Zirzəmidən Allaha açıq məktub!

Ey Yerin və Göyün Sahibi olan Uca Allah! Bu məktub sadəcə bir dua deyil - bu, zülmə qarşı yazılmış ittiham aktıdır. Bu sətirlər mürəkkəblə yox, sındırılmış ümidlə, tapdanmış ləyaqətlə, boğazda düyünlənmiş harayla yazılıb. Mən, bu məktubu SƏNə yazıram, çünki bu ölkədə məmur kabinetləri səs keçirmir, amma SƏNin DƏRGAHın heç vaxt lal olmayıb. Bu yazı bir nəfərin şəxsi dərdi deyil. Bu, minlərlə evsiz insanın, zirzəmilərdə çürüyən talelərin, kirayə evlərdə - həyatda nəfəsi kəsilən ailələrin ümumiləşmiş fəryadıdır. Bu, susdurulmuş XALQın adından ürək ağrısıyla yazılmış açıq məktubdur. Allahım! Bu ölkə artıq sosial uçurumun adıdır. Bu ölkədə bur tərəfdə villalar GÖYlə yarışır, o biri tərəfdə isə zirzəmilər insanı torpaqla üz-üzə qoyur. Azərbaycan adlı bu məmləkətdə saraylar işıq içindədir, amma XALQ qaranlıq içində, əzab-əziyyətlə dolu günlərlə baş-başa qalıb. Bu ölkənin torpağında məmur üçün hər şey var: - vəzifə kreslosu var, - villa var, - pul-para var, - toxunulmazlıq var,- susdurulmuş qanun var.  XALQ üçün isə yalnız bunlar qalıb: - səbr, - qorxu, - dözüm, - susmaq məcburiyyəti. Bu, artıq idarəçilik deyil, Allahım. Bu, XALQ üzərində qurulmuş soyuq sistemdir. Bu zirzəminin divarları daşdan hörülməyib, Allahım. Bu divarlar rüşvətlə, haram pulla, yeyilmiş haqla hörülüb. Bu tavanın alçaqlığı yoxsulluqdan deyil -  ədalətsizlikdəndir. Bu zirzəminin divarından axan qara kifli su nəmlik deyil, sistemin çürümüşlüyüdür. XALQın haqqı yeyilərək tikilən saraylar gec-tez sahiblərinə qəbir qədər dar olacaq.  Çünki ah-nalə üzərində qurulan heç bir bina uzunömürlü olmur.  Biz, dilənçi olmaq üçün yaradılmadıq. Biz, zirzəmidə yaşamaq üçün doğulmadıq. Biz, insan kmi yaşamaq haqqı ilə doğulduq - amma bu haqq əlimizdən alındı. Ey Böyük Yaradan! Bu ölkədə dövlətlə XALQ arasında dərin bir boşluq yaradılıb. Bu boşluğun adı vicdansızlıqdır. Məmurlar XALQa yox, kresloya sədaqət göstərir. Qanun XALQ üçün sərt, vəzifəli üçün elastikdir. Vəzifə bu torpaqda xidmət anlamını itirib, Allahım. O, imtiyaz alətinə, toxunulmazlıq qalxanına çevrilib. XALQ isə yalnız seçkidən seçkiyə xatırlanan yükdür. Amma SƏN Yer üzündə hər şeyi - qara daşın üstündəki qarışqanı da görürsən. Və bu, bizim son təsəllimizdir. Rəbbim! Zirzəmi insanı tədricən öldürür. Əvvəl bədəni, sonra ruhu. Yarıqaranlıq zirzəmidə ömür sürüb nəfəs almaq çox ağırdır, yaşamaq isə əzaba çevrilir. Bu, sosial siyasətin iflasının canlı sübutudur. Divarlardan axan qara su bədənə yox, birbaşa ürəyə işləyir. Soyuq döşəmələrdə illər yox olur, sağlamlıq əriyir. Günahı olmayanlara verilmiş səssiz cəza budur. Ey Uca Allah!  Bu yazı təkcə yalvarış deyil. Bu yazı açıq  ittihamdır. Mən SƏNdən möcüzə istəyirəm, çünki insanlar möcüzəsiz qalıb. Mən ailə üzvlərimlə birlikdə ömür yaşamaq üçün EV istəyirəm. Bu, insanın yaşamaq hüququdur. Damı-evi olmayanın DUAsı ağır, ahı təhlükəlidir. Bu XALQa ağ günlər ver, İlahi! Bu torpaqda - bu məmləkətdə uşaqlar zirzəmidə yox, gün işığında böyüsün!  Bu ölkədə məmur saraylarından çox, XALQ evləri tikilsin. Bu dövlətdə ədalət kağız üzərində yox, həyatın içində olsun. Ey Xudavənd!  SƏN hər şeyə qadirsən axı! Mənim də doğma VƏTƏNimdə mənzilim olsun. Bu, tək bir insanın arzusu deyil - bu, əzilmiş bir XALQın haqqıdır. Bu kitabça SƏNə ünvanlanmış açıq məktubdur. Bu məktubun cavabı ya ədalətdə olacaq, ya da ki, tarixdə.  SƏNi sevən, SƏNə sığınan bəndən. Ey sevimli, rəhmli Allah! SƏNin iradənlə, SƏNin isminlə yazdım bu məktubu. İnsana mümkün olmayan, Sahiblər Sahibi olan Böyük Allaha mümkündür!  Mərhəmətli, sevgi dolu Allah! Nə istədiyimi SƏNin əllərinə verirəm.  XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Qələm və Çəngəl: Vicdanın İki Üzü

