbəcər qaçqını" adı ilə zor-xoş işə götüzdürür yerini bərkitməmiş! Bircə gün qəzeti etibar edib rayona gedirəm: başlıqda Moskva yazır, yarımbaşlıqda Minsk, mətnin içində yenə də Moskva, imza yerində Minsk. Üzümə dirənirlər ki, "ə bə, həylə də qəzet olar, bə deyirdin..." Qayıdıram ki, bunu edən İlham Məmmədlidisə, onu çıxarmalıyamsa işdən, özüm çıxıram. Bir ay maaşının yubanmasına şivən salan İlham Məmmədli 6 ay... pulsuz işləyir! Və həm də məlum olur ki, "kəlbəcərli qaçqın" çörək kəsdiyim Abdullanın qardaşıdı, tələbəlikdə bir qaldığım, bir oxuduğum Şahin Əliyevin qaynıdır. Hələ cütləşib, məni Abdullaya da satıblar: üzrlü səbəbdən redaksiyada ola-ola görüşmək istəmədiyimdən, "deyin yoxdur" dediyimə görə, nəzarətçini aldadaraq Abdullanı gətirib çıxarıblar otağa!!! 2001-ci il. "Millətin səsi" qəzeti yanvardan çıxır və sürətlə tiraj yığır. "Letucka"larda arada özümüz də şübhəmizi bəyan edirik, əsasən də mən: "tirajın bu sürətlə artımının axırını allah xeyir eləsin". Birdən Eynulla Fətullayev peyda olur. Ramiz Mehdiyevin əleyhinə hansısa "etibarlı mənbə"nin səsyazısını təqdim edir. Gülnaz Qənbərliyə kağıza, yazıya köçürtdürür. Təbii ki, baş redaktor Şahbaz Xuduoğludur və hökm-fərmadır. Yazı gedir! Şahbaz Xuduoğlu "fərqinə varmır" ki, Eynulla Fətullayev nəinki özü, hətta bütün nəsli malik olduğu sərvətlərə görə Ramiz Mehdiyevə borcludur, heç cür ola bilməz ki, Eynulla kimi qorxağın biri bu cəsarəti sərgiləsin, dədəsi 30 il qızıl zavodunda səlahiyyətli işdə işləmiş halda. Məhkəmə. Eynulla Fətulayev Şahbaz Xuduoğlu ilə razılaşır ki, yazını mən boynuma götürüm, cəza mənə verilsin. Mən razılaşıram. Dost deyilikmi? Məni işə götürməyibmi? İki dəfə qardaşlarıyla yeyib-içmək məclisinə aparmayıbmı? Xeyrində-şərində yanında olmamışammı? Evimə pay gətirməyibmi? Nə olar, indi Eynulla əsgərlikdən təzə gəlib, cəzasını yenicə başa vurub, bu da dostdu, tutulsam da yardım edəcək... Sadəcə, Gülnaz Qənbərli məhkəmə zalında dirəsir və həqiqəti deyir ki, Aydın həmin günü kənddə olub. Yazını Eynullanın verdiyi kasetdən köçürmüşəm! Şahbaz tutulur, Eynulla küçədə kameraya əl-qol ataraq "azadlıq" qışqırır! Sonra Eynulla Elmar Hüseynovun yanında peyda olur. "Etibarlı mənbə"lər indi də "Bakı həftəliyi"nə, sonra "Monitor"a hətta "birinci ledi"dən "komplo" ötürür. Elmar Hüseynov öldürülür. Eynulla yenə də küçədə, hüzr yerində kameraya əl-qol ataraq, bu dəfə Şahbaz Xuduoğlu ilə birgə, qatili tələb edirlər! 2002-ci il. Zöhrab Əmirxanlı ilə Moskvada qəzet buraxırıq. Cəmi 12 nömrə. Davam etmək istəmir. Bağlayırıq, yarımçıq saxlayırıq. 