İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır...

İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır... 

Əsrlərdən bəri belədi. Bu gün... yenə belədi... 

İsrail Qarabağ savaşında bizim, Türkiyədən sonra ən əsas dəstəkçimiz oldu. Unudulası iş deyil... boynumuzda minnəti var...

Və acı taleyə bax... İsrail, qədim Azərbaycan torpaqları olan, bu gün Batı Azərbaycan deyilən Urmiyada kürdlərin yerləşməsinə, genişlənməsinə, təşkilatlanmasına, silahlanmasına illərdən bəri dərin dəstək verir...

İraqda olduğu kimi İranda da kürd silahlı qüvvələri - PJAK (pkk mahiyyətli) İsrailin, yəni ABŞ-ın maddi, mənəvi, nəzəri, silahlı dəstəyi ilə qan-qan deyir. Hazırkı davaları təkcə Tehranla deyil, həm də Təbrizlədir.

İsrailin (oxu,ABŞ)  dövlət maraqları Azərbaycan torpaqlarında kürdüstan qurmağı tələb edir. Və İsrail dost filan aldırmadan öz yolu ilə yürüyür. Azərbaycan torpaqlarında quracağı `kürdüstan`a bu ana kimi, bu odlu yağmurun altında belə yol açmaqdadır. 

ABŞ-ın və İsrailin üst-üstə düşən maraqları və ya ABŞ-ın Orta Şərqdə təmsilçisi olan İsrailin  maraqları türk yurdlarında oyuncaq kürd dövlətləri qurmaq üçün hədəflənib (səbəbi, bəlli) və bu hədəfə aparan yol artıq yarılanmış kimi görünür.

İranın dövlət olaraq ilk çat səsində illərdən bəri təşkilatlanmış kürd silahlı qüvvələrinin torpaqlarımızda meydan suladığını görə bilərik. Avropa birliklərində əllərində yazılı nitqləri hazır, marığda durmuş `hüquq müdafiəçilərinin` alovlu nitqlərini də eşidə bilərik...

Bizim sadəcə sayımız, halal haqqımız olan tarixi torpaqlarımız, onların isə hədəfi, silahı,  arxası, hər cinayətə hüquqi don biçə bilən `dərzi`ləri var... 

Sayın heç, halallığın puç, tarixin nağıl olduğu dünyada yaşayırıq...

Azərbaycan hədəfli strategiyanın hazırda `dost` və ya `düşmən`ə ayırdığı taktikalar bu gün üçün uğurlu, gələcək üçün uğursuzdur. Dövlət işində bu gün dost olan sabah düşməndir. Və ya əksinə... 

Dövlət bir çobandır, itlə belə dostluq edə bilər, bir şərtlə, çomağı əlindən yerə qoymasın...

Ətrafını uda-uda əjdahaya dönmüş dostun bir gün səni də udması... tarix üçün təzə xəbər deyil..

Yəni nə yazıdısa... dövlətimizin də, bu gün dövlət sərhədlərimizdən kənarda qalmış vətənimizin də taleyi əsrdə azı iki dəfə İKİ OD ARASINDA qalmaqdan keçir.

Bu gün də o gündü...

İranı parçalamağa çalışan qüvvələrin marağı türk deyil, heç kürd də deyil, azadlıq və demokratiya heç deyil... illərdən bəri para xərclədiyi `kürdüstan` adlı oyuncağı sonda qucağına alıb oynatmaqdır.

Səbirsiz tərəfkeşlər bildiklərindən başqa da bilgi olduğunu anlasalar mənzərəni görərlər...

Mehriban Vəzir, tədqiqatçı-jurnalist

Share on Facebook