​Dünya qəribə bir teatr səhnəsidir — və biz hamımız orada həm aktyor, həm də tamaşaçıyıq. Bu səhnədə ən uca səslə "mərhəmət" deyənlər, pərdəarxasında həmin mərhəməti duzlayıb-istiotlayanlardır. Şairin uşaqlar üçün qələmə aldığı misralar ilə süfrəsindəki təamlar arasındakı məsafə, insan təbiətinin ən qaranlıq təzadıdır. ​İki Səhnə, Bir Həqiqət ​Birinci kadr: Yeddiyaşlı uşaq əlində kitab, gözləri parıldayaraq kürsüdə dayanıb. Böyük həyəcanla misraları sıralayır: "Mənim quzum mələyir, ot yeyib su içir... Onu sevin, incitməyin!" Onun kiçik qəlbində quzu artıq oyun yoldaşına, toxunulmaz bir dosta çevrilib. ​İkinci kadr: Cəmi bir neçə saat sonra isə şair və o uşaq eyni süfrə arxasındadırlar. Şair bayaqkı misraların müəllifi kimi deyil, bir ovçu iştahası ilə quzu ətindən hazırlanmış dolmanı çəngəlinə keçirir. Bayaq "mələyən" canlının buxarlanan ətri vicdanın səsini çoxdan boğub. Uşaq isə şeirdə sevdiyi "dostunu" şam yeməyində dadmağa alışdırılır. Poeziya məğlub olur, qastronomiya qalib gəlir. ​Nəticə ​Şairin uşağa verdiyi dərs ilə sərgilədiyi həyat tərzi arasındakı bu uçurum, bəşəriyyətin ən böyük dramıdır. Biz eyni canlının həm gözəlliyinə dastan yazan, həm də dadına tamah salan yeganə varlığıq. ​Müəllif: Əbil Həsənov

“İmişli”ni İmişlidə, “Araz-Naxçıvan”ı Naxçıvanda görənə mükafat veriləcək!

Rəşad Ergün Əksəriyyətimiz, hətta hamımız həmişə “bölgələr Azərbaycan Premyer Liqasında komanda ilə təmsil olunmalıdır” tələb-istəyindəyik. AFFA cari mövsüm başlamazdan əvvəl təqdir olunacaq iki addım atdı: legioner limitini ləğv etdi və Premyer Liqada komanda sayı 12-yə qaldırıldı. Əla! Super! Amma vəziyyət necədir? “Araz-Naxçıvan” təmsil etdiyi Naxçıvanda oynayır? “Kəpəz” ev oyunlarını Gəncədə keçirir? Bəlkə, imişlilər “İmişli”ni bu mövsüm doğma rayonlarında görüblər? “Turan Tovuz” da Tovuzdakı stadionunda yaranan problemlər səbəbindən Bakıya üz tutub. Bircə “Qəbələ” ilə “Şamaxı” adlarını daşıdıqları şəhərlərdə ev oyunlarını keçirir. Vəssalam, şüttamam. Yaxşı, bunun harası “bölgələrin Azərbaycanın futbol elitasında təmsilçiliyi” oldu? Naxçıvanlılar “Araz-Naxçıvan”ı Naxçıvanda görməyəcəksə, bu komandanın Muxtar Respublikanın adını daşımasının nə mənası var? “İmişli” bütün mövsüm ərzində ev oyunlarını orda-burda, indi də Qubada keçirəcəkdisə, İmişlinin adını niyə daşıyır? Bilmirsən, bütün bu biabırçılığı “faciə” ilə təsnifləndirəsən, ya “komediya” ilə. “Qarabağ” isə bütün bu həngamənin içindən çıxıb Çempionlar Liqasında “Nyukasl”la oyunlar keçirməlidir. Keyfiyyətsiz süni örtüklü meydançalardan, “İmişli”nin rəqiblərini aparıb saldığı palçığın içindən – Qubadakı “stadion”dan sağ-salamat çıxmalıdır. “Qarabağ”ın Çempionlar Liqasında qarşılaşdığı “Benfika”, “Kopenhagen”, “Ayntraxt” keyfiyyətsiz süni örtüklü meydançalarımızı, Qubadakı “stadion”u görsəydilər, “kül bizim başımıza, gör kimə uduzmuşuq” deyərdilər. Deyərdilər, mütləq deyərdilər. Amma yaxşı ki, onların gördüyü təkcə “Qarabağ”ın özüdür…(Komanda.az)