50 min dollar ziyana düşdüyünü deyir. Müsahibələr verir. Giley edir. Yeddi dağın suyunu bir dərəyə daşıyır! Əvvəlki hallarda susduğum kimi yenə susuram! Enerji, güc kifayət qədərdir. Haqlı və haqsız ittihamları boş verirəm. Və... 2003-cü il... Vəziyyət sıfıra düşür. Bir qrup yoldaşım bir qəzetdə baş redaktordur, o biri qrup yoldaşım o biri qəzetdə. Biri hətta ev nömrəsini mənə verən tələbə yoldaşımızı təhqir edir. Zəng vururam ki, allah evini tiksin, ABŞ-ın prezidentimisən, ev telefonunu tapammayam, yalın əllə narkotranzti açan jurnalistəm e, özü də səndən korrektorluq istədim, nə tumanı çəkmisən başına? O biri qrup yoldaşım da biriləri yazmasaydı heç məni korrektor da götürməyəcəkdi! Uğrunda savaşdıqlarımdan birinə üç il işsizlik dövründə üç şirvan borc üçün ağız açdım. Tələbə yoldaşımızın təzə evköçdüsünə gedəndə demişdi: "Mən baş redaktor olandan Aydın da bezdirib, axır ki o gün üç şirvan verdim" Bir gündə iki tələbə yoldaşıma tüpürəsi oldum: əvvəla səni baş redaktor olduğun yerdə mən hörmətli eləmişdim, xəyanətinə görə getdim, qurduğumu sənə saxladım, o biri qrup yoldaşıma da ona görə əlvida dedim ki, kişiliyin çatmadı olanı deyib, lüstru da qoltuğuna verib göndərəsən evinə? 50 minə ev alan oğlanın duz-çörəyi 12 şirvana qurban verməsi nə deməkdir?! Və... 2004-cü il. Evdən çıxanda uşağa 20 qəpik bulka pulu verib "mən axşama çörək alıb gələcəm, birtəhər ötüşdür", - deyib gedirəm. Elə bilirəm ki, qızım talışca bilmir. Amma sən demə anlayıbmış. Qayıdanda görürəm ki, evdə yarı çörək. Uşaq bulka almayıb. Dərsdə ac qalıb. Mağazada satıcıya deyib ki, 20 qəpiklik çörək ver. İndi də oturub gözləyir ki, ata gəlsin, yarı çörəyi yeyək! Bu... intihara cəsarət üçün... son təkan idi! Bu boyda vicdan möhnəti və dilemma qarşısında qalmaq olmazdı. Mənim varlığım uşaqların aclığına, məhrumiyyətinə səbəb olurdu! Son qərar! Kirayədə qaldığım otağın birinə keçib "yorğunam, narahat etməyin", - deyib damarımı kəsirəm! Yorğan boyaboy qandır. 20 qəpiyə çörək alan qızım görür ki, heç nə yemədim, ürəyi dözmür, qapını açır və çağırır: "ata, sən ac yatma..."  Səhnəni təsvir etmirəm! Həmən həkimə çatdırılıram. Qan vurmağa, tikiş vurmağa əlbəttə ki, pul yoxdu! Fəqət... tələbə olarkən yanımda - redaksyada qapıçı işləyən həkim xeyli qanaxmadan sifətimin dəyişməsinə baxmayaraq, tanıyır. Soruşur: bu baş redaktor olubmu? - Aydın Canıyevdi. Həkim hər şeyi öz cibinin xərcinə edir, məni ölümün ağzından qurtarır! İntihar qərarı anında baş verir deyənlər yanılır! Tam sərasər dörd il və... səbəb: ətrafda sənə sədaqətli, səni anlayacaq, səni dəyərləndirəcək bircə nəfər də yoxdur! İntihar cəhdi