İsti bir yay günü idi. Çimərlik adamla dolub-daşırdı. İnsanlar dalğalara qaçaraq sərinləməyə çalışırdılar. Uşaqlar qumdan qala tikir, gülüş səsləri sahili bürüyürdü. Bəzən bu şən səs-küyün arasından xilasedici qülləsindən gələn Yusifin səsi eşidilirdi. O, arabir səsgücləndirici ilə insanlara qadağan olunmuş ərazilərə girməməyi xatırladırdı.
Birdən hamının diqqətini sahildən xeyli uzaqda boğulan bir adam cəlb etdi. Dalğalar onu gah üzüaşağı, gah üzüüstə çevirir, dənizin dərinliyinə aparmaq istəyirdi. O, ümidsizcə əllərini yelləyir, suyun üzündə qalmaq üçün çabalayırdı. Hər dəfə başını sudan çıxaranda sanki son nəfəsini alırdı.
İnsanların baxışları xilasedicinin qülləsinə dikilmişdi. Hamı həyəcanla Yusifi köməyə çağırırdı. Ancaq Yusif sanki onları eşitmirdi — sakitcə durbinlə uzaqları müşahidə edir, arabir su içirdi. Bu laqeyd görkəm kütlənin qəzəbini artırır, bəziləri əsəbdən qışqırır, onu söyürdülər.
Yusifin baxışları dənizdə ilişib qalmışdı. Durbinin arxasında sanki bu günün dənizini yox, keçmişin dalğalarını görürdü. Keçmişin yükündən qurtulmaq, o günü bir daha yaşayıb bu dəfə xilas edə bilmək üçün içində qəfil dərin bir istək yarandı. Bir anlıq yadına o dəhşətli gün düşdü – dənizin qara-boz rəngi, qorxunc qışqırıqlar, suyun üstündə köməyə uzanan əllər və sonra dərin sükut… Yusif arvadının dənizdə boğulduğu günü xatırladı.
İndi də dənizdə boğulan adam artıq taqətdən düşmüşdü. Əlləri zəifləyir, bədəni yavaş-yavaş dərinliyə çəkilirdi. Elə bu anda Yusif qüllədən yerə hoppandı. Gözlərində qəribə bir ciddilik vardı. Mənə tərəf dönüb sakit, amma qətiyyətli səslə dedi:
— Getdik.
Motorlu qayığa minib sahildən uzaqlaşanda qışqırıq səsləri arxada qaldı. Qayıq gurultu ilə irəliləyir, dalğaları yarırdı. Boğulan adama yaxınlaşanda Yusif tərəddüd etmədən suya atıldı. Mən də onun ardınca tullandım.
Dalğalar bizi sağa-sola itələsə də, adama çatdıq. Yusif onu belindən tutub suyun üzünə çıxardı, mən isə qolundan yapışdım. Onu güclə qayığa qaldırıb uzatdıq. Oğlanın bədəni ağır idi, sanki bütün dəniz içindəydi. Dodaqları göyərmişdi.
Vaxt itirmədən ilk yardıma başladıq: sinəsini masaj edib, süni nəfəs verdik. Bir neçə dəqiqəlik gərgin mübarizədən sonra oğlan öskürüb suyu qusmağa başladı.
Sahilə qayıtdıq. Təcili tibbi yardım maşını bizi sahildə gözləyirdi. Tibb işçiləri oğlanı xərəkdə maşına apardılar. Qısa yoxlamadan sonra onun həyatının xilas edildiyi təsdiqləndi.
Bu xəbərindən sonra bir az əvvəl Yusifi təhqir edən insanlar onu alqışa tutdular. Hamının üzündə minnətdarlıq ifadəsi vardı. Oğlanın valideynləri göz yaşları içində Yusifin əllərini sıxaraq təşəkkür etdilər.
Yusif isə sadəcə başını aşağı salıb sakitcə gülümsədi. Yenidən qülləsinə qalxdı. Çimərlikdə səs-küy yenidən başladı, amma hamı anlayırdı ki, o qüllədə oturan adam sadəcə bir nəzarətçi deyil — həyatların keşikçisidir. Yusif dənizə baxaraq dərin bir nəfəs aldı; dalğaların səsi bu dəfə ona keçmişi yox, xilas etdiyi yeni bir həyatı xatırladırdı.
Əbil Həsən