Dünya böyük bir tamaşa salonudur

Xoşqədəm verilişinə dərdli adamlar çağırır. Sonra da ona qulaq asıb başlayır efirdə ağlamağa. Efir qurtarandan sonra həmin o dərdinə ağladığı adam bundan nəsə bir söz soruşanda qışqırır üstünə ki, ay bala, sən Allah, yeri get o tərəfə, baş-beynimi aparma. Halbuki, efirdə o adamın başını sığallayıb deyirdi ki, can, can...  Bu, nədir? Oyun.  Burda təkcə Xoşqədəm yox, hamı oyun oynayır, hamı rəqs edir. Hərənin öz rəqsi, hərənin öz oyunu var. Bəlkə də Xoşqədəmin verilişinə çıxıb dərdini danışan adamın da öz oyunu var. Bəlkə də oyunu-zadı yoxdur. Sadəcə səydir. Dünyanı oyun kimi dərk etməyəndə həyat adamı çox böyük faciələrə aparıb çıxarır. Yaxud gülməli bir vəziyyətə düşürsən.  Məsələn, qız oğlanı, oğlan da qızı sevir. Bir-birlərinə deyirlər ki, səndən ötrü ölümə də gedərəm. Amma həm də özlərini qoruyurlar. Məhləyə girəndə qız oğlana deyir ki, sən burdan qayıt, qonşular bizi bir-yerdə görməsin. Niyə? Nolur bir yerdə görəndə? Adına söz çıxar. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, o biri tərəfdən adının çıxmasını istəmir. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, ölsəm də səninəm, o biri tərəfdən də deyir, evlənəndən sonra sevişərik. Bu, nədir? Oyundur. Birdən olmadı elə, oldu belə. Gələcəyə ayaq yeri qoyur. İndi qız səhv edirmi? Bilmirsən. Düz edirmi? Onu da bilmirsən. O qız sadəcə öz oyununu oynayır. Qız oğlanın bütün dediklərini eləsə, adını qorumasa, bədənini qorumasa, sabah oğlan fikirini dəyişsə, onda qız nə olacaq? Qurban. Ona görə də qurban olmamaq üçün hərənin öz oyunu olmalıdır. Sən oyun oynamasan, sənlə oynayacaqlar.  İrandakı aksiyalarda meyit şəkillərinə baxıram. O meyitlərin hamısı qurbanlardır. Yəni öz oyunu olmayanlar. O meyitlər İranda molla rejiminə də lazımdır, hakimiyyətə gəlmək istəyənlərə də lazımdır. Rejimə ona görə lazımdır ki, başqaları qorxsun. Rejimi dəyişmək istəyənlərə isə ona görə lazımdır ki, proses daha da böyüsün, emosiyalar artsın. İndi o meyitlər ən çox Trampa lazımdır. Mən burda nə molla rejimini müdafiə edirəm, nə də ABŞ-ı. Dünyanın, həyatın oyunlarını izah etməyə çalışıram.  İndi İranda elə adamlar var, oturub evdə, çölə çıxmır, amma molla rejiminin dəyişməsini ən çox arzulayan adamdır. Sadəcə qurban olmaq istəmir. Bəlkə də rejim dəyişəndən sonra ən çox evdə oturanlar fayda götürəcək. Vəzifədə-zadda olacaqlar, ailəsi, uşaqları ən gözəl həyatı yaşayacaq. Qabağa düşüb qışqıranlar yenə də yesir günündə yaşayacaqlar. Yesir günündə yaşamaqlarının səbəbi təkcə ədalətsizlik, bəxt, tale deyil. Bir az da öz seçimləridir. Onların öz oyunları yoxdur. Onlar kiminsə oyununda təsadüfən sağ qalmış qurbanlardır.  Müharibədə döyüşən qazi ayda 150 manat alır, amma qaziyə mahnı yazanlar yüz minlər, milyonlar qazanır. Burda günahkar, ədalət, hüquq-zad axtarmayın. Burda qurban var, bir də oyunçu var. Başqa heç nə yoxdur.  İranda evdə oturanlar bəlkə də çölə də çıxacaq, amma elə vaxt çıxacaq ki, ölüm təhlükəsi olmayacaq. Bir az qışqırıb-bağıracaqlar ki, guya bunun da payı var rejimin getməyində. Bu, nədi? Bu da onun oyunudur. Bircə ölənlərin oyunu olmur. Onlar qurbanlardır. Bəlkə də onların da oyunu varmış, amma alınmayıb.  İngilis filosofu demiş: "Hər bir inqilabı dahilər düşünür, fanatiklər həyata keçirir, alçaqlar isə bəhrələnir".  Kəramət Böyükçöl

ƏDALƏTİN QƏFLƏTİ - hekayə

Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!" Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər... Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi. Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı: "Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.” Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!” Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına: – Ağa, bax, bu nədi? Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!” Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi. Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı. İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı. Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!” Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi: – Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də. Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.  Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar. Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı. Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı: – Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər! Qəzəbli kənd camaatı da, doluşdu həyətə. Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı: – Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar! Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı. Danabaş Ağa özü itlərə bağırdı: – Cənabı parçalayın! İtlər tərpənmədi. Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi: – Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki? İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular. Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.  Kənd camaatı qəh-qəhə çəkib güldü. Ədalət kişi kürsüyə oturub camaata səsləndi: – Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr! Əbil Həsən

SƏNSƏN

Min düşmən sarıb səni, ey gözəlliklər diyarı, Saf ürək, saf qəlblisən, niyyəti pak olan sənsən. Nə qədər düşmənlərin dünyaya qəzəl oxuyur, Adların qoyub sənə, deyirlər bəs - yalan sənsən. Ey anamın beşiyi, gözümün nuru, vətənim, Odlar diyarı adlanan, qəlbimdə iman sənsən. Mən sənə oğul ikən sən də mənə ana oldun, Könül bağçamda açan gül-çiçəkli cahan sənsən. Düşmənə qan uddurdu doğduğun igid ərənlər, Çünki o damardan axan qan deyil - axan sənsən. Təbriz də, Ərdəbil də sənə baxıb “can” deyirlər, Qalx ayağa, ey Vətən, yetişibdir zaman sənsən. Bir olub bütövləşmək zamanıdır, an yetişib, Qalx, qalx uca millət, deyək - can Azərbaycan sənsən! Zakir İsmayil