uğursuzluqla başa çatıbsa, artıq psixi pozğunluqlar yaranır! İnsan aqressivləşir, nifrət və qəddarlıq içinə çökür! Sanki sənin qüruruna və ləyaqətinə təcavüz etmiş cəmiyyəti fahişəyə çevirmək istəyirsən! Bu durumdan çıxarmağa hətta tibb də acizdir. İntihar cəsarəti hələ aktın baş tutması deyil! Fəqət... bu Allaha üsyan cəsarətidir! "Acizlikdi, çıxış yolu deyil" deyənlərə xatırlatma: buyurun, yazdığım situasiyadan çıxın, dəyişin, gücünüzü göstərin, əgər varlığınız ətrafınızdakıları, sizə bağlı olanları məhrumiyyətlərə, əskiltmələrə aparırsa, göstərin möcüzənizi! Bax o möcüzə məhz qürur və ləyaqətdir! Bir də Allaha üsyan cəsarəti! İntihar cəhdindən sonra... sağ üz nahiyəsinin parezi, mikroinsult, ailənin dağılması, azadlıqdan məhrumedilmə... bunlar intihar qərarı verilən andan bəlli idi! Alınmayan intihar sadəcə səni şahid edir! Üstəlik də artıq həyatında... əxlaqsız və ləyaqətsiz insanlarla daha qəddar rəftar mərhələsi başlanır... hamıya etimadsızlıq votumu yaranır! Etimadsızlıq votumu... İntihar cəhdində bulunmuş biri kimi deyirəm: intihar cəsarətdir: Allaha üsyandır, qiyamdır Allahla! Allahın səni üz-üzə qoyacağı oğraşlıqlara, biqeyrətliklərlə, binamusluqlara, hərbə-zorbaya, ləyaqətsizliyə qürurunun, ləyaqətinin performansıdır! Gücü, pulu, səlahiyyəti verib peysərə, anasından-bacısından bixəbərə, qeyrəti-namusu verib sənə, ədalət hissini sənin üçün ali edib! Dözmürsən yalana, həqarətə və üsyana qalxırsan - Allahın özünə qarşı! Arvadını ordan-burdan yığa bilmir, bircə jek müdirinə yerini göstərə bilmir, bir məmura etiraza cürdəyi yox, hakimiyyətin öz qaymaqları korrupsiyaya, vəhşiliyə, quldurluğa, rüşvətə son deyir, durub psixoloqa şəbədə qoşur! Bax, etimadsızlıq votumu budur: bəndə Allaha inanmır! Və "ədalətini" anlamadığı "bu gözəl dünya"dan köç təbilini çalır! Mövzunun bütün əxlaqi-etik baxımdan "təhlükəli" sayıla biləcək nüanslarına bir arqumentlər yanaşın: intihar edənlərin həyatına tam bələdsinizmi? Siz doğrudan da sizlərə xəbər kimi çatdırılan məlumatlarda həqiqətin nədənini bilirsinizmi? Uşaqlarınızı tanıyın və onlarla ehtiyatla, dürüst rəftar edin! İntihar olmayacaq! Dostlarınızla, qohumlarınızla, qardaşlarınızla, bacınızla, ərinizlə sərt olmayın! Hətta ayrılanda belə... öpüb ayrılın! İntihar olmayacaq! Allah təkəbbürlüləri sevməz! Allaha inamı əskiltməyin! Ən təhlükəli hal etimadsızlıq votumudu! Faciələr məhz həmin andan başlayır! Unutmayın: intihar cəsarəti yaranıbsa... nə uşaq, nə ana, nə ər, nə sevgili, nə... heç nə əhəmiyyət kəsb etmir! Dünyada intihardan faciəli daha bir problem var! Mühacirət! Bu barədə gələn dəfə...

