Can ay başına Vətən daşı düşən vətəndaş...

AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi. 

Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir. 

Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb. 

Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb. 

Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur.  

Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər. 

Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər.

 CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS!

Elşən Əlisoy 

Share on Facebook