Bir Gödəkcənin İstisi

Milena dünyaya gəlməmişdən əvvəl atası onları tərk etmişdi. Anası hamilə olduğunu ümid və sevinc dolu gözlərlə xəbər verəndə, kişi üzünü yana çevirib sərt və soyuq səslə dedi: — Mən ata olmağa hazır deyiləm. O gündən sonra hər şey başqa bir rəng aldı — ümidlərlə dolu xəyallar qırıldı, hamilə qadının ürəyində kədər, bətnində isə körpə böyüməyə başladı. Milena beş yaşına qədər anası ilə birgə yaşadı. Anasının gözlərində bəzən qəribə bir soyuqluq dolaşır, bəzən isə alovlu bir qəzəb parıldayırdı. Milena tez-tez hiss edirdi ki, sanki anası onun üzündə keçmiş ağrıların kölgəsini görür. Bir gün anası qəzəblə qışqırdı: — Sən doğulmasaydın, biz xoşbəxt olardıq! Beş yaşına çatanda anası yeni bir həyat qurmaq üçün Milenanı nənəsinin yanına qoydu. Hər dəfə qapı açılarkən Milena ümidlə qapıya tərəf qaçır, “Bəlkə atam gəldi?” deyib - özlüyündə düşünürdü. İllər keçdi. Milena nənəsinin himayəsində böyüdü. Nənəsi onun saçlarını darayır, məktəbə hazırlayır və nağıllar danışırdı. Milena üçün nənə həm ana, həm də ata əvəzi olmuşdu. Evin hər küncündə onun istiliyi, əllərinin qoxusu vardı. Amma zaman dayanmadı. Nənənin ayaqları daha ağır, baxışları daha yorğun oldu. Günlərin birində qadın yatağa düşdü. Evdəki sükut Milenanın ürəyini sıxdı – o artıq gələcəyi hiss edirdi, amma buna bir ad qoya bilmirdi. Bir səhər nənə nəfəs almadı. Evin divarlarını buz kəsdi. Milena kimsəsiz qaldı. Sonra anası və dayısı gəldi, nənənin evi və əşyaları satıldı, pul isə bölüşdürüldü. Kiçik qız isə izah edilmədən, qucaqlanmadan və heç bir təsəlli sözləri eşitmədən uşaq evinə aparıldı. Valideynlərinin artıq yeni həyatları vardı. Atası evlənmiş, öz ailəsini qurmuş və uşaqları olmuşdu. Anası isə ərə gedib başqa bir ailədə yeni övladlar böyüdürdü. Milena bəzən onların evlərinə aparılır, yeni bacı-qardaşları ilə tanış edilirdi. Amma hər dəfə ağlında bu sual dolaşırdı: — Mən bu ailənin bir üzvü deyiləm? Valideynləri ona qonaq kimi yanaşır, sevgi göstərmirdilər. Bacı-qardaşları çox olsa da, heç biri Milenanın yanında deyildi. O isə tək qalırdı. Hər gecə pəncərədən ulduzlara baxaraq pıçıltı ilə soruşurdu: — Atam, anam, bacılarım, qardaşlarım olduğu halda niyə həmişə tək yaşamalıyam?.. Zaman keçdi. Milena böyüdü, məktəbi bitirdi, sənət sahibi oldu. Amma qəlbindəki tənhalıq sönmədi. İnsanlardan sevgi görmək istəyirdi, amma sanki heç kim onu görmürdü. Bəzən düşünürdü: “Əgər öz valideynlərim məni sevmirsə, yad insanlar necə sevəcək?” Hər dəfə parka gəlir, həmişə eyni oturacaqda oturub ətrafını seyr edirdi. Bir gün yenə parkda idi. Birdən gözü qarşı tərəfdəki meydançaya sataşdı. Meydançada ata uşaqları ilə badminton oynayırdı. Uşaqlar təxminən onunla həmyaşıd idilər – iki oğlan, bir qız. Ana isə kənarda oturub, gülümsəyərək onları izləyirdi. Milena nəfəsini tutdu. Qarşısında sanki xoşbəxtlik tablosu vardı. Milena istəyirdi ki, onun