Düzlən! Farağat! Rusiyaya doğru addımla, marş!

Zahid Nurəliyev Bu günlər daha bir tarixi hadisənin şahidi oluruq: Rusiyanın sülhməramlı kontingeti Qarabağı tərk edir. Əslində dünən axşamdan media və sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılmışdı. Bununla belə, rəsmi açıqlama olmadığına görə çoxları bu xəbərə bir o qədər inanmır və ciddi yanaşmırdılar. Amma artıq həm Rusiya, həm də Azərbaycan tərəfi rəsmən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başladıqlarını açıqladılar. Əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxması haqda suala təsdiqedici cavab verdi: "Bəli, bu, həqiqətən də belədir". Daha sonra Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: "Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər". Beləliklə, rus sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk etməyə başlayıblar və bu prosesin yaxın aylarda yekunlaşacağı gözlənilir. Doğrudan da tarixi hadisədir. Çünki rus qoşunlarının yerləşdikləri ərazilərdən çıxması heç zaman asan, qansız-qadasız baş verməyib. Ümumiyyətlə, onlar yerləşdikləri yeri heç vaxt tərk etmək istəmirlər. Elə günümüzdə buna dair misallar gətirə bilərik. Ukrayna və Dnestryanıda, işğal olunan Gürcüstan ərazilərində, Ermənistanda Rusiya hərbçiləri və hərbi bazalarının mövcudluğunu xatırlatmaq kifayətdir. Gəlin, başqa bir məqamı da xatırlayaq. Daha doğrusu, 2020-ci il noyabrın 10-da Üçtərəfli saziş imzalananda Azərbaycanda yaşanan əhval-ruhiyyəni. İşğalçı üzərində möhtəşəm qələbə qazansaq da, sazişə əsasən, Rusiya hərbçilərinin Qarabağa daxil olması ciddi əndişə yaratmışdı. Hamı bu faktı qələbəmizə kölgə salan məsələ kimi qabardırdı. Hər kəs bir az pərt idi. Sazişdə konkret müddət göstərilsə də, açığı, çoxumuz vədə yetişəndə rusların yenidən təxribat törədib Qarabağda mövcudluğunu saxlayacağını düşünürdük. Amma məsələ gözləmədiyimiz halda, həm də vaxtından əvvəl həll olundu. Sakitliklə, mübahisəsiz, qansız-qadasız... Ona görə də bu hadisəni tərəddüd etmədən son illərin tarixi qələbələrindən biri kimi dəyərləndirmək olar. O da maraqlıdır ki, müstəqilliyimiz dövründə Rusiya hərbi kontingenti ikinci dəfə ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. Ümid edək ki, bir daha rus hərbçilərin ayağı torpaqlarımıza dəyməyəcək və bizim onları üçüncü dəfə ölkədən çıxarmaq qayğımız olmayacaq! Qələbən mübarək, Azərbaycan!

