Qələbənin "biznesi" - Əntiqə Rəşid yazır...

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır). 

 Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.

 Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum... 

Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii... 

2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi. 

 Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.

  Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik. 

Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək(((

Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun!

Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?  

Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun...

Əntiqə Rəşi

Sozcu.az

Share on Facebook