da belə ailəsi olsun. Xəyalında özünü həmin uşaqların bacısı kimi təsəvvür etdi. “Əgər seçim mənim əlimdə olsaydı, bu yad adamı özümə ata seçərdim.” Gözlərindən yaş axdığını hiss etmədi. Sanki bir filmə baxırdı. Elə həmin an bir səsi eşitdi: — Ay qız, səninləyəm! Bura gələ bilərsənmi? Milena diksindi. Onu çağıran uşaqların atası idi. Həyəcanla dedi: — Mə...n? Kişi gülümsəyərək başını tərpətdi: — Bəli, sən. Adın nədir? Milena tərəddüdlə ayağa qalxdı və asta-asta ona yaxınlaşdı. — Milena… Kişi əlindəki badminton raketini ona uzadaraq dedi: — Mən yoruldum. Məni əvəz edə bilərsən? Təklif o qədər gözlənilməz oldu ki, Milena bir anlıq donub qaldı. Sonra utana-utana raketi aldı. — Uşaqlar, məni Milena əvəz edəcək! – kişi dedi və həyat yoldaşının yanına getdi. Milena ilk dəfəydi ki, uşaqlarla oynayırdı. O çox sevinirdi və bir anlıq bütün kədərini unutdu. Bir az sonra uşaqların anası onları səslədi. Qadının və kişinin yanında gənc bir oğlan dayanmışdı. Oğlanın əlində selofan torba var idi. Uşaqlar qaçaraq qadının yanına getdilər. Qadın oğlanın gətirdiyi torbadan şirin kökələr çıxarıb uşaqlara verdi. Milena bir az aralıda dayanmışdı, özünü yad hiss edirdi. Qadın gülümsəyərək dedi: — Qızım, sən niyə uzaqda dayanmusan? Yaxın gəl! Milena tərəddüdlə qadına yaxınlaşdı. O Milenaya bir kökə uzadıb dedi: — Al, bu da, sənin. Milena heyrətlə kökəni aldı. Ürəyində qəribə bir istilik hiss edirdi. Nənəsindən sonra heç kim ona indiyə qədər belə qayğı göstərməmişdi. Milena həmin gündən sonra hər həftəsonunu həsrətlə gözləyirdi. O həmin parka gedir, uşaqlarla birlikdə badminton oynayırdı.Milena artıq özünü bu ailənin bir üzvü kimi hiss edirdi. Payız idi. Yarpaqlar sanki parkın üstünü qızılı xalça kimi örtmüşdü. Onlar yenə görüşdülər, oynadılar, sonra yaxınlıqdakı yeməkxanada dadlı yeməklər yedilər, ayrıldılar. Milenanı ürəyində tanış ağrı bürüdü: havalar soyuyurdu, yəqin ki, görüşlər də azalacaq. Birdən göy guruldadı, şimşək çaxdı. Güclü yağış başladı. Milena çətir gətirməmişdi. Əynindəki nazik paltar bədəninə yapışdı, saçlarından su damcılayırdı. Soyuqdan dişləri bir-birinə dəyirdi. Yaşadığı yer çox uzaqdı, amma tələsmirdi. Dolmuş gözləri ilə uzaqlaşan ailəyə baxırdı. Onlar bir çətirin altına sığınıb gülə-gülə addımlayırdılar. Milenanı qəribə bir qısqanclıq və həsrət bürüdü. Elə bu an kiminsə həzin səsi eşidildi: — Xəstələnərsən... Nəsə isti bir şey çiyninə salındı. Gödəkcə idi. Milena diksinib başını geri çevirdi. Bu uşaqlara şirin kökə gətirən həmin ailənin böyük oğlu – Kamil idi. Kamil gülümsəyərək dedi: — Gəl, mənimlə gedək. Milena susaraq gödəkcəyə sarıldı. Kamil əlini ona uzatdı. Milena tərəddüdlə onun əlindən tutdu. Onlar əl-ələ yağışın altında addımlayaraq ailənin arxasınca getdilər. Milena elə həyəcanlanmışdı ki, az qala ürəyi sinəsindən çıxıb uçacaqdı. O ilk dəfə idi ki, özünü tək hiss etmirdi. Əbil Həsən