RƏQS EDƏ BİLMƏYƏNLƏRİN ZAMANI...

Küçənin ortasında rəqs edən adam düşünün. Musiqisiz filansız. Musiqi var. Ancaq rəqs edənin qulaqlarındadır, yalnız özü eşidir. İlk baxışda nədi ki, adam rəqs edir də. Nə olsun ki, əvvəlki kimi toyda, şənlikdə, konsert salonlarında yox, küçədə, həm də təkbaşına rəqs edir. Ürəyi istəyir, rəqs edir. Bu da bir şənlikdir. Lap elə olsun fərdi şənlik. Ya iki nəfərin şənliyi. Haradan baxsan şənlikdir. Həm də incəsənət. Axı pis rəqs etmir(lər). Amma heç baxan da yoxdur. Ətrafda hamı öz işindədir. Kimi gedir, kimi gəlir, kimiləri dayanıb söhbət edir, tək-tük başını çevirib baxanlar da instiktiv diqqət kəsilir. O da ani. Çünki artıq küçənin ortasında, parkda-filanda fərdin və ya kiçik qrupun qəfil durub rəqs etməsi yeni bir şey deyil. İşini buraxıb qoşulan olur, təəccüblənən, narazı qalan yox. Hətta yolu kəsilmiş maşın dayanıb, işıqforun qırmızı işığındaymış kimi sbrlə gözləyir ki, “rəqqas” ya işini bitirsin, ya da bəlkə oynaya-oynaya yoldan çəkilər. Dediyim kimi, heç kim təəccüblənmir, hirslənmir, çünki artıq belədir.   30 il əvvəl bu hərəkətə dərhal tutulub aparılacaq adam indi belə şeyi ağlına da gətirmir. İndi 30 il sonranı düşünək. Artıq küçədə-filanda rəqs etməyən adam cəmiyyətə yad görünür. Çünki hamı atılıb-düşür, rəqs edir, ən azı “rəqs meydançası”ndan keçən ani də olsa prosesə qoşulur, ərazini atılıb-düşə, əl-qol oynadaraq keçir. Yoxsa, bəlkə də tutulub aparılar. Niyə? Çünki artıq bu bir norma, həyat tərzidir və o (rqsə qoşulmayan), növcud normaları pozur.  Həmin vaxt artıq küçədə lüt gəzən adamlara heç kim fikir verməyəcək (Indi rəqs edənə fikir verən olmadığı kimi). Ətrafda hərə öz işində olacaq. Çevrilib çılpağa baxan da olsa, instiktiv və ani edəcək bunu. Nədir ki, adam(lar)dı də, nə olsun lütdü(lə)r. Göstərdiyi də hamıda olndandır. Haradan baxsan, Allahın yaratdığıdır. Hələ bəlkə bir az da mədəniyyətdir. Olsun yeni mədəniyyət. Amma mədəniyyətdir. Hamı görür, heç kim heç nə demir, nəsə deməyi ağlına gətirən də yoxdur, nəsə demək də olmaz, amma soyunub qoşulmaq olar. 30 il əvvəl bu hərəkətə görə dərhal tutulardı, aparılardı. Amma 30 il sonrakı adam bunu heç ağlına da gətirmir.  İndi daha 30-40 il sonranı düşünürük. Artıq küçədə lüt gəzməyən yoxdur. Təsadüfən paltarlı gəzən olsa, cəmiyyətə yad görünür.  Daha 40-50 il sonra havalar daima istidir, küçədə-bayırda yenə hamı lütdür, orada-burada cütləşənlər gözə dəyir, ərazidən keçənlərdən cütləşənlərə qoşulanlar da olur. Parkda-xiyabanda uşaq dünyaya gətirənlər var. Bir yanda kimsə təbii ifrazatını küçənin ortasına boşaldır, o biri yanda biri başqasının yediyini əlindən qapıb öz ağzına basır. İtələşirlər, dalaşırlar, güclü qalib gəlir, ya da söyüşməklə kifayətlənib, ayrılırlar. Fərqli cinslər, arientasiyalardırsa, bəlkə hələ ayrılmazdan əvvəl cütləşirlər də.  Daha 50-60 il sonra hamı bir-birinə hürür. Çöldə-bayırdı uşaq gözə dəymir. Orada-burada güclülər cumub gücsüzləri yeyir. Hər yan qara, qırmızı qan ləkələri, təzə-köhnə insan sümükləridir. Hardasa bir qadın ağacın başındadır, iki kişi ağacın altında savaşır. Başqa bir tərəfdə bir qrup qadın, bir kişini didib, parçalayıb yeyir və s... Bu nəsil artıq rəqs edə bilmir. Onun heç xəbəri də yoxdur ki, bir vaxtlar hamı paltar geyinib, hərə öz yeməyini yeyib, insanlar yataqda, mübhəm yerlərdə sevişib, uşaqlar doğum evində dünyaya gəlib, təbii ehtiyacların ödənməsi üçün ayaqyolu deyilən guşələr varmış və bütün bunlar insanın həyat tərzi olub. O həyat tərzi ki, insanlar sevinəndə, xoşbəxt olanda yığışıb rəqs edirmişlər. Hələ rəqs etmək üçün ayrıca meydançalar, salonlar da varmış. Adamların rəqs eləməsi üçün “ansambl” deyilən qrup çox maraqlı, həvəsləndirici nələrsə ifa edirmiş. Adına da musiqi deyirlərmiş. Özü də dünyada uşaqdan böyüyə hamı rəqs edə bilirmiş. Və insanların bir-birini rəqsə dəvət etmək kimi gözəl ənənəsi varmış...   İlqar Rəsul

