“Vaqner”in qurucusu Yevgeni Priqojinin “trol fabriki” hesab olunan “Patriot” media holdinqini ləğv edilib.
“Patriot”un tərkibinə daxil olan “Nevski xəbərləri” nəşrinin redaktorları fəaliyyətlərini dayandırdıqlarını elan edərək, oxucularla vidalaşıblar. Eyni addımı “Patriot”a daxil olan “Economics Today” nəşrinin rəhbərləri də atıblar. “Trol fabriki”nə daxil olan RİA FAN-nın baş redaktoru Kristina Masenkova rəhbərlik etdiyi media qurumunun fəaliyyətini dayandırdığını deyib. “Politics Today” nəşri isə “köklü şəkildə yeniləndiyini”, bundan sonra fəaliyyətlərini davam etdirəcəyini bildirib.
The Bell internet resursu “Patriot”un sahibinin dəyişə biləcəyi haqqında məlumat yayıb.
Priqojin bu ilin əvvəlində bir qrup jurnalistin suallarını cavablandırarkən “trol fabriki” yaratdığını və idarə etdiyini etiraf etmişdi. Bundan əlavə, Priqojin “Kibercəbhə Z”-dən olan bloqçuların işləməsi üçün binalar verdiyini, hətta onlara maliyyə yardımı təklif etdiyini bildirmişdi. Der Spiegel jurnalistləri “Kibercəbhə Z”-ni Priqojinin “yeni trol ordusu” adlandırıblar.
Priqojinin “trol fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmişdi.
Vaşinqtonda əmindirlər ki, Priqojinin “trol fabriki” saxta sosial şəbəkə hesabları yaradaraq dezinformasiya yayıblar və ictimai rəyi manipulyasiya etməyə çalışıblar.
Priqojinin “trol fabriki” fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan seqmentindəki Rusiya trolları fəaliyyətini daha da gücləndiriblər. Belə görünür ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki trollar Priqojinin “trol fabriki”ndən deyil, başqa mərkəzdən idarə olunurlar. Azərbaycan ictimai rəyini manipulyasiya etməyə çalışan, dezinformasiya yayan trolların qısa adı “Rossotrudniçestvo” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir. Avropa İttifaqı hələ ötən ilin yayında “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq edib. Azərbaycanın da bu sanksiyaya qoşulmalıdır.
Təhlükəsizlik məsələləri üzrə dünyca nüfuzlu ekspertlər “Rossotrudniçestvo”-nu Rusiya xüsusi xidmət orqanlarının qeyri-rəsmi şöbələri hesab edirlər. Bütün bunlara görə, “Rossotrudniçestvo”-nun Azərbaycandakı ofisi bağlanmalı, fəaliyyəti qadağan edilməlidir.
Xəqani Cəfərli, siyası şərhçi