SÜKUTUN DƏNİZ DƏRİNLİYİ

İsti bir yay günü idi. Çimərlik adamla dolub-daşırdı. İnsanlar dalğalara qaçaraq sərinləməyə çalışırdılar. Uşaqlar qumdan qala tikir, gülüş səsləri sahili bürüyürdü. Bəzən bu şən səs-küyün arasından xilasedici qülləsindən gələn Yusifin səsi eşidilirdi. O, arabir səsgücləndirici ilə insanlara qadağan olunmuş ərazilərə girməməyi xatırladırdı. Birdən hamının diqqətini sahildən xeyli uzaqda boğulan bir adam cəlb etdi. Dalğalar onu gah üzüaşağı, gah üzüüstə çevirir, dənizin dərinliyinə aparmaq istəyirdi. O, ümidsizcə əllərini yelləyir, suyun üzündə qalmaq üçün çabalayırdı. Hər dəfə başını sudan çıxaranda sanki son nəfəsini alırdı. İnsanların baxışları xilasedicinin qülləsinə dikilmişdi. Hamı həyəcanla Yusifi köməyə çağırırdı. Ancaq Yusif sanki onları eşitmirdi — sakitcə durbinlə uzaqları müşahidə edir, arabir su içirdi. Bu laqeyd görkəm kütlənin qəzəbini artırır, bəziləri əsəbdən qışqırır, onu söyürdülər. Yusifin baxışları dənizdə ilişib qalmışdı. Durbinin arxasında sanki bu günün dənizini yox, keçmişin dalğalarını görürdü. Keçmişin yükündən qurtulmaq, o günü bir daha yaşayıb bu dəfə xilas edə bilmək üçün içində qəfil dərin bir istək yarandı. Bir anlıq yadına o dəhşətli gün düşdü – dənizin qara-boz rəngi, qorxunc qışqırıqlar, suyun üstündə köməyə uzanan əllər və sonra dərin sükut… Yusif arvadının dənizdə boğulduğu günü xatırladı. İndi də dənizdə boğulan adam artıq taqətdən düşmüşdü. Əlləri zəifləyir, bədəni yavaş-yavaş dərinliyə çəkilirdi. Elə bu anda Yusif qüllədən yerə hoppandı. Gözlərində qəribə bir ciddilik vardı. Mənə tərəf dönüb sakit, amma qətiyyətli səslə dedi: — Getdik. Motorlu qayığa minib sahildən uzaqlaşanda qışqırıq səsləri arxada qaldı. Qayıq gurultu ilə irəliləyir, dalğaları yarırdı. Boğulan adama yaxınlaşanda Yusif tərəddüd etmədən suya atıldı. Mən də onun ardınca tullandım. Dalğalar bizi sağa-sola itələsə də, adama çatdıq. Yusif onu belindən tutub suyun üzünə çıxardı, mən isə qolundan yapışdım. Onu güclə qayığa qaldırıb uzatdıq. Oğlanın bədəni ağır idi, sanki bütün dəniz içindəydi. Dodaqları göyərmişdi. Vaxt itirmədən ilk yardıma başladıq: sinəsini masaj edib, süni nəfəs verdik. Bir neçə dəqiqəlik gərgin mübarizədən sonra oğlan öskürüb suyu qusmağa başladı. Sahilə qayıtdıq. Təcili tibbi yardım maşını bizi sahildə gözləyirdi. Tibb işçiləri oğlanı xərəkdə maşına apardılar. Qısa yoxlamadan sonra onun həyatının xilas edildiyi təsdiqləndi. Bu xəbərindən sonra bir az əvvəl Yusifi təhqir edən insanlar onu alqışa tutdular. Hamının üzündə minnətdarlıq ifadəsi vardı. Oğlanın valideynləri göz yaşları içində Yusifin əllərini sıxaraq təşəkkür etdilər. Yusif isə sadəcə başını aşağı salıb sakitcə gülümsədi. Yenidən qülləsinə qalxdı. Çimərlikdə səs-küy yenidən başladı, amma hamı anlayırdı ki, o qüllədə oturan adam sadəcə bir nəzarətçi deyil — həyatların keşikçisidir. Yusif dənizə baxaraq dərin bir nəfəs aldı; dalğaların səsi bu dəfə ona keçmişi yox, xilas etdiyi yeni bir həyatı xatırladırdı. Əbil Həsən

Bir körpənin manifesti - Demokratik və şəffaf ölkəmiz...

Mənim adım Muraddır. Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki, anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları sevirəm. Hamısını. Yetər ki, kimsənin qəlbi qırılmasın. Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim. Qoy bu sözlər mənim şüarım olsun deyə. Mənim ağlamağımın ardınca həkim xala dedi: Şükürlər olsun, əlimizə sağlam mal gəldi. Elə bildim həkim xala “uşaq” əvəzinə çaşıb mal deyib. Səsimi eşitməsə də düzəliş etmək istəyirdim ki, yenidən səs eşitdim: Tərpənin görək, nə qopardırsınız. Bu dəfə mən düzü qorxudan xırdaca bədənimi yığdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda qopartmaq felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki, qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi. Bizi rahatlayıb yatağımıza qoyan xala bir manatlıqları ayaq tərəfimdə ayıraraq ciblərinə qoyub ufuldadı: Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!  Donuzu əskik olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri bir xoş söz eşidə bilmirdim. Anamın yanında keçirəcəyim bir həftənin dadını çıxartmaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu gücü almaq mümkün deyil. Burada yalnız nəğd alış-veriş gedir. Məsələn, həkim xala mənə 150 manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən xalaya başa salanda öz qulaqlarmla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar binayi-qədimdən bahalıdır. Bax bunun, məni göstərib dedi, əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, bircə manat o yan-bu yan ola bilməz.  O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən. Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, adam qocalanda özünə uyğun mühit axtarır. Evə yollananda məlum oldu ki, xırda-mırda xərcləri də üstünə gəlsək, mənim dünyaya gəlişim bizə təxminən 250-300 manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də özümü xəstələnməkdən saxlaya bilmədim. Dünyaya çətin gəlişimdən sonra ağır depresyona düşmüşdüm. Amma depresyon varlıların xəstəliyi olduğuna görə tez ordan çıxdım. Çünki, bizlərin belə “geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.  Çox keçmədi ki, əsil maniə ilə qarşılaşıb dünyanın neçə bucaq olduğunu anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə bircə an belə fikirləşməmiş deyirsən: “Allah işini hökumətə salsın”. O da ola idarələr. Bu daha qarğışlıqdan çıxıb birbaşa qapazdır. Mənim övladlığa götürülmək məsələm üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən dərhal sonra inəyi satmaq məcburiyyətində qaldı. Mən südsüz qalsam da,  azərbaycansayağı sənədləşmədən sonra övladlıq məsələmin yarısı düzəldü. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik... Nazlı Ağayeva

Bu ağacın dərdi nədir görəsən?

