Mehriban Vəzir : "Mirzə Cəlil zənn etmişdi ki, sıra ona gəlməyəcək"

Əziz Şərifin `Molla Nəsrəddin`in 30 illiyi ilə bağlı `Literaturnıy Azərbaycan`da çap etdirdiyi məqalə çox baxımdan diqqətəlayiq mənbədir. O yazıda mühüm həqiqətlər var. Hətta `Molla Nəsrəddin` jurnalında gedən yazıların gerçək müəlliflərini öyrənmək üçün xeyli ipucu var məqalədə.  Qəlbini bolşevizmə təslim etmişlərdən olan müəllif, yazısına çox qiymətli bir yekun vurmuşdur. O, jurnalın və Məmmədquluzadənin fəaliyyətinə öz ideoloji və xroniki  şərhini verdikdən sonra yazır: `Yeni şərtlər(sovet rejimi-M.V) yeni yanaşma, yeni məzmun, yeni güc istəyirdi. Lakin özünün parlaq istedadına baxmayaraq Məmmədquluzadə hakimiyyətə gəlmiş fəhlə sinfinin gözləntilərini doğrulda bilmədi. Nəticədə `Molla Nəsrəddin` jurnalının adı dəyişdirilib `Allahsız` qoyuldu. Beləcə, türk mədəniyyətində olan  ilk satirik jurnalın varlığı sona yetdi` Mirzə Cəlilin həm şəxsiyyət, həm də ədib olaraq faciəsi məhz Əziz Şərifin yazdığı  bu məqamdadır: fəhlə hökumətinin gözləntiləri və ya ədibin bolşevizmdən gözləntiləri.  Mirzə, dostu Nərimanova, bolşevizmə, ədalətli dəyişikliyə inanmış, aldanmışdı. Bu, elə bir aldanış idi ki... Aldanmaq sözünü min qat aldanmaqla yükləsən belə Mirzə Cəlilin müsibətini ifadə etməz. Mirzə öz bolşevizm gözləntilərində faciəli şəkildə aldanmışdı. Mirzə zənn etmişdi ki, bolşevizm yalnız onun nifrət etdiyi zadəgan sinfini məhv edəcək, sıra ona gəlməyəcək.  Mirzə yanılmışdı. Sıra təkcə ona, `Molla Nəsrəddin`ə deyil, Mirzənin övladlarına da, nəsilbənəslinə də gəldi... Mirzə Cəlil Nərimanovun israrlı təkidi ilə Təbrizdən döndükdən sonra gördüklərindən dəhşətə gəlmiş, başına gələnlərdən sarsılmışdı. Təbrizdə xan kefində yaşayan, istədiyini yazan, yeri gələndə hikkəsini yeridən Mirzə Cəlil, Bakıda bir parça çörəyə möhtac qalmış, amansız bolşevik senzorlar hülqumuna çökmüşdü. Həmidə Xanımın varı, dövləti, mülkiyyəti, hətta evi əlindən alınmış, böyük ailə çarəsiz  bir yoxsulluğa düşmüşdü. Mirzənin ağlına gəlməyən başına gəlmişdi.  Böyük ədibin  bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu. Əslində, Mirzə Təbrizdən geri qayıtmaq istəmirdi. Nərimanovun təkidləri - teleqramları onu yerindən edə bilməzdi. Çünkü 1920-ci ilin may üsyanında bolşeviklərin törətdikləri qətliamı öz gözləri ilə görmüşdü. Şahid olmuşdu ki, bolşeviklər Gəncədən üzü Qarabağa, ta Araza kimi  tək-tək öldürmədilər, kənd-kənd yandırdılar, yox etdilər, qocalara, uşaqlara, bələkdəki çağalara belə aman vermədilər. Təbrizdə isə `Molla Nəsrəddin`in bazarı tutmuşdu, jurnal sevilmişdi.  Hətta hökumətin yasağı ilə jurnalın çıxmadığı gün Təbriz bazarı üsyan etmiş, baqqallar, tüccarlar `Molla` çıxmasa, biz də çıxmayacağıq` deyib dükanları qapatmışdlar.  Şəhər valisi geri çəkilməyə məcbur olmuşdu.  Mirzə Cəlili Həmidə Xanımın inadı Təbrizdən Bakıya dönməyə vadar etdi. Həmidə Xanım, günlərlə sürən mübahisələrin yekununda  `sən getməsən də mən gedəcəm` dedi. Bu isə başqa bir yazının mövzusudur... Qeyd: adı çəkilən məqaləni mənə göndərdiyi üçün professor Cəmil Həsənliyə təşəkkür edirəm. Mehriban Vəzir, yazıçı-publisist 

