"Çoxlarının rol oynadığı məsuliyyət yükünü ona yüklədilər"

Sürət Hüseynov üzərinə aldığı qara bir ləkə ilə işıqlı dünyadan getdi. Çoxlarının yer aldığı, rol oynadığı oyunda ən ağır məsuliyyət yükünü ona yüklədilər. Özü ilə birlikdə bizidə, gələcəyimizidə, bütün Azərbaycanı qurbana çevirərək bizi qaranlığa qərq edən böyük oyunun bir ifaçısı kimi iz qoydu. Hamı onun simasında hadisələrin cərəyan etdiyini düşündü və düşünməkdədirlər. Hansı ki, həmin sissenariləşdirilmiş hadisələrin əsas gücü köhnə kommunistlər və qanuni hakimiyyətdən narazı düşmüş hakimiyyət hərisləri idi. Hacı Vaqif, Ruslan Rzayev(Zobik), Etibar Məmmədovun yaxın çevrəsindən Şadman Hüseynov, Zərdüşt Əlizadənin yaxın çevrəsindən Aypara Əliyev, komunist Arif Rəhimzadə, Allahşükür Paşazadə, İmam Mustafayev, Rəhim Qazıyev, Nemət Pənahlı, Tahir Əliyev və Heydər Əliyevi hakimiyyətə gətirmək istəyən şəbəkə bu prosesin ən aktiv tərkib hissəsi idi. Amma onları heç bir zaman bu işdəki rollarına görə düşünürəm ki, heç xatırlayan olmayacaq. Qara ləkə, törədilmiş hadisələrin məsuliyyəti, bütün ittihamlar Sürət Hüseynovun üstündə qaldı. Böyük oyunda öz roluna görə rəhmət əvəzinə, lənət yağışı hər zaman onunla olacaq! Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Azərbaycandakı Rusiya trolları hansı mərkəzdən idarə olunur?

“Vaqner”in qurucusu Yevgeni Priqojinin “trol fabriki” hesab olunan “Patriot” media holdinqini ləğv edilib. “Patriot”un tərkibinə daxil olan “Nevski xəbərləri” nəşrinin redaktorları fəaliyyətlərini dayandırdıqlarını elan edərək, oxucularla vidalaşıblar. Eyni addımı “Patriot”a daxil olan “Economics Today” nəşrinin rəhbərləri də atıblar. “Trol fabriki”nə daxil olan RİA FAN-nın baş redaktoru Kristina Masenkova rəhbərlik etdiyi media qurumunun fəaliyyətini dayandırdığını deyib. “Politics Today” nəşri isə “köklü şəkildə yeniləndiyini”, bundan sonra fəaliyyətlərini davam etdirəcəyini bildirib. The Bell internet resursu “Patriot”un sahibinin dəyişə biləcəyi haqqında məlumat yayıb.  Priqojin bu ilin əvvəlində bir qrup jurnalistin suallarını cavablandırarkən “trol fabriki” yaratdığını və idarə etdiyini etiraf etmişdi. Bundan əlavə, Priqojin “Kibercəbhə Z”-dən olan bloqçuların işləməsi üçün binalar verdiyini, hətta onlara maliyyə yardımı təklif etdiyini bildirmişdi. Der Spiegel jurnalistləri “Kibercəbhə Z”-ni Priqojinin “yeni trol ordusu” adlandırıblar.  Priqojinin “trol fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmişdi. Vaşinqtonda əmindirlər ki, Priqojinin “trol fabriki” saxta sosial şəbəkə hesabları yaradaraq dezinformasiya yayıblar və ictimai rəyi manipulyasiya etməyə çalışıblar.  Priqojinin “trol fabriki” fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan seqmentindəki Rusiya trolları fəaliyyətini daha da gücləndiriblər. Belə görünür ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki trollar Priqojinin “trol fabriki”ndən deyil, başqa mərkəzdən idarə olunurlar. Azərbaycan ictimai rəyini manipulyasiya etməyə çalışan, dezinformasiya yayan trolların qısa adı “Rossotrudniçestvo” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir. Avropa İttifaqı hələ ötən ilin yayında “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq edib. Azərbaycanın da bu sanksiyaya qoşulmalıdır.  Təhlükəsizlik məsələləri üzrə dünyca nüfuzlu ekspertlər “Rossotrudniçestvo”-nu Rusiya xüsusi xidmət orqanlarının qeyri-rəsmi şöbələri hesab edirlər. Bütün bunlara görə, “Rossotrudniçestvo”-nun Azərbaycandakı ofisi bağlanmalı, fəaliyyəti qadağan edilməlidir. Xəqani Cəfərli, siyası şərhçi 

"İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur" - Şahin Cəfərli

Gədəbəydəki hadisədə polis nəfərinin yaşlı anaya qarşı tamamilə qeyri-adekvat, gərəksiz, ağıl və məntiqdən uzaq hərəkəti haqlı olaraq hər kəsi qəzəbləndirib.  Lakin həmin epizod nəhəng problemin çox kiçik bir təzahürüdür. Bu hadisə kontekstində Azərbaycanda 2 fundamental problemdən söz açmaq lazımdır:  Birincisi, ölkədə hüquq və azadlıqların təminatı sahəsində onsuz da acınacaqlı olan vəziyyətin daha da ağırlaşması gerçəyi.  Azərbaycan Respublikası dövləti Konstitusiyasının İkinci Bölmə - III Fəslində qeyd olunmuş qırx yeddi maddənin çoxsaylı bəndlərinin mütləq əksəriyyəti tamamilə formalitədən ibarətdir və icra olunmur. Dövlət hakimiyyətini həyata keçirənlər dövləti öz vətəndaşına xidmət edən deyil, öz vətəndaşını əzən mexanizmə çeviriblər. Nəticədə vətəndaş özü də vətəndaş olmaqdan çıxaraq rəiyyətə, təbəəyə çevrilib.  İkinci məsələ Azərbaycanda ekoloji problemlərin getdikcə kəskinləşməsidir.  Çox təəssüf ki, hamımız bu mövzunu tamamilə diqqətdən kənarda qoymuşuq, halbuki söhbət Azərbaycanın təbiətinin, havasının, su hövzələrinin, bir sözlə, insanın yaşaya bilməsi üçün zəruri olan ekoloji sistemin vəziyyətindən gedir. Konkret Gədəbəydəki hadisəyə qayıtsaq, məlumdur ki, qızıl mədənçiliyində istifadə edilən sianid (Türkiyədə siyanür deyilir) ətraf mühitə çox ciddi zərər verir. (Bu sahəni bilənlər və kimyaçılar ətraflı məlumat verə bilər.) Buradan gəlib çıxırıq ekoloji maariflənmənin və ekoloji hərəkatın nə qədər həyati olduğu mövzusuna... İçdiyimiz suyun, udduğumuz havanın, yediyimiz qidanın tərkibinin normalara nə dərəcədə uyğunluğu və ümumən bu ölkəni gələcək nəsillərə hansı vəziyyətdə ötürdüyümüz ekzistensial məsələdir.    Biz müstəqil vətəndaş cəmiyyətinin bir toplum üçün nə qədər vacib olduğunu hələ tam dərk edə bilməmişik. Cəmiyyətdə ekoloji maariflənmənin aparılmasında məhz vətəndaş cəmiyyəti və digər demokratik institutlar (xüsusən azad media) əsas rol oynamalıdır. Onlar fasiləsiz şəkildə bu problemi ölkənin gündəmində saxlamalıdır, dinc etiraz aksiyaları təşkil etməlidir (azad media bu aksiyaları işıqlandırmalı, siyasi partiyalar səslənən tələbləri hökumətin qarşısında qoymalıdır), əhalidə, xüsusən gənc nəsillərdə ekoloji şüurun formalaşmasına çalışmalıdır. Normal ölkələrdə belədir. Lakin bizdə müstəqil vətəndaş cəmiyyəti demək olar ki, ortadan qaldırılıb. Qeyri-müstəqil QHT-lərin məmur biznesinin və ya siyasi iqtidarın maraqlarına aid mövzulara müdaxilə etməyəcəyi, heç məmur biznesi və iqtidar maraqlarının olmadığı məqamlarda da bu məsələlərlə bağlı özünü yormayacağı isə məlumdur.  ... İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur. Son vaxtlar (xüsusən Qarabağ müharibəsindən sonra) “demokratiya, insan haqları yox, təhlükəsizlik daha önəmlidir” deyib, bir-birini inkar etməyən, əksinə, tamamlayan bu anlayışları ayıraraq əks qütblərə yerləşdirən adamları (hətta partiya liderlərini) çox görür və eşidirik. Halbuki hüquq və azadlıqların durumu ölkənin, xalqın gələcəyinə bilavasitə, müəyyənləşdirici təsir göstərən məsələdir, bu hüquqların təminatı isə konstitusion tələbdir. Şahin Cəfərli, politoloq