Bu ağacın dərdi nədir görəsən? Gövdəsinə xırda-xırda xal düşür. Əsə-əsə soyuqlara tələsən, yaşıllığı quraqlıqda büzüşür. Bu ağacın dərdi dərə qədərdi. Qabığından soyulubdur budağı. Ömrü solur, üstü başı kədərdi, saplağlndan qopub  düşür yarpağı. Bu ağacın təpəsindən qəm yağır, Torpağında çən bağlayır kökləri. Bu ağacın dərdi payız boydadı, Payızın da yoxdu bundan xəbəri. Bu ağacın xal-xal olan gövdəsi, yara-yara yaraların yarğanı. Ağır-ağır solğunlaşan nəfəsi, tükəndikcə soyuq alır cahanı. Bu ağaca balta çalan ağacın, yox xəbəri, öz-özünü dağlayır. Ömür adlı ötüb keçən sayğacın, əqrəbini dəmir əllə bağlayır. Bu ağacın ömrü-günü tükənir. sola-sola dərd qurudur canını. Bu ağacın dərdi dünya qədərdi, Günü doğmaz, bir də görməz danını. Bu ağacla nəfəs alan nəfəslər, nəfəs -nəfəs nəfəsləri tükətir. Ağaclara odun deyən nakəslər, odun-odun kainatı qətl edir. Bu ağacın dərdi nədir bilirsən? Yerin Göyün qan bürümüş çöhrəsi. Nəfəs verib nəfəsini dilərsən, görərsən ki, ölüm udmuş nəfəsi. Bu ağacı yol eylədim gözümə, Gecə-gündüz dayanmadan yürüdüm. Bu ağacdan yolum döndü özümə, Ah eylədim, öz ömrümə büründüm. Reyhana Aslan

Məsuliyyətsiz sürücülər, ölüm saçan sürət...

Məsuliyyətsiz sürücülər, ölüm saçan sürət... Yüksək sürətlə vətəndaşları təhlükəyə atan sürücülərə nəvaxtsa "dur"deyən olacaqmı? Çox ciddi və aktual mövzuya toxunacağam. Öncə onu deyim ki, xəbər saytlarında belə bir ürək ağrıdan məlumat oxudum.  "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər 30 saniyədə bir, hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir." Bu xoşagəlməz hal əsl dəhşətdir.  Yol qəzalarının əsas səbəbləri isə sürət həddini aşmaq, sərxoş halda avtomobili  sürmək, diqqətsizlik və texniki nasazlıqlardı. Deməli, hər il çoxlu sayda insan yol qəzalarında həyatını itirir. Təəssüf olsun. Eləcə də hər il piyadaların vurulması ilə nəticələnən neçə-neçə yol-nəqliyyat hadisələri baş verir. Baş vermiş hadisələrdə ağır xəsarət alan piyadalar isə həyatını itirir. Yeri gəlmişkən, başıma gələn bir hadisə haqda fikirlərimi bölüşmək istəyirəm. Bu gün-iyulun 13-də dünyaya ikinci dəfə gəldim. Demək olar ki, saniyələr məni böyük qəzadan qorudu. Allahın rəhminə şükürlər olsun. Allah həqiqətən çox mərhəmətlidir. Çox sevdiyim Allah, SƏN məni çox sevirsən! Mənə qıymadın, minik maşını həyatıma son qoya bilmədi. Demək olar ki, saniyələr məni həyata qaytardı. Şükürlər olsun Sahiblər Sahibinə, Allahın böyüklüyünə, varlığına... Həmişə evdən çıxıb harasa gedəndə sevgi dolu Allaha şükranlıq duaları edirəm! Heç demə saniyələr insanı ölümdən ayıra bilirmiş. Yerin-Göyün Sahibi çox sevdyim Allaha şükürlər olsun! Çünki üzləşdiyim yol-nəqliyyat qəzasından rəhmli Allah məni qorudu. Bir daha şükürlər olsun Allaha! Günün ikinci yarısında, Bakının "Varovski dairəsi" deyilən ərazidə, (səhv etmirəmsə Azadlıq Prospekti) yerüstü piyada keçidindən keçərkən təxminən saat 5-də  sürətlə hərəkətdə olan "Jeep" markalı qara rəngli avtomobilin xanım sürücüsü çox az qalmışdı ki, sevdiyim bu gözəl həyatda  həyatımı əlimdən alsın.  Qeyd edim ki, həmin vaxtda işıqforda qırmızı işıq yanırdı hətta. Bu qədər də məsuliyyətsiz sürücü olarmı? Piyada keçidindən qaydalara uyğun olaraq istifadə edən vətəndaşlara qarşı hər hansı sürücü niyə təhlükəli anlar yaşatmalıdır?  Sürücülər vətəndaşların həyatı ilə nə üçün oyun oynamalıdır? Bu, heç də yaxşı hal deyil. Avtomobilin sükanı arxasında əyləşən bütün sürücülər çox diqqətli və çox məsuliyyətli olsun gərək. Vurğulayım ki, əks halda həm sürücüyə və həm də yolu keçən vətəndaşların həyatına təhlükə yaranır.  Belə xoşagəlməz halların birində saniyələr məni böyük təhlükədən qurtardı. Məsuliyyət hiss etməyən xanım sürücünün mənə yaratdığı təhlükə baxımından elə gərgin anlar yaşadım ki... Sarsıntı keçirtdiyim üçün avtomobilin nömrəsini də untdum. Çünki həyatımı təhlükəyə atan xanım sürücü minik maşınını elə böyük sürətlə idarə edirdi ki... Çox-çox təəssüflər olsun. Həyat doğrudan da çox qəribədir. Şahid oldum ki, heç demə hətta bir neçə saniyə insan həyatında çox-çox böyük rol oynaya bilirmiş. Məsuliyyətdən uzaq olan sürücülər, yol-hərəkəti qaydalarına ciddi əməl edin ki, insanların həyatına son qoymayın, onların ömrünü-gününü əllərindən almayın. Xüsusilə də piyada keçidləri olan ərazilərdə sürücülər avtomobili mütləq aşağı sürətlə idarə etməlidirlər. Sürət həvəskarı olan sürücülər, avtomobili yüksək sürətlə idarə edib özünüzə də, piyadalara da çətin anlar yaşatmayın, təhlükə yaratmayın. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məsud Pezeşkianın missiyasi və məsuliyyəti