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

 Sozcu.az saytı Kulis.az-a istinadən yazıçı-publisist Mehriban Vəzirin tərcümə etdiyi   Həmidə Xanım Cavanşirin çap olunmayan məktubunu təqdim edir. Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır. Əziz Şərif jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nikaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər… Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm. Mirzə Cəlil Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub. Şərif elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi." Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki, o, jurnalın 1908-1909-cu illərini çiçəklənmə dövrü hesab edir, sonra da deyir ki, zəngin dul qadınla sərfəli izdivac onu jurnaldan soyutdu. Bu fikirlər açıq görünən ziddiyətlərlə doludur. Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ötrü öz sevimli övladı saydığı jurnalı atacaq bir adam deyildi. 1907-ci ildə bizim diyarda qorxunc çəyirtkə hücumu oldu, aclıq, vəba və erməni-türk qırğınlarının gətirdiyi digər fəlakətlər Qarabağı bürüdü. Həmin dövrdə Məmmədquluzadənin Tiflisə köçmək ideyası mənə cazibəli göründü. Mən onun təklifi ilə razılaşıb Qarabağdakı bütün təsərrüfat işlərimi ləğv etdim. Biz Mirzə Cəlilin Tiflisdəki Davıdov 24 ünvanlı evinə köçdük. O vaxt Mirzə Cəlilin jurnal işləri çox gözəl gedirdi. Onun himayəsində büyük bir ailə vardı. Mən və mənim birinci ərimdən olan iki övladım da onun hesabına dolanırdıq. Mirzə Cəlilin 1910-cu ildə bütün gücünü jurnala verə bilməməsinin və nisbətən uzaqlaşmasının səbəbi aşağıdaklarla izah olunur: M.Cəlilin rəhmətlik qardaşı - məşhur İran inqilabçısı (o, yazıçı Ordubadinin "Dumanlı Təbriz" əsərində xatırlanır) Mirzə Ələkbər İrəvan türməsində yatırdı. 1910-cu ilin avqustunda M.Cəlil belə bir bildiriş aldı ki, qardaşı İrəvan vilayət məhkəməsində mühakimə ediləcək və onu edam cəzası, ən yaxşı halda isə katorqa gözləyir. Bu xəbər onu sarsıtdı və xəstə saldı. Jurnalı yoldaşına tapşırıb məsləhət və kömək istəmək üçün mənim yanıma gəlməli oldu. Mən ona məsləhət gördüm ki, təcili İrəvana getsin. İşi iki ən yaxşı vəkilə versin (münsif vəkil Məlik-Ağamalov) və bu işi gələn ilə qədər təxirə saldırmağa çalışsın. Biz pul tapdıq və Mirzə Cəlil İrəvana yola düşdü. Beləliklə, o, qardaşının mühakimə işinin 1911-ci ilin mayına qədər təxirə salınmasına nail oldu. Lakin Mirzə Cəlil evə xəstə qayıtdı, o, işias (Oturaq sinirinin nevriti - red) olmuşdu. Üç aya yaxın xəstə yatdı, yalnız dekabrın axırına bir az yaxşılaşdı və jurnalın nəşri üçün Tiflisə yola düşdü. 1911-ci ildə isə əvvəlcə rəhmətlik şair Sabir xəstələndi, sonra may ayında mən azarladım (qan zəhərlənməsi və iki ciddi əməliyyat keçirdim), düz beş ay ölüm-dirim yatağında qaldım. Həm mənim, həm iki körpə övladımızın, həm də bu böyük ailənin bütün qayğıları Mirzə Cəlilin çiyninə yüklənmişdi. 1911-ci ilin mayında qardaşını azad etdirmək üçün ikinci dəfə İrəvana məhkəməyə getməyi Mirzə Cəlili tamamilə əldən salmışdı, o, jurnalın işlərindən müvəqqəti olaraq uzaq düşmüşdü. Nəzərə almaq lazımdır ki, "Molla Nəsrəddin" jurnalı nəşrinin ikinci, üçüncü, dördüncü illərində yüksək din xadimlərini, dini, alimənsəb zümrəni, kapitalistləri və bu kimi digərlərini tənqid edir, sataşırdı. Bu üzdən hər tərəfdən jurnalı boykot etdilər və xarici ölkələrə - İrana və Türkiyəyə göndərməyi yasaqladılar. Jurnalın tirajı elə bir həddə endi ki, hətta xərci borcunu ödəmədi. M. Cəlil borca girməyə məcbur oldu. Bu səbəbdən mən büyük ailəmizi dolandırmaq üçün kəndə qayıdıb təsərrüfat işlərimi davam etdirməli oldum. Ömər Faiqin jurnaldan qazancı yox idi, ailəsini saxlamaq üçün pul qazanmalı idi. Bu səbəbdən müvəqqəti olaraq jurnaldan uzaqlaşıb kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Lakin tez-tez M.Cəlillə məktublaşır, yazı üçün ona mövzu verirdi. Bu hadisələrin bütün təfərrüatı haqqında mən öz xatirələrimdə yazmışam. Həmin xatirələri, M.Cəlilin mənə yazdığı məktubları ilə birlikdə "Azfan"a (Elmlər Akademiyası Azərbaycan filialı) vermişəm. O məktublarda Mirzə Cəlil jurnalın həmin illərdə düşdüyü ağır maddi vəziyyəti ətraflı təsvir edir. Həmidə X. Məmmədquluzadə Noyabr, 1936 ________ - Əlbəttə, 1936-cı ildə, repressiyaların ağır vaxtında Əziz Şərifin Mirzə Cəlilə qarşı belə bir ittiham irəli sürməsi, "zəngin dul qadınla sərfəli izdivac edib, jurnalı unutdun" deməsi, 5 il əvvəl ölmüş Mirzə Cəlil üçün deyil, daha çox Həmidə xanım və övladları üçün təhlükəli idi. - Həmidə xanımın bu məktubunu redaksiya çap etmədi. - Məktub ilk dəfə çap olunur. - Demək olar ki, Mirzə Cəlilin əlinin altında böyümüş Əziz Şərifin ustadına bu münasibəti çox maraqlıdır. fotoları Tural Hüseyn rəngləyib

Əllərimiz göydə, ürəklərimiz ELÇİ BƏYDƏ...

Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz! Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir. Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyişmiş Kamil müəllimin (Kamil Abdullayev, son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı. Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?! Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim. Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım! …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar. İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə – portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir. 7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi. Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir. Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir. Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür. 100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları! 80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı!  Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili

Namizəd nə istəyir? — Alxas Məmmədov

Tanınmış jurnalist Alxas Məmmədov Facebook hesabında seçkilərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir: Namizəd nə istəyir ? Deməli, yenədə bizi aldadıb özünə beş illik iş yeri istəyirlər. Cəhənnəmə işləsin amma bizi loxlamasın. Yağlı vədlər verib sadəcə olaraq bizləri avam saymasınlar. Belədə ki, kim loxdusa, gedib təsir altında səs versin. Səs verəndə layiqli insana verin maşennikə səs verməyin. Yaxşı neçə bilək ki bu namizəd maşennik deyil? Sadə yolu var, ətrafına baxın. Görün bunun yanında kimlərdi? Qul, becələri. Rayonda bir köpüklük hörməti olmayan insanlar, kimi təbliğ edə bilər ki? Sadə sifətlə, xalqa yaxınlığı ilə yenədə şou proqramın qəhrəmanlarıdırlar.  Sonrada deyirsiniz ki, niyə biz düzəlmirik? Sən beləsinə səs verəndə elə belədə yaşamalısanda. Səni kimsə salfet kimi istifadə edirsə, sən elə ağ loxsanda. Şamaxıda məşhur, anti-qəhrəman bir şəxsiyyətsiz insan var. Ləqəbidə pambıqdır. Uzun müddət vəzifədə olub. Bu sakit və qorxaq bir insandır. Kiməsə zərəri dəyməz. Amma pambıq kimi su götürəndir. Yəni söz götürən insandır, söy, üzünə gülsün. Nə desən buna xoşdur. Vaxtı ilə bir namizədin vəkili olub. Oda sonda gedəndə buna deyib ki, mən seçilmədim, gedirəm, səndə day belə yaşama. Bir paya öz səsini satansanda. Yəni yala gedənsən.... Nəd? O kabinədə səni kimsə güdür? Onsuzda bilirsən ki, bu səni aldadır. Səndə səs verəndə bunu aldat. Qorxundan yada yaltağlığından orda da azad səs verə bilmirsəndə. Səs nədir? Ana, bacı, xanımım, sevgilim, vətənim bunları sən səslə deyirsəndə. Mən səni sevirəm ay anam, sevimli bacım, ağıllı qızım sözlərini səslə ifadə edirsəndə. Yoxsa elə deyil? İnsan fikrin səslə ifadə edir. Sən isə bunları kiməsə satırsan. Bunları satandan sonra mənliyin qalırmı? Layiqli namizəd varsa səs verin. Kimsə deyə bilərmi ki, hansısa namizəd seçiləndən sonra nəsə iş görüb? Özü üçün hə. Bəs sənə? Niyə özünə hörmət qoymursan ay seçici. Bilirsən ki, bu səni aldadır. Demli, sən konkret zəif bir insansan. P.S: Seçkilərdə fəal olun ki, feil yada tüfeyil kimi sizə baxmasınlar. Məndən bu qədər.