AYNA Bakıda 45 min ailənin aynasını əlindən alır

Nazirliyin bir neçə aydır taksilərə qarşı apardığı barışmaz mübarizə özünün ən sərt müstəvisinə iyul ayında keçəcək. Taksilərə tələb qoyulur: rəng, il, lisenziya, sürücülərin təlimi və s. və i.a. Əlbəttə ki, bütün bunlar taksiləri azaltmağa xidmət edir. Nazirlik bunu gizlətmir də, açıq şəkildə etiraf edir ki, Bakıda 65 min taksini 20 minə endirmək istəyir. Guya bu, Bakıda tıxacları aradan qaldırmaqla yanaşı, taksi xidmətinin keyfiyyətini də qaldıracaq. Əslində, taksilərlə bağlı ciddi problemlər var: taksi sürücülərinin qeyri-peşəkarlığı, narkotik istifadəçilərinin bu “peşəyə” meyillənməsi, köhnədən-köhnə avtomobillərin taksidə istifadəsi, sürücü nəzakətsizliyi, həddən artıq çirkli maşınlarla “xidmət”dən tutmuş digər çatışmazlıqlara qədər. Bunlar aradan qaldırılmalıdır və nazirliyin bu istiqamətdə aktivləşməsi olduqca müsbətdir. Ancaq alınan qərarlarda “absurdizm” adlandırıla biləcək məsələlərdən qaçmaq lazımdır. 1. Əgər bir avtomobil texniki baxışdan uğurla keçirsə və nişan alırsa, yəni onun Bakıda və Azərbaycanın yollarında hərəkət etməsi üçün heç bir texniki nasazlığı olmadığı haqda sənəd verilirsə, hansı məntiqlə həmin avtomobil taksi xidməti göstərə bilməz? Guya təzə maşın olmalıdır ki, insan həyatına təhlükə yaratmasın və s. Onda texniki baxışdan keçən “təhlükəli” avtomobildə bir ailənin gəzməsi normaldır, yəni qəzaya düşüb ölsələr də problem yoxdur, ancaq bir sərnişinin daşınması yolverilməzdir? 2. Taksilərdə Avro-5 standartının tətbiqi başlayır. Azərbaycanda Avro-5 yanacaq istehsal olunurmu? Ölkədə Avro-5 standartına uyğun olan maşınların ümumi kütləsi neçə faizdir? 3. Yeni tələbə görə, yaşı 8 ildən çox olmayan, bəlli tələblərə cavab verən maşınlar 30 min manatdan başlayır. Həmin avtomobilləri almaq imkanında olan şəxslərin taksiliyə ehtiyacı olduğu dəqiq hesablanıbmı? 4. Taksi fəaliyyəti – Bakıda həm də məşğulluq problemini həll edir, bir çoxuna gündəlik ümid verir. Əksəri evdən qazanc üçün çıxır və axşama qədər çalışır və yaxud evinin yanında müştəri gözləyir. Yəni gününü ümidlə başa vurur. 45 min insanı və deməli, 45 min ailəni bu ümiddən məhrum etmək kimə və nəyə lazımdır? 5. İllah ki, COP29-a görə bu addımlar atılır – necə ki, 2015-ci ildə Bakıda marşrut Avropa Oyunlarına hazırlıq çərçivəsində yüksək səviyyəyə qalxdı – onda dövlətin ciddi dotasiya və dəstəyinə ehtiyac var. Tələblərə cavab verən sürücülərə hansı güzəştlər tətbiq edilir? Nazirlik tələb etdiyi avtomobilləri ölkəyə gətirib, tələblərə cavab verən sürücülərin köhnə maşınlarını özü alıb, qiymətin bir hissəsini özü ödəyib, digər hissəsini uzunmüddətli və faizsiz kreditlə həmin sürücüyə niyə təklif etmir? Digər məsələ: Paytaxtda ən gözəl, müasir avtobuslar “Bakı Bus”a aiddir ki, bu avtobuslar da ölkəmizə 2015-ci ildə gətirilib. Yəni ən azı 9 yaşı var – bu, hələ ən yaxşılarına aiddir. “Bakı Bus”a aid olmayan nə qədər avtobus var ki, onların yaşı 15-20 ili aşır! Demək, 8 ildən çox yaşı olan maşınla 1 sərnişini daşımaq olmaz, ancaq 15-20 ilin avtobusuna 50 sərnişini yığıb daşımaq olar? Başqa iradlar da var: Niyə insanlar, məsələn, tıxacda zülm çəkməyə razı olur, ancaq gül kimi metrodan istifadə etmir? Niyə insanlar daha ucuz, konfortlu avtobusları qoyub, 15 yaşlı köhnə, bəzən çirkli və bahalı taksilərə üstünlük verir? Taksilərin sayını azaltmaq üçün metrodakı sıxlığın çarəsini tapmaq lazımdır. İnsan bəzən pik saatlarda 3-4 qatar buraxmağa məcbur olur, minmək üçünsə əsl mücadilə, daha doğrusu, müharibə aparır. Bir görsəniz pik saatlarda metrolarda hər gün necə basabas, sıxlıq olur? İnsanlar bir-birinin üstündə gedir. Avtobuslar da eləcə - intervala nəzarət yox, “sıxlıq” bəhanəsi ilə 50 dəqiqədən sonra 3-4 eyniistiqamətli martşrutun dayanacağa gəlib də, qəfil də getməsi və s. Taksilərin sayını azaltmaq təbii yolla olmalıdır: ictimai nəqliyyatı yüksək səviyyəyə qaldırın, görün taksiyə minən olacaqmı? Hətta öz maşınından istifadə edənlərin sayı kəskin azalacaq – necə ki, Türkiyədə belədir. Taksilərə qoyulan tələblər isə Bakının gözəlləşməsinə, xidmətin yaxşılaşmasına gətirib çıxarmalıdır - daha minlərlə insanı-ailəni bir parça çörəkdən məhrum etməyə yox. Nazirliyin istəyinin “ülvi” olduğuna sidq ürəkdən inanmaq istəyirəm. Ancaq tələb və qaydaların bu “ülviyyətə” yaman kölgə saldığını mütləq diqqətə çatdırmalıyam.axar) Şeyx Teymur

