Bu ağacın dərdi nədir görəsən?
Gövdəsinə xırda-xırda xal düşür.
Əsə-əsə soyuqlara tələsən,
yaşıllığı quraqlıqda büzüşür.
Bu ağacın dərdi dərə qədərdi.
Qabığından soyulubdur budağı.
Ömrü solur, üstü başı kədərdi,
saplağlndan qopub düşür yarpağı.
Bu ağacın təpəsindən qəm yağır,
Torpağında çən bağlayır kökləri.
Bu ağacın dərdi payız boydadı,
Payızın da yoxdu bundan xəbəri.
Bu ağacın xal-xal olan gövdəsi,
yara-yara yaraların yarğanı.
Ağır-ağır solğunlaşan nəfəsi,
tükəndikcə soyuq alır cahanı.
Bu ağaca balta çalan ağacın,
yox xəbəri, öz-özünü dağlayır.
Ömür adlı ötüb keçən sayğacın,
əqrəbini dəmir əllə bağlayır.
Bu ağacın ömrü-günü tükənir.
sola-sola dərd qurudur canını.
Bu ağacın dərdi dünya qədərdi,
Günü doğmaz, bir də görməz danını.
Bu ağacla nəfəs alan nəfəslər,
nəfəs -nəfəs nəfəsləri tükətir.
Ağaclara odun deyən nakəslər,
odun-odun kainatı qətl edir.
Bu ağacın dərdi nədir bilirsən?
Yerin Göyün qan bürümüş çöhrəsi.
Nəfəs verib nəfəsini dilərsən,
görərsən ki, ölüm udmuş nəfəsi.
Bu ağacı yol eylədim gözümə,
Gecə-gündüz dayanmadan yürüdüm.
Bu ağacdan yolum döndü özümə,
Ah eylədim, öz ömrümə büründüm.
Reyhana Aslan