ZAUR USTAC - DAĞLAR

(Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! Müəllif: Zaur USTAC

Mənəvi çöküş

Azərbaycan hər gün dahada yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.  Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu ?  Bəli hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.  Bəs yaxşı bu yetərli olacaqmı ?  Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?  Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı ?  Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək bu hallar dahada dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.  Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi

Rəhbərin qayıdışı- hekayə

Elşən Əlisoy Əliheydər kişi 40 il idi ki, “Azadlıq” kolxozunun sədri idi. Bu illər ərzində “dahi sədr”, “kolxozun xilaskarı” kimi adlar qazanan, sinəsi orden-medallarla dolu olan Əliheydər kişinin çətin günləri başlamışdı. Kolxozun əsasən gənclərdən ibarət bir dəstə “avara”sı, (Əliheydər kişi onun istefasını istəyən gəncləri belə adlandırırdı) onun istefasını tələb edir, kolxoza yeni sədr seçməyə çalışırdılar. Bu “avara”lar o qədər harınlamışdılar ki, Əleydər kişi kimi kolxozun heyvanlarının da dillərini onların özlərindən yaxşı bilən bir dahini tayfabazlıqda ittiham edirdilər. İddia edirdilər ki, güya Əliheydər kişi nəslində olanların hamısını kolxozun yeyinti olan sturukturlarına yerləşdirərək kolxozu dağıdır. Hələ bir az qabağa gedərək kolxozun doldurduğu pambıq planının saxta olduğunu da deməkdən çəkinmirdilər. Qonşu kolxozlarda da köhnə sədrlərə qarşı oxşar kampaniya həyata keçirildiyi üçün Əliheydər kişi susur, zamanın onun xeyrinə dəyişəcəyinə inanırdı. “Dahi sədr” kolxozçuların da dillərini yaxşı bilirdi. O, bilirdi ki, onun hökmlü əmrlərinə öyrənən, təzə “Qaz 21”inin motorunun səsini eşidəndə gizlənməyə kol dibi axtaran kolxozçular bu gənclərin mülayim idarəçiliyini həzm etməyəcəklər. Əliheydər kişi bunları bildiyi üçün təklikdə avara adlandırdığı bu islahatçıların üzərinə getmir, hətta yeri düşəndə onları müdafiə də edirdi. Kolxozda inqilab olmuş, rəhbərlik dəyişərək kolxozun başına yeni simalar gəlmişdi. Qısa bir zamanda kolxozun başqa kolxozlara olan borcları da ödənmiş, yeni texnikalar alınaraq kolxozun ixtiyarına verilmişdi. Xeyli abadlıq işləri həyata keçirən kolxozun zəhmətkeşlərinin gündəlik həyatlarında ciddi dəyişikliklər başlamışdı. Kolxozçuların maaşları az da olsa artmışdı. Ancaq yeni sədr ilk çıxışında bunlara “xanımlar və bəylər!”,- deyə müraciət edəndə bir az duruxmuşdular. “Axı bəy, xanım hara, onlar hara?”,- deyə düşünənləri də olmuşdu. Əliheydər kişinin zamanında səhərin alaqaranlığında başlarını aşağı salıb kolxozun əkin sahələrinə gedən bu adamlar indi hər səhər kolxozun binası qarşısına toplaşaraq kolxozda baş verən hadisələri təhlil edir, yeni sədrin nöqsanlarını müzakirə edirdilər. Bəzən də dahi rəhbəri xatırlayaraq, “kişinin yaman zəhmi vardı”,- deyə ötən günlərinin həsrətini çəkənlərdə olurdu. Sinəsi orden-medallarla dolu olan dahi rəhbərin yerində kənddə “Yetim Cəmil” kimi tanınan Cəmil kişinin oğlu Elçinin oturması bir çoxuna xoş gəlmirdi. Elçin savadlı və təhsilli biri olsa da, kolxozun bəzi köhnə kişiləri kolxoza dəmir yumruğun lazım olduğunu deyirdilər, yoxsa kolxoz onsuz da geci-tezi parçalanacaq. Bunlardan hətta daha irəli gedərək xilaskar rəhbərə gizli məktub yazıb onu kolxoza dəvət edənlər də olmuşdu. Dahi rəhbər də təbii ki, bunu zəng edərək yeni sədrə demiş və nə vaxt lazım olsa, onun köməyindən bəhrələnə biləcəyini də çatdırmışdı. Bir neçə aydan sonra kolxozda gərginliyin işartıları görünməyə başladı. Kolxozçuların bir çoxu yeni idarəçiliyi qəbul etmir, dünənə kimi kasıb adam kimi tanıdıqları adamların rəhbər vəzifədə olmasını həzm edə bilmirdilər. Rəhbərlə gizli yazışmalar edən kənd ağsaqqalları isə kolxozu bu böhrandan ancaq dahi rəhbərin dəmir yumruqlarının xilas edə biləcəyini deyərək, rəhbərin kolxoza geri dönməsini israrla tələb edirdilər. Kolxozun dəliqanlıları da lazım olsa rəhbər üçün ölümə də gedə biləcəklərini bəyan edərək, yeni rəhbərə dalbadal ultimatumlar verirdilər. Kolxozçuların iradəsinə qarşı çıxmayan yeni rəhbərlik, “bir kolxozçunun belə burnu qanamamalıdır”,- deyərək kolxozun yenidən "xilaskar" rəhbərə ötürülməsinin qarşısını almadılar. Budur, vəzifədən gedəndən qəddi əyilmiş, çöhrəsinə qırışlar düşən xilaskarın təptəzə “Qaz 21”i kolxozun binasına tərəf yaxınlaşır. Kolxozçuların bədənində artıq unutmağa başladıqları qorxunun sızıltıları dolaşmağa başladı. Yenə də köhnə hisslər baş qaldırır. Hər şey gözəldir... Hər şey keçmişdəki kimidir... Bircə bu, çatmırdı, daha “bəy” və “xanım”- deyə müraciətlər edilmirdi. Yenə əvvəlki kimi səhərin alatoranlığında yuxudan durur, ancaq işləməyə yer tapmırdılar. Çünki dahi rəhbər kolxozun xilası naminə torpaqları qonşu kolxoza satmış, bununla da kolxozda sabitlik əldə etmişdi. 