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni?

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni? Məyər ki, bu məqsədlə xəlq etdin cahanə məni? Yarımı aldın əlimdən təzə yetmiş vüsala, Od vurub can evimə, qoydun yanə-yanə məni. Həmişə rişxənd ilə Məcnuna lağ eyləmişəm, Deyəsən cəza verib, eylədin divanə məni. Əlimdə yox imkanım mən qovuşum cananıma,  Duamı qəbul eylə ,çatdır o imkanə məni. Ürəyim dözmür artıq bu dünya haqsızlığına, Niyə xəlq etməmisən hər şeyə biganə məni?! Hər tərəf yırtıcılar,çaqqallarla dolub daşir, Tək necə baş çıxarım, atmısan ormanə məni?! Mən şeir yazmağa taa uşaq ikən başlamışam, Şair tək yetişdirdi bu çətin zəmanə məni. Şeiriyyat bir dənizdir, sahili gözlə görünməz, Atmısan xırda balıq tək həmən ümmanə məni. Elçinəm nədən məni dağ kimi xəlq eyləmədin? Dağ boyda bir dərd ilə bənzətdin insanə məni. Elçin Rəhimzadə

Bizi yenə aldadırlar…

Rəşad Ergün Niyə gürcülər, niyə biz yox? Bizdən nələri artıqdır? Bəlkə, neftləri var? Bəlkə, əhali sayı bizdən çoxdur? Bəlkə, ərazisi bizimkindən böyükdür? Bəlkə, gürcülərin dənizi var, bizim yoxdur? Bəlkə, gürcülər kimi biz də cənubi qafqazlı deyilik? Bəlkə, eyni coğrafiyada yaşamırıq? Bəlkə, qonşu deyilik?.. Oturub, bir neçə gün sonra AFFA-da keçiriləcək “prezident seçki”sindən sonranın planlarını, xəyallarını quranların artıq indidən vəzifə, pul bölgüsünə başlamasının bizi gürcülərdən ayıran, fərqləndirən qalın xətt olduğu barədə danışmayacam. Heç onu da deməyəcəm ki, “Allah xatirinə, futboldan və uğurdan söz düşən kimi “Qarabağ”ın adını çəkməyin”. Hansı ki, həmin “Qarabağ”dan Juninyonu, Zubiri, Veşoviçi, Yankoviçi, Leandronu, Benzianı, Romaonu çıxar, ortada Azərbaycan millisindən sadəcə bir qədər daha yaxşı oynayan, daha mübariz komanda qalacaq. O da Qurban Qurbanov fərqinə görə. Vəssalam. Azərbaycan futbolunun sözdə gələcəyi olan 21 yaşlılardan ibarət milli komandanın yaxınlarda ingilislərdən beş, ukraynalılardan üç top yeməsindən də danışmaq fikrində deyiləm. Bu “zəhrimar”ı 15-20 il əvvəl də yeyirdik, indi də yeyirik, dəyişən heç nə yoxdur. * * * Yaxın vaxtların söhbətidir, bir dostumuz futbolla məşğul olan oğlunu Türkiyəyə aparıb. Belə demək olarsa, uşağın “qab”ında nə var, nə yox, öyrənmək istəyib. Türkiyədə uşağı baxışdan keçirən məşqçilər dostumuza deyiblər ki, uşaq fiziki cəhətdən zəifdir. Bildiyimiz fiziki hazırlıqsızlıq yox haaa. Deyiblər ki, uşaq orqanizm olaraq, necə deyərlər, “bünövrə” olaraq fiziki baxımdan zəifdir. “Niyə gürcülər Avropa çempionatına çıxa bilir, biz yox” sualının vacib cavablarından biri də elə bu deyilmi? Bizi marketlərdə aldadırlar; Bizi evimizə aldığımız çörəkdə aldadırlar; Bizi içdiyimiz suyun, yediyimiz qidaların keyfiyyətində aldadırlar; Bizi xəstəxanalarda aldadırlar; Bizi apteklərdə aldadırlar; Bizi məktəblərdə aldadırlar; Bizi universitetlərdə aldadırlar; Bizi telekanalların efirlərindən aldadırlar; Bizi qəzet-jurnal səhifələrində aldadırlar; Bizi saysız-hesabsız saytlar, internet portalları vasitəsi ilə, mobil telefonlarımızın, kompyüterlərimizin monitorlarından aldadırlar; Bizi Rövnəq Abdullayevlə aldadıblar; Bizi Elxan Məmmədovla aldadıblar; Bizi AFFA-da keçirilən “prezident seçkiləri” ilə aldadıblar; Bizi yenə aldadırlar…(Komanda.az)