Dürüst siyasətçi, dürüst siyasət ola bilərmi ?

Ümumiyyətlə müşahidələr göstərir ki, siyasətlə məşğul olan insanları həmişə etibarlı saymırlar. Azərbaycan kimi ölkələrdə siyasətçilər haqqında qaranlıq təsəvvürlər mövcuddur. Avtoritar və ya totalitar ölkələrdə əzilən, əziyyət görən xalqın bu rəyi hesab edirəm ki, təbii görünməldir. Bir çox ölkələrdə uzun illərin mənzərəsi bunu ortaya qoyub. İnsanların etibar etdiyi, arxasınca getdiyi, inandıqları siyasətçilər onları yarı yolda qoyub, pul, vəzifə, mandat qarşılığında maraqlarını müdafiə etdiyi insanları məğlubiyyətə, mənəvi sarsıntılara düçar edərək əks düşərgəyə keçib və dahada azğınlaşaraq simasızlaşıblar. Bunu görən sadə insanlar isə siyasəti belə təsəvvür etməyə başlayıblar. Xəyanət, pul qarşılığında satılmaq, mandata görə xalqı yarı yolda qoymaq siyasi inamı, siyasi dürüstlüyü yaddaşlarda arxa plana keçirib. Bu qeyd olunanları əlbəttə ki, bütün siyasətçilərə, siyasi fəaliyyətlə məşğul olanlara aid edilə bilməz. Amma siyasi əhval-ruhiyyə o qədər çirkablaşır ki, yaxşı kimi tanıdığın siyasətçilərə belə şübhə ilə yanaşmağa başlayırsan. Düşünürsən ki, görəsən budamı kiminsə əlinə işləyir, kiminsə adamıdır ? Özün-özlüyündə sual edirsən. Ümumiyyətlə şübhə çox gözəl bir şeydir. Şübhə həqiqətin açarıdır. İnsanı araşdırmağa, həqiqəti bütün çalarları ilə görməyə, daha çox öyrənməyə, məlumatlanmağa sövq edir. Şübhə insanı tələsik qərarlar verməyə sövq etməməlidir. Mükəmmələşməyənə qədər mövqeyini özündə saxla. İnana biləcəyin dürüst siyasət adamı xalqın içərisindən olan, xalqa daha yaxın, xalqın dərdini özününkü bilən, xalq maraqlarını hər şeyin üstündə bilən adamlar ola bilər. Bunu bəlkə müəyyən etmək bir az çətin olsun, amma gəldiyi qısa yola baxmaq ilkin müşahidə üçün yetərli hesab oluna bilər. Yeni dövrdə bütün bunlar daha əlçatan və rahatdır. Dürüst siyasətə gəldikdə isə bu bütün mütərəqqi ölkələrin uğurlarının əsas açarıdır. Dələduz, oğru, cinayətkarlar heç bir zaman xoş mənzərə yarada və ya düzən qura bilməzlər. Bütün gözəlliklər dürüst adamların əsəridir. Özünəmünasibət, ətrafındakı insanlara, gələcəyə sağlam yanaşma dürüst siyasətin təməl özülüdür. Özünəmünasibətlə etibarlılıq qazanmaq, ətrafındakı insanların inamını hər zaman qorumaq və bu dəyərləri gələcəyə ötürmək. Dürüst siyasətin əsasında etibarlılıq qazanılır, şəffaflıq qorunur və bütün bunların nəticəsində hesabatlılıq təmin edilir. Dürüst siyasət xalqın saflaşan və saflaşmağa meyilli ruhundan doğur. Dürüst siyasəti xalq öz soyuducusunda, uşaqlarının geyimində, yaşadığı məkanın görüntüsündə, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, dövlət idarələrində görə bilər. Bunu hansı formada görürsünüzsə ölkənizdə ki, siyasətçilərin nə qədər dürüst olduğunu anlaya bilərsiniz.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Güllü paltar geyinmək ayıbdır, yoxsa xalqın malını talamaq?

Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.  Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.  Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.  Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...  Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?  Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?  Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.   Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?  Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist 

MENAQVE

Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri  çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm.......                    Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)

DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və  köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin,  keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət

Can ay başına Vətən daşı düşən vətəndaş...

AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi.  Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir.  Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb.  Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb.  Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur.   Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər.  Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər.  CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy 

Ermənilər kapitulyasiya aktına imza atmamışdı?

Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı? Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki? Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı? Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi? “Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi? İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim? Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir? Dəyərli dostlar! Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır. Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır. Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir. Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır. Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər. Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr,  İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər. Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək. Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb. Elşən Əlisoy 

Qələbənin "biznesi" - Əntiqə Rəşid yazır...

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).   Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.  Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...  Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...  2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.   Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.   Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.  Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək((( Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun! Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?   Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun... Əntiqə Rəşi Sozcu.az

Sürüdən ayrılan Qurd

İl –ildən pis gəlmişdi. Sanki təbiətin də bərəkəti qaçmış, dağlarda ovlamağa ov da qalmamışdı. Haqqlarında əfsanələr dolaşan “Qurd” sürüsü günlərlə ovlamağa bir şey tapmırdı. Bikef-bikef dərələri dolaşır, bir tikə ov ovlamaq üçün günlərlə yol gedirdilər. Kənd camaatı da çoxdan idi ki, Qurd səsi eşitmirdi. Elə bil Qurdların ulamaq həvəsləri ölmüşdü. Əlacları kəsilən Qurd sürüsü kəndin kənarında dolaşan bir neçə sahibsiz iti öz cərgələrinə qoşaraq, itlərin hesabına yeməyə bir şey axtarırdılr. Qurd sürüsü küçə itlərinin iy bilmə qabiliyyətlərinə möhtac qalmışdı.Qurdların bu halından tək bir Boz Qurd narahat olaraq itlərə heç qovuşmurdu. Əlacı olsaydı it sürüsünü bircə anda parçalayıb məhv edərdi. Ancaq onda özününkilərin qınağına tuş olacaqdı, axı nə qədər olmasa itlərin hesabına yemlənə bilirdilər.  İt sürüsü əməlli başlı dağların şahına dönmüşdü. Bir balaca incidilən kimi özlərini dartır, Qurd sürüsünü ov olan yerlərə aparmırdılar. Boz Qurd bir neçə dəfə etiraz etmək istəmişdi. Ancaq qurdların yadlaşan çığır-bağırları buna imkan verməmişdi. İt sürüsünə qoşulandan Qurdların səsləri də dəyişmiş, ulamaq əvəzinə it kimi hürməyə başlamışdılar. Boz Qurd itləşmiş qurdlardan qorxurdu.Qurd nəslini yiyəsiz küçə itlərinin nəsli əvəzləyəcəyindən çox qorxurdu. İmkan tapan kimi sürünün cavan Qurdları ilə bir kənara çəkilir, onlara əcdadlarından, törələrindən danışırdı. Ancaq çalışırdı ki, bunu itlər görməsin. Görən kimi o saat onu "qurdçuluq" etməkdə ittiham edir, itləşmiş qurdlar da itlərə qoşularaq, onu Qurdçuluq etməklə ailəni bölməkdə ittiham edirdilər. Ancaq imkan düşən kimi itlər öz həyatlarından danışır, hətta özlərindən nağıllar uyduraraq Qurd boğan babalarından da danışmaqdan çəkinmirdilər. Qurdlarsa sanki itlərin əsirinə çevrilmişdilər. Boz Qurdun artıq səbiri tükənmişdi. Gecənin birində itləşən qurdları taleyin ümüdinə buraxaraq sürünü tərk etdi. Bu qaçmaq deyildi... Sadəcə Boz Qurd istəyirdi ki, itlərlə Qurdlar baş –başa qalsınlar . Bundan sonra Qurdların ayılacaqlarına inanırdı. Sadəcə bu gün onu eşidən yox idi.  Səhər Boz Qurdu aralarında görmədikdə sanki içlərinə bir rahatlıq gəldi . Artıq arxayın şəkildə itlərin nağıllarına qulaq asa bilərdilər. İtlər də o qədər qəmli nağıllar uydururdular ki, qurdların it kimi vəkkildəyib ağladıqları da olmuşdu. Boz Qurd dağlarda dolaşır, sürünü nəzarətsiz buraxmırdı. Sürü hara getsə, o da onların arxasınca gedir, yeni dünyaya gələn Qurd balalarını özünə qoşaraq itləşməsinə imkan verməməyə ümüd edirdi. Bu gün isə, qayadan yıxılan zaman əzilmiş ayağının ağrısından gec ayımış Qurd, sürüsünü itirmişdi. Boz Qurd həyəcanla atrafa qaçır, sürünün iyini duymağa çalışırdı. Həyacandan nə qədər yol getdiyini bilməmişdi. Dərədən gələn səs onu ayaq saxlamağa məcbur etmişdi. Səs, itlər tərəfindən boğularaq ölümcül hala gətirilmiş  bir Qurdun idi. İtlər Qurdu boğmuş, Qurd sürüsü isə bu faciyəyə seyirçi qalmışlar.  Boz Qurdun qəzəbdən gözləri hədəqədən çxmışdı. Bir tərəfdən sürüyə çatıb itləri boğmaq istəyir, bir tərəfdən də itləşmiş qurdlardan heç bir zaman Qurd olmayacağını düşünərək onların arxasınca getməkdən vaz keçməyi düşünürdü. Boz Qurd uca bir qayanın üstünə çıxaraq başını göyə tutub, sanki Tanrıya üz tuturmuş kimi ulamağa başladı. Çoxdan idi ki, Qurd ulaltısının yerinə it ulaltısı eşitməkdən bezmiş insanlar uzlərini səs gələn tərəfə tutmuşdular. Hər kəsin üzündə bir sevinc var idi. Qurd səsinin onlara xeyir- bərəkət gətirəcəyinə inanırdılar. Qurdsa hey ulayırdı. Səsinə başqa Qurdların səs verəcəyinə inanırdı. Boz Qurd, Qurd sürüsünə it sürüsü qarışmağa imkan verməyəcəyinə ,Tanrıya üzünü tutaraq and içirdi. Dağlarda əfsanələr yaratmış Ulu Qurd, babalarının ruhlarına üzünü tutaraq Qurd sürüsünü qoruyacağına