Qürbətdə yanan çıraq

Şair təbiətindəki qeyri adilik ondan ibarətdir ki, o gördüklərinə hər insan kimi baxmır. Baxdığı hər şeydə mütləq bir gözəllik, mücərrədlik axtarır və axtardığı gözəlliyi kəşf etdiyi zaman bütün duyğu orqanlarındakı kövrəkliyin hisslərinə qapılaraq sözlərin sehrinə düşür. Loru dildə desək, tilsimlənir və tilsimin gücü onu sözlərin rəngli dünyasına götürür. Bu da yaşanan çox şeyləri onun ruhunda poetik bir çalarda əks etdirməyə başlayır. Şair qələmindən süzülən söz, əslində insan ruhundakı insanlığın tərcümanıdir. Bəlkə də elə buna görədir ki, tarix boyu şairləri seçilmişlər olaraq görmüşlər. Axı mütləq sandığımız gözəllik qarşısında ilk səcdə edən də şair təbiətli insanlar olub. Ruhunun böyüklüyünü bir bədənə sığdırmayan insanlar kiçik bir sözün işığına tutlaraq ikinci bir dünyaya yol açır və söz dünyasında yüzlərcə insan ruhuna çıraq olurlar. Bu gün poeziya dünyasında "HƏSRƏTDƏN VÜSALA" adlı kitabıyla oxucu marağı qazanan şairə, Səidə Rəhimlini də həmin, o böyük ruhlu insanlar cərgəsində göstərən dərin mənalı şeirləridir. Səidə xanımın ədəbi aləmdəki səsini duymaq üçün onun "VERMƏYİN" adlı şeirinə diqqətinizi çəkmək istəyirəm. Verməyin Odlar, alovlar içində yanıram Yanıram bir içim su üçün Bütün ələmlərimin, zülümlərimin Üstünə su çiləmək istəyirəm. Sərinlik suyu Verməyin bu suyu mənə! Qoyun yanım, qoyun yanım Yanmaq -yanmaq istəyirəm, Sönmək üçün. Uçurumlar içindəyəm Əl uzadıb, dil çıxardıb Yalvarıram Kömək üçün Əl uzadıb, əl tutmayın! Yıxılıram qalxnaq üçün Tufanlar qoynundayam Dənizin amansız dalğaları Dqşlara çırpır məni Haray salıb çırpınıram Əl atmağa, əl tutmağa Budaq istəyirəm, çöp istəyirəm Ümid çöpü Verməyin bu çöpü mənə! Boğuimaq istəyirəm Dəri  sular altına çökmək istəyirəm Vatan görüb rəhm etməyin Ağlamaq istəyirəm xısın-xısın Hönkür-hönkür, zarın-zarın Sonradan talehə gülmək üçün Ölmək-ölmək istəyirəm Yenidən dübyaya gəlmək üçün. Su həyatdır! "Bir içim su istəyirəm və o suyu mənə verməyin", deyən şairənin şeirində özünüdərk o qədər əhatəli şəkildə təsvir olunur ki, o həyatı olduğu kimi, ağrı- əzabıyla yaşamağın nə qədər mənalı olduğunu, yaşamın dadını çıxarmanın və yaşam uğuruna çəkilən cəfanın  şirinliyini açıqlayır. Şeirin ən böyük mücərrədliyi həyatı gerçəkliyin içərisində olan mütləq gözəllikdir ki, həmin gözəllik qarşısında cismani deyil, mənəvi bir yaşama can atan Səidə xanım, bu şeirdə həm də mənəvi aclığını doyurmağa çalışır. Şair qələminin qüdrəti də məhz onun mənəvi gücündən asılıdır. B Vahabzadənin dili ilə desək: "Şam əgər yanmırsa yaşamır demək. Onun da mənası yanmağındadır." Hansı ki, dünyanın ən dahi söz sərrafı M. Fizuli də öz məşhur qəzəlində  eyni hissi aşılayır. Bütün varlığında İlahi bir qüdrət duaraq: "Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm bəlayi-eşqdən etmə cüda məni. Az eyləmə inayətini əhli dərddən, Yəni çox bəlalara qıl mübtəla məni." Deyən şair, M. Fizuli EŞQ üçün Rəbbinnə yalvardığı kimi, S.Rəhimli də həmin EŞQin son dərəcə gözəlliyini duyur və o gözəllik üçün özünə cəfa diləyir. Bəli, eşqin gücü bütün qaranlıgları əritməyə, bütün cəfaları səngiməyə, bütün susuzluqları yatırmağa və bütün külləri közərdib alovlandırmağa qadirdir. Adilikdən ucalığa gedən yoldur özünüdərk. S.Rəhimli bu yolu öz kiçik dünyasından, öz gəncliyinin baharından ta bu günə kimi mətincə addımlayır. Mən ona bu yolda yüzlərcə, minlərcə, milyonlarca insanın ruhuna işıq olmağı arzulayıram. Şeirin müxtəlif janrlarında qələmini məharətlə tanıdan şairə vətəndən uzaq, soyuq bir qürbət ölkəsində yaşamasına baxmayaraq, öz xalqının tarixi ilə sıx bağlı olan aşıq şeirinə və folklor janrına da maraq çəkir. Xalqımızın yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatında, onun bütün həyat tərzini, adət-ənənlərini, mənəviyyatını yaşadan əsəs qaynağı olan bayatılardır ki, S.Rəhimlinin “Həsrətdən vüsala” adlı kitabı şeirlər toplusu olmala yanaşı, həm də  şifahi xalq ədəbiyyatının folklor zənginliyi olan bayatılarıyla da zəngindir. Axı ibrətamiz fikirləri yığcam və bitkin ifadələrlə əks etdirmək də xüsusi bir ustalıq tələb edir. Bu bayatılarda sanki öz mübariz xalqının mübarizliyini yaşayaraq ədəbi dünyayla əbədiyyət arasında mətincə addımlayan bir yolçudur Səidə Rəhimli. Son olaraq məni S. Rəhimlinin ədəbi dünyasının geniş və rəngarəngliyinə götürən şeirlərindən bir neçəsini oxucuların nəzərinə buraxıram. Əmnəm ki, onun sözünün işığına tapınanlar çox olacaq. Öz milli hisslərini bayraq kimi bəşəri hisslərlə paralel yüksəklikdə tutan şairə ömrünün yarısından çoxunu qürbətdə yaşasa da, doğulduğu, böyüdüyü məmləkətin tarixiylə eyni yaşda addımlayan şairlər sırasındadır. Yaradıcılığını daha əlvan şeirlərlə bəzəməktə olan şairəyə yeni- yeni nailiyyətlər və sənət uğurları diləyirəm. R.Aslan.      Ana dilim Babalardan qalıb bizə, Mənim doğma ana dilim. Yaraşıqdır ömrümüzə, Mənim doğma ana dilim! Qərinələr süzüb gələn, Keçmişimi çözüb gələn, Zərbələrə dözüb gələn, Mənim doğma ana dilim! Nələr dedi, nələr yazdı, Düşmən ona quyu qazdı, Hər nə desəm, yenə azdı, Mənim doğma ana dilim! Ömrümüzün baharıdır, Həm varlığı həm varıdır, Xalqımızın vüqarıdır, Mənim doğma ana dilim! Daim yanar, odum, közüm, İşıq saçan nurlu gözüm Mənim mayam, mənim özüm Mənim doğma ana dilim! Ay ata! Sığal çəkdim, baxışımla oxşadım, Daşdan baxan gözlərini, ay ata! Mən doyunca ağlamadım, bil, səni, Boşalmaz ki, heç ürəyim, vay ata. Sızlar yerin ürəyimin başında, Əksin damar hər damla göz yaşımda, Qəlbim dolu, giley edım qarşında, Uşaq sanım mən özümü, qoy ata! Sən şəfəqsən xatirəmdə, yadımda, Bır məşəl tək hey alovlan odumda, Rəhimliyəm, yaşadıram adımda, Daim varsan, varlığını duy ata! Gülüşündən güllər açdı Güldün, gülüşünü çəkdim içimə, Qəlbimdə çiçəklər, güllər açıldı, Qondu gözlərindən gözlərimə nur, Sənə nəqmə deyən dillər açıldı. Arı şanısıdır bal süzən dilin, Düzəlir sığaldan hər buruq telim, Toxundun əlinlə, titrədi əlim, Heç kəsi qucmayan qollar açıldı. Bu eşqin yolunda çəkmişəm zülüm, Ayırsa bizi, tək,  ayırar ölüm, Dedin -" Getməliyəm, uzaqdır yolum", Gözümdən yaş axdı, sellər açıldı. Mən aşiq elə bağlı, Al kəmər belə bağlı, Bülbül qəfəsdə susar Avazı gülə bağlı. Əzizinəm gül yaşa, Həm danış, həm gül yaşa! Həyatda yaşamağın Mənasını bil, yaşa! Mən aşiq baxar ağlar, Yandırar yaxar ağlar, Tək məzar, qərib ölkə Hər gələn baxar ağlar. Əzizinəm, el ağlar, Oba köçər, el ağlar, Eşqimin bağçasında Bülbül susar, gül ağlar. Mən aşiq çənə baxma, Dumana, çənə baxma. Ürək cavandır hələ Saçdakı dənə baxma. Könlüm sözsüz ağlayır, Dağım düzsüz ağlayır, Mənim gözlərim dolur, Sazım gözsüz ağlayır. Bülbül ahın qınama Gül-çiçək solan yerdə. İlan zəhəri nədir? Acı dil olan yerdə. Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı, Qəlbim qərib yolçudur Səadət bağlı qapı. Əzizim dindir, mənəm, Gəl sorma kimdir, mənəm. Elə incitmisən ki, Ömürlük dindirmərəm. Bu gəzən, dağlı gəzən, Sinəsi dağlı gəzən. Var, dövlət gəzən gördüm Görmədim ağlı gəzən. Xınalar, ay xınalar, Xına yaxar sonalar, Qızlara kömək olun! Yaxın gəlin analar! Ay nənəm, şirin nənəm, Dünyası dərin nənəm. Şimşək kimi alovlu, Bulaq tək səri  nənəm. Mən aşiq aya gəlməz, Dənizlər çaya gəlməz, Azərbaycan elində Gözəllər saya gəlməz. Ay Bakım, gözəl Bakım, Tarixin əzəl Bakım, Gözəlliyin naminə Yazaram qəzəl Bakım! Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı. Qəlbim qərib yolçudur, Səadət bağlı qapı.

Seçki piştaxtasının vaxtı keçmiş məhsulları...