Cəmiyyət olaraq nə istədiyimizi bilirikmi?

Diqqət edirəm, hansı mövzu mediada danışılırsa, qabardılırsa, ona mız qoyan insanlar tapılır. Hətta ağıl da verməyə çalışırlar ki, " öz problemlərimiz qalıb bir yanda, gör nələrdən danışırsız, bir az da özümüzdən danışın". Əslində insanların narahatlığını başa düşürəm, daxili problemlər en qədərdir. Ancaq həmin problemlərə maraq nə qədərdir görəsən, insanlar bu problemlərə necə reaksiya verir?  Küçədə sorğu edəndə 50 adamdan 10-u danışar, ya danışmaz. Hamı deyir bizlik deyil, mən filan yerdə işləyirəm, məni çəkmə. Sosial problemlərlə bağlı veriliş hazırlayırsan, baxan olmur, qiymət artımından danışırsan, reaksiya verən olmur. Sonra da deyirlər "öz dərdimizdən danışın". O dərd nədir görəsən, biz, nə istəyirik? Azad Nurulu, jurnalist

TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil. Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür.  Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər". Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib" Azərbaycan tamaşaçısına sırımaqla məşğuldurlar. Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir!  Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixi problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur?  Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır... Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına! Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin?  Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir.  Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın.... Zahid Baku Post

"Qarabağ" üçün qələbə duası

İndi tez deyil, sabah da gec olmayacaq, ancaq bayram təbrikindən əvvəl belə bir təklif verim (əvvəlki təklifimə "Qarabağ" tam əməl elədi deyə, yazıram: 4 qol vurdu, 2-ini özü, 2-ini (birini ayağına,  o birini də başına) ötürməklə "Bayer"ə ki, siz vurun, Aydın Can yalançı çıxmasın. Bizə isə mənim yalançı çıxmamağım yox, "Qarabağ"ın  mərhələni adlaması lazımdır. Odur ki... Şeyx həzrətlərinə çıxışı olanlar (mənim həmyerlim, həmxalqlım olmağına baxmayaraq, nə özünə özüm çatıram, nə sözüm çatır ona və sözünə) cənablarından xahiş etsinlər ki, bir qələm çalsın - 200 ildir Şeyximizdir, day hansı günümüzdə gərək olacaq irfani bilikləri: "gülləkeçməz" duasını "qolkeçməz", "couşənkəbir"i "qolvurdu" üçün mübarəkləsin. Əgər istəyiriksə, - deyirəm də. İstəmiriksə, onda pənah bərxuda! Razılığını ala bilsələr, yaxşı olar. Mən də söz verirəm, sabah axşama qəşəng bir bayram təbriki mətni yazacam. Aydın Can

Zaurların, kamillərin, baboşların ümidinə qalanlar…

“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var. Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar. Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub? Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb. Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir. Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla. Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları - Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı. Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər. İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı? İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq. Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır. Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.(axar) Orxan Saffari