Seçki piştaxtasının vaxtı keçmiş məhsulları...

Elşən Əlisoy

Ölkədə nə qədər basqılar olsa belə, tariximizin bütün sahələri üzrə - o cümlədən cümhuriyyət tarixi ilə bağlı çox dəyərli araşdırmaçılar formalaşıblar. Bu fədakar insanlar günü-gündən  ortaya ciddi tarixi faktlar çıxarırlar və bununla bağlı işləməyə davam edirlər. 

Tariximizin Milli Azadlıq Hərəkatı dönəmi ilə bağlı canlı şahidlər var. Bir zaman gələcək ki, Milli Azadlıq Hərəkatı və hərəkat dönəmindən bəri bütün hadisələr  incəliklərinə qədər qələmə alınacaq.  Bütün bunları bilə-bilə, adını güya siyasətçi qoyan bəzi "siyasət adamları" tarixin tənələrini nəzərə almadan özlərini rahat şəkildə bazara çıxarmalarını heç cürə anlaya bilmirəm. Cümhuriyyət dövründə  ucqar bir kənddə fəaliyyət göstərən hansısa bir  fəalın həvəslə araşdırıldığını görən bü insanlar tarximizin üz qarasına çevriləcəkləri günü düşünmürlərmi? Bir balaca təminatlı yaşayışa görə  gələcək nəsilləri üçün xəcalətli bir soykök miras qoymağa dəyərmi? Axı bunların bir çoxu kifayət qədər savadı olan insanlardırlar.

Qarşıdan növbədənkənar "prezident seçkilər" şousu gəlir. Sədrlik etdikləri siyasi partiyanı qeydiyyatdan keçirmək üçün üzvülük siyahısı toplaya bilməyən və buna görə də, təşkilatlarını buraxmaq məcburiyyətində qalan bəzi "xadimlər",   prezidentliyə namziədlikləri qeydiyyata alınması üçün güya  40 mindən çox seçici imzasını topladıqlarını iddia edirlər.  Cəmiyyətin üzünə bu qədər dirənmək olarmı? 

"MSK"dan "qeydiyyatdan keçən" bəzi "namizədlərin" çıxışlarına baxıram.  Bunlar güya ki, İlham Əliyevə alternativ namizəddirlər və güya prezident olmaq istəyirlər. Bu qondarma namizədlərin çıxışları başdan ayağa İlham Əliyevi tərifləməkdən ibarətdir. Bunlara az da olsa, balaca bir məmuru da olsa  tənqid etməyə belə icazə verməyiblər.   Adama deyərlər ki, İlham Əliyev sizin üçün belə böyük şəxsiyyət, qələbənin sərkərdəsidirsə, utanmırsınız ona alternativ namizəd olursunuz? Və yaxud, kukla namizəd olduğunuzdan necə olur ki, utanmırsınız?  

Bir vaxtlar sosial şəbəkələrdə, mətbuatda  asıb-kəsənlərin bü gün "seçki"  şəkillərini divara "jek" işçiləri vurur. İnsan özünün ləyaqətinə bu qədər hörmətsizlik edə bilərmi? Partiyanızı buraxdınız, gedin bir işlə məşğul olun də, ayıbdır axı. 

Arada içimizdə olan "bazar adamlarını"  piştaxtaya çıxarıb, üzərlərinə qiymət kağızını vurduğu üçün hakimiyyətə təşəkkür etməyim gəlir.  "Davam edin" deyib, hayqırmaq istəyirəm. Davam edin! Qalanlarını da üzə çıxarın, alına bilənləri diri çəki ilə verməyə hazırıq, aparın, halal xoşunuz olsun,  salamat işlədin! 

Tarix heç vaxt unudulmur. Mütləq bir gün, bu günlərin də kitabları yazılacaq. Tarixin bir güncündə itib batacaqlarını güman edənlər haqqında da yazanlar mütləq olacaq. Hətta, yazılır da... 

Müsavat başqanı Arif Hacılı demişkən: "Təslim olanların sayı artdıqca, duruş gətirənlərin də dəyəri artır".

Share on Facebook