Elşən Əlisoy Ölkədə nə qədər basqılar olsa belə, tariximizin bütün sahələri üzrə - o cümlədən cümhuriyyət tarixi ilə bağlı çox dəyərli araşdırmaçılar formalaşıblar. Bu fədakar insanlar günü-gündən  ortaya ciddi tarixi faktlar çıxarırlar və bununla bağlı işləməyə davam edirlər.  Tariximizin Milli Azadlıq Hərəkatı dönəmi ilə bağlı canlı şahidlər var. Bir zaman gələcək ki, Milli Azadlıq Hərəkatı və hərəkat dönəmindən bəri bütün hadisələr  incəliklərinə qədər qələmə alınacaq.  Bütün bunları bilə-bilə, adını güya siyasətçi qoyan bəzi "siyasət adamları" tarixin tənələrini nəzərə almadan özlərini rahat şəkildə bazara çıxarmalarını heç cürə anlaya bilmirəm. Cümhuriyyət dövründə  ucqar bir kənddə fəaliyyət göstərən hansısa bir  fəalın həvəslə araşdırıldığını görən bü insanlar tarximizin üz qarasına çevriləcəkləri günü düşünmürlərmi? Bir balaca təminatlı yaşayışa görə  gələcək nəsilləri üçün xəcalətli bir soykök miras qoymağa dəyərmi? Axı bunların bir çoxu kifayət qədər savadı olan insanlardırlar. Qarşıdan növbədənkənar "prezident seçkilər" şousu gəlir. Sədrlik etdikləri siyasi partiyanı qeydiyyatdan keçirmək üçün üzvülük siyahısı toplaya bilməyən və buna görə də, təşkilatlarını buraxmaq məcburiyyətində qalan bəzi "xadimlər",   prezidentliyə namziədlikləri qeydiyyata alınması üçün güya  40 mindən çox seçici imzasını topladıqlarını iddia edirlər.  Cəmiyyətin üzünə bu qədər dirənmək olarmı?  "MSK"dan "qeydiyyatdan keçən" bəzi "namizədlərin" çıxışlarına baxıram.  Bunlar güya ki, İlham Əliyevə alternativ namizəddirlər və güya prezident olmaq istəyirlər. Bu qondarma namizədlərin çıxışları başdan ayağa İlham Əliyevi tərifləməkdən ibarətdir. Bunlara az da olsa, balaca bir məmuru da olsa  tənqid etməyə belə icazə verməyiblər.   Adama deyərlər ki, İlham Əliyev sizin üçün belə böyük şəxsiyyət, qələbənin sərkərdəsidirsə, utanmırsınız ona alternativ namizəd olursunuz? Və yaxud, kukla namizəd olduğunuzdan necə olur ki, utanmırsınız?   Bir vaxtlar sosial şəbəkələrdə, mətbuatda  asıb-kəsənlərin bü gün "seçki"  şəkillərini divara "jek" işçiləri vurur. İnsan özünün ləyaqətinə bu qədər hörmətsizlik edə bilərmi? Partiyanızı buraxdınız, gedin bir işlə məşğul olun də, ayıbdır axı.  Arada içimizdə olan "bazar adamlarını"  piştaxtaya çıxarıb, üzərlərinə qiymət kağızını vurduğu üçün hakimiyyətə təşəkkür etməyim gəlir.  "Davam edin" deyib, hayqırmaq istəyirəm. Davam edin! Qalanlarını da üzə çıxarın, alına bilənləri diri çəki ilə verməyə hazırıq, aparın, halal xoşunuz olsun,  salamat işlədin!  Tarix heç vaxt unudulmur. Mütləq bir gün, bu günlərin də kitabları yazılacaq. Tarixin bir güncündə itib batacaqlarını güman edənlər haqqında da yazanlar mütləq olacaq. Hətta, yazılır da...  Müsavat başqanı Arif Hacılı demişkən: "Təslim olanların sayı artdıqca, duruş gətirənlərin də dəyəri artır".

Əbülfəz Elçibəy bircə günlük aramızda görsənə...

Bəlkə də bir çoxları məndən belə bir fikir gözləmirdi. Amma hər şeyin "ağı" çıxarılan məqamda bəzən mən də özümü "ələ ala" bilmirəm.   Nə isə....   Hərdən düşünürəm ki, Allah bir möcüzə göstərə və ƏBÜLFƏZ ELÇİ BƏYİ bircə günlüyə aramıza "göndərə".    Bilirsinizmi nə üçün???    İctimai fikirdə özünü yaxın olduğunu sırıyaraq ONUN adından istifadə edənlərin, şəxsi çıxarlarından dolayı ONUN adından yalan satanların, kimlərəsə xoş gəlmək üçün baş vermiş hadisələri ONUN adından saxtalaşdıraraq ictimai rəyi əleyhinə yönəltməyə çalışanların, ONU "dost" tutaraq düşmən dəyirmanına su tökənlərin ÜZLƏRİNƏ TÜPÜRMƏK üçün.    Bu fikrim xüsusilə, ağlının ikinci uşaqlıq dövrünü yaşayan, amma iştah dişləri yeni çıxmış qocalara və qarılara aiddir.    RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN, BƏY.   Yaxşı ki, zamanında tərk etdin bizləri. Özlərini dost kimi göstərənlərin bir çoxlarının əks sifətlərini görmədin. Ədalət Yusub