Keçmiş prezident Həsən Ruhanin başlatdığı dəyişiklik çağrısı İranda kütləviləşməyə başlayır. İranın 180 ictimai-siyasi xadimin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir. Həsən Ruhani bəzən ad çəkmədən, bəzən də birbaşa Seyyid Əli Xameneini hədəf alaraq ölkədə dəyişikliklərin qarşısının alınmasında Ali rəhbəri ittiham edir.  Elə bir vəziyyət yaranmağa başlayır ki, cəmiyyətin tələbi ilə elitanın istəyi üst-üstə düşməyə başlayır. Seyyid Əli Xameneinin başçılıq etdiyi azlıq dəyişikliklərə müqavimət göstərsə də, dəyişikliklər qaçınılmaz xarakter almağa başlayır.  Siyasi elitanın böyük bir hissəsi dəyişikliklərin tərəfdarı kimi çıxış etsə də, bu dəyişikliyin nələri əhatə etməsi ilə bağlı aydın fikir olmadığı hiss olunur. Bu Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır. Sovet İttifaqında da cəmiyyət və elita dəyişikliyin zəririliyi qənaətinə gəlmişdi, ancaq bu dəyişikliyin nədən ibarət olmalı olduğunu aydın təsəvvür edə bilmədikləri üçün atılan addımlar yarımçıq, bəzən isə əks effektli olduğu üçün dövlət qısa müddətdə dağıldı.  Məhdud məlumatların doğurduğu qənaət ondan ibarətdir ki, dəyişikliklərin nələri əhatə etməsi ilə bağlı yalnız Prezident Məsud Pezeşkian aydın təsəvvürləri var. Qənaətlərim ondan ibarətdir ki, Məsud Pezeşkian Azərbaycan türklərinin ana dilində təhsil haqqının gerçəkləşməsinin təmin edilməsi ilə ölkəni tədricən iki dövlətli federasiyaya doğru aparmağa çalışır. İranın iki dövlətli federasiyaya çevrilməsi ideyasının İran xaricində də dəstəkçiləri çoxdur. Nüfuzlu ekspertlər və beyin mərkəzlərində belə hesab edirlər ki, farslar və Azərbaycan türkləri istisna olmaqla İranda yaşayan digər xalqların tarixi dövlətçilik ənənlərinin olmaması ilə yanaşı çağdaş milli dövlət quracaq səviyəyyə çatmayıblar. Buna görə də İranın iki dövlətli federasiyaya çevrilməsi yaranmış vəziyyətdən ən doğru çıxış yolu ola biləcəyini qeyd edirlər.  Digər tərəfdən İranın parçalanacağı halda Yaxın Şərqdə domino effekti verəcəyi, ən azı 8-10 dövlətin bütövlüyünün pozulacağına səbəb olacağı ehtimalı da İranın federallaşmasını ən doğru yol hesab edənlərin mövqelərini gücləndirir. Avropada qorxurlar ki, Yaxın Şərqdə dövlətlətin çöküşü nəhəng qaçqın ordusu yarada bilər. Aydın məsələdir ki, bölgəni bürüyəcək xaosdan xilas olmaq istəyənlər ilk olaraq Avropaya üz tutacaqlar. Suriya qaçqınlarının yaratdığı miqrant böhranına dözə bilməyən Avropa 8-10 dövlətdən gələ biləcək qaçqın ordusunu qəbul etmək iqtidarında deyil. Buna görə bir tərəfdən sərhədlərin gücləndirilməsi, miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı digər tərəfdən bölgə dövlətlərinin ərazi bütövlüyünün qorunub, saxlanılmasına çalışırlar. Avropanın Suriyadakı HTŞ hakimiyyətinə qarşı dözümlü yanaşılmasının səbəbi də budur. Ancaq Avropada və bütövlükdə dünyada mütəxəsilər yaxşı bilirlər ki, Yaxın Şərqin taleyi Suriyadan deyil, İrandan asılıdır. İran bölünsə Yaxın Şərqdə hökmən bir neçə ölkə bölünəcək. İranın taleyi də belə görünür ki, Məsud Pezeşkianın aydın və qətiyyətli siyasətindən asılıdır.  İranın federallaşmaısnın, mərkəzi Təbriz olmaqla Azərbaycan və mərkəzi İsfahan olmaqla fars dövlətinin yaranmasının xalqımızın maraqlarına nə qədər uyğun olmasına başqa yazıda aydınlıq gətirməyə çalışacağam. Xəqani Cəfərli, politoloq