"Mən şəhid olacağam" - Xeybər Göyyallının hekayəsi

Birinci Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərimin ruhuna bağışlayıram. Bədirlənmiş ayın işığı sanki gecəni gündüz etmişdi.. Göy üzündən qara torpağın üzərinə işıq süzülürdü. Adamın gecə olduğuna inamı gəlmirdi. Təpədə qazılmış səngərdə uzanmış əsgərlərin sifəti ayın işığında parıldayırdı. Gecəyarısı olmasına baxmayaraq, ətrafda olan hər şey əl içi kimi görünürdü. Səngərdə üzüqoylu uzanmış əsgərlərdən biri yaxınlıqdakı kirpinin neçə ot qırpdığını belə sayırdı. Önər isə avtomatını sağ böyürünə qoyub arxası üstə uzanıb xeyli vaxt idi ki, göylərə baxırdı. Göy üzündə bir ulduz belə gözə dəymirdi. Önər qəfildən dedi: -Bu axşam ölən olmayacaq. -Hardan bildin?,- deyə səngər yoldaşı Umud dilləndi. Önər indiyə qədər onda görünməmiş bir təmkinlə danışırdı: -Görmürsən, elə bil gündüzdü, göydən axan işıqda kitab oxumaq olar. Səngər yoldaşı Önərin sözlərini ciddiyə almadığından ona sözünü bitirməyə imkan vermədi: -Deyəsən, göy üzündə fala baxırsan. İndicə dedin ki, aylı gecələrdə adam ölmür. Önər səngər yoldaşının sözündən təmkinini pozmadı: - Eşitməmisən, deyirlər ki, göydə hərənin bir ulduzu var, insan öldüyü vaxt ulduzu da yerindən oynayır, harasa axıb gedir. Bu axşam heç kəs ölməyəcək, çünki göy üzündə bircə ulduz belə görünmür. Umud özünü çoxbilmiş göstərərək: - Burda nə var ki, bilmirsən, deyim. Ayın gur işığında ulduzlar görünmür, bu gün göydə ulduz görünmür, səhər axşam görünər. Önər yoldaşının dediyinə gülümsəyərək ,-İndi sən deyirsən ki, insan ömür-gününü kitablarda yazılan kimi qurmalıdı, kitabda nə yazılıbsa ona inanmalıdı ?- deyə sual etdi. Səngər yoldaşı Önərin bu sözündən sanki bir az da cəsarətlənərək: -Kitabda yazılan elmdir, hər şey elmi sübutlara söykənir. Sən elmə inanmırsan?- ritorikasını bir qədər dəyişərək dedi. Önər üzünü Umuda tərəf çevirərək -Mən elmin əleyhinə deyiləm, elm artıq göyləri də fəth edib, ancaq...- fikrini tamamlaya bilmədi. Umud tələsik onun sözünü kəsdi: -Amması, ancağı yoxdur, elm dəqiqdir, dürüstdür, iki vur ikidir. Sən dediyin isə nağıldır. Umud səhərdən irəli-geri, sağa-sola var-gəl etsə də, Önər hələ də arxası üstə uzanıb göylərə baxırdı. -Sən deyən kimi olsun, mən deyənləri nağıl say. Ancaq bu nağıl saydıqlarında da nəsə var, ya yox? Heç sənin ürəyinə nəsə əvvəlcədən dammır? Mən ölümümü bilirəm. Mən şəhid olacağam.Mən neçə ildir ki, bunu gözləyirəm. Gözləyirəm deyəndə, bunu istəyirəm. Önərin sözləri Umudun əhvalını tamam alt-üst etdi: -Gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən danışmağa,-Umud qəhərlənərək dilləndi. Umud birtəhər olmuşdu: -Ə, dur ayağa, deyəsən, gözünü göyə zilləyib fala baxırsan. Önər üzü göyə baxa-baxa danışırdı: -Eşitdin, o günü şəhid olanları Sumqayıtda dəfn ediblər... Umud əsəbiləşərək yenə onun sözünü kəsdi: -Bəs harda dəfn etməli idilər, yəqin, valideynləri orada yaşayır,- həyəcanla dedi. Umudun əhvalı Önərə təvafüt etmirdi: -Mən gecə-gündüz Göydağda şəhid olmaq barədə düşünürdüm. Həmişə fikirləşirdim ki, şəhid olacam, qapımizdakı dağdağanın dibində qara çırağın işığında, kəndimizin bulağının suyunda yuyulacam , elə öz qəbiristanlığımızda da dəfn olunacam. Belə baxıram qismət olmayacaq, qəlbimə damıb ki, uzaqlarda şəhid olacağam, məni də Sumqayıtda dəfn edəcəklər. Umud -Ə, sən nə qorxaq adamsan, nə başlamısan şəhid olacam, öləcəm. Nə olub sənə, niyə belə edirsən? Bizim işimiz hələ çoxdu. Biz döyüşüb kəndimizi almalıyıq, sən də başlamısan vay-şüvənə ,- əsəbi halda dedi. -Umud, sən heç ölümün barədə fikirləşmirsən?-Önər soruşdu. -Elə belə də. Hərdən fikirləşirəm ki, ermənilər uzaqdan nəsə atar, gəlib dəyər,- Umud bir qədər soyuqqanlı halda cavab verdi. Umudun belə soyuqqanlı danışması Önərin heç ürəyincə olmadı: -Bəs harada dəfn olunmaq istərdin?,- dedi. Umud əlini havada yelləyərək,- nə fərqi var, öləndən sonra harada dəfn olunmağın,- deyə dilucu cavab verdi. -Umud, sən öz canın, Sumqayıtda dəniz qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq bırdir?- Önər səsini bir qədər qaldıraraq soruşdu. Umud Önərin sözlərindən dilxor olmuşdu. -Ə, nə fərqi, öldün, qurtardı. Göydağda dəfn olunsan, nə dəyişəcəkdi?- Umud sanki üzülmüş halda dedi. -Fərqi yerdən göyə, Sumqayıtdan Göydağa qədərdi. Bu fərqi bilmirsənsə, sən onda heç göydağlı deyilsən. A kişi, dənizin qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq birdir? Sumqayıtın küləyi ilə Göydağın küləyi eynidir, yağış yağanda Sumqayıtda olmusan? Sumqayıtda külək əsəndə evin içində durmaq olmur. Göydağda külək olmur, Göydağda meh əsir. Sumqayıtda külək əsəndə dənizin suyu hara qalxır, su asfalta qədər gəlir... Yenə sayım fərqini...- Önər səsi titrəyərək dedi. -Önər, gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən, başqa söz bilmirsən danışmağa,- Umud məyus halda dedi. Önər üzünü Umuda tərəf tutaraq-Umud, səndən bir şey də soruşum, görüm biləcəksən? - dedi. Umud mızıldanarq – onsuz da, dayanmırsan ki, səhərdən elə danışırsan... Önər: -Heç fikirləşmisən ki, Göydağda niyə güclü külək əsmirdi? Umud tərəddüdlə cavab verdi: -Yəqin, dəniz yox idi, ona görə. Önər: -Dənizin küləyə nə dəxli, dənizin özünü külək oynadır. Umud bir qədər ürəklənərək- heç özün də bilmirsən,- dedi. Önər dedi: -Ona görə ki Göydağ dağların arasında idi. Külək düzən yerdə cövlan edir. Önərin sözünün qabağında söz deyə bilmədiyindən Umud kirimişcə gözlərini uzağa zilləmişdi.Umudun susduğunu görən Önər söhbətinə davam etdi: - Umud, bax sənə bir söz deyirəm, bunu yadında yaxşı saxla. İndi sənə dediyim bu sözü məqam düşəndə göydağlıların hamısına deyərsən. İnsan başqa bir yerdə, yad bir torpaqda var-dövlət, pul-para qazanar, lap milyarder ola bilər, ancaq xoşbəxt ola bilməz. Çünki hara getsən, yad sayılacaqsan, başıaşağı, gözüqıpıq olacaqsan. Dədə-babamız elə belə deməyib ki, daş düşdüyü yerdə ağır olar. Bizim kənddə də belə olub. Kənardan gələnlərə gəlmə deyiblər.Yadında olar, qarğış edəndə deyirdilər ki, yurdun gəlmə Məmmədin yurdu kimi boş qalsın. Bizim dərd-bəlamız hələ bundan sonra gələcək Önərin danışmağa sözü çox idi. Ancaq Umud bu sözlərdən yorulmuşdu. Baxdı ki, Önər söhbətin mövzusunu dəyişmir, özü səngərdən bir qədər aralanıb irəliyə getdi. Beş-on dəqiqədən sonra qayıdan Umud, Önərin yuxuladığını görüb, asta addımlarla səhərdən gözünü düşmən səngərinə zilləyən əsgər yoldaşlarının yanına getdi. Balacaboy, ancaq həmişə səliqəli geyimi ilə yoldaşlarından seçilən əsgər Umudu görən kimi pıçıltı ilə-tayqulaqlar neçə gündür ki, dayanmırlar, nəsə edirlər, aparırlar-gətirirlər, nəsə hazırlaşırlar,-astadan dedi. Umud sanki onun nə dediyini eşitmirdi, bu səbəbdən ağzını açıb bir kəlmə demədi. Gözünü düşmən tərəfə zilləmiş əsgərlər bayaqdan yuxulamış Önərin səsinə diksinib onun uzadığı yerə sarı qaçdılar.Önər uzandığı yerdən qəflətən sıçrayaraq-nə baxırsınız, görmürsünüz evimiz yanır, -hövlanək dedi. Balacaboy əsgər Önərin bu halından qorxaraq- buna nə oldu, yəqin, yatdığına soyuq oldu, xəstələndi,- Önərə yaxınlaşaraq dedi. Umud Önərin əlindən tutub məyus halda dilləndi: -Yuxu-zad görməmisən, niyə belə edirsən? Önərin üz-gözünü soyuq tər basmışdı, bədəni titrəyirdi, dodaqları əsirdi. Umud onun gözünün içinə baxaraq,- Özünü ələ al görək, yekə kişisən, nə olub sənə, burda nə var ki, -dedi. Önər bir qədər toxtayaraq-yuxuda gördüm ki, evimiz yanır, kənddə heç kim yoxdur, camaat da yığışıb Hacıyurdundan tüstüsü ərşə qalxan evimizə tamaşa edirlər.Yadımdadır, kənddə arvadlar deyirdilər ki, yuxuda evin yanmasını görmək yaxşı şeydən xəbər vermir. Elə ən ağır qarğış da evlə bağlı olardı. Biri birinin pis gününü istəyəndə deyərdi:”Allah sənin evini yıxsın!”. Umud, yəqin, bu günlərdə şəhid olacağam,- duruxa-duruxa dedi. ...1994-cü ilin apreli idi. Lələtəpədə şiddətli döyüşlər başlamışdı.Önərin ağlına gələnlər başına gəldi. O, Göydağdan uzaqlarda- Lələtəpə döyüşlərində şəhid oldu. Özü də səngərdə yox, qızğın və şiddətli döyüşdə. Hiyləgər düşmənin mövqeyinə hücum etdi. Düşmənlə otuz-qırx metr məsafədə üzbəüz vuruşdu. Səngərdən başını qaldırıb avtomatın güllələrini ətrafa səpələyən iki nəfəri qanına qəltan etdi. Hündür təpənin başında marıxda dayanaraq döyüşü izləyən məkrli düşmən Önəri hədəf almışdı. Uzaq məsafədən Önərin döyüşə-döyüşə səngərə yaxınlaşdığını izləyən düşmən snayperçiləri onu vurdular. Önər Sumqayıtda, dəniz sahilindəki Şəhidlər Xiyabanında dəfn olundu. 23.10.2023. Xeybər Göyyallı

Belə getsə, Azərbaycanlılar Ermənistana işləməyə gedəcək - Fuad Qəhrəmanlı yazır

Bundan sonra müxalifətçiliyə ehtiyac varmı? Bu gedişlə ermənilərdən iş istəyəcəyikmi?  Sual çox sadədir, niyə Ermənistanda orta aylıq əmək haqqı 682 , Gürcüstanda 484, Azərbaycanda isə 374 dollardır?  Hakimiyyət çıxıb bu sualın cavabını verməlidir.  Hanı bəs Qafqazın lider ölkəsi idik, nə oldu? Bəs bizim uğurlu neft strategiyamız vardı, nə oldu? Deyirdiniz qeyri neft sektorunu inkişaf etdiririk, nə oldu, hanı o strategiyanın iqtisadi nəticələri ? Necə olur ki, nefti, qazı olmayan bu ölkələrin vətəndaşları neftin, qazın hesabına 200 milyard gəlir əldə edən ölkənin insanından daha çox qazanırlar? Avropa ölkələri bir yana qalsın, dövlət siyasətinə çevrilmiş acgözlüyün , hüdudsuz korrupsiya üzündən Ermənistandan, Gürcüstandan, Qazaxıstandan Belarusdan belə geri qalırıq.  Bu gedişlə 10, 20.. ildən sonra bu ölkələr harda olacaqlar biz harda? Belə getsə 15-20 ildən sonra azərbaycanlılar gedib Ermənistanda iş axtarmayacaqlarmı? Əgər bu gedişat dəyişməsə, bir zaman gələcək ki, öz ölkəsində iş tapa bilməyən, tapanda da az qazanc üzündən ailəsini dolandıra bilməyən azərbaycanlılar gedib ermənilərin hüzurunda boynunu büküb iş istəyəcək.   Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır. Yoxsa, Xankəndi var deyə, azərbaycanlılar Ermənistan əhalisindən kasıb, hüquqsuz halda yaşamağa görə şükr etməlidirlər?  Bu başqa bir mövzu ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə inkişafın göstəricilərindən və demokratiyanın işləmə mexanizmlərindən bir də elə məhz müxalifətin olmasıdır.  Bizə gəldikdə isə belə səriştəsiz, korrupsiyalaşmış idarəçiliyə , ölkəni milli tənəzzüllə, başqa xalqlar qarşısında geridəqalmış vəziyyətə salan bir hökumətə qarşı mübarizə aparmaq üçün indi həmişəkindən daha çox müxalifətçiliyə ehtiyac var. Fuad